Rusiyalı güləşçi Azərbaycan üzərindən Suriyaya gedibRusiyanın İstintaq Komitəsi yunan roma güləşi üzrə ölkə çempionatının gümüş medalçısı, Qaraçay Çərkəz vilayətindən olan Amin Laypanova qarşı iki cinayət işi qaldırıb. Onu terrorçu təşkilatın fəaliyyətində iştirak etməkdə, habelə qanunsuz silahlı birləşməni maliyyələşdirməkdə ittiham edirlər. Bu cinayət işləri Lapanovun Suriyadakı terrorçu qruplaşmalarda iştirakı ilə bağlı qaldırılıb.

Laypanov 2012-ci ildə aldığı zədə nəticəsində güləşçi karyerasına son qoyub və məşqçi işləməyə başlayıb. 2015-ci ildə onun barəsində narkotik maddələrin qanunsuz daşınması maddəsi ilə cinayət işi qaldırılıb, 2016-cı ildə o istintaqdan gizlənib, barəsində 4 il qiyabi həbs cəzası verilib.

Federal Təhlükəsizlik Xidmətinə məlumat daxil olub ki, güləşçi Azərbaycana keçib, daha sonra Suriyaya yollanıb və hələ də oradadır. Laypanovun “Cəbhət ən-Nusra” qruplaşmasının tərkibində olduğu bildirilir.

Virtualaz.orq
Tovuz Peşə Liseyi Şəhid məzunlarının ailələrini ziyarət edibVətən Müharibəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin bir çağırışı kifayət etdi ki, ana torpağın həsrəti ilə alışıb yanan igid oğullarımız könüllü olaraq cəbhəyə yollansınlar. 30 illik yanğımız, yurd həsrətimiz məhz belə qorxmaz qəhrəmanların sayəsində sona çatdı. Dövlətimizin ali rəhbərliyinin apardığı siyasətin uğurunu bütün dünya Azərbaycanın mərdliklə düşmənin üzərinə yeriyib haqqını alan oğulların sayəsində bir daha gördü, əmin oldu ki, Azərbaycanda iqtidar-xalq birliyi ən yüksək səviyyədə təmin edilib.

Bu fikirlər torpaqlarımızın azadlığı uğrunda döyüşən, qazi olan, Şəhidlik zirvəsinə ucalan dağ vüqarlı qəhərəmanlarımızın sayəsində daha da güclənmiş oldu.

Tovuz Peşə Liseyinin məzunları da müqəddəs torpaqlarımızın azadlığı uğurunda Vətən Müharibəsi zamanı mübarizəyə qoşulublar. Onlardan 5 nəfəri - Ələkbərov Muraz Məzahir oğlu, Əhmədov Elmar Elşən oğlu, Şirinov Elmar Cəbrayıl oğlu, Əsgərov Kamran Bayram oğlu və Məmmədov Elşad Dönməz oğlu zirvələrin ən yüksəyi olan ölməzlik mərtəbəsinə, Şəhidlik adlı ucalıqda qərarlaşıblar.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Tovuz Peşə Liseyinin rəhbərliyinin göstərişilə Şəhid məzunların ailələri ziyarət edilib, onlara Liseyin Həmkarlar Təşkilatının maddi yardımları təqdim edilib, Şəhidlərimizin ruhuna dualar oxunub.





Şəhid ailələri bu cür ziyarətləri, övladlarının unudulmamasını fərəhlə qarşıladıqlarını deyib, daimi dövlət və xüsusilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət-qayğısı ilə əhatələndiklərini bildiriblər və bunu yüksək qiymətləndirdiklərini dilə gətiriblər.
Xaçmazda 26 yaşlı gənc intihar etdiXaçmazda yerli sakin intihar edib.

Hadisə Aşağıoba kəndində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Fuad Qeybulla oğlu Ağasıyev heyvanlar üçün istifadə edilən yardımçı tikilidə özünü asıb.

İntiharın səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Nizami Gəncəvinin Xəmsəsinin bir səhifəsi Bakıya necə gətirilib?Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri biri olan Fəridə Pənahova Nizami Gəncəvinin Xəmsəsinin 16-cı əsrə məxsus bir səhifəsinin Bakıya gətirilməsi ilə bağlı fikirlərini bölüşüb.

“Bu ilin may ayında Londonun məşhur Sothebys auksionunda Nizami Gəncəvinin Xəmsəsinin 16-cı əsrə məxsus bir səhifəsi hərraca çıxarıldı. Turan Qafarlı bu haqda facebookda paylaşım etdi. Belə bir əsəri mütləq Azərbaycana gətirmək lazım idi.

Bakıda idim deyə, auksionda iştirak etsəm də bankdan o məbləği keçirə bilməyəcəkdim. Dostlarla əlaqə saxladım. Onların arasında Əslən Güney Azərbaycandan olan, Londonda yaşayan iş adamı, Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri biri olan Savaş Mərəndli heç düşünmədən kömək edəcəyini söylədi. Auksionda iştirak edib əsəri aldı. Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi müraciət etdik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov auksion xərclərini qarşılayaraq əsərin çətin də olsa Azərbaycana göndərilməsini təmin etdi.

