Silahla fotosu yayılan nazirlik əməkdaşı işdən çıxarıldıMasallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, A.İsmiyevin müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

O qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsi ilə cərimə ediliblər.

Qeyd edək ki, ötən gün A.İsmiyevin avtomatla, onun müavini Sakit Şahmarovun isə tüfənglə şəkilləri yayılıb.
Gürcü müxalifəti Saakaşvili üçün kütləvi aclığa başladıGürcüstan müxalifəti eks-prezident Mixail Saakaşvilinin azad edilməsi üçün kütləvi aclığa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliya Tiflisdə aksiyada çıxışı zamanı deyib.

“Dostlarla, xeyli insanla kütləvi aclığa başlayırıq. Əminəm ki, nəticəsi gözləniləndən də çox olacaq. Saakaşvilinin azadlığı üçün yeni mərhələyə, aclıq aksiyası ilə yeni kütləvi etirazlara başlayrıq”, - deyə Meliya bildirib.
İordaniyalı akademik: Prezident İlham Əliyev yubileyini parlaq və ardıcıl qələbələrlə qeyd edirAzərbaycan Prezidenti İlham Əliyev mənalı və xalqına xidmətə həsr etdiyi həyatının altmışıncı ilini parlaq və ardıcıl qələbələrlə qeyd edir. Dahi siyasi xadim Heydər Əliyev sayəsində dünyaya günəş kimi işıq saçan Azərbaycan bu gün də etibarlı əllərdədir. İqtisadi qüdrəti, beynəlxalq nüfuzu və böyük gələcəyi olan ölkəniz, eyni zamanda, XXI əsr tarixinə torpaqlarını düşmən tapdağından azad edən dövlət kimi düşdü. Bu möhtəşəm Qələbə məhz Prezident İlham Əliyevin siyasi və hərbi məharəti nəticəsində mümkün oldu.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində iordaniyalı akademik Mərvan Suda söyləyib.

O bildirib: “Prezident İlham Əliyev yubileyini ona sonsuz etimadı olan və hər zaman mənafeyi uğrunda fəaliyyət göstərdiyi xalqı ilə birlikdə qeyd edir. Azərbaycanın dövlət başçısı 44 günlük müharibədə möhtəşəm Qələbəni də məhz xalqının dəstəyi ilə qazandı. Azərbaycanlılar öz Liderinə sevgi və böyük ehtiram hissi bəsləyirlər. Mən istər sosial şəbəkələrdə, istərsə də müxtəlif zümrələrdən olan Azərbaycan vətəndaşları ilə görüşlərdə buna əmin oldum. Prezident İlham Əliyev həm də olduqca səmimi insandır. Xatırlayıram, müharibə günlərində onun xalqa müraciətlərində düşmənə qarşı söylədiyi bir çox fikirlər sadə insanların leksikonuna daxil olmuşdu. Bizim zamanımızda öz xalqı tərəfindən bu qədər sevilən dövlət başçısı çox azdır. Prezident İlham Əliyevin yüksək intellekti, müxtəlif sahələrə dair dərin ensiklopedik bilikləri, özünün əsas ixtisası – diplomatiya sahəsində məharəti beynəlxalq siyasət aləmində ona böyük nüfuz qazandırıb. Ötən il onun bu məziyyətlərinə daha bir yüksək keyfiyyəti – böyük sərkərdəlik qabiliyyəti əlavə olundu. Təsadüfi deyil ki, Azərbaycan xalqı öz Prezidentini məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı adlandırıb”.

Prezident İlham Əliyevin İslam və ərəb dünyalarında nüfuzundan danışan akademik vurğulayıb: “Mərhum Heydər Əliyev dünyanın iki qlobal gücündən biri olan SSRİ-nin rəhbərlərindən biri kimi ərəb dünyasında böyük nüfuza malik idi. Onun davamçısı İlham Əliyev isə bizim coğrafiyada müsəlmanlara məxsus olan torpaqları qısa müddətdə işğaldan azad edən sərkərdə, İslam abidələrini və dini məbədləri qoruyan xilaskar olaraq tanınır.

O, təkcə öz xalqının deyil, bütün müsəlmanların qürur və ləyaqətini, habelə özünə inam hissini möhkəmləndirdi. Son bir ildə ərəb mətbuatının xülasəsinə baxsanız, Prezident İlham Əliyevin böyük siyasətçi və sərkərdə məharəti haqqında çoxlu sayda məqalələrin şahidi ola bilərsiniz. Düşünürəm ki, Azərbaycanın dövlət başçısı həm öz xalqı, həm də İslam aləmi üçün nadir tarixi şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyev siyasət aləmində siyasətçilərə, hərb sənətində hərbçilərə, iqtisadiyyat üzrə ən yaxşı iqtisadçılara dərs keçə biləcək dərəcədə böyük istedada malikdir”.

M.Suda sonda deyib ki, siyasət, ilk növbədə, səbir və qətiyyət elmidir. Prezident İlham Əliyev bu iki mühüm keyfiyyətə malik siyasətçidir. Uzun illər - 30 ilə yaxın müddətdə öz xalqının erməni işğalından çəkdiyi əziyyətləri, məruz qaldığı qətliamlara son qoymaq üçün ona güclü dövlət, iqtisadi qüdrət, yüksək döyüş qabiliyyətinə malik olan ordu lazım idi və dövlət başçısı tədricən, addım-addım buna nail oldu. Təkcə Azərbaycanın deyil, bütün regionun rifahını və gələcəyini düşünən Prezident bu gün sülh və əməkdaşlıq istiqamətində yorulmaz fəaliyyətini davam etdirir.

“İordaniya və bütün ərəb ölkələrinin ziyalıları adından bu çətin və şərəfli yolda Prezident İlham Əliyevə uğurlar diləyirəm”, - deyə akademik bildirib.
Güləşçimiz erməniyə qalib gələrək Fransa çempionu olduYunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, yığmamızın üzvü İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb.

Güləşçimiz 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.
Vüqar Səfərliyə hökm oxundu - 10 il 6 ayBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Avrasiya.net xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli son söz deyib.

O, məhkəmədn bəraət istəyib.

Digər təqsirləndirilən N.Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib.

Daha sonra məhkəmə müşavirə otağına yollanıb.

Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.

Hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Proses davam edir.

Xatırladaq ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb
Azsaylı xalqların Prezidentlə görüşmüş ən yaşlı nümayəndələri AzTV-yə danışdıAzərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə bir neçə sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hazırlanmış filmlərdən biri olan “Xalqın sözü” mövzu fərqliliyi ilə diqqət çəkir.
Kinoproqramlar və dublyaj redaksiyasının istehsalı olan filmdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan yaşlı insanların, həmçinin azsaylı xalqların yaşlı nümayəndələrinin həyat hekayələri yer alıb. 88 yaşlı Aydın müəllim, 74 yaşlı fermer İldırım kişi, 87 yaşlı Xanımbacı nənə, 80 yaşlı Qriqori Smirnov və digərləri öz həyatları barədə danışıblar.

Onlar hər biri müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə görüşüblər və filmdə görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Çəkilişlər Quba, İsmayıllı, Balakən, Qax, Zaqatala, Lənkəran, Naxçıvan və digər bölgələrdə aparılıb.
Filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Nadir Diridağlı, quruluşçu operatoru Anar Dadaşov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri Elnur Məmmədovdur.

“Xalqın sözü” bu gün – dekabrın 21-i saat 21:00-da AzTV-də yayımlanacaq.

https://www.youtube.com/watch?v=sQ79zxlnvx0
AzTV-nin yubiley münasibətilə hazırladığı filmlərdən biri isə “Prezidentin gəncləri” adlanır. Sənədli film artıq yayımlanıb. (https://www.youtube.com/watch?v=A_1YXiVxdeE)

Filmdə uşaqlığı və gəncliyi Ali Baş Komandanın ölkəyə rəhbərlik etdiyi dövrə, yəni 2003-cü ildən sonraya təsadüf edən Azərbaycan vətəndaşlarına vətənpərvərlik hisslərinin aşılanmasından, onlara göstərilən qayğıdan bəhs edilir.
“Prezidentin gəncləri”ndə Vətən müharibəsi iştirakçılarının müsahibələrinə yer verilib.
Filmin ssenari müəllifləri Mintac Elsevər və Anar Şuşalıdır. Quruluşçu rejissor Emil Babayev, rejissor Bəhruz Qədirovdur.
Kıbrıs Türk xalqının varlıq və azadlıq mübarizəsində şəhid olanların xatirəsi anılır21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi ilə əlaqədar paytaxt Lefkoşa və rayonlarında anma mərasimləri keçiriləcək.

Avrasiya.net bildirir ki, Milli Günləri qeyd etmə Mərkəzi Komitəsindən verilən məlumata görə, anma tədbirləri yerli vaxtla səhər saat 08:00-da "Bayrak" Radio və Televiziyasında Təhlükəsizlik Qüvvələri Komandanlığından Piyada Qərargah polkovnik-leytenantı İbrahim Şekerin çıxışı ilə başlayacaq. Çıxış saat 18:00-da təkrar olunacaq.

21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi ilə əlaqədar bu gün paytaxt Lefkoşada iki anma mərasimi keçiriləcək.

İlk mərasim saat 09.30-da Lefkoşa Şəhidlər Anıtı önündə, ikinci mərasim isə saat 09.50-də Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək.
Baş Prokurorluq bu jurnalist və saytları cərimələdiÖlkədə qadağan olunmuş məlumatlar yayan şəxslər cərimələnib.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, müasir dövrdə ölkəmizdə informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti nəticəsində internet xidmətlərindən azad istifadə imkanlarının çoxalması informasiyaların əldə olunması, yayılması zamanı sosial media platformalarının sahibləri və istifadəçilərinə geniş hüquqlar təmin etməklə yanaşı, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunması vəzifəsini də müəyyənləşdirir.

Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və mənafelərinin, milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlər çərçivəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq sosial şəbəkələrdə zorakılığın, dini ekstremizmin təbliğinə yönələn, təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan, dövlət sirri təşkil edən, intiharı təbliğ edən, uşaqlar üçün zərərli olan və digər qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi təmin edilir.

Göstərilənlərlə əlaqədar, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatların sensasiya naminə davamlı surətdə yayılmasına görə 2021-ci ilin dekabr ayının 16 və 17-si tarixlərində Abuşov Zamiq Hidayət oğlu, Mahmudov İlqar Mehman oğlu, İbrahimov Mehdi Nazim oğlu, Səfərsoy Rza Əli oğlu Baş Prokurorluğa dəvət edilərək hərəkətlərinin qanunsuz xarakteri diqqətlərinə çatdırılaraq, onlara analoji fəaliyyətlərinə görə gələcəkdə barələrində daha ciddi tədbirlər görüləcəyi izah edilməklə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıqlar elan edilmişdir.

Bundan başqa, media nümayəndəsi Məmmədov Səxavət Maqsud oğlunun özünə məxsus fərdi sosial media hesabında ölkənin hərbi strukturlarının fəaliyyətinə dair yayımlanması qanunla qadağan edilən məlumatlar yerləşdirməsi faktına görə 18 dekabr 2021-ci il tarixdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Səxavət Məmmədov barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir.

Həmçinin, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, onu əsaslandıran, təhrik edən, törədilməsi üsullarını izah edən məlumatların qanunsuz olaraq yayımlanmasına görə “olke.az”, “manevr.az” və digər internet informasiya ehtiyatları barəsində cari ilin dekabr ayının 18-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla Sumqayıt şəhər və Nərimanov rayon məhkəmələrinin qərarları ilə hər biri barəsində 1.500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunmuşdur.

Bundan əlavə, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilmiş məlumatları yayması ilə əlaqədar Qusar rayonu,Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə, onları dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilmiş, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da qəti tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır.
Yevlaxda itkin düşən qızı əmisi qaçırıbmış - RəsmiYevlaxda itkin düşən azyaşlı qızı əmisinin qaçırdığı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Avrasiya.net-ə bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.

Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
"Nikol Ermənistanın olmayan imkanlarını yenidən piştaxta üzərinə çıxarmaq istəyir"Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən (Yerasx) – Culfa – Ordubad - Meğri – Horadiz dəmir yolunun tikintisinin və bərpasının 2-3 ilə başa çatdırıla biləcəyini deyib. Eyni zamanda qeyd edib ki, 340 kilometrlik dəmir yolunun yalnız 45 kilometri Ermənistan ərazisindən keçir və bu 45 kilometrlik xəttin inşasına, yaxud bərpasına 200 milyon dollar vəsait sərf olunacaq.

Paşinyanın dediklərinin nə dərəcədə həqiqətə uyğun olduğunu demək çətindir. Bu məsələyə mütəxəssislər münasibət bildirsələr, daha yaxşı olar.
Dəmir yolunun çəkilişi, şübhəsiz ki, relyefdən asılı olaraq, çətin, vəsait və vaxt tələb edən bir prosesdir.
Amma mahiyyət etibarilə, dəmir yolu marşrutunun 295 kilometrinin Azərbaycan ərazisindən keçdiyini, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin sürətini nəzərə alsaq, Arazdəyən (Yerasx) – Culfa – Ordubad - Meğri – Horadiz dəmir yolunun daha tez ərsəyə gələcəyini təxmin etmək mümkündür. Bununla yanaşı, Gürcüstanda səfərdə olan Ermənistanın baş nazirinin, Tiflisdə 45 kilometrlik bərpa, yenidənqurma prosesi üçün “200 milyon dollar”dan dəm vurmasını təsadüfi saymıram. Düşünürəm ki, mesajın ünvanlandığı istiqamət tam bəlli olduqdan sonra, prosesin inkişaf dinamikası barədə fikir söyləmək mümkün olacaq.

Nikol Paşinyanın Gürcüstanda Azərbaycanla Ermənistan arasında avtomobil yolunun işə salınmasından danışması da maraq doğurur. Diqqət çəkən məqam isə, baş nazirin “Şimal-Cənub” yolunun Ermənistan-İran sərhədindən Gürcüstan-Ermənistan sərhədