İsgəndər Həmidovun övladları arasında EV DAVASIAzərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun Səbail rayonunda evi hərraca çıxarılıb.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki, evin hərraca çıxarılmasına səbəb ata evinin Həmidovun övladları - Həmidov Nofəl və Məcidzadə Məcid arasında bölünə bilməməsi olub.

Belə ki, böyük qardaş Məcidzadə Məcid ata mülkündən öz qardaşı Nofələ pay vermədiyi üçün sonuncu tərəfindən məhkəməyə verilib.

İsgəndər Həmidovun kiçik oğlu mənzilin bölünməsi, bu mümkün olmadıqda payın əvəzinə kompensasiya ödənilməsi, daha sonra əmlakın açıq hərracdan satılması və payların münasib şəkildə bölüşdürülməsi ilə bağlı Bakı Şəhər Səbail rayon məhkəməsində iddia qaldırıb və iddia məhkəmə tərəfindən təmin edilib.

Məhkəmə müəyyən edib ki, cavabdeh olan qardaş Məcid Məcidzadə həmin mənzildən özü istifadə edir, açarlar özündədir, Həmidov Nofələ həmin yaşayış sahəsi üzrə istifadə etməyə imkan vermir və çətinliklər yaradır. Həmçinin gələcəkdə payı üzərindən sərəncam vermək və sair hallarla bağlı çətinliklərin yaranacağı indidən bəllidir. Çünki, qardaşı ilə bağlı aralarında münasibətlər vərəsəliklə bağlı çox soyuqdur. Məcidzadə Məcid atasına məxsus olan, lakin atasının adından olmayan digər əmlakları, o cümlədən avtomobili (avtomobili sataraq dəyərini) müxtəlif üsullarla özgəninkiləşdirib. Bildirilir ki, Nofəl qardaşı Məcidlə razılıq əldə etməyə çalısa da, bu mümkün olmayıb. Nəticədə məhkəmə mənzilin hərrac yolu ilə satılmasına dair qərar verib.

Mərhum nazirin Bakı Şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində 5 saylı binada yerləşən, 22 saylı mənzilinin (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbayil rayonu, BMT-nin 50 illiyi küçəsi, 7M9,m1) ilkin satış qiyməti 350 000 AZN olaraq dəyərləndirilir. Hərrac mayın 25-də keçiriləcək.

Qeyd edək ki, İ. Həmidov 1992-93-cü illərdə Azərbaycanın daxili işlər naziri olub və 2020-ci ildə 71 yaşında vəfat edib.

Keçiriləcək hərracın detalları:



Erməni əsgər intihar edibErmənistanın hərbi qulluqçusu Argişti Yeqyan intihar edib.

Ermənistan KİV xəbər verir ki, Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə başlanmış cinayət işi çərçivəsində çağırışçı əsgər, sıravi Argişti Yeqyanın ölümünün aydınlaşdırılması istiqamətində istintaq və digər prosessual hərəkətlər həyata keçirilir.

İlkin məlumatlara görə, 2022-ci il mayın 11-də saat 10:15 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi Argişti Yeqyan döyüş postunda xidməti silahdan sinə nahiyəsinə atəş açaraq intihar edib. Bu barədə Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı ilkin araşdırma aparılır.
Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşdüAzərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində Rusiya vətəndaşı olan qadın itkin düşüb.

Məlumatı Ermənistan mətbuatı yayıb.

Olqa Sannikova adlı Rusiya vətəndaşı Xankəndində yaşayır. O, mayın 9-da Qarqar çayının sahilində itkin düşüb.

Qadının axtarışları hələlik heç bir nəticə verməyib.
Bayraqdar ABŞ şirkətinə meydan oxuduTürkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraqdar yeni yaradılan və dəniz platformalarında enmə və qalxma qabiliyyətinə malik "Bayraqdar TB3"-dən danışıb.

Səlcuq Bayraqdar ABŞ şirkətinin “Bayraqdar TB3”-ü təkrarladığını deyib.

“Amerika şirkəti ilk olaraq qısa uçuş zolağı olan gəmilər üçün istehsal edəcəyi xəbərini yaydı, amma görək bunu ilk kim edəcək”, - Bayraqdar bildirib.

