Rusiya Gürcüstanla ucuçları bərpa etmək istəyirRusiya və Gürcüstan arasında diplomatik danışıqlar davam edir.

TASS xəbər verir ki, bu barədə Rusiyanın senatoru, diplomat Qriqori Karasin məlumat verib.

O, Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə telefon və videokonfrans vasitəsilə əlaqə saxladığını deyib: “Abaşidze ilə yaxın aylarda görüşə ümid edirəm. Rusiya Gürcüstanla hava əlaqəsinin bərpa olunmasının müzakirəsinə başlamaq istəyir”.
Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklifləri açıqlanıbHər il Qeyri-Hökümət təşkilatları (QHT) ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təklifləri verilir.

Bunu Prezident Administrasiyasının Qeyri hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev
deyib.

O bildirib ki, bu il də müxtəlif təkliflər verilib:

"Təkliflər QHT-lərə qeydiyyatın sadələşdirilməsi, onların maliyyə əldə etməsi və regionlarda tədbirlərin keçirilməsi və başqa məsələləri əhatə edib".

Ermənistanda kapitan intihar edibErmənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib.

Bu barədə Ermənistan KİV məlumat verib.

Məlumata görə, mayın 19-da səhər saatlarında polisə yaşayış binasının həyətində kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Araşdırmalar nəticəsində onun 32 yaşlı təhlükəsizlik xidməti kapitanı olduğu müəyyən edilib.

Onun özünü altıncı mərtəbədən ataraq intihar etdiyi deyilir.
Putini dayandırmaq üçün NATO-ya girməliyikBir şey aydındır ki, biz mümkün qədər tez NATO-ya qoşulmaq istəyirik. Bu, İsveç və ya Finlandiyadakı kimi tez baş verə bilər.

Bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

“İnanıram ki, Ukraynanın bu gün NATO-ya üzv olmaq şansı müharibədən əvvəlkindən qat-qat çoxdur. Ukrayna alyansda olsaydı, nüvə müharibəsi riski azalardı. O zaman Putin bilərdi ki, Ukraynaya nüvə silahı ilə hücum edilsə, nüvə qisası ilə qarşılaşmalı olacaq. Bu onu dayandıracaq”, - o bildirib.
Rusiya məhvindən niyə geriyə qayıda bilmir?Vüqar Dadaşov: “Rusiya nəinki gücünü, imicini itirib və ən əsası Putin hakimiyyəti başını itirib”

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 15-də Moskvada keçirilən sammitində təşkilatdan narazılıq edib.

Xatırladaq ki, Paşinyan çıxışında KTMT-nin 44 günlük müharibədə Ermənistanın gözləntilərini doğrultmadığını bildirib.

O, KTMT-nin təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən 2010-cu il 10 dekabr tarixli böhranlı vəziyyətlərə reaksiya barədə sənədə uyğun hərəkət etmədiyini vurğulayıb: “Təəssüf ki, təşkilat Ermənistan Respublikasının gözlədiyimi kimi, reaksiya vermədi”.

Paşinyan uzun müddət Ermənistanın KTMT-yə üzv olan ölkələr tərəfindən Azərbaycana silah satışı ilə bağlı məsələni də qaldırdıqlarını əlavə edib: “Düzünü desək, KTMT-yə üzv ölkələrin 2020-ci ildə 44 günlük müharibə zamanı və müharibədən sonrakı dövrdə reaksiyaları Ermənistanı və erməni xalqına çox da şad etmədi”.
Bununla belə, Paşinyan Rusiya Prezidenti Vladimir Putin İkinci Qarabağ müharibəsinin dayandırılmasında oynadığı rolu qeyd edib. O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına ölkəsinin sadiq olduğunu təsdiqləyib.

Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin budəfəki sammitində də gülünc vəziyyətə düşüb.
Bundan başqa erməni liderin çıxışı xüsusən qeyri-səlis, həmçinin bir qədər çəkingən nitqi ilə diqqət çəkib.
Bundan əlavə KTMT-yə sədrlik edən Ermənistanın liderinin iclasda sədr kimi davranmaq cəhdi də maraqlı görüntülər ortaya qoyub. Yayılan kadrlarda KTMT liderlərinin N.Paşinyanı heç də sədr kimi qəbul etmədiyi aydın müşahidə olunur.

