Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edibHindistanın 73-cü Respublika Günü münasibətilə və “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında Hindistanın Bakıdakı Səfirliyi Hind Hospitalı, Azərbaycan Hind Assosiasiyası, Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam təşkilatı ilə birlikdə Hind Hospitalında 28 yanvar saat 13:00-dan 18:00-dək “QANVERMƏ AKSİYASI” təşkil edib.

Avrasiya.net xəbər verir ki, qanvermə aksiyasını açıq elan edən Hindistan Səfiri cənab Bavitlunq Vanlalvavna dövlət qan bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun sədri cənab Naqif Həmzəyev də iştirak edib.

Qanvermə aksiyasına cənab Səfir, onun həyat yoldaşı, Səfirliyin digər əməkdaşları, Hindistan icmasının üzvləri və Hindistanın dostları da daxil olmaqla könüllülər qatılıblar.

Bu nəcib təşəbbüs yerli ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.



Azərbaycanın QHT Agentliyi və Türkiyə DİN arasında memorandum imzalanıbYanvarın 28-də Ankarada Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi (DİN) arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Avrasiya.net xəbər verir ki, Anlaşma Memorandumunu Agentlik tərəfindən icraçı direktor Aygün Əliyeva və Türkiyə DİN tərəfindən isə Vətəndaş Cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıb.

Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına dəstək verərək Azərbaycanla Türkiyə arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.
Eyvazov rəisi nöqsanlara görə işdən çıxardıSumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə aparılan xidməti yoxlama nəticəsində bir neçə polis zabitinə də töhmət verilib.
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!Yanvarın 24-dən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzlaşdırılacaq.

Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.

Axar.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən ilkin mərhələdə vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama bilet ala bilərlər. Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

İşğaldan azad olunmuş ərazilərdə müntəzəm avtobus marşrutları üzrə daşımalara cəlb edilən nəqliyyat vasitələri GPS naviqasiya sistemi ilə təchiz edilib. Məqsəd avtobusların marşrut üzrə hərəkətinə və digər texniki-təhlükəsizlik parametrlərinə real vaxt rejimində nəzarətin təmin edilməsidir. Sistemin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada nəzarət həyata keçirilir.

Sərnişinlər avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin Regional İnkişaf İctimai Birliyinin könüllüləri və ASAN könüllər tərəfindən müşayiət edilir.

İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək.

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib. Bakı-Şuşa-Bakı istiqamətində 47 (1 reys), Əhmədbəyli-Şuşa-Əhmədbəyli 69 (3 reys), Bakı-Ağdam-Bakı 67 (2 reys), Bərdə-Ağdam-Bərdə istiqamətində isə 76 (2 reys) sərnişin daşınıb.

Bilet satışı davam edir.

Rusiya Ukraynanı işğal etməyəcək - NATONATO nümayəndələri etiraf edirlər ki, Rusiya Ukraynanı işğal etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Euractiv” portalı NATO-dakı mənbələrinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, bunun üçün Rusiyaya Ukrayna sərhədləri yaxınlığında yerləşdirildiyi texnikadan daha çox hərbi imkanlar lazımdır.
BƏƏ-nin Yəmən böhranına reaksiyası2015-2021-ci illər ərzində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəmən böhranına 22.97 milyard AED (6.25 milyard ABŞ dolları) həcmində kömək edib.

Avrasiya.net BƏƏ-nin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, BƏƏ Yəmənə göyərtəsində 122.1 ton tibbi ləvazimat, o cümlədən 65 süni nəfəs aparatı və ön cəbhədəki 122,000 tibb işçisi üçün 100,000 PCR testi daşıyan 6 təyyarə göndərib. Bundan əlavə, BƏƏ 60,000 dozada COVID-19 peyvəndi təmin edib.

2021-ci ildə BƏƏ BMT vasitəsilə Yəmənin bəzi bölgələrində müşahidə olunan ərzaq təhlükəsizliyi risklərinə cavab olaraq, 1 milyon uşaq daxil olmaqla, 6 milyon yəmənlinin ərzaq ehtiyacını ödəyəcək, Yəmənin tibb, qida və ərzaq təhlükəsizliyi ehtiyaclarını qarşılayan beynəlxalq proqramlara dəstək üçün 230 milyon ABŞ dolları təmin edib.
“Nə? Harada? Nə zaman? “ İntellektual Oyunu üzrə gənclər arasında rayon çempionatı keçirilibYanvarın 28-də Gənclər Mərkəzində 2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman? “ İntellektual Oyunu üzrə gənclər arasında rayon çempionatı keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan intellektual yarışda 6 komanda iştirak edib. Tədbirin açılışında çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev yarışın məqsədləri haqqında iştirakçılara məlumat verərək iştirakçı komandalara uğurlar arzulayıblar. Çempionatın keçirilməsi gənclərin intellektual səviyyəsinin və dünyagörüşünün artırılması, intellektual oyunların gənclər arasında təbliği, eləcə də istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyıb.

Maraqlı keçən oyunun nəticəsinə əsasən Avengers komandası (şəhər 2 saylı tam orta məktəb) I yeri tutaraq rayon kubokunun sahibi olub. Marşal (şəhər 1 saylı tam orta məktəb) və Legend (şəhər 3 saylı tam orta məktəb) komandaları isə müvafiq olaraq II və III yerləri bölüşüblər. Qalib komandalara təşkilatçılar tərəfindən kubok və fəxri fərmanlar təqdim edilib.




Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşününrəm ki, əhalimizin milli valyutaya inamı artıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, cari ildə də manatın məzənnəsi sabit olacaq və dayanıqlılığı qorunub saxlanılacaq.
Prokurorluq direktorla bağlı araşdırma başlatdıAğstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır”, - qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.
Putin ABŞ-a cavab üçün vaxt və forma axtarırPrezident Vladimir Putin ABŞ-ın cavabına öz mövqeyini bildirmək üçün vaxt və forma tapacaq.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Mən bunun baş verəcəyinə şübhə etmirəm: Prezident bu məsələyə öz mövqeyini bildirmək üçün vaxt və forma tapacaq. Hələlik isə qərar verilməyib. Qərar qəbul edilən kimi hər kəsi məlumatlandıracağıq”, - Peskov bildirib.

Qeyd edək ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı tələblərinə yazılı cavab versə də, detallar və Rusiyanın qərarı hələ açıqlanmayıb.