Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldıŞamaxı rayonunda qəbiristanlıqda oğurluq olub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri və “Cip” markalı bir avtomoblin yük qoşqusunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənov müəyyən edilərək saxlanılıb.
Tbilisidə yüzlərlə insan aclıq aksiyasına başladıMüxalif "Vahid Milli Hərəkat"ın üzvləri və tərəfdarları partiyanın mərkəzi ofisinin qarşısında qurulan çadırlarda aclıq aksiyasına başlayıblar.

Avrasiya.net xəbər verir ki, onlar bu etiraz forması ilə Mixail Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər.

Sözügedən partiyanın sədri Nika Melianın sözlərinə görə, kütləvi aclıq aksiyasında 300-dən çox insan iştirak edir.

Məlumat üçün bildirək ki, “Milli Hərəkat” kütləvi aclıq aksiyası elan edib. Bu qərarı partiyanın sədri N.Melia Tbilisidə Parlament binasının qarşısında keçirilən mitinqdə dilə gətirib.
“ABŞ Donbasda təxribata hazırlaşır” - Rusiya açıqladıRusiya Müdafiə naziri Sergey Şoyqu Donbasda olan Amerika xüsusi hərbi şirkətlərinin Ukraynanın şərqində kimyəvi maddələrdən istifadə etməklə təxribata hazırlaşdığını iddia edib.

Teleqraf.com xəbər verir ki, bu iddia Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi rus hərbi elitasının genişləndirilən toplantısında səsləndirilib.

Nazir iddia edib ki, təsbit edilməyən kimyəvi maddələrin olduğu çənlər Avdeyevka və Krasnı liman şəhərlərinə gətirilib.

Rusiya Müdafiə Nazirliyinin iddialarına görə, Donetsk vilayətində Ukrayna xüsusi təyinatlılarına təlim keçirən Amerika özəl hərbi şirkətlərinin 120-yə yaxın əməkdaşı var. ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi varlığını artırdığını qeyd edən Şoyqu Şərqi Avropa ölkələrində 8 minə yaxın əsgər də daxil olmaqla Amerika qoşunlarının yerləşdirildiyini vurğulayıb: “Dünyada hərbi-siyasi gərginlik artmaqda davam edir. Rusiyanın qərb və şərq sərhədlərində gərginlik artmaqdadır. ABŞ Rusiya sərhədləri yaxınlığında özünün qabaqcıl hərbi mövcudluğunu artırır. Ümumi sayı 8 minə yaxın əsgər olan Amerika qoşunları Şərqi Avropa ölkələrində növbə ilə yerləşdirilir”.

Qeyd edək ki, bundan əvvəl ruslar Suriyada oxşar iddialar ortaya atmışdı.
250 ilin acısına son qoyan Sərkərdə…Nadir şah Əfşardan sonra Azərbaycan qələbə sevincinə həsrət qalmışdı. Zaman-zaman dörd bir yandan işğal olunduqca, ərazisi kiçilərək, balaca bir ölkəyə çevrilmişdi. Sonuncu dəfə işğala məruz qalan torpağı isə Qarabağ idi…

Qarabağ Azərbaycana məxsus olduğuna baxmayaraq, ermənilər orada öz bildikləri kimi hərəkət edir, torpaqlarımızda at oynadırdılar.

Ermənistanı dünyaya təcavüzkar ölkə kimi tanıtdırmağa çalışsaq da, uzun müddət idi ki, içimizdə məğubiyyətin ağrı-acısını yaşayırdıq. Bütün türk xalqları bizi- bir ovuc erməniyə məğlub olmusunuz- deyə, qınayırdı...