Hər halda bunu anlayan erməni lider də sammitə “sədrlik” etdiyini xatırlatmaq zərurəti hiss edib.
Politoloq Vüqar Dadaşov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Moskvada keçirilən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 30 illik yubiley toplantısı müəyyən mənada Putinin növbəti acizliyi ilə müşahidə edilib. Toplantıda çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları Azərbaycana qarşı giley və şikayət xarakterli olsa da ünvan əslində Rusiya və Putin idi.

Paşinyanın çıxışında əsas iki məqam: “Bildiyiniz kimi, keçən il məhz bu günlər Azərbaycan qoşunları Ermənistanın “suveren” ərazilərinə müdaxilə edib. Və Ermənistan təşkilatın böhranlı vəziyyətlərdə münasibət göstərməsi haqqında 10 dekabr 2020-cu il tarixli qaydalarına uyğun olaraq, mexanizmlərini işə salmaq xahişi ilə KTMT-yə müraciət etmişdi. Lakin, təəssüf, deyə bilmərik ki, təşkilat Ermənistan Respublikasının gözlədiyi kimi reaksiya verdi” və “Biz KTMT-yə üzv ölkələrin Ermənistana dost olmayan ölkəyə silah satışına reaksiyanı uzun müddət gözləmişik. O silah ki, Ermənistana, erməni xalqına qarşı istifadə olunub. Bu da problemdir.

Və, sözün doğrusu, KTMT üzvü ölkələrinin 44 günlük müharibə ərzində reaksiyası Ermənistan Respublikası, ümumiyyətlə, erməni xalqı çox da sevindirmədi” fikirləri əslində Azərbaycan dövlətinin gücünün və iradəsinin etirafı kimi, həm də Rusiyanın acizliyi ilə öhdəliklərinə etinasız yanaşmasının səsləndirilməsi idi:

“Ancaq, yada salsaq ki, Paşinyan 44 günlük müharibədə Rusiyanın Ermənistan qarşısında öhdəliklərini yerinə yetirdiyini dəfələrlə rəsmi şəkildə elan edib. Həmçinin Rusiya prezidenti və dövlət rəsmiləri də Ermənistana hər cür yardım edildiyin bildirib. Nəzərə alsaq ki, Rusiya KTMT evciyini qurucusu və sahibidir, bu halda Paşinyanın çıxışının hədəfi Rusiyanın təklif etdiyi layihələrin formallığı və əhəmiyyətsizliyinin qabardılmasıdır. Bəllidir ki, Paşinyanın çıxış və açıqlamaları Azərbaycan üçün heç bir çəkiyə malik deyil, deməli Paşinyanın giley və narazılığı Rusiyanın patronajında olan proyektlərin dəyərsizliyini nümayiş etdirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), Avrasiya Gömrük İttifaqı (AGİ) kimi, Rusiyanın sahib olduğu layihələrin ölü təşkilat olduğuna açıq eyhamdır”.

V.Dadaşov onu da deyib ki, digər tərəfdən, Paşinyanın incikli çıxışı həm də Rusiyanın İrəvanda təşkil etdiyi və dəstəklədiyi onun əleyhinə keçirilən etirazlara narazılığının səbəbidir: “Moskvada KTMT toplantısının ən maraqlı hissəsi isə Vladimir Putinin keçmiş SSRİ ölkələrinin əksəriyyətinin daxil olduğu Müstəqil Dövlətlər Birliyinin (MDB) Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsi ilə bağlı təklifidir. Təklif absurd və qeyri ciddiliyi ilə son zamanlar Putinin adekvat düşünmə qabiliyyətinə olan şübhələri artırır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə Putinin sözügedən təklifinin özü onun sübutudur ki, artıq Rusiyanın MDB ölkələrinə təsir imkanları əhəmiyyətli dərəcədə azalıb və KTMT-na üzvü olmayan MDB ölkələrini ayrı-ayrılıqda təşkilata gətirməyə gücü çatmır.

Ancaq maraqlısı da odur ki, Rusiya heç bir məntiqə uyğun olmayan öz dağıdıcı siyasətindən əl çəkmir. Əslində isə, indiki vəziyyətində yalançı səhnə tədbirlərindən, layihələrindən əl çəkməlidir və həqiqətin gözünə dik baxmalıdır. Həqiqət isə budur ki, Rusiyanın məhv olma prosesi işə düşüb və geriyə dönüşü mümkünsüzdür və yaxşı olardı ki, Rusiya, Putin özünü aldatmasın. Ukraynada biabırçı məğlubiyyətə düçar olan Rusiya anlamlıdır ki, Ukrayna ordusu artıq Ukrayna-Rusiya dövlət sərhədinə çıxıb və Ukrayna bütün döyüş xətti boyunca geniş əks hücuma hazırlaşır. Eyni fikri ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces CNN telekanalına müsahibəsində də səsləndirib. Qərb Rusiyanı illərlə hazırladığı “Ukrayna tələsi”ndən salamat buraxacağı heç mümkün görünmür. Rusiyanın Ukraynaya təcavüzünün əsas səbəbi kimi NATO-nun Rusiya sərhədlərinə genişləndirilməsi planı idi. Artıq Rusiyanın hədə-qorxusundan nə çəkinən var, nə də həmin həddə-qorxuya reaksiya verən. İsveç və Finlandiya rəsmən NATO-ya üzvlük üçün müraciət etdi.

Sözsüz ki, bu proses Rusiyanın uduzduğunun göstəricisi və sübutudur. Baş verən qlobal geosiyasi axarda Rusiyanın MDB, KTMT kimi səhnələri heç anlaşılan deyil”.

Bu arada rus şairi Fyodor Tyutsevin 1866-cı ildə yazdığı şeirdən “Умо́м Росси́ю не поня́ть”, yəni “Rusiyanı ağlınla başa düşə bilməzsən” misraları sözün həqiqi mənasında lap yerinə düşür. Rusiyanın və Putin hakimiyyətinin siyasətinin məntiqə uyğunluğu yoxdur və görünən də odur ki, Rusiya nəinki gücünü, imicini itirib və ən əsası Putin hakimiyyəti başını itirib: “Sözsüz ki, psixoloji baxımdan Rusiyanın “ovçu” yox, “ov” mövqeyi adekvat qərarlar qəbul etməyə imkan vermir.

Rusiyanın davranışları və yürütdüyü siyasət Putinin dəfələrlə səsləndirdiyi “Əgər dünyada Rusiya yoxdursa, belə bir dünya bizə niyə lazımdır?” tezisinin yaranması səbəbini izah edir. Rusiyanın dövlət siyasəti, Putinin qeyri-adekvat davranışları səbəblərinin müəyyən qədər də olsa ABŞ-ın keçmiş prezidenti Barak Obama “Vəd edilmiş torpaqlar” adlı kitabında Putini “əlində nüvə silahı və “veto” hüququ olan küçə banditi” kimi xarakterizə edib.

Rusiyanın hansı tədbir, layihə, proyekt təklif etməsindən asılı olmayaraq heç bir xalq, dövlət ona maraqlı deyil, çünki Rusiya dövləti və ələlxüsus da ruslar xalq olaraq işğalçılıq, şovinist, imperialist hisslisinin quludur və ruslar da bu qənaəti çox yaxşı anlayır və özləri də bilirlər ki, onların heç bir səmimi dostu, müttəfiqi yoxdur. Elə ona görə də rusların milli kimliyini göstərən və saxlayan bir məsəli var: “Rusiyanın ordusundan və donanmasından başqa müttəfiqi yoxdur”.

Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük müharibə, Rusiya- Ukrayna müharibəsi, “Moskva” kreyseri göstərir ki, indi Rusiyanın nə ordusu var, nə də donanması. Deməli Rusiya da yoxdur...”
Ermənistanda siyasi çevriliş ola bilərNail Cəlil: “Kənar təsirlərin güclənəcəyi təqdirdə bu, istisna deyil”

“Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı davam edən etirazlar Brüssel görüşündən sonra aktuallaşan sülh sazişi gündəmini ləngitməyə, dayandırmağa hesablanıb. Doğrudur, Azərbaycana münasibətdə indiki baş nazirin mövqeyini, davranışlarını çox da adekvat hesab etmək mümkün deyil. Bununla yanaşı, 44 günlük müharibədən sonra Paşinyanın Azərbaycanın ədalətli gücü qarşısında az-çox konstruktiv mövqe nümayiş etdirdiyi sezilir”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə özəl açıqlamasında son günlər Ermənistanda yaşanan siyasi etirazları şərh edən politoloq Nail Cəlil səsləndirib. O qeyd edib ki, erməni müxalifətinin Paşinyanın istefası tələbiylə Yerevanın Fransa meydanından başlatdığı müqavimət hərəkatının yerli hökuməti dəyişmək imkanları yetərincə məhduddur: “Əksəriyyət revanşistlərin hakimiyyət və yeni müharibə planlarını dəstəkləmir. Etiraz nümayişlərində iştirak edən insanların sayı da məhduddur, iştirakçılıq kütləvilik həddinə çata bilməyib”.

Politoloqun sözlərinə görə, Ermənistan daxilindəki siyasi böhranın hansı istiqamətə yönələcəyi, eyni bu ölkənin gələcəyi ilə bağlı bir sıra suallar hələ də açıq qalır: “Ermənistan parlamentinin müxalifətdən olan sədr müavini Saqatelyan, onu dəstəkləyən, Köçəryan, Sarkisyan və digərləri müqavimət hərəkatı adı ilə hakimiyyəti dəyişməyə, sülh prosesini qeyri-müəyyən zamana təxirə salmağa çalışırlar. Onlar iddia edirlər ki, artıq Paşinyanın erməni xalqının milli iradəsini təmsil etmir, etirazların yeni mərhələsinin kütləvi itaətsizlik və hakimiyyətin ələ keçirilməsi olacaq”.

Nail Cəlilin fikrincə, revanşist müxalif cəbhə Paşinyanla onun öz taktikasına uyğun davranmağa çalışır, 2018-ci ildə reallaşan ssenarini əks istiqamətdə gerçəkləşdirməyə çalışır: “Söhbət vaxtilə Ermənistan iqtidarını iflic vəziyyətinə salan və Paşinyanın hakimiyyətə gedən yolunu açan küçə etirazlardan gedir. Hər şey sanki forma və məzmunca təkrar olunur. Yeganə ciddi fərq ölkədə siyasi rəğbətin müxalifətə qarşı olmasıdır. Çünki revanşistlərin tələbləri ilk növbədə, Ermənistanın milli maraqlarına təhdidlər yaradır. Digər tərəfdən, dəyişiklik üçün bütün parametrlər üzrə o zamankı siyasi şərait, ruhi-psixoloji ovqat, ideoloji zəmin mövcud deyil. Ermənistan ətrafındakı geosiyasi çıxılmazlıq müxalifətin isterik tələblərinin reallaşmasını qeyri-mümkün edir.

Həlledici amil 44 günlük müharibədə Azərbaycanın parlaq zəfəridir, Türkiyə - Azərbaycan tərəfdaşlığının, Rusiya ilə konstruktiv münasibətlərin formalaşdırdığı yeni reallıqlardır”. Bu mənada, Ermənistanın birinci prezidenti, münaqişənin başladığı gündən bu yana prosesin, danışıqların bütün təfərruatlarına bələd olan L. Ter-Petrosyan hazırkı şəraitdə müxalifətin istefa tələbiylə başlatdığı etirazların Ermənistanın vəziyyətini daha da ağırlaşdıra biləcəyini bildirib. O, erməni dövlətçiliyinin tamamən təhlükə altına düşməsi ehtimalıyla bağlı açıq xəbərdarlıq etməyi də unutmayıb. “Erməni xalqı üçün, bütün bunları unudaraq, Ermənistan üçün təcrid və fəlakətin başqa bir yol təklif etməyən bu korrupsioner siyasət dəllalarının təhriklərinə uyması könüllü intihar deməkdir. Rəsmi Bakının Cənubi Qafqazın müstəqilliyinin daha da möhkəmləndirilməsi, münaqişə üzərindən müstəmləkə həvəslilərinin regiona müdaxiləsinə imkan verməmək, Avropanın Rusiyadan qaz asılılığının azaldılmasına töhfə vermək, ticarət yolları və dəhlizlərin canlandırılması istiqamətində uğurlu siyasəti revanşistlərin bu xülyalarını heçə endirir” - deyə, Nail Cəlil bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın sülh təkliflərini qəbul etdiyini bəyan etsə də, daxili təzyiqlər altında tərəddütlü siyasət çizgisi izləyən Paşinyanın bu reallıqları anladığı bəllidir: “Əslində, Ermənistanın düşdüyü dalan vəziyyəti heç onun maraqlarınan cavab vermir. Nəzərə almaq gərəkdir ki, məğlubiyyət dönəmi -10 Noyabr bəyanatının imzalandığı günlər Paşinyan üçün daha çətin və ağır günlər idi: “Buna baxmayaraq, o, növbədənkənar seçkilərə getdi və seçkidə qələbəsini təmin etdi. Bu mənada, yeni sülh sazişini imzalayacaq siyasi fiqurun da Paşinyan olması tərəflərin maraqlarına uyğundur. Lakin Rusiya ətrafında yaranan vəziyyət 10 Noyabr bəyanatının imzalandığı dövrün siyasi mənzərəsindən xeyli fərqlənir. Qafqazda meydana çıxarılan Erməni proyektinin Rusiya qədər kollektiv Qərbin də əsəri olduğu bəllidir.

Politoloq Nail Cəlil əlavə edib ki, Azərbaycanla yanaşı, Türkiyə də Ermənistanda baş verənləri, etirazları müşahidə altında saxlayır. Bəlli olan odur ki, Ermənistanın baş naziri Nikol Paşinyana dəstək səviyyəsi azalmayıb. İstənilən halda, kənar təsirlər güclənərsə, Ermənistanda hansısa dövlət çevrilişi ehtimalını istisna etmək mümkün deyil. Belə olduğu halda Ermənistanla münasibətlərin normallaşması prosesi dayana bilər: “Belə vəziyyətdə Nikol Paşinyan, müəyyən taktiki gedişlərlə iqtidarla müxalifət arasında gərginliyi azaltmaq istəyir. Ermənistan XİN-in Türkiyə ilə sərhədin demarkasiyasına dair danışıqları istisna etməsi bununla bağlıdır.Rəsmi İrəvan həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddialarından əl çəkməyə, Ağrıdağı unutmağa məcburdur. İstənilən halda Nikol Paşinyana məsələni konstruktiv məcrada həll etmək üçün şans verilməlidir. Bundan ötrü Ermənistanda emosional-siyasi gərginliyin azalması, zəiflədilməsi mühüm şərtdir”.
Yaponiya Ukraynaya əlavə 300 milyon dollar məbləğində kredit verəcəkYaponiya hökuməti Ukraynaya əlavə 300 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi haqqında qərar qəbul edib.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli NHK nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Yaponiyanın Baş naziri Kisida Fumio bu qərarı ABŞ Prezidenti Cozef Bayden ilə görüşdə rəsmən açıqlamağı planlaşdırır.
Bakıda məmurun qadın vəkili döydüyü bildirilirBakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ü.Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru P.Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələyə ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".
Müəllim əməliyyat masasında öldüAzərbaycanda müəllim əməliyyat masasında ölüb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, dünən Sabirabad rayonu A.Ağarəhimov adına Yenikənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamal Əliyusif oğlu Həsənov açıq ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Qeyd edilib ki, 66 yaşlı Həsənov Kamal 40 il müəllim işləyib.