Nərminin əmisi oğlu məhkəmədə yenidən dindirildiBu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclasında şahid dindirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi oğlu Ayxan Quliyev yenidən ifadə verib.

Elan olunub ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi ifadə yenə də istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir.

O ifadəsində bildirib ki, N.Quliyeva onlara gələrək atasının gödəkçəsi aparmaq istəyib: "Mən ona gödəkcənin yerini dedim, sonra Nərmin gödəkcəni götürməyə getdi. Ona dedim ki, gözlə, gödəkçəni qoymaq üçün çanta gətirim. Qayıdanda Nərmin qapını açıb getmişdi. Daha sonra ondan xəbərim olmadı".

Növbəti məhkəmə prosesi fevralın 11-nə təyin olunub.
Jurnalistin maşınının şüşəsini sındırıb, oğurluq etdilərJurnalist İlkin Muradovun maşınının şüşəsini sındırıb oğurluq ediblər.

Avrasiya.net xəbər verir ki, bu barədə o, Feysbukda məlumat yayıb.

Jurnalist iddia edib ki, yaşadığı Sabunçu rayonu Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində narkotik maddə istifadəçiləri onun maşınının şüşəsini sındıraraq maşında olan “pover bank”ı oğurlayıblar.
Azad edilən ərazilərdə yeni hərbi hissə istifadəyə verildiAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə xidmət aparan hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Fevralın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təmin edilib. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları, hamam-sanitar qovşağı, yeməkxana, tibb məntəqəsi mövcuddur.

Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirməsi üçün idman şəhərciyi salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Ərazi fasiləsiz elektrik enerjisi ilə təmin olunub.

Daha sonra müdafiə naziri avtomobil və döyüş texnikasının saxlandığı parka gəlib. Burada avtomobil və döyüş texnikasının saxlanma şəraiti ilə tanış olub, döyüş maşınları komandirlərinin məruzələrini dinləyib.

Müdafiə naziri hərbi hissənin şəxsi heyəti ilə də görüşüb. General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, o cümlədən hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarının dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkəmizin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən də danışıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sabiq nazirdən Mehdiyev haqda sensasion açıqlamaAMEA prezidenti Ramiz Mehdiyevin elmi ictimaiyyətə, tanınmış elm xadimlərinə müqavimət göstərərək tutduğu postdan istefa verməməsi ona qarşı olanların səfini bir qədər də genişləndirməkdədir. Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov da bu mövzuda düşüncələrini yazaraq, "Yeni Müsavat" qəzetinin elektron poçtuna göndərib.

Avrasiya.net həmin yazını olduğu kimi oxucularına təqdim edir:

“Dünyanın qədim yaşayış məskənlərindən olan Azərbaycan antik sivilizasiyanın əsas məskənlərindən biri, uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələrinin bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etdiyi mərkəzlərdən olmuşdur. Bəhmənyar Azərbaycani, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Nizami Gəncəvi kimi dahilərimizin əsərləri qədim dövrlərdən orta əsrlərə qədər Azərbaycan elminin səviyyəsini dolğun əks etdirən mənbə hesab edilə bilər. Onlar əyani surətdə sübut edir ki, biz həm yunan-Roma mədəniyyətinin varisləriyik, həm də müsəlman intibahını yaradan və Avropaya renessansı ərməğan edən mədəniyyətlərdən biriyik.

Azərbaycan elminin ənənələrini davam etdirən və 75-dən artıq yaşı olan Azərbaycan Milli Elmlər Akademiyası dünya elminə verdiyi töhfələri, respublika qarşısında duran problemlərin həllindəki mühüm xidmətləri ilə tariximizə yazılmışdır. Bu şərəfli tarixi vərəqləyərkən müqəddəs elm ocağımızın Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Səməd Vurğun, Yusuf Məmmədəliyev, Heydər Hüseynov, Mirəli Qaşqay, Mustafa Topçubaşov kimi fədakar ziyalıların böyük zəhməti ilə ərsəyə gəlməsini də, 90-cı illərinin əvvəllərindən onun həyatında çətin, mürəkkəb və dramatik bir mərhələnin başlamasını da, Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyasını da yaxşı xatırlayırıq. Xoşbəxtlikdən ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Elmlər Akademiyasını ləğv etmək cəhdləri iflasa uğradı və o, öz bütövlüyünü qoruyub saxlaya bildi. Tariximizin o çətin dövrlərində belə cəhdləri, bəlkə də başa düşmək olardı.

Ancaq bu gün, XXI əsrin 20-ci illərində, elmin bəşəriyyət üçün daha böyük əhəmiyyət daşıdığı mərhələdə, dünya ölkələrinin ərazi, hərbi sənaye, əhalinin sayı və digər amillərlə yox, elm və innovasiyaların inkişaf səviyyəsinə görə dəyərləndirildiyi dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının xalqın gözündən salınmasını heç cür başa düşmək olmur.

Bununla yanaşı, Qarabağın bərpasının ölkə üçün prioritet sahə olduğu bir dövrdə Akademiyanın belə mühüm məsələdən bu qədər kənarda qalması da anlaşılan deyil. Elmlə məşğul olan hər bir Azərbaycan vətəndaşı kimi məni də narahat edən budur ki, niyə bizim alimlərimiz, zəngin biliyi və səriştəsi olan elm xadimlərimiz həyat əhəmiyyətli məsələnin həllindən kənarda qalıblar? Niyə həm bir vətəndaş kimi, həm milli maraqların təəssübkeşi kimi, həm də istedadını, on illərlə topladığı təcrübəni, biliyi Qarabağın bərpasına yönəltməli insanlar həmin enerjini intriqalara, mübahisələrə, konfliktlərə yönəldiblər?

Yaxud, “iqtisadi potensialı intellekt kapitalına çevirmək” amalı uğrunda daim mübarizə aparan, ölkənin neft-qaz amilindən asılılığını minimuma endirməyi ümdə məqsəd hesab edən və iqtisadi müstəqilliyi dövlət müstəqilliyinin əsası kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alimlərimizin bu işlərdə fəal iştirakını tələb etdiyi halda son illərdə buna mane olan nədir, yaxud kimdir?

Son günlərdə sosial şəbəkələrdə və mətbuatda yazılanlardan belə çıxır ki, bu vəziyyətin yaranmasında əsas səbəbkar kimi iki il üç ay bundan əvvəl akademiyanın rəhbərliyinə gələn Ramiz Mehdiyevdir.

Bəs bu müqəddəs elm ocağında nələr baş verir, hansı “işlər” görülmüşdür?

Bir-birinin ardınca heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan Akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib.

Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb.

AMEA-nın necə deyərlər, canı olan elmi bölmələri ləğv edilib.

Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Pandemiya dövründə bu mənasız məsələnin yerlərdə icrasına bir neçə ay nahaq vaxt sərf edilmiş, bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur.

Cənab Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə Nazirliyinin funksiyasını öz üzərinə götürmüş, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirmişdir. Bu yoxlamalar pandemiyanın tüğyan etdiyi vaxtda heç kəsə lazım deyildi. Sovet diktaturası dövrünün “ideal” kadrına isə insanları qorxutmaq, “gözükölgəli” etmək, onları özünə tabe etdirməyin bir vasitəsi kimi lazım idi.

Ramiz Mehdiyev prezident olduqdan sonra AMEA-nın idarəetmə strukturunu heç bir əsas olmadan tez-tez dəyişidirmiş, Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis etmiş, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirmişdir.

AMEA-nın mərkəzi aparatında əsas vəzifələrdən biri olan İşlər İdarəsinin rəisi vəzifəsinə iki il ərzində akademiya ilə heç bir əlaqəsi olmayan müxtəlif şəxsləri təyin etmişdir.

Ölkə Prezidentinin dəstəyi ilə AMEA-da alınmış elmi nəticələrin tətbiqini təmin etmək üçün yaradılmış Yüksək Texnologiyalar Parkının rəhbərini iki il ərzində bir neçə dəfə dəyişdirərək, Ramiz Mehdiyev bu çox gərəkli müəssisəni iflic vəziyyətinə salmışdır

Ramiz Mehdiyev tərəfindən iki il ərzində həyata keçirilən “Struktur islahatlarındakı” hərdəmxəyallıq, plansızlıq, proqnozlaşdırma prinsiplərindən bixəbərlik, kadr siyasətindəki meyarsızlıq, seçim uyğunsuzluğu, ümumakademik maraqlardan uzaqlıq, hansısa anlaşılmaz, qeyri-obyektiv prinsiplərə görə dəyərli kadrların kənarda saxlanılması və bir silsilə belə arzuolunmaz hallar Akademiyanı illərcə doğma evi bilmiş neçə-neçə alimi işdən soyudur, başqa müəssisələrdə iş axatrmağa sövq edir, illərcə formalaşmış kadr potensialının sıraları durmadan seyrəlir.

AMEA-nın mərkəzi aparatına elmlə heç bir əlaqəsi olmayan, keçmiş vaxtlarda hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmiş və cəmiyyətdə “Ramiz Mehdiyevin kadrları” hesab edilən çoxsaylı şəxslər işə qəbul edilmişdir.

Son dövrlərdə xaotik, pərakəndə, qeyri-peşəkar idarəçiliyin hökm sürdüyü Akademiya ilə bağlı müxtəlif şikayətlər, tənqidlər, açıqlamalar böhranı daha da dərinləşdirir, sistem xarakteri alan bu cür hallar mötəbər elm ocağını sarsıdır, iflic edir, onu iflasa aparır.

Akademiyanın Prezidenti son iki il ərzində heç bir Elmi-tədqiqat İnstitutunun kollektivi ilə ya online, ya da əyani görüş keçirməmişdir, halbuki, əvvəlki Prezidentlər idarəetmənin vacib amili kimi bu görüşləri mütəmadi keçirərdilər. İş o həddə gəlib çatıb ki, bölmələrin illik elmi hesabatlarına institut direktorları dəvət olunmur. Yaxud, heç bir əsas və institut kollektivinin, Elmi bölmənin xəbəri olmadan İnstitutların adını dəyişmək haqqında istehza doğuran qərarlar qəbul edilir.

Bir zamanlar həqiqi elm xadimləri olan Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev kimi şəxsiyyətlər AMEA-nın Prezidentləri olublar, sadə bir ziyalı kimi həmişə elm xadimlərinin yanında, alimlərin içində, Elmi-tədqiqat institutlarının iclaslarında olub, Akademiyanın həyatı ilə yaşayıblar. İndi Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur.

Uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulmuşdur.

Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edilmiş, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılmışdır.

Bəs Akademiyanın əməkdaşlarının “boğazından kəsilib” belə şəxsi mənafelərə yönəldilən milyonların hesabatını kim verəcək? Nəinki sıravi əməkdaşların, professorların, akademiklərin, İnstitut direktorlarının, hətta 9 nəfər vitse-prezidentin, Rəyasət Heyətinin 15 nəfər üzvünün və 4 nəfər müşavirin ona “dur!” deməyə haqqı çatmır! “Xalqın pulunu hara sovurusan?”, “Niyə səni polis maşını müşayət etməlidir?”, “Köhnə kadrların” nə vaxta qədər sənə yaltaqlıq edəcək?” kimi sualları verməyə cəsarət etmirlər. Soruşmaq istəmirlər ki, nə üçün İnstitut direktorlarının heç kəsi işə götürməyə ixtiyarı yoxdur, ciddi elmi tədqiqatla məşğul olmaq istəyən alimlər niyə gözümçıxdıya salınır, nə ixtiyarla öz sərəncamı ilə özünə “Nizami Gəncəvi qızıl medalı” verib və s.

Bütün bu deyilənlər az imiş kimi, bu günlərdə AMEA-nın rəsmi saytında mərkəzi aparat əməkdaşlarının, o cümlədən Ramiz Mehdiyevi aylıq əmək haqqının xeyli artırılması haqqında qəbul olunmuş qərar akademiyanın onsuz da az maaş alan əməkdaşlarını hiddətləndirmişdir.

Onu da qeyd etmək istəyirəm ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2017-ci il 24 oktyabr tarixindən mən AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri vəzifəsinə təyin edilmişəm. Bu Şurada elmi məqalələr, monoqrafiyalar, kitablar, jurnallar müzakirə olunmalı, Akademiyanın siması kimi onların yüksək səviyyədə çapı təmin edilməlidir. Ramiz Mehdiyev bu vəzifəyə təyin olunduqdan sonra dəfələrlə ona bu məsələnin vacibliyi barədə yazılı müraciət etsəm də, hələ də heç bir cavab ala bilməmişəm. Elmə, alimə, ziyalıya münasibət, öz şəxsi mənafelərinin bu dərəcədə qabardılması, “padşah”modelinin düzəldilməsi həm cəmiyyətdə ikrah doğurur, həm də heç bir alim AMEA-nın Rəyasət heyətinin binasına getmək istəmir.

Son günlər AMEA-da baş verən hadisələrlə bağlı cəmiyyətdə geniş müzakirələr gedir. Bəziləri bu qurumun ləğv olunmasını tələb edir, digərləri burada əsaslı islahatların aparılmasını təklif edir, bir qrup şəxs akademiyanı universitetlərlə inteqrasiyasına üstünlük verir. Düşünürəm ki, 75 ildən artıq Azərbaycanın müqəddəs elm məbədi hesab olunan AMEA-nı bir nəfərə görə ləğv etmək olmaz. Bu məbədə müasir elmi tendensiyalardan xəbərdar olan, səriştəli, nüfuzlu bir alimi seçməklə bütün problemləri yoluna qoymaq mümkündür.

Maraqlı orasıdır ki, bu təkliflərin müəlliflərinin əksəriyyəti mövcud problemlərin həllində Ramiz Mehdiyevin bu vəzifədən getməsini yeganə çıxış yolu kimi görür.

Biz də belə düşünürük...."

Misir Mərdanov

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru
Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişirSənan İsfəndiyar oğlu Əliyev
Azərbaycan Dövlət Pedaqoji Universitetinin,
Tədris departamentinin direktoru,
iqtisad üzrə fəlsəfə doktoru, dosent


Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biri olmaqla yanaşı heç təsadüfi deyil ki, həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir olaraq onun icrasına - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi böyük aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Bu gün Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi, Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişir.
Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli şəkildə çalışaraq 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsini uğurla tamamlamışlar. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev çıxışında layihənin tamamlanması ilə bağlı bildirmişdir ki: “Milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub qaz dəhlizi”ni icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır”.

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıraraq 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,5 milyard kubmetri Türkiyəyə, təqribən 7 milyard kubmetri İtaliyaya, qalan həcmi isə komandanın digər üzv ölkələri olan Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.
Xatırladaq ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb və bunun nəticəsində “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.

Hazırda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə təbii qaz çatdırılır. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP qaz kəməri 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırılması mühüm hadisə kimi dəyərləndirilir.
İclasda diqqətçəkən məqamlardan biri də bərpaolunan enerji mənbələrinin reallaşdırılması ilə bağlı idi. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik.

Bildiyimiz kimi 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Bu, tamamilə dağıdılmış ərazidir. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Bu məsələ artıq Cənub Qaz Dəhlizi Məşvərət Şurası tərəfindən də maraqla izlənilir və dəstəklənir. Burada diqqətçəkən məqam odur ki, respublikamızda bərpaolunan enerji mənbələrinin reallaşdırılması üçün indiki mərhələdə kifayət qədər potensial, bilik və təcrübə mövcuddur, bu istiqamətdə tətbiq edilə bilən texnologiyalar var. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu məsələyə toxunaraq, təkcə Xəzər dənizində bərpaolunan enerji mənbələri potensialının mövcudluğunu xatırlatdı. Bu, xarici tərəfdaşlarımız tərəfindən də ölkəmiz üçün mühüm imkan kimi dəyərləndirilir.

Avropa qorxuya düşdü: Ruslar bu raketi atsa...Avropanın başı üzərindən Rusiyanın qisas təhlükəsi asılıb.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri MiQ-31K təyyarələrinin “Kinjal” (“Xəncər”)ə oxşayan raketlərlə birlikdə Kalininqrad vilayətinə yerləşdirilməsilə bağlı yazıb.

“Əgər bu raketlər Baltikyanıdan buraxılsa, onlar 5-7 dəqiqə ərzində əksər Qərbi Avropa dövlətlərinin paytaxtlarına çata bilər. Nüvə başlığı ilə təchiz olunmuş “Kinjal” Xirosimaya atılan atom bombasından 10 dəfə güclü olacaq”, - məqalədə qeyd olunub.

Qeyd edək ki, X-47 “Kinjal” raketi 2 min kilometr məsafədəki bütün hədəfləri məhv etmək gücündədir.
Çin ABŞ-dan tələb etdi: Tayvanla əlaqələri kəs!Pekin Vaşinqtondan Taypeyə silah satmaq planını ləğv etməyi, Tayvan ordusu ilə bütün əlaqələri kəsməyi tələb edir.

Axar.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib.

"Dünyada yalnız bir Çin var və Tayvan Çinin ayrılmaz hissəsidir. Çin ABŞ-dan Tayvana silah satışı ilə bağlı planı dərhal ləğv etməyi tələb edir", - Qian bildirib.

Qeyd edək ki, ABŞ Tayvana “Patriot” hava hücumundan müdafiə sistemləri satmaq üçün 100 milyon dollarlıq müqaviləni təsdiqləyib.
Fransa Ukraynaya 200 milyon avro verirFransa İqtisadiyyat və Maliyyə Nazirliyi Ukrayna hökumətinə 200 milyon avro kredit, o cümlədən bir milyard avro maliyyə zəmanəti verəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, vəsait Fransa tərəfi ilə razılaşdırılmış konkret layihələrə yönəldiləcək.
Azər Həsrətin 40 gündə iki qardaşı vəfat etdiTanınmış jurnalist Azər Həsrətin qardaşı vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə yazar Əkbər Qoşalı sosial şəbəkədə məlumat paylaşıb.

"Hörmətli Azər Həsrət bəyin böyük qardaşı Abbasqulu Həsrət dünən vəfat edib. Azər bəyin digər qardaşının "40"ı hələ çıxmamışdı... Tanrı hər ikisinə rəhmət eləsin", - deyə yazar qeyd edib.
Gəncədə azyaşlı qəflətən öldüGəncə şəhərində 10 yaşlı uşaq vəfat edib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.

2012-ci il təvəllüdlü Ə.Əliyevin qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb.

Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.