…İti zəkası, dərin ağlı, parlaq təfəkkürü Onu həmişə möhtəşəm göstərir. Duyğusal və ruhən şən olması ilə bərabər, emosional insandır. Gözəl yaddaşı var, diqqətindən heç nə yayınmır. Gözlənilməz hadisələr Onu təəccübləndirmir, təsadüfün zəruriyyətdən yarandığını yaxşı bilir. Zahirən ciddi və sərt görünsə də, əslində mərhəmətlidir, necə deyərlər, ipək kimi qəlbi var. Hadisələrin mahiyyətini məntiqlə şərh edir və qəbul etdiyi qərarları vaxtından əvvəl açıqlamır. Ürək qızdırdığı insanlara qarşı zarafatcıl, səmimidir. Dost seçimində tələsmir, real keyfiyyətlərə əsaslanır...

Bəli, məhz Onun rəhbərliyi altında Qarabağ işğaldan azad olundu, müstəqil Azərbaycan Respublikasının ərazisi böyüdü, azərbaycanlılar iki əsr yarımdan sonra ilk dəfə zəfər sevincini daddılar…

…Səbrli insandır. Nizam-intizama ciddi fikir verir. Qərar verməkdə tələsmir. Qərar verdisə təzyiqlərə məhəl qoymadan həyata keçirir. Tərifə və ya biganəliyə fikir vermədən məqsədinə doğru irəliləyir. Gücünə, intelektinə yaxşı bələddir. Şəxsiyyətini sevdirməyi, ürəkləri fəth etməyi bacarır. Lider olmaq Onun alın yazısıdır. Strategiyası, xalqını xoşbəxt, ölkəsini firəvan görməkdir...

Ulu Öndər Heydər Əliyev Onun haqqında deyirdi: - "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"...

Bəli, O, Ulu Öndərin bütün ümidlərini doğrulda bildi. Azərbaycanın tarixində böyük siyasətçi, lider, müzəffər sərkərdə kimi yer aldı...

Zaman keçəcək, əsrlər ötəcək, nəsillər bir-birini əvəzləyəcək, Onu işğal olunan torpaqları azad edən Xalqının Xilaskarı, düşmən üzərində zəfər çalan Sərkərdələrdən biri kimi həmişə sevəcəklər.

Bu elə bir zəfərdir ki, Azərbaycan xalqı 250 ildən çox həsrətini çəkib. Döyüşüb, amma heç zaman nail ola bilməyib…

...Dekabrın 24-ündə millətə qürurunu qaytaran Ali Baş Komandan İlham Əliyevin 60 yaşı tamam olur. Bu qürurun mahiyyətini anlayan milyon-milyon Azərbaycanlıdan biri kimi, Onu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və firəvan həyat arzulayıram.

Yubileyiniz mübarək, Cənab Prezident!

Elman Eldaroğlu
Zəfərə doğru...Şəhid Şəhriyarın övladı: “Mənim atam qəhrəmandır!”

1992-ci il, 26 fevral... Azərbaycan torpaqlarından bir parçanı-Xocalını Ermənistan silahlı qüvvələri və rusların 366-cı alayının işğal etdiyi tarix. Qaniçən ermənilər Xocalı şəhərinə od vuraraq yandırmış, xocalılardan vəhşicəsinə öldürdüklərini öldürmüş, öldürmədiklərini əsir götürmüş, fürsət tapa bilənlər isə ayaq yalın, başı açıq qaşmışlar. Xocalının od tutaraq yandığı Ağdamın Xaçındərbənd kəndinin yüksəkliklərindən də aydınca görünürdü. Kəndin camaatı uşaqdan tutmuş böyüyə kimi bu dəhşətli mənzərəni seyr edir, ancaq əllərindən heç nə gəlmirdi ki, xocalılara kömək etsinlər.

