İlham Əliyev iranlı naziri qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avrasiya.net xəbər verir ki, nazir və Dövlət Komissiyasının həmsədri Rüstəm Qasimi İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Seyid İbrahim Rəisiyə çatdırmağı xahiş edib.

Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb. Bu, dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirilib və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olunub. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edilib. Vurğulanıb ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.

Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə başlamalarından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə önəmi bildirilib. Bu baxımdan aviareyslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Jirinovskinin vəziyyəti pisləşib - Həkimlər artıq proqnoz vermirlərRusiya Liberal-Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovskinin vəziyyəti həkimlərin ciddi narahatlığına səbəb olub.

Rusiya KİV xəbər verir ki, son məlumatlara görə, LDP liderinin durumu daha da pisləşib.

Vladimir Jirinovski fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla təcili xəstəxanaya yerləşdirilib. Bir aydan artıqdır ki, siyasətçi yataq xəstəsi olaraq qalır, o, həyatı dəstəkləyən cihazlara qoşulub.

75 yaşlı Jirinovski süni komaya salınıb, partiya lideri gecə-gündüz süni nəfəs aparatındadır.

Şayiələrə görə, həkimlər deputatı əməliyyat etmək niyyətində olsalar da, risk etməmək qərarına gəliblər.

Xəstənin laborator müayinələrinin bir sıra göstəricilər istisna olmaqla normal olmasına baxmayaraq, ağciyərlərinin vəziyyəti kritik həddə yaxınlaşıb.

“Vladimir Volfoviçin saturasiyası 96%-dən 88%-ə enib”, - deyə xəsətəxanadakı mənbədən verilən son məlumatda bildirilib.
Rusiyanın hərbi itkiləri açıqlandıFevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya ordusu 12 mindən çox hərbçisini itirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə Rusiyanın 353 ədəd tankı, 1165 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemi, 57 ədəd hərbi təyyarəsi, 83 ədəd helikopteri, 558 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 7 ədəd dronu, 58 ədəd reaktiv yaylım atəş sistemi, 31 ədəd havadan müdafiə sistemləri məhv edilib.
Əfqanıstan veteranlarına pensiyadan əlavə vəsait ödəniləcəkƏfqanıstan müharibəsində xəsarət almış azərbaycanlı hərbçilərə pensiyadan əlavə vəsait ödəniləcək.

Avrasiya.net verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, Əfqanıstanda xidmət etmiş hərbi qulluqçular pensiya alırlarsa, onlara da əlavələr şamil olunacaq.
Rus ordusu iki aerodromu darmadağın etdiRusiya ordusu bu gün səhər saatlarında yüksək dəqiqlikli və uzaqmənzilli raketlərlə Ukrayna hərbi obyektlərinə zərbələri davam etdirib.

Bu barədə Rusiya MN rəsmisi İqor Konaşenkov məlumat yayıb.

“11 mart səhər uzaq mənzilli və yüksək dəqiqlikli raketlərlə Lutsk və İvano-Frankivsk aerodromları məhv edilib”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Lutsk şəhərinin meri İqor Polişçuk Lutsk aerodromu istiqamətində partlayışlar baş verdiyini bildirmiş, sosial şəbəkələrdə isə rus ordusunun Dnepr şəhərini atəşə tutması barədə informasiya yayılmışdı.
BMT və AB ekspertləri Qarabağa gedirAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma ehtiyaclarının Bərpa və Sülh Quruculuğunun Qiymətləndirilməsi (RPBA) metodologiyası əsasında qiymətləndirilməsi üzrə BMT, Avropa Birliyi (AB), Dünya Bankının ekspertlərindən ibarət missiyası Azərbaycana səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, səfər zamanı Ağdam, Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilən işlər və ehtiyaclarla tanışlıq nəzərdə tutulur.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbərliyi və Mərkəzin nəzdində fəaliyyət göstərən işçi qrupların rəhbərləri ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə məlumat verib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərinin həyata keçirilməsində Qərargah çərçivəsində mövcud qurumlararası əlaqələndirmə mexanizminin əhəmiyyətini qonaqların diqqətinə çatdırıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov ekspert missiyasının əhəmiyyətini vurğulayaraq nümayəndə heyətinin əraziyə gözlənilən səfəri zamanı görülən işlərlə yerində tanış olacaqlarını nəzərə çatdırıb.

Sonra İdarələrarası Mərkəzin işçi qrup rəhbərləri tərəfindən qonaqlara işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, Ümumi planın, şəhərlərin Baş planlarının hazırlanması, rabitə, nəqliyyat infrastrukturunun yaradılması, ərazinin dayanıqlı iqtisadi inkişafı, enerji təminatı, ekoloji durumu və meşəbərpa məsələləri, tarixi və mədəniyyət abidələrinin mövcud vəziyyəti və bərpası, ərazilərə əhalinin qayıdışı ilə bağlı görülən işlər barədə məlumat verilib.

Daha sonra işğaldan azad edilmiş ərazilərdə görülmüş işlərə dair statistik məlumatlar qonaqlara təqdim edilib.

Görüşdə ekspertləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Səfərin nəticəsi olaraq ekspert missiyası tərəfindən ilkin hesabatın hazırlanması nəzərdə tutulur.
Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq etdiBakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə edilib.

Bu barədə Avrasiya.net-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib.

Bildirilib ki, son vaxtlarda rayon İcra Hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq onlar və məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazilərdə qanunsuz tikintilərin artmasına şərait yaranıb.

Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə videofilm nümayiş etdirilib.

Toplantıda paytaxtın hər bir Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək, bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb.

Müşavirədə həmçinin, yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Ukrayna bir gündə 10 rus qırıcısı vurduÖtən gün ərzində Ukrayna Rusiyanın 10 hərbi təyyarəsini vurub və rus texnikasının iki böyük kolonuna sarsıdıcı zərbə endirib.

Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Məlumata görə, vurulan hərbi təyyarələr Su-25 və Su-34 modelləri olub.
Rusiyada dolların “rəsmi məzənnəsi” açıqlandıRusiyada bu gün üçün dollar və avronun rəsmi məzənnəsi açıqlanıb.

Rusiya mediası “Moskva birjasının məlumatlarına” istinadla dolların 117,1 rubla, avronun isə 122.37 rubla düşdüyünü yazıb.

Qeyd edək ki, Moskva birjasında ticarət aparılmır və rəsmi saytının fəaliyyəti dayandırılıb, həmçinin Rusiya Mərkəzi Bankı vətəndaşlara valyuta satılmaması ilə bağlı banklara tapşırıq verib. Banklarda valyutada əmanəti olan əmanətçilər belə yalnız ən zəruri sənədlər təqdim etdikdə məhdud miqdarda valyuta götürə bilirlər. Bu baxımdan dolların rəsmi məzənnəsi hazırda şərti anlayışdır.

Qara bazarda isə dolların 400 rubla qədər bahalaşdığı haqda məlumat var.
"Azərbaycan multikultiralizm modeli bütün dünyaya örnəkdir"Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Türkiyənin www.sonnoktahaber.com və www.koridorgazetesi.com saytlarında dərc olunub.

"Azərbaycan multikultiralizm modeli bütün dünyaya örnəkdir" başlıqlı yazıda Azərbaycanda yaşayan azsaylı xalqlardan biri - yəhudilərdən bəhs edilib. Yazıda Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, aşkenazi yəhudiləri və gürcü yəhudiləri icmaları haqqında qısa məlumat verilib. Qeyd olunub ki, Hazırda ölkəmizdə yəhudilərə məxsus 7 sinaqoq, 2 orta məktəb, kollec və 3 uşaq bağçası fəaliyyət göstərir.

Daha sonra Bnai Brtith İnternational beynəlxalq yəhudi təşkilatının Azərbaycan üzrə nümayəndəsi Murad Salmanın fikirlərinə geniş yer ayrılıb.

O bildirib ki, tolernatlılıq və özündən fərqli olana hörmətlə yanaşmaq Azərbaycan xalqı üçün ən əsas prinsiplərdən biri olub. Tarix boyu Azərbaycan müxtəlif millətlərin və konfessiyaların sülh içində yaşadığı bir məkandır. Azərbaycan xalqı tarix boyu öz qonaqprəvərliyi, mərdliyi və başqa xalqlara hörmətlə yanaşması ilə fərqlənib. Tolerantlıq və multikultiralizm Azərbaycan dövlətinin ən başlıca siyasətindən biridir. Azərbaycanda yaşayan bütün xalqlara qarşı multikultural və tolerant münasibət var. Ölkəmizdə yaşayan müxtəlif millətlər və konfessiyalar hər zaman Azərbaycan dövlətindən və xalqından qayğı və diqqət görüb. Tolerantlıq və multikultiralizm Azərbaycan xalqının həyat tərzinə çevrilib. Tarix boyu Azərbaycan xalqı ona pənah gətirən bütün xalqlarla mehriban və sülh şəraitində yaşayıb.

M.Salman qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq və multikultiralizm siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Yazının tam mətni ilə aşağıdakı linklərdə tanış ola bilərsiz:
http://www.sonnoktahaber.com/azerbaycan/azerbaycanin-cok-kulturluluk-modeli-tum-dunyaya-ornek-oluyor/8161/
https://www.koridorgazetesi.com/azerbaycan/azerbaycanin-cok-kulturluluk-modeli-tum-dunyaya-ornek-oluyor/