Qeyd edək ki, ABŞ-ın “General Atomic” şirkəti tərəfindən istehsal olunan MQ-9B STOL PUA-sı bir neçə gün öncə təqdim edilmişdi.
Marneulidə aksiya keçirilibUzun müddətdir ki, Marneuli rayonunun Axlı Lələ kəndində Məscid tikintisində yaradılan süni problemlərə görə ibadət evinin tikintisi dayandırılıb.

Gürcüstan mediası məlumat verir ki, müvafiq məsələ ilə əlaqədar sözügedən kəndin sakinləri ötən gün etiraz aksiyası keçirib.

İbadət evinin tikildiyi yerə toplaşan kənd sakinləri Məscidin tikintisinə icazənin verilməməsinə görə narahatlıqlarını ifadə ediblər. Kənd sakinləri aksiyaya BGMİ-nin şeyxi Hacı Ramin İgidov və idarənin əməkdaşlarını da dəvət edib. Şeyx sakinlərlə görüşündə bu kimi etirazların haqlı olaraq keçirildiyini bildirib.

"Bu günə qədər istər rayon meriyası istərsə də aidiyyatı orqanlara dəfələrlə şifahi və məktublar yazaraq məscidin tikintisinə icazə verilməsini istəmişik. Ancaq təəssüf ki, süni problemlər gətirilərək tikinti dayandırılıb. İdarənin son məktubuna meriyadan verilən cavab isə bu olub ki, tikinti ərazisi qeyri kənd təsərrüfatı deyil, buna görə də ərazinin təyinatı dəyişdirilməlidir. Ümid edirik ki, bu tələbin yerinə yetirilməsindən sonra başqa maneələr çıxmaz",-Şeyx Axlı Lələ kəndində yerli sakinlərin keçirdiyi aksiyada deyib.
“Eurovision”da ikinci yarımfinal - Nadir bu gün çıxış edəcəkBu gün İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Avrasiya.net xəbər verir ki, yarımfinalda 18 ölkənin - Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya və Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. İlk onluğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək.

Qeyd edək ki, İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala yüksəlib.

Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il iştirak edən 40 ölkənin 35-i yarımfinallarda yarışır. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Ümumilikdə 25 ölkənin təmsilçiləri mayın 14-də keçiriləcək finalda öz performanslarını nümayiş etdirəcəklər.
Sertifikatlaşdırma imtahanı avqustda başlayacaq“İndiyə qədər 140 minə yaxın təhsilverən bilik və bacarıqların yoxlanılmasına qoşulub".

Bununla bağlı Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov "Təhsil masası"nda məlumat verib.

O qeyd edib ki, 2020-ci ildə təhsilverənlərin sertifikatlaşdırılması haqqında qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunub:

"Pandemiya səbəbilə sertifikatlaşdırmanın yeni qaydalarının tətbiqi ləngiyib. Artıq bu prosesə başlamağa vəziyyət imkan verur. Bu səbəbdən Sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq və avqustdan test imtahanını keçirməyi başlamaq fikrindəyik”.
MEDİA “Sərhədsiz Reportyorlar”a məktub göndərdiAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda təşkilatın “2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi”nə münasibət bildirilərək, demokratik cəmiyyətin mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, media islahatlarının dərinləşdirilməsi, özəl sektoru media ilə əməkdaşlığa cəlb edən böyük layihələrin reallaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi qeyd edilərək, müvafiq beynəlxalq reytinqlər tərtib olunarkən bu müsbət təşəbbüslərin nəzərə alınmamasından təəssüf hissi keçirildiyi bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə “Sərhədsiz Reportyorlar” Təşkilatının rəsmi veb-saytında xidməti vəzifələrini yerinə yetirərkən ermənilərin Kəlbəcər rayonuna basdırdıqları minaya düşərək həlak olan jurnalistlərlə bağlı məlumatın təhrif edilərək təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması, həmin məlumatın qərəzli olaraq Azərbaycanın əleyhinə istifadə edilməsinə imkan yaradıb və əsassız yanaşmaların formalaşması ilə nəticələnib.