1990-cı il mayın 25-də dünyaya gələn, hələ 2 yaşı tamam olmayan Şəhriyar baş verənləri dərk etməsə də, atası Nəsib, anası Xalidənin təlaşını görürdü. Dəfələrlə olurdu ki, Ermənistan silahlı qüvvələri Xaçındərbəndi atəşə tutanda valideynləri qardaşını və onu qorumaq üçün məcburən Ağdamın Xındırıstan kəndinə, baba evinə gedirdilər. Sakitlik olan kimi yenidən doğma yurda qayıdırdılar. Ancaq 1993-cü ilin iyulunda bütün yurddaşları kimi Quliyevlər ailəsi də öz torpaqlarından məcburən didərgin düşdülər. Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdilər. Bir müddət Sabirabadda, Yevlaxda yaşadılar. Əgər buna yaşamaq deyilərsə. Hər addımbaşı məcburi köçkün töhmətini daşıyaraq. ..
...Bir müddətdən sonra Sumqayıta gəldilər. Düzdür, yurd yerlərindəki bolluq, firəvanlıq olmasa da, güzəranlarını yavaş-yavaş qurmağa başladılar. Artıq oğlanları məktəbdə oxuyurdu. Bircə el-oba həsrəti və bir də “məcburi köçkünlər”, “qaçqınlar” tənəsi onlara rahatlıq vermirdi. Bu tənəli sözlərin yükü o qədər ağırdır ki, ancaq yaşayanlar bilər...

“Məcburi köçkün balaları uşaqlıq keçirmədilər”

Xalidə xanım:”Məcburi köçkün balaları uşaqlıq keçirmədilər. Onlar mənim oğlum Şəhriyar kimi ermənilərdən alacaqları qisasın yetişəcəyi günü gözləyə-gözləyə böyüdülər”.

... Sumqayıt şəhər 15 saylı orta məktəbi bitirən Şəhriyar 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Qulluq etdiyi hərbi hissədə müxtəlif ixtisas qrupları vardı. Şəhriyar kəşfiyyatçı kimi yetişsə də , bundan valideynləri xəbərsiz idi. Onları narahat etmək, əndişələndirmək istəməyib. Şəhriyar Gürcüsatan və Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edib. Komandirlərinin verdiyi tapşırıqları layiqincə yerinə yetirən Şəhriyar axşam evə qayıdanda bir qədər istirahət edib, yenidən idamanla məşğul olmaq üçün idman zallarına üz tutub. Bütün varlığıyla hazırlaşıb və bilib ki, belə davam edə bilməz. Gec-tez torpaqlarımızin düşmən tapdağından azad ediləcəyi gün gələcək. Bunun üçün əmək sərf etmək, hərbi tapşırıqları mükəmməl olaraq öyrənmək lazımdır ki, düşmənin cavabı layiqincə verilsin...

...Şəhriyar 2015-ci il iyunun 8-də sevdiyi Pərvinlə ailə həyatı qurur. Və xanımına sözü bu olur: “Hərbçi xanımlarının yaşadıqları həyat çətin olur. Bilirəm ki, sən bu çətinliyi aşa biləcəksən”.

Pərvin: “İşində nə baş verirdi versin, evdə gəlib danışmazdı. Yəni onda əsl kəşfiyyatçı xarekteri vardı. Mən də heç nə soruşmazdım. Bir də görürdün gecəylə zəng gəldi, hazırlaşıb gedirdi. Bilirdim ki, işi var. 2016-cı il aprelin 3-də yenə də zəng gəldi və getdi. Səhəri bildik ki, döyüşə yollanıb. O zaman hamiləydim. Uşağın doğumuna sayılı günlər qalmışdı. Bunu bildiyi üçün çox narahat idi. Həkimə zəng vurub vəziyyətimi soruşub, narahatçılığa əsas olmadığını biləndən sonra rahatlaşıb. Aprelin 6-da oğlum dünyaya gəldi. Sevinirdim, həm də ağlayırdım. Çünki Şəhriyarla sevincimi bölüşə bilmirdim. Mən evdə tək böyümüşəm. Anam məni atasız böyüdüb. Bacım, qardaşım olmayıb. Şəhriyar mənim hər şeyim idi-atam, qardaşım, sirdaşım, dostum. Həmin gün yenə də onlarsız qalmışdım. Nəhayət, aprelin 10-da gəldi. Hərbi geyimdəydi. Körpəni bağrına basıb ətrini nəfəsinə çəkdi və dedi: “Biz vuruşuruq ki, sənin kimi balalar rahat, firəvan həyat yaşayasınız”. İkinci oğlumuz isə 2017-ci il iyunun 4-də dünyaya gəlib. Ailəsinin rahatlığı üçün əlindən gələn hər şeyi edərdi. Özümü dünyanın ən bəxtəvər qadını bilirdim. Allah bir tərəfdən əsirgəsə də, bir tərəfdən nələri arzulamışdımsa, vermişdi”.

...Şəhriyar Quliyev aprel döyüşlərində mərdliklə vuruşub. Milli Qəhrəman Samid İmanovun cənazəsini neytral zonadan çıxaranlardan biri də Şəhriyar olub. Şəhriyar aprel döyüşlərinin dayandırılmasını heç cür qəbul edə bilmir. Elə hey deyir: “Düşmənin cavabını verməyimiz yarımçıq qaldı. Ancaq bilirəm o gün gələcək”. Və həmin gün gəldi. 2020-ci il sentayabrın 27-si. Ermənistan silahlı qüvvələrini və separatçı sürüsünü 30 ilə yaxın işğal altında saxladıqları Qarabağımızdan təmizləmək günü...

Həyatının gülü...

Pərvin: “Sentyabrın 27-si nişanlandığımız tarixdir. Ancaq Şəhriyar nədənsə həmin gün deyil, iki gün əvvəl, yəni sentyabrın 25-də təbrik elədi məni. Bir dəstə gül aldı və uşaqlarla birgə restorana getdik. Oğlanlarım Camal və Ramal sual etdilər: “Ata bu gülü kimə almısan?” Gülərək dedi: “Bu gülləri həyatımın gülünə almışam”. Həmin gün dedik, güldük. Şad-xürrəm evimizə döndük. Nə biləydim ki, növbəti günün axşamı onu bir daha görməyəcəm. Sentayabrın 26-da təlimə çağrıldığını deyib, evdən çıxdı. Çıxmamışdan öncə çay istədi və dedi: “Sonuncu dəfə çay ver içib gedim”. “Necə yəni sonuncu dəfə?” soruşanda söhbəti dəyişdi: “Yəni bun gün üçün sonuncu dəfə”. Evdən çıxarkən uşaqları bağrına basıb dönə-dönə qoxuladı, öpdü və tapşırdı: “Ananızın sözünə baxın”. Heç vaxt belə etməzdilər, uşaqlar atalarının arxasınca bir ağlayırdılar ki... Sanki sonuncu görüşləriydi... Dözə bilmədi, geri qayıdıb, uşaqları sakitləşdirdi və getdi”.

... Azərbaycan Ordusunun giziri Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı birləşmələrinin işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə əfsanəvi taborun qəhramanlarından biri olaraq savaşıb. Xüsusi Təyinatlı Qüvvələrin Xüsusi Əməliyyatlar Taborunun döyüş qrupunun hücumçu-kəşviyyatçı giziri Şəhriyar 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub...

Xalidə xanım: “Hər gün demək olar ki, zəng vurub hal-əhval tuturdu. Bilirdi ki, ailəsi də, biz də səksəkə içindəyik. Zəng vuranda da elə bil toyda-bayramdaydı. Bir dəfə soruşanda dedi: “Bizim üçün toy-bayramdır. Torpaqlarımızı yağı düşməndən təmizləyirik. Həsrətində olduğumuz yerlərə ayaq basmışıq, suyundan içmişik. Daha nə istəyirik. Siz dualarınızı əsirgəməyin, yetər”. Cəbrayılda Azərbaycan bayrağını ucaldan gün sevinirdi. “Belə davam etsə, çox keçməz Ağdama, kəndimizə də gedəcəyik. Hazırlaşın, gedib yaxşı bir ev tikərik”, deyirdi. Nə gizlədim, həm sevinirdim-belə qəhrəman, torpaqlarımızı işğaldan azad edən oğullardan biri də Şəhriyardı, həm də içimdə qorxu vardı. Çünki hər gün Sumqayıt Şəhidlər Xiyabanında şəhidlərimiz dəfn olunurdu. Gecə-gündüz namaz üstündə dua edirdim ki, Allahım, sən balamı balalarına bağışla. Onları atasız qoyma”...

Etdiyi yaxşılıqları dilinə gətirməyi sevməyib

...Bir övladın ən gözəl əsəri Vətəni, nəsli və millətidir. Əgər yaxşı övlad olub ad-san qazanmaq istəyirsənsə, millətini də övladların kimi sevməli, mərhəmətli olmalısan. Bu keyfiyyətlərin hər biri Şəhriyarda vardı. Günlərin bir günü axşam hərbi hissədən evə qayıdanda baxır ki, məktəb yaşlarında oğlan uşağı zibil yeşiklərində nəsə axtarır. Yaxınlaşıb soruşur. Əli adlı uşaq deyir: “Dəmir qırıntıları axtarıram ki, satıb anam xəstədir, bacılarım da körpədir, onları dolandırım. Evimiz də yoxdu, dəmir butkada qalırıq”. Məlim olur ki, Əlinin atası yoxdur. Gündüzləri salfet satıb çörəkpulu çıxaran Əli axşama yaxın da dəmir qırıntıları toplayır. Şəhriyar Əlini bazara aparır, ev üçün nə lazımsa alıb verir və üstəlik cibinə pul da qoyur. Telefon nömrəsini verir ki, nə lazım olsa zəng vursun. Bu hadisəni evdə danışmır. Etdiyi yaxşılıqları dilinə gətirməyi sevməyib. Ancaq səhəri hərbi hissəyə gedəndə hərbçi dostlarına baş verənləri anladıb. Və qərara alıblar ki, hər ay maaşlarından pul ayırıb həmin ailəyə kömək etsinlər. Yeni il bayramında da böyük oğluyla birgə tort alıb ailəni təbrik etmək üçün onlara gedib. Bayram günü onlarla birgə tort kəsib ki, tənha olduqlarını hiss etməsinlər. Bu gün həmin ailənin otağının baş köşəsində qəhrəman Şəhriyarın şəkli asılıb və onun ruhuna dualar edilir, doğmaları kimi...

...Ailəsi ilə sonuncu dəfə oktaybrın 18-də danışıb. Uşaqlardan biri “ata ürəyimsən”, o biri də “Qarabağ Azərbaycandır” deyib. Şəhriyar bu sözlərdən kövrəlib, həm də qürur duyub ki, davamçıları var. Vətəni, Milləti, Torpağı sevən davamşıları. Oktayabrın 19-da Qubadlı-Laçın istiqamətində ağır döyüşə giriblər. 6 saat davam edən döyüşdə şəhid olan iki yoldaşını neytarl zonadan çıxaran Şəhriyar yenidən döyüşə qatılır. Bu dəfə əfsanəvi taborun giziri, “boz qurd” ləqəbli qəhrəman şəhid olur . Şəhriyar Quliyevin nəşi gətirilərək oktyabrın 23-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılır...

Xalidə xanım: “Ağdam işğaldan azad edildikdən sonra həyat yoldaşım və oğlum Rəmziylə birgə yurdumuza getdik. Viran qoyulmuş yurdumuza. Kənddə, bütövlükdə Ağdamda bir salamt ev yoxdur. Tək bizim mal tövləmizdən başqa. Ermənilər mal-qara saxladıqları üçün tövləni dağıtmayıblar. İki mərtəbəli evimizin tən ortasında incir ağacı bitib. Yoldaşım uçuq divarlardan öpüb hönkür-hönkür ağladı: “Oğul, ruhun şad olsun ki, sənin kimi oğullar bu günü bizə yaşatdınız. 27 ildir yaşadığımız “məcburu köçkün”, “qaçqın” töhmətindən bizi qurtardınız”. Ağdamdan Füzuliyə, ordan da Şuşaya getdik. Oğlum Rəmzi yol boyu elə hey deyirdi: “Bu oğullar buraları necə alıblar? Şuşaya necə qalxıblar?” Şuşanı gəzib dolaşdıq və məsciddə namaz qılıb şəhidlərimizin ruhuna dualar oxuduq”.

...Vətənin qeyrətli oğullarından Şəhriyarın Füzulinin azad olduğu yerlərdən çəkdiyi vidio görüntülərə baxıram. Qədir Rüstəmovun “Sona bülbüllər” mahnısına qulaq asan Şəhriyar deyir: “Bax, gördüyünüz o yüksəkliyə Azərbaycan bayrağını sancmışıq. Ermənilər oranı mərmi yağışına tutsalar da, bayrağımıza zaval gəlmədi. Çünki biz haqlıyıq. Allahın köməkliyi ilə 2-3 günə Füzuli tam bizim nəzarətimizdə olacaq. Zəfərə doğru gedirik”. Gözəl sözləri, əməlləri sizlər qoydunuz , hər birimizin qürurla andığımız şəhidlər. Ancaq övladın Camalın və sevdiyin xanımının-övladlarının anasının da sənə gözəl sözləri var.

Ata, sən Vətənə can verdin,
Xalq da sənə can dedi.
Ata, Allah səni yaradıb,
Vətənə qurban dedi!

Yoxluğun ölüm deyil,
Sən yaşayırsan, sağsan.
Zirvədə dalğalanan
Sən üçrəngli bayraqsan!

“Nur içində yat mənim sevgilim”

Pərvin: “Sən mənim üçün əvəzedilməz, həyatımın bir parçası, ürəyim, nəfəsim olmusan. Həmişə də belə olacaqsan. Ürəyimdə, ağlımda qalacaqsan. Balalarınla bağlı həyata keçirə bilmədiyin arzuları gerçəkləşdirəcəm, buna əmin ol. Hər zaman dik duracam, sənə görə, arzularımıza görə, söz verirəm. Özün bilirsən ki, necə bir güclü qadın seçmisən həyatda. Sənin kimi olacam. Sənin varlığını hiss edirəm özümdə. Yanımdasan, köməksən mənə. Cismən olmasa da, ruhən yanımdasan. Nəfəsini nəfəsimdə hiss edirəm. Nur içində yat mənim sevgilim”.
...Şəhriyarın ailəsilə sağollaşıb çıxıram. Oğlu Ramal məni qapıya kimi yola salır və üzümdən öpüb deyir:”Arzu nənə, mənim atam qəhrəmandır!”
...Ocağında iki oğlun böyüyür. Səninlə fəxr edən oğulların. Bu oğulların firəvan, azad yaşaması üçün şəhid oldun. Haqqını halal et şəhidim! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

...Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı na əsasən Şəhriyar Quliyev "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qarabağ" ordeni (ölümündən sonra), "Vətən uğrunda" medalı (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilib.
P.S. Dekabrın 23-də xanımının doğum günüdür. Doğmalar, övladların, qohum-əqraba hər kəs Pərvini təbrik edəcək. Bu təbrikləri qəbul etsə də, ürəyi səni arzulayacaq, qulağı səsdə olacaq. Sənin bir dəstə gülünün həsrətini çəkəcək.

Arzu Şirinova
Təbrizdə yaşayış binası uçdu - 5 nəfər öldü, 15-i yaralandıTəbrizdə qaz partlayışı nəticəsində beşmərtəbəli yaşayış binası uçub.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, faciə nəticəsində 15 nəfər xəsarət alıb, 5 nəfər həyatını itirib. Bir neçə nəfərin dağıntılar altında qaldığını deyilir.

İranın Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin başçısı Fərzad Rəhmani əhalini təmkinli və ərazidən uzaq olmağa çağırıb.

Qeyd edək ki, xilasedicilər hələ də hadisə yerində işləyirlər.

Xatırladaq ki, Təbriz əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir.
Ağdamda məktəbli qız qaçırıldıAğdamda məktəbli qız qaçırılıb.

Hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.

Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.

İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)
Bakı metrosunun vəzifəli şəxsi yolda öldüBakı Mettopoliteninin vəzifəli şəxsi dünyasını dəyişib.

Qurumdan Avrasiya.net-ə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

"Bu gün səhər işə gələrkən, "Bakı Metropoliteni"QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib," - məlumatda bildirilib.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Babaşxan Baxışov 2017-ci ildən Metropolitendə bu sahəyə rəhbərlik edib. Yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər idi.
Helikopteri dənizə düşən nazir 12 saat üzərək sağ qaldıMadaqaskarın polis naziri Serqe Gellenin olduğu helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, şimal-şərq sahillərində qəzaya uğrayan gəminin qalıqlarını araşmaq üçün havaya qalxan helikopter bir müddət sonra dənizə düşüb.

Məlumata görə, Gelle qəza zamanı heç bir xəsarət almayıb və dənizdə 12 saat üzərək sağ-salamat sahilə çıxıb.

Qeyd edək ki, Madaqaskar sahillərində gəminin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 60 nəfər isə itkin düşüb.
Deputat kazino təklifindən danışdı: Tərbiyəsiz kütbeyinlər...Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Baymedia”ya müsahibəsini təqdim edir:

- Qüdrət bəy, “Turizm haqqında” Qanununun müzakirəsi zamanı ölkəyə turist cəlb etmək üçün Zəngəzurda və “Böyük Zirə” adasında kazino açmaq təklifinizdən sonra bəzilərinin sanki əlinə bəhanə düşübmüş kimi, sizə qarşı bir kampaniya başlatdılar. Əlbəttə, bu dediklərimiz ədəb çərçivəsində fərli mövqe sərgiləyənlərə aid deyil. Bu barədə fikrinizi bilmək istərdik.

- Bir qrup uğursuz və uğursuzluğun mənəvi deqradasiyaya uğratdığı ünsürlər mənə hücum etməklə özlərini yenidən biabır edirlər. Araşdırsanız, görərsiniz ki, təhqir yazanlar və onlara bu cür göstəriş verənlərin hamısı əxlaqsız ailələrdə böyümüş üzdəniraqlardı. Ağıllı və məsuliyyətli insanlar mənim çıxışımla tanış olanda həmin elementlərdən fərqli olaraq başa düşürlər ki, mən nə təklif etmişəm. Mən ölkəmizdə turizmin inkişafı üçün xidmətlərin səviyyəsinin yüksəldilməsini və xidmət xərclərinin azaldılmasını təklif etdim. Sözsüz ki, bura uçuş xərcləri də daxildir. Xidmət səviyyəsinin yüksəldilməsi, dünya elminə və mədəniyyətinə çıxış məqsədilə həm də ingilis dilinin ölkəmizdə geniş miqyasda tədris olunması, bu məqsədlə xüsusi dövlət proqramının qəbul edilməsinin zəruriliyini vurğulamışam. Vətəndaşlarımızın təkcə internet üzərindən xarici lotereya təşkilatçılarına hər il təqribi hesablamalara görə, 700 milyon manat (bu, müvafiq dövlət orqanı tərəfindən Milli Məclisə rəsmi təqdim olunmuş məlumatdı) pul uduzduğunu nəzərə alaraq, ölkəmizə turist cəlb etmək məqsədilə müəyyən ərazilərdə kazinoların açılmasını təklif etmişəm. Bura xarici kazinolarda uduzulan pullar daxil deyil. Mən bu təşəbbüslə əvəllər də çıxış etmişəm. Gürcüstanı çox zaman bizə nümunə kimi təqdim edən bu gerizəkalılar gedib öyrənsinlər ki, Gürcüstan kazinolarının əsas müştəriləri kimlərdir? Gürcülər kazinolar hesabına nə qədər turist cəlb edir və turizmdən nə qədər pul qazanır? Yaxud qardaş Şimali Kipr Türk Respublikası (ŞKTR) olsun. Kimsə deyə bilər ki, Gürcüstan müsəlman ölkəsi deyil, bəs ŞKTR necə? Biz müharibədən çıxmışıq, Qarabağın bərpası, şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi üçün ölkəmizə pul lazımdır. Əsgər və zabitlərimiz qan töküb o torpaqları azad etməyiblər ki, xalqımız o torpaqlarda yas saxlasın. Şəhid ailələri daxil xalqımız o torpaqlarda yeyib-içib əylənməli, xoşbəxt həyat yaşamalıdır. Bu gün Razi Nurullayevin bir açıqlaması ilə tanış oldum. Həmin qaragüruha xitabən söyləyir ki, islamda sələmə pul verilməsi haramdır. Bəs niyə banklardan kredit götürürsünüz? Biz şəriət qanunları ilə yaşayan islam dövləti deyilik.

Mənim həmin gün qaldırdığım digər vacib məsələlər barədə susan bu üzdəniraq siyasi dələduzlar yapışıblar kazinodan. Halbuki həmin gün eyni vaxtda “Lotereyalar haqqında” Qanuna və Cinayət Məcəlləsinə birinci oxunuşda dəyişiklik edildi. Dəyişiklikyə əsasən, CM-nin 244-1-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı kimi təklif olunur. “Bu Məcəllədə “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirlərin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab olunur”.

Beləliklə, bundan sonra qanunlara uyğun olaraq, keçirilməyən istənilən mərc oyunu qumar oyunu hesab olunacaq. Bu günə qədər qumar oynamaq inzibati hüquqpozma hesab olunurdu və mənəviyyat əleyhinə yönələn xəta sayılırdı. Bundan sonra isə edilmiş dəyişikliyə, hüquqi məntiqə və hüquq düşüncəsinə görə qumar oynamaq lisenziyasız sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, iqtisadi fəaliyyət əleyhinə yönələn qanunpozuntusu kimi başa düşülməlidir və qanunvericilikdən “qumar oynama”, qumarxana təşkil etmə və saxlama “ictimai mənəviyyat əleyhinə yönələn xətalar və cinayətlər” kateqoriyasından çıxarılmalıdır. Bu məqsədlə müvafiq dəyişikliklər edilməlidir.

Yeri gəlmişkən qeyd edim ki, həmin gün qonşu ölkələri misal çəkərək Milli Məclisə təqdim olunan qanun layihələrində qanunvericilik texnikası baxımından ciddi qüsurların, boşluqların, kolliziyaların olmaması, sui-istifadə hallarına yol açacaq normaların qarşısının alınması üçün Milli Məclis, yaxud Nazirlər Kabineti, yaxud Ədliyyə Nazirliyi yanında “Qanunvericilik institutunun” yaradılması barədə təşəbüslə çıxış etdim. “Uşaqpulu müavinət”inin verilməsinin zəruriliyi barədə mətbuata açıqlama verdim. Amma tərbiyəsiz kütbeyinlər bu kimi məsələləri müzakirə edə bilməzlər, çünki həm savadları yoxdur, həm də Cəfər Cabbarlının “Almaz” pyesində olduğu kimi aldıqları tapşırıqlar “məsciddən” danışmaqdır.