İran Putinin Tehrana səfərini gözləyirİran Rusiya prezidenti Vladimir Putinin Tehrana səfərini gözləyir.

RİA Novosti xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.

"Biz Rusiya Federasiyasının prezidenti cənab Putini lazımi vaxtda Tehranda qəbul etməyə hazırıq. Biz həmçinin Astana formatlı ölkələrin başçılarının Tehranda sammitinin keçirilməsində maraqlıyıq", - səfir bildirib.

O, İran prezidenti İbrahim Rəisinin bu il yanvarın 19-20-də Moskvaya səfərinin iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olduğunu vurğulayıb.

Səfirin sözlərinə görə, son bir neçə ayda iki ölkə prezidentinin razılaşmalarının həyata keçirilməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin səfərləri baş tutub.

Kazem Cəlali bildirib ki, İran və Rusiya Federasiyası neft-qaz sektorunda yaxşı qərarlar qəbul ediblər, Tehran Moskvaya bu sənayedə “əməkdaşlıq kartı” verib.

Onun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin iş gündəliyinə Rusiya şirkətləri və Rusiya hökuməti ilə enerjinin müxtəlif sahələrində əməkdaşlıq sahələrinin ciddi şəkildə nəzərdən keçirilməsi daxildir.

"Tərəflər neft və qaz yataqlarının hasilatı, işlənməsi, emalı, neft emalı, neft kimyası və neft-qaz sənayesində strateji əhəmiyyət kəsb edən avadanlıq və texnologiyaların transferi sahəsində danışıqlar aparıb və yaxşı qərarlar qəbul ediblər", - səfir vurğulayıb.

“Hətta Rusiya ilə hərtərəfli və dolğun əməkdaşlıq xəritəsi tərtib edilib və o, Rusiya Federasiyasının rəsmilərinə təhvil verilib”, - Cəlali bildirib.
Müdafiə Nazirliyi məlumat YAYDIAzərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək".
"Tovuzdan Qarabağa”14 may 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzinin baş müəllimi Sevda Ağayeva və Azərbaycan Gənc Könüllülər Academyasının rəhbəri Sövdüm Cahangirzadə birlikdə yeni bir layihə həyata keçirmişdir.

Tovuz döyüşlərində qəhrəmancasına şəhid olmuş igidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Xarici Dillər Mərkəzinin b/m Sevda Ağayeva və Tarix və coğrafiya fakültəsinin Sosial iş ixtisası 2001B (Ələkbərov Sənan, Lətifova Günay, Babayeva Səma, Allahverdiyeva Aysun, Allahverdiyeva Nuray, Əliyev Mirbala, Tarix və coğrafiya müəllimliyi ixtisası 2101B (Eyyubova Zafta TCM 1901B) və Tarix və coğrafiya müəllimliyi ixtisası 2101B qrup tələbələrinin (Gülçin Mahmudova, Səbinə Mehdiyeva, Zəhraxanım Qədirova, Sevinc Xudiyeva, Cansu Məmmədova, Fərid Xəlilov) təqdimatında “From Tovuz to Garabagh” ("Tovuzdan Qarabağa”) adlı ingilis dilində tədbir saat 11:00-da Zoom mobil tətbiqində keçirilmişdir.

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş - Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. Tədbir şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğulları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirova həsr olunmuşdur.

Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Tarix və coğrafiya fakültəsinin rəhbərliyi və tələbələri, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, eyni zamanda Xarici Dillər Mərkəzinin əməkdaşdaşları (dosent Svetlana Məmmədova, dosent Səkinə Vəliyeva, dosent Mirvari Qasımova, baş müəllim Fatma Əliyeva, baş müəllim Nazilə Rəhimova, baş müəllim Tamilla Turabova, baş müəllim Nazdı Həsənova, Arzu Hüseynli, Aynur Ələkbərova, Ülviyyə Ağamirova tədbirdə iştirak edirdi.

Tədbirdə həmçinin Nizami rayonu Şəhid Məzahir Rüstəmov adına 32 nömrəli məktəbin 6C sinif şagirdləri (Aftandil Əliyev, Əminə Babayeva, Elton Namazov, Əliyev Əli), Suraxanı rayonu, Şəhid Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin 1Ə sinfinin müəllimi Şəlalə Novruzovanın şagirdləri (Abbaslı Mələk, Babayeva Fidan, Əliyev Kamil, Əliyeva Nərmin, Əliyeva Xədicə, Heydərli Talha, Kazımov Əli, Məmmədov Emil, Mehdili Əlimehdi, Nağıbəyli Zeynəb, İsrailli Mərziyyə) və 5 Ə sinif şagirdləri (Ağayev Mirəli, Səfərov Orxan, Hacıyeva Şəfa) şeirlər söylədilər. Qəhrəmanlarımızın həyatından bəhs edən videoçarxlar nümayiş olundu. Kiçikyaşlı məktəblilərin mükəmməl çıxışı tədbirə xüsusi rəng qatdı.

Sonda tədbirin təşkilatçısı müəllim Sevda Ağayeva tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi.
Rusiya Ukrayna müharibəsi, dünyanın yeni siyasi-iqtisadi arxitekturasıRusiya Ukrayna müharibəsi dünyanın və regionun siyasi arxitekturasını dəyişdirməkdədir. Sürətlə dəyişən iqtisadi-siyasi proseslərin yaratdığı reallıqlar türk dövlətləri arasında bütün sferalarda əməkdaşlığın nə dərəcədə zəruri olduğunu ortalığa qoyub. Müharibənin və iqtisadi sanksiyaların təsirindən çökən Rusiyadan kənar keçəcək Qərblə Şərq arasında yeni xəttlərin açılması zərurətə çevrilib. Yeni nəhəng bir marşrutun Türkiyə, Azərbaycan və Xəzər dənizi vasitəsilə Qazaxıstandan keçməsi əhəmiyyətli variantdır. Bu istiqamətdə danışıqların və real addımların atılmasının şahidi oluruq. Belə stateji əməkdaşlığın dərinləşməsi yalnız Azərbaycan, Türkiyə və Qazaxıstan üçün deyil, ümumilikdə, şər imperiyasının təsir dairəsindən qurtulan Mərkəzi Asiyadakı digər türkdilli dövlətlər üçün də faydalı olacaq.

Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasında olur. Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir.

İşğaldan azad olunmuş Füzuli Hava Limanın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, ötən həftə qardaş Türkiyədə istismara verilən yeni Rize-Artvin Hava Limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və bu görüşlər zamanı iki ölkə liderlərinin çıxışları yeni əməkdaşlıq modellərini özündə ehtiva edir.

Yeni dönəmdə formalaşacaq bu əməkdaşlıq yalnız türk dövlətləri üçün deyil, ümumilikdə Şərqlə Qərb arasında çox sərfəli kommunikasiya xətti olacaq. Belə nəhəng layihələr dünyanın və regionun yeni siyasi-iqtisadi arxitekturasının yaradacağı reallıqlardır. Təbii ki, bü işlərin gerçəkləşməsi zamanı ciddi risklərin, təhdidlərin ortalığa çıxması, hətta müxtəlif təhlükəli məqamların baş qaldırması gözləniləndir.

Əkrəm Bəydəmirli
İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
İrəvanda müxalifətin yürüşü başladıİrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtomobil yürüşləri keçirilir.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, paytaxtın kənarında aksiyalar başlayıb. Bir neçə avtomobil aşağı sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edir.

Qeyd edək ki, müxalifət aprelin 25-dən hakimiyyətə qarşı sistemli aksiyalar keçirir.
Məscidin nəzir qutusundan 120 manat oğurlandıLənkəran rayonunun Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron nəzarət vasitəsi sayılan elektron qolbaq olan Zülfi Nəzərli olduğu müəyyən edilib. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin Seydəkəran kənd məscidinin qarşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurladığı müəyyən edilib.

Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər 2 saylı tam orta məktəbin anbarından ümumi dəyəri 400 manat olan 2 ədəd soba və dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən birinin həyətindən 1 ədəd su nasosu oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Stoltenberq NATO ölkələrinə Ukrayna ilə bağlı çağırış edibNATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinə Ukrayna ilə bağlı çağırış edib

“Report” bu barədə CNN telekanalına istinadən xəbər verir.

“NATO Ukraynaya hərbi yardımın həcmini artırmağa davam etməlidir. Biz ölkəni cəsarətlə müdafiə edən ukraynalılara döyüş meydanında qələbə qazanmağa kömək etməliyik”, - Stoltenberq telekanala müsahibəsində deyib.

"Ukraynalılar vətəni cəsarətlə müdafiə edirlər. Bu işdə onlara kömək etmək üçün müttəfiqlər Ukraynaya milyardlarla dollarlıq təhlükəsizlik yardımı öhdəliyi götürüblər və onu təmin ediblər. NATO Ukraynaya güclü dəstəyini ifadə edir, buna görə də NATO-nun müdafiə sahəsində daha da gücləndirilməsi və gücləndirilməsi zəruridir. Müharibənin uzunmüddətli nəticələri, o cümlədən Rusiyaya qarşı gələcək mövqeyimiz üçün...”, - o əlavə edib.
İdmançımız ikinci yer tutub - Əbu DabidəBirləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Braziliya Ciu-Citsu idman növü üzrə peşəkar idmançılar arasında beynəlxalq turnir keçirilib.

Avrasiya.net xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının yığma komandasını üzvü, bənövşəyi kəmər sahibi Rəna Səfərova təmsil edib.

Bənövşəyi, qəhvəyi və qara kəmər sahibi peşəkar idmançıların güclərini sınadığı yarışda dünyanın bir çox ölkəsinin idmançıları iştirak ediblər.

62 kilo çəki dərəcəsində döşəyə çıxmalı olan Rəna Səfərova çəkisinin artıq olması səbəbilə 70 kilo çəki dərəcəsindəki idmançılarla döşəyə çıxarılıb. İordaniya, Kolumbiya və BƏƏ idmançılarıyla qarşılaşan idmançımız 70 kq çəki drəcəsində ikinci yerə layiq görülüb.

Qeyd edək ki, o yarım finalda Əbu Dabidən olan idmançı ilə qarşılaşaraq onu məğlub edib. Finalda isə idmançımız İordaniyalı rəqibi ilə qarşılaşıb.

Məlumat üçün qeyd edək ki, Rəna Səfərova Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının qurucusu və idarə heyətinin sədri qara kəmər sahibi Taleh Həsənovun tələbəsi, həmçinin “Taleh Hasanov Team” komandasının üzvüdür. Onun yetişməsində Taleh Həsənovun müstəsna rolu olmuşdur. R. Səfərova məhz onun yanında məşqə başlayaraq daha sonra göy və bənövşəyi kəmərlərə yüksəlib. Taleh Həsənov da öz növbəsində Rəna Səfərovanı təbrik etmiş və bundan sonrakı idman həyatında ona müvəffəqiyyətlər arzulayıb.

Bundan başqa Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov da Rəna Səfərovanı təbrik edib və ona bayrağımızı yüksəklərə qaldırdığı üçün minnətdarlığını bildirib.
"Azərbaycan-Türkiyə münasibətlərinin təkcə bugününü yox, həm də gələcəyini müəyyən edir"Azərbaycan-Türkiyə münasibətləri həqiqətən də bütün dünyaya layiqli nümunədir. Bu münasibətlər əvvəllər yalnız qardaşlıq və dostluq amillərinə, soy və din birliyinə əsaslanırdısa, hazırda isə münasibətlərimiz artıq strateji müttəfiqlik müstəvisinə yüksəlib. Bu olduqca mühüm məqamdır və bu məqamı dünən Prezident İlham Əliyev də qardaş Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı tam da yerində vurğuladı.

Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Dövlətimizin başçısı bildirdi ki, “biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Partiya sədri əlavə edib ki, İlham Əliyevin böyük coşqu ilə qarşılanan çıxışındakı bu məqam Azərbaycan-Türkiyə münasibətlərinin təkcə bugününü yox, həm də gələcəyini müəyyən edir: "Rizədə liderlərin dilindən səslənən birlik-bərabərlik mesajları ilə Azərbaycan və Türkiyə növbəti dəfə dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi göstərdi. Bizim müttəfiqlik münasibətlərimiz iki qardaş ölkənin gələcəkdə bütün istiqamətlər üzrə birgə fəaliyyətləri üçün etibarlı zəmin yaradır".

O, qeyd edib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının şəxsi dostluq və qardaşlıq münasibətləri isə ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirir və gücümüzə güc qatır: "İki lider birlikdə Azərbaycan və Türkiyə üçün, eləcə də bütövlükdə Türk dünyası üçün çox böyük işlər görə bilər. Azərbaycan və Türkiyənin sarsılmaz birliyi bütün Türk dünyasının gələcək böyük birliyinin təməlini təşkil edir".