İctimai Birliyin layihəsi uğurla başa çatıb"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana südünün əhəmiyyətinin təşviqi” maarifləndirici layihəsi başa çatıb.

Yekun tədbirini giriş sözü ilə açan Birliyin sədri Könül Quliyeva layihə çərçivəsində görülmüş işlər barədə geniş məlumat verib.

Bildirilib ki, südəmər körpələrin, həm də gənc anaların sağlamlığı ilə bağlı aktual mövzulara həsr olunmuş silsilə təlimlərdə təcrübəli mütəxəssislər - mama-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Cavadova, həkim-pediatr Pərvanə Quliyeva, rezident-həkim Ayan Abduləliyeva, psixoloqlar Ruhiyyə Məmmədova və Validə Abbasova 18 nəfər layihə iştirakçısına – gənc analar və subay xanımlara ana südünün əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Ana südünün körpənin immun sisteminə, fiziki və psixoloji durumuna göstərdiyi müsbət təsirdən danışıblar.

Layihə rəhbəri sözügedən layihənin icrasına yardımçı olmuş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, müasir tibbi ədəbiyyatdan, elmi araşdırmalar və təcrübədən əldə edilmiş faydalı məlumatları böyük həvəslə dinləyicilərlə bölüşmüş təlimçilərə, yekun təqdimatın keçirilməsinə şərait yaradan T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovaya, eləcə də təlimlərin gedişini mətbuat səhifələrində və sosial mediada geniş işıqlandırmış jurnalistlərə dərin təşəkkürünü bildirib.

Layihənin gedişini əks etdirən video-çarxın nümayişindən sonra tədbirdə iştirak edən Jalə Cəfərova ("Milli Mədəniyyətin Təbliği" İctimai Birliyi), Gülşən Behbudova ("Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi), Fatimə Haclbəyli ("Vəfa" Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi), Cəmilə Abdulova ("Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım Cəmiyyəti" İctimai Birliyi), Mətanət Əsgərova ("Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi), Səbinə Kərimova ("Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək" İctimai Birliyi), Fəridə Mirişova ("İz" Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi), Leyla Həsənova (“ABC” Tədris və İnkişaf Mərkəzi), Almaz Əhmədova (Dünya Jurnalistlər Birliyi), Gülnar Teymurova (239 saylı tam orta məktəbin nəzdində yaranmış VMA), Ruhiyyə Məmmədova (“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi) Nərminə Cəfərova (psixoloq) layihə çərçivəsində həyata keçirilmiş təlimlərin faydası barədə öz fikirlərini bölüşüb, ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda Könül Quliyeva iştirakçılara minnətdarlığını bildirib və onların bu səpgidə layihələrin davamlı olması ilə bağlı təkliflərini müasir cəmiyyətdə sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlərə böyük ehtiyacın göstəricisi kimi dəyərləndirib.
Baydenin "soyqırımı” ifadəsini işlətməsi sülh prosesinə xələl gətirirABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi Ermənistanı sülhdən yayınmağa təhrik edir, hazırkı danışıqlar, sülh prosesinə xələl gətirir.

Bu fikir Milli Cəbhə Partiyasınln Co Baydenin “erməni soyqırımı” ifadəsi ilə bağlı verdiyi Bəyanatda yer alıb.

Bəyanatda qeyd edilir ki, ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələri ilə bağlı açıqlamasında növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlədib.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Türkiyəylə Ermənistan arasında münasibətlər yaxşılaşıb. Ermənistanın nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub. Azərbaycanla Ermənistan nümayəndələri Türkiyədə danışıqlar aparıblar.

Bundan əlavə Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə arasında Brüssel görüşü baş tutub. Hazırda Azərbaycanla Ermənistan münasibətləri yaxşılaşmağa doğru gedə, sülh müqaviləsi bağlana bilər.

Belə bir zamanda ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi Ermənistanı sülhdən yayınmağa təhrik edir, hazırkı danışıqlar, sülh prosesinə xələl gətirir.

ABŞ prezidenti Co Baydenin belə bir ifadə işlətməsinə təəssüf edirik. Biz ümid edirik ki, bundan sonra ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə öz töhfəsini verəcək, sülhün yaranması üçün köməkliyini əsirgəməyəcək.
Fransa Bakı və İrəvan arasında sülh müqaviləsini dəstəkləyir“Yaxın zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ehtimal var. Məsələ hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib, bununla bağlı razılığa gəlinib”.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Bütün xoşməramlı insanlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməlidir” adlı məqaləsində qeyd edib.

"Fransa prosesi dəstəkləyir. Amma iki ölkə arasında əlaqələrin normallaşması üçün maneələr olacaq. Rəsmi Bakı kommunikasiyaların bərpa olunması, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və suverenlik prinsiplərinin tanınması kimi konkret məsələlərdə irəliləyiş görmək istəyir. Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir”.
Məhərrəm ayının başlanma tarixi açıqlandıBu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb.