“2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi” ilə əlaqədar Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri xanım Janna Kavelyenin “Amerikanın Səsi” beynəlxalq multimedia xəbər təşkilatına müsahibəsində səsləndirdiyi fikirlər, o cümlədən Azərbaycanın yeni reytinqini əsaslandırmaq üçün irəli sürülən arqumentlər özlüyündə tutarlı əsaslara söykənmir və müvafiq İndeks Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı obyektiv reallığı əks etdirmir.

Məktubda “Media haqqında” Qanunun müvafiq maddələri bir daha izah edilir, Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kimin həbs edilmədiyi vurğulanır və istənilən sahədə inkişafın qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa, bütün tərəflərin obyektiv, qərəzsiz yanaşmasına əsaslanmalı olduğu bildirilir: “İnanırıq ki, bir neçə mənbədən, o cümlədən bizim mənbələrdən istifadə edilməsi “Sərhədsiz Reportyorlar” Təşkilatının təqdim etdiyi xəbərlərin və hesabatların dəqiqliyini, obyektivliyini və etibarlılığını artıracaq, ixtilafa yol açan halları aradan qaldıracaqdır”.

Məktubun sonunda bir daha qeyd edilib ki, Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” Təşkilatı, eləcə də media sahəsində fəaliyyət göstərən digər təşkilatlarla dialoqa hazırdır.
NATO və Rusiya arasında münaqişə qızışır“NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır”.

Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

“Ukraynanı silahla təmin etmək bu ehtimalı artırır. Beləliklə, bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”, - deyə Medvedev NATO ölkələrinə xəbərdarlıq edib.
Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq!Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə , «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi (EMİB) tərəfindən həyata keçirilən “Vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanması”layihəsinin icrası davam edir.

Avrasiya.net xəbər verir ki, EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanmasıdır.

Belə ki, araşdırmalarla təsdiq edilib ki, dünya ölkələri üzrə plastik və polietilen tullantıların yalnız 20 faizi təkrar emal olunur. Qalan hissə kortəbii surətdə ətraf mühütə atılır ki, bu da sonradan fauna və floraya çox ciddi zərər vurur. Sübut olunub ki, insan orqanizminə zərərli maddələrin 80 faizi məhz plastik tullantılar vasitəsi ilə daxil olur. Odur ki, bərk məişət tullantılarının düzgün emalı bu gün dünya dövlətlərini narahat edən ən mühüm məsələlərdəndir.Döğrudur, Azərbaycan hökuməti tərəfindən də bu istiqamətdə müəyyən qərarlar qəbul edilib, bəzi tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Ardınca isə Azərbaycan Respublikasının Milli Məclisi “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edərək 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsini qadağan edib. Ötən müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləsə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu sahədə hər hansı ciddi irəliləyişə nail olunmayıb. Bütün ticarət və ictimai iaşə obyektlərində istehlakçılara polietilen torbalar və plastik qablar satılmaqdadır. Baxmayaraq ki, qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri ( inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə olunurlar) nəzərdə tutulur.

Elə «Ekoloq-2010» EMİB də sözügedən layihəni icra etməklə bu sahədəki boşluqları aradan qaldırmaq, vətəndaşları da çox maarifləndirməyi qarşısına məqsəd qoyub.

Bu məqsədlə EMİB tərəfindən hazırlanan və üzərində “Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq! ” şüarı yazılan parça bazarlıq torbaları paytaxtdakı ən iri supermarketlərdən olan “Grandmart” mağazasında istehlakçılara pulsuz olaraq paylanılıb.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.

Paytaxtın ən gür məhəllələrindən olan və “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “Atles Plaza” yaşayış kompleksindəki supermarketdə istehlakçılarla maarifləndirmə söhbətləri aparılaraq, gələcəkdə alış-veriş zamanı polietilen torbalardan deyil, məhz ekoloji təmiz parça torbalardan istifadə edilməsinin vacibliyi vurğulanıb.

Keçirilən aksiyalar istehlakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Xatırladaq ki, «Ekoloq-2010» EMİB sözügedən layihə çərçivəsində ötən ay paytaxtın nəhəng supermarketlərindən olan “NEPTUN” və “BOLMART” mağazalarında da analoji aksiyalar keçirib.