Ukraynada öldürülən rus hərbçilərin sayı 28 mini keçdiRusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvələrin sayı 28 300-ə çatıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən bu günədək Rusiyanın 1235 ədəd tankı, 3009 ədəd zirehli döyüş maşını, 586 ədəd artilleriya sistemi, 199 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 91 hava hücumundan müdafiə sistemi, 202 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 102 qanadlı raket, 2 137 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi, 441 ədəd dronu və 43 ədəd xüsusi texnikası sıradan çıxarılıb.
Bakıda kürəkən qayınatasını öldürdüBakıda qayınata kürəkəni tərəfindən qətlə yetirilib.

Hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində qeydə alınıb.

Həmin şəhərcikdə yaşayan, 1978-ci il təvəllüdlü Qabil Qəmbərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Məlumata görə, Q.Qəmbərov qızının əri, 1987-ci il təvəllüdlü Taleh Heydərov tərəfindən öldürülüb.

Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Avroliqanın qalibi bu gün bilinəcəkBu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

Avrasiya.net-in məlumatına görə, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşacaq. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan "Ayntraxt" ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya "Real Madrid"inə uduzmuşdu.

Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb.

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxıb. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/1972 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub edib.

UEFA Avropa Liqası

Final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

Qeyd edək ki, Avropa Liqasının son qalibi İspaniya "Vilyarreal"ı olub.
Rusiyalı gimnast "Z" yazısına görə idmandan uzaqlaşdırılıbRusiyalı gimnast İvan Kulyak bir il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

"Report"un məlumatına görə, bu barədə Gimnastika Etika Fondunun İntizam Komissiyası qərar çıxarıb.

Səbəb Qətərin paytaxtı Dohadakı Dünya Kubokunun mərhələ yarışında baş vermiş insidentdir.

Kulyak paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində "Z" hərfi yazılmış geyimlə çıxıb. Onun bürünc medal qazandığı yarışda "qızıl"ı ukraynalı İlya Kovtun əldə edib, "gümüş"ə isə Qazaxıstandan olan Milad Kərimi yiyələnib.

Kulyakın nəticəsi ləğv edilib və o, bir il ərzində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən yarışlara və FIG-in üzvü olan federasiyaların təşkil etdiyi turnirlərə qatıla bilməyəcək. İdmançı 21 gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir.

FIG rusiyalı idmançının davranışını şokedici adlandırıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki "Z" yazısı "Za pobedu" ("Qələbə uğrunda") mənasını verir.

Xatırladaq ki, Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış ediblər. Onlar martın 7-dən FIG bayrağı altında bütün beynəlxalq yarışlardan rəsmən kənarlaşdırılıblar. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır.
Britaniya kəşfiyyatı Rusiya ordusunun durumunu açıqlayıb“Rusiya qüvvələrinin Mariupolu on həftədən çox mühasirəyə almasına baxmayaraq, Ukraynanın qatı müqaviməti Rusiyanın şəhər üzərində tam nəzarəti ələ keçirmək imkanını ləngidib”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Bu onun əsas şəhəri ələ keçirmək cəhdlərini puça çıxardıb və Rusiya qüvvələri arasında baha başa gələn şəxsi heyət itkisinə səbəb olub.

Ukraynanın müqavimətini dəf etmək üçün Rusiya yardımçı heyətdən əhəmiyyətli dərəcədə istifadə edib. Buraya, ehtimal ki, əsasən Mariupol və Luqansk istiqamətində cəmləşmiş bir neçə min döyüşçüdən ibarət çeçen qüvvələrinin yerləşdirilməsi daxildir.

Bu qüvvələr, çox güman ki, həm fərdi könüllülərdən, həm də müntəzəm olaraq Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun hakimiyyətini təmin etməklə məşğul olan Milli Qvardiya bölmələrindən ibarətdir.

Böyük ehtimalla, Kadırov qoşunların yerləşdirilməsinə şəxsən nəzarət edir, xalası oğlu Adəm Dəlimxanov isə Mariupolda çeçen səhra komandiri kimi fəaliyyət göstərib.

Bu cür çeşidli heyətin döyüşlər üçün yerləşdirilməsi Rusiyanın Ukraynada əhəmiyyətli resurs problemlərini nümayiş etdirir”, - məlumatda vurğulanıb.
Reznikov: Rus ordusu artıq müdafiəyə hazırlaşırRusiya uzunmüddətli müharibəyə hazırlaşır.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

"Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzunmüddətli fazaya keçir. Xerson, Zaporojye vilayətlərində rus işğalçılarının necə fəal şəkildə mühəndis-istehkam işləri apardığını görürük. Bunlar zərurət yaranacağı təqdirdə müdafiəyə keçmək üçündür”, - deyə nazir bildirib.
ABŞ professoru: İrəvan müsəlman şəhəri idiİrəvanda dövlət tərəfindən maliyyələşdirilən “mədəni” vandalizm şəhərin azərbaycanlılara məxsus olmasına dair bütün maddi sübutların məhv edilməsinə yönəlmiş genişmiqyaslı antiazərbaycan kampaniyasının tərkib hissəsi idi.

Kult.az xəbər verir ki, bu barədə “Kaspian nyus” İrəvana səfər etmiş müstəqil jurnalistlərə istinadən məlumat yayıb.

Məlumata görə, XX əsrin əvvəllərində İrəvan vilayətinin (müasir İrəvan və Ermənistanın şimal rayonları) ərazisində 310 məscid var idi, lakin bu gün şəhərdə onlardan yalnız birini - Göy məscidi - görə bilərsiniz. Bu məscid isə xarici qonaqlara fars abidəsi kimi təqdim edilir:

“Ermənilər İrandan dəvət olunmuş mütəxəssislərin köməyi ilə məscidi yenidən qurub, divarlarına farsca yazılar yazıb və bununla da məscidi “farsca”ya çeviriblər. Əslində Azərbaycanın İrəvan şəhərində Göy məscid 1776-cı ildə İrəvan xanı Hüseynqulu xan Qacarın sərəncamı ilə tikilib. Ermənilər XX əsrdə üç dəfə - 1918, 1955 və 1988-ci illərdə - bu məscidi yandırıb. Bu, azərbaycanlıların İrəvandan məcburi qovulması ilə eyni vaxtda baş verib. İranın tikinti şirkətləri 1995-2006-cı illərdə məscidin bərpasında Ermənistan hökumətinə yardım edib və onu İranın Ermənistandakı mədəniyyət abidələrindən biri adlandırıblar. Amma maraqlısı budur ki, İrəvandakı “fars məscidi”ndən danışan elə ermənilərin özləri qeyd edirlər ki, azərbaycanlılar bu məscid olduğu ərazilərdə hələ 1760-cı ildən namaz qılıblar. Erməni tarixçisi Ovannes Şahxatunyan isə yazırdı ki, 1441-1828-ci illərdə İrəvan bəylərbəyliyi və xanlığına 390 il hökmranlıq etmiş 49 xanın hamısı Azərbaycan türkləri olub. Çikaqo Universitetinin siyasi elm və tarix üzrə fəxri professoru Ronald Qriqor Suninin sözlərinə görə, 1918-ci ildə Osmanlı İmperiyası və Zaqafqaziya Seymi nümayəndələrinin iştirak etdiyi Batumi konfransına qədər İrəvan müsəlman şəhəri olub. İrəvan əcdadları tərəfindən qurulandan bəri etnik azərbaycanlıların məskunlaşdığı yer olub".
Rusiya imkan verməsə, Xankəndiyə DİN girməlidirBAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Axar.-az-a müsahibəsi:

- Ermənistanda müxalifətin hakimiyyəti dəyişmək gücündə olmayan silsilə aksiyalarına Paşinyanın dolayısı dəstək verdiyi iddia edilir. Məqsəd isə sülh danışıqlarında ən yaxşı halda daxili situasiyanı bəhanə gətirərək, daha yaxşı mövqe tutmaq, ən pis halda isə prosesi dondurmaqdır. Sizcə, əslində nə baş verir?

- Çoxları Azərbaycanda Paşinyanı sülh göyərçini kimi təqdim etməyə çalışanda demişdim ki, ilanın ağına da lənət, qarasına da. Ermənistana münasibətdə həmişə söyləmişəm ki, o, baş tutmamış forpost ölkədi. Orda kimin hakimiyyətdə olmasının fərqi yoxdur. Rusiya istəmədiyi təqdirdə Ermənistanda heç kim Azərbaycanla, yaxud Türkiyə ilə sülh sazişi imzalaya bilməz. Rusiya istədiyi vaxt Paşinyanı hakimiyyətdən qovacaq. 2020-ci il 10 noyabr sazişindən sonra da bunu edə bilərdi, 2021-ci ilin iyununda parlament seçkiləri zamanı da. İndiyə qədər bunu ona görə etməyib ki, Rusiyaya sadiq Köçəryanı ana müxalifət kimi legitimləşdirsin, sonra sorosçu Paşinyanı qovsun. Siyasi diletantlara qəribə gəlsə də, Qərbdəki erməni diasporu, ermənipərəst dairələr, Türkiyənin nüfuzunun artmasından qorxuya düşənlər də bunu istəyir. Onlar başa düşürlər ki, Qarabağ üzərində Azərbaycanın suverenliyi bərpa olunmadıqca türk dünyasında və beynəlxalq arenada nə Türkiyənin, nə də Azərbaycanın nüfuzu bizim arzuladığımız və görmək istədiyimiz səviyyədə olmayacaq. Biz Qarabağ üzərində suverenliyimizin bərpasını və sülh istəyiriksə, Rusiya ilə danışmalıyıq. Paşinyan və digərləri kukladırlar.

- 10 noyabr 2020-ci ildən bəri Ermənistanla üçtərəfli və son vaxtlar ikitərəfli görüşlərdə əldə edilən razılaşmaların işləmədiyini görürük. Məsələn, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh prosesi üçün komissiyaların təşkili vədləri özünü doğrultmur, verilən tarixlərdə İrəvanda “nəsə baş verir”. Sizcə, bu proses və İrəvanın bu cür bəhanələri nə qədər davam edəcək?

- Ona görə dedim ki, sülh istəyiriksə, Rusiya ilə danışmalıyıq. Türkiyə danışıqlar prosesinə qoşulmalıdır. Rusiya sülhə imkan verməsə və əsgəri qüvvə ilə qarşı tərəfə yardım edərsə, Türkiyənin dəstəyi ilə Daxili Qoşunların xüsusi təyinatlıları Xankəndiyə girib, dövlət suverenliyimizi bərpa etməlidir.

- Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə gözlənilən kəskin etirazı bildirmədi, əksinə, sanki razılaşırmış kimi davrandı. Rusiyanın Ukraynaya hücum səbəbindən birincisi NATO-ya üzvlük olduğu halda, sizcə, niyə İsveç və Finlandiyaya daha laqeyd yanaşdı?

- Rusiyanın İsveç və Finlandiyanın NATO üzvülüyünə ilk münasibəti olduqca sərt oldu, amma görəndə ki, Türkiyə hər iki ölkənin qəbuluna qarşıdı, o halda Putin nisbətən yumşaq mövqe sərgilədi. Həm də bu baş verərsə, NATO-ya müharibə etməyəcək ki!

Digər tərəfdən, Ukraynanı İsveç və Finlandiya ilə müqayisə etmək olmaz. Ukrayna ərazisinə görə Avropanın ən böyük dövlətlərindən biridir və Rusiya üçün çox böyük geosiyasi əhəmiyyəti var. Rusiya hesab edir ki, Ukrayna keçmiş imperiyanın tərkib hissəsi kimi həmişə onun yanında olmalıdır. Çox təəssüf ki, yumşaq güc tətbiqi ilə bunu edə bilmədiklərindən hərbi gücdən istifadə etdilər. Nəticəsi isə, kimin qalib gəlməsindən asılı olmayaraq, hər iki ölkə üçün ağır olacaq.

- Türkiyə İsveç və Finlandiyanı NATO üzvlüyünə veto qoyacağını açıqlayıb, NATO rəhbərliyi isə belə problem yaşanmayacağını deyir. Prosesi necə proqnozlaşdırırsınız?

- Düşünmürəm ki, Türkiyənin etirazı yalnız İsveç və Finlandiyanın PKK terrorçularına siyasi dəstək və sığınacaq verməsi ilə bağlıdır. Almaniya, ABŞ, Fransa və digərləri həmişə Türkiyəyə münasibətdə ədalətsiz mövqe tutublar. Hazırda Türkiyəyə sanksiyalar tətbiq ediblər, onun Avropa Birliyinə üzv olmasına əngəl olublar, ədalətsizcəsinə F-35 proqramından çıxarıblar. Türkiyə onların Qarabağ münaqişəsinə fərqli yanaşmasını da çox yaxşı görür. Ərdoğanın liderliyi ilə Türkiyə böyük uğurlara imza atıb. Onlar Türkiyəyə münasibətlərini dəyişməlidirlər. Türkiyə bir daha heç vaxt Qərbin forpostu olmayacaq, məsələn, onların tələbi ilə Azərbaycana iki mülki helikopter verməkdən imtina edib, əvəzində Azərbaycanın torpaqlarını işğal edən Ermənistana taxıl göndərməyəcək! Türkiyəyə qarşı alçaldıcı münasibət dəyişsə, bütün sanksiyalar dərhal aradan qaldırılsa, Türkiyə əleyhinə Suriya və İraqda fəaliyyət göstərən terrorçulara Qərbin münasibəti dəyişsə, Qarabağ məsələsində daha ədalətli mövqe tutulsa, Türkiyənin də hər iki ölkənin üzvülüyünə münasibəti dəyişə bilər. Əks halda Türkiyənin Qərbdən uzaqlaşması qaçılmaz olacaq. Daha çox uduzan isə NATO və Qərb olacaq.