Bu barədə Report Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat əldə edib.

Məlumata görə, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir.

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edəcəklər.

Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Rusiya S-500-lərin kütləvi istehsalına başladıƏn müasir S-500 (“Prometey”) hava hücumundan müdafiə sistemi seriyalı istehsala buraxılıb.

Axar.az xəbər verir ki, Bunu “Almaz-Antey” hava-kosmik müdafiəsi kompleksinin rəsmisi Yan Novikov deyib.

“Hazırda yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə etməklə S-500 sisteminin kütləvi istehsalı başlayıb. Bu sistemin döyüş imkanları əvvəllər yaradılmış hava hücumundan müdafiə kompleksləri və sistemlərinin imkanlarını xeyli üstələyir. S-500 Rusiya hava-kosmik müdafiə sisteminin əsasına çevrilməyə qadirdir”, - Novikov bildirib.

Qeyd edək ki, S-500 yeni nəsil “yer-hava” hava hücumundan müdafiə sistemlərinə aiddir. Sistemin hədəfi məhv etmək radiusu 600 kilometr təşkil edir.
“Şanlı vətən, igid əsgər, böyük komandan” Şəhid polkovnik-leytenant Ramiz CəfərovSon əsrlərdə özünün təlatümlü günlərini, aylarını, illərini, əsrlərini yaşayan qədim Oğuz ellərinin başı dərddən-bəladan qurtulmadı. Bu süfrəsi açıq, ürəyi geniş insanların başına nə gəldisə, insanlıqları üzündən gəldi. Dədə-baba qapılarına gələn, boynunu bükən yazıq, zavallı “haylar”a (ermənilərə), torpaqlarında yer ayırdılar, yataq verdilər, qarşılarına süfrə açdılar, duz-çörək, düz-çörək kəsdilər. Amma bilmədilər ki, duz-çörəyi tapdayan bu mərə kafirlər zaman gələcək, onların nəvə-nəticələrinə qənim kəsiləcək, onları öz tarixi -dədə-baba torpaqlarından didərgin salacaqlar. Bununla da ürəkləri soyumayacaq, qədim Oğuz övladlarının canlarını qanlarına qəltan edib, qanlı köynəklərinə bükəcəklər.

Son üç əsrdə rahatlıq, dinclik bilməyən, günlərini vəsvəsə, qorxu içərisində keçirən azərbaycanlılar dəfələrlə, mənfur, iblis sifətli xainlərin-məcburən qonşu edildiyimiz “haylar”ın-ermənilərin təcavüzünə məruz qaldılar, əraziləri qəsb olundu. Havadarlarının dəstəyi sayəsində ardıcıl, silsiləli soyqırımlar aparıldı xalqımıza qarşı. Xalqımız bu “üzdən iraqların” öncədən planladığı və həyata keçirdiyi məhfur siyasət nəticəsində dəfələrlə böyük faciələr yaşadı. İgid vətən oğulları iblis sifətli mərə kafirlərin namərd qurşunlarına tuş gəldilər. Belə oğullarımızdan biri də əslən Masallı rayonunun Ağakişibəyli kəndindən olan, Azərbaycanın Milli Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandir köməkçisi, gərargah rəisi, şəhid pokovnik-leytenant Ramiz Cəfərov idi.

Ramiz Cəfərov 1974-cü ilin dekabr ayının 10-da Ukrayna Respublikasının Donetsk vilayətinin Makeevka şəhərində anadan olub. Sumqayıt şəhərindəki 17 və 11 saylı məktəblərdə orta təhsil alıb.

Şəhid polkovnik-leytenant Ramiz Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, şəhid Polad Həşimovla birgə Cəmşid Naxçıvanski adına hərbi liseydə dörd il bərabər təhsil alıb. Alman, ingilis və rus dillərini mükəmməl bilən Ramiz Cəfərov ali təhsilini Rusiyada- V. F. Margelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində davam etdirib.
Vətən sevgisi, doğma torpaqlara olan sədaqəti onu Azərbaycana –ana yurda gətirir.

1996-cı ildən Azərbaycan Milli Ordusunun tərkibinə qatılır. Ramiz Cəfərov Milli Orduda xidməti ərzində həmişə öz fəaliyyəti ilə seçilib. Verilən tapşırığın qüksək səviyyədə yerinə yetirilməsi onun başlıca amalı idi. Peşəkar döyüşçü kimi hərbi xidməti dövründə dəfələrlə təltif olunub.

2016-cı ilin Aprel döyüşlərdə yaxından iştirak edib. Azərbaycan Milli Ordusunun sıralarında Lələtəpə istiqamətində gedən döyüşlərdə, əlverişli mövqelərin, strateji nöqtələrin alınmasında habelə, Lələtəpə yüksəkliyinin fəthində Ramiz Cəfərov xüsusi fəallıq göstərmişdir.

44 günlük Vətən müharibəsi dövründə Ramiz Cəfərov Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi uğrunda başlanan hərbi əməliyyatlara qatılıb. Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə nümunəvi igidlik, cəsurluq göstərmişdir. “Şuşa qartalı” ləqəbli bu polkovnik-leytenant 44 günlük müqəddəs savaşın 42 gününü fəal döyüşdə olub.

Noyabrın 6-da Şuşa şəhəri uğrunda gedən savaşlarda qəhrəmancasına şəhid mərtəbəsinə yüksəlib.
Şəhid polkovnik-leytenant Ramiz Cəfərov Türkiyədə, ABŞ-da keçirilən hərbi təlimlərdə, kurslarda iştirak edib. Peşəkar hərbçi olan Ramiz Cəfərov döyüş yoldaşlarının, eləcə də onu tanıyanların xatirəsində qorxmaz, cəsur döyüşçü, vətənpərvər zabit kimi qalıb. Hərbi hissə komandirinin müavini olaraq həmişə ön sırada gedib, əsgərləri ilə çiyin-çiyinə döyüşüb.

Ramiz Cəfərov öz xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubileyi və digər medallarlarla təltif olunub.

44 günlük Vətən müharibəsinin 42 gününü xüsusi qəhrəmanlıq nümayiş etdirən polkovnik-leytenant Ramiz Cəfərov şəhadətindən sonra döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq və müxtəlif sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra), "Vətən uğrunda" (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" (ölümündən sonra), "Şuşanın azad olunmasına görə" (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.

Bu igid Vətən Əsgərinin Rəbiqə, Nigar, Nərgiz, Nurlana adlı qızları və Nurlan adlı oğlu vardır.

Şəhid polkovnik-leytenant Ramiz Cəfərov kimi igid, cəsur, qorxmaz, “düşmənin gözünə güllə olan” oğullarımız həmişə xalqımızın qəlbində yaşayacaq, hörmət və ehtiramla xatırlanacaqdır!

İlahə Bayındır (ƏLİYEVA)
Tarixçi-tədqiqatçı

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən “Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili” mövzusunda gerçəkləşdirilən layihə çərçivəsində çap olunur.
Mikayıl Cabbarov: "Hər il 100 min yeni iş yeri açmalıyıq"Azərbaycan hər il 100 min yeni iş yeri açmağı hədəfləməlidir.

Bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Son 30 ildə əhalimizin sayı 3 milyondan çox artıb. Biz hər il 100 min yeni iş yeri açmağı hədəfləməli, əmək bazarında çıxan gənclərin işlə təmin olunmasına zəmin yaratmalıyıq. Bu, həm də sahibkarlar üçün maraqlı olmalıdır. Çünki biznes maraqlarının ümumilli maraqlarla üst-üstə düşməsi önəmli məsələlərdən biridir. "Bir sıra sahibkarların təltif olunması ilə bağlı qərar verilib. Tədbir boyunca bu sahədə rəsmi şəkildə sahibkarları təbrik etmək şansımız olacaq", - o qeyd edib.
Əfv komissiyası toplaşır - Müraciətlərə baxılacaqAzərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Bu barədə Modern.az-a komissiyanın üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məlumat verib. O bildirib ki, iclasın sabah keçirilməsi nəzərdə tutulur.

Rəşad Məcidin sözlərinə görə, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq və nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək.

28 May Müstəqillik günü münasibəti ilə əfv olub-olmayacağı barədə isə məlumat təsdiqlənməyib.
Rus ordusu Zaporojyeyə hücuma hazırlaşırRusiya ordusu çoxlu sayda texnika və canlı qüvvə toplayıb və Zaporojye istiqamətində irəliləməyə çalışır.

Bunu Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Arefyev deyib.

“Düşmən hücuma hazırlaşır. İşğalçı rus qoşunları cəbhə xəttinin Velikaya Novoselka - Novodarovka - Malinovka hissəsinə xeyli texnika və canlı qüvvə toplayıb. Düşmən Zaporojye istiqamətində irəliləməyə çalışır, lakin o qədər də müvəffəq olmayacaq. Ukrayna ordusu böyük üstünlüyə malikdir”, - Arefyev bildirib.
Torpaqlarımızın işğalda qalması region üçün təhlükə idiErmənistanın Azərbaycan ərazilərini 30 il müddətində işğalda saxlaması regionun təhlükəsizliyinə və əməkdaşlığa mane olurdu.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycanın Tacikistanda keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təkcə regional əməkdaşlıq üçün deyil, bütün tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün münbit şərait yaradıb.