Bu bizim “Nizami ili”nə töhfəmiz oldu. Bu işdə bizə dəstək olan komitə sədri Fuad Muradov başda olmaqla, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səhlət Abbasova və Xəyalə Hüseynliyə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyeva ürəkdən təşəkkür edirik”.
[media=https://www.sothebys.com/en/buy/auction/2021/arts-of-the-islamic-world-india-including-fine-rugs-and-carpets/an-illustrated-and-illuminated-leaf-from-a-2?fbclid=IwAR2gj1gKIiIZ08PHa4w-DVmvNVnlWAqOBnYUHE3g--F7u8M8LCr-rAzV3jI]
Elnur Eltürk
İran Süleymaniyə görə BMT-yə məktub göndərdiİranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançı BMT Təhlükəsizlik Şurasını general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ və İsraili məsuliyyətə cəlb etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə iranlı diplomatın TŞ-nin sədrinə ünvanladığı məktubda qeyd olunub.

Məktubda qeyd olunub ki, Süleymani beynəlxalq terrorrizmlə mübarizədə mühümü tol oynayırdı, ona görə də onun ölümü İŞİD və digər terror qruplaşmaları üçün böyük hədiyyə oldu:

“Beynəlxalq sülh və təhlükəsizliyə qarşı bu terror aktının ağır nəticələrini nəzərə alaraq, Təhlükəsizlik Şurası qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməli və ABŞ və İsrail rejimini bu terror aktını planlaşdırdığı, dəstəklədiyi və həyata keçirdiyi üçün məsuliyyətə cəlb etməlidir”.

Qeyd edək ki, Q.Süleymani 2020-ci ilin 3 yanvar tarixində İraqda Bağdad aeroportu yaxınlığında ABŞ-ın aviazərbəsi ilə öldürülüb.
Töreğali Törealı və məşhur idmançı Timur Spatayev Azərbaycana gəlir- VİDEODünyaca məşhur, Qazaxıstanlı sənətçi Töreğali Törealı və məşhur Qazaxıstanlı idmançı, dünya çempionu Timur Spatayev 03 yanvar.2022-ci ildə Hanlı Pazara gələcək.

Tanınmış iş adamı Yılmaz Okuklunun dəvəti və təşkilatçılığı ilə görüş və konsert Hanlı Restoranda keçiriləcək.

İş adamı Yılmaz Okuklunun bildirdiyinə görə, Hanlı Pazarda ticarətlə birlikdə incəsənət və mədəniyyət mərkəzi açılacaq.

"Türk dünyası öz mədəniyyətinə, sənətinə qayıtmayınca hədəfini tapa bilməyən ox kimi dolanacaq. Biz Hanlı Pazar komandası olaraq qarşımıza məqsəd qoymuşuq, hədəfimiz var. Qızıl alma... Qızıl almaya yaxınlaşdıqca, mədəniyyət, incəsənət, ticarət və idman sahələrində dünya xalqlarına əlavə dəyər verən, özümüzü təmin edən və ixrac edən bir cəmiyyətə çevriləcəyik!"-deyə Yılmaz Okuklu bildirib.
Zaqatalada qəsdən yanğınlar törədən şəxs saxlanılıbZaqatalada yardımçı təsərrüfatları yandıran şəxs saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri - İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib. Nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılıb və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ərzaq bahalaşması artan əmək haqlarını ÜSTƏLƏYİRHələ ötən ildən başlayan bahalaşma yeni ilin ilk günlərində də sürətlə davam edir. Artırılan əmək haqqı yüksək qiymətlərə sözün əsl mənasında “yem”dir.

İqtisadçı ekspert Natiq Cəfərli məsələ haqqında Modern.az-a danışarkən nominal gəlirlərin cəmi 2% artdığını deyib:

"Azərbaycanda son 5 ildə ilk dəfədir ki, ərzaq inflyasiyası 2 rəqəmli həddə çatıb. Bu, ölkədə kifayət qədər ciddi problemlər yaradır. Vətəndaşların real gəlirləri azalıb. 2021-ci ilin rəsmi nəticələrinə görə nominal gəlirlər 2% artmışdı. Ərzaq inflyasiyasının 15%-ə yaxınlaşması onu göstərir ki, Azərbaycanda real gəlirlər azalıb, əhalinin dolanışığı çətinləşib. İndi sosial paketlər qəbul olunub sosial müavinətlərin artırılması gözlənilir. Amma inflyasiya ilə mübarizə aparılmasa, qiymət artımının qarşısını alan tədbirlər görülməsə, artımlar real gəlirlərə təsir etməyəcək”.

“Hökümətin də əlində olan ən effektiv inflyasiya aləti istehsalçılar və vətəndaşlar üçün kommunal xidmətlərin qiymətinin aşağı salınması ola bilər. Təəssüf ki, yaxın gələcəkdə bununla bağlı qərarların alınması çətin görünür. İkinci alət vergi dərəcələrini və gömrük rüsumlarını aşağı salmaqla ölkədə istehsal olunmayan ərzaq məhsullarının ucuzlaşmasına şərait yaradılmalıdır. Ən azından qiymətlərin qalxmaması üçün bir şey etmək olar" , - deyə ekspert bildirib.



İran xaricdən peyvənd idxalını dayandırdıİran koronavirusa qarşı xaricdən vaksin idxalını dayandırıb.

Avrasiya.net xəbər verir ki, bunu İranın Ərzaq və Dərman Vasitələri İdarəsinin sədri Bəhram Darayi deyib.

O bildirib ki, artıq yerli peyvənddən istifadə edəcəklər:

“Hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli peyvəndlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal olunacağını düşünürük”.
Hərbçilərimizi qətlə yetirən şəxs saxlanıldıDövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-də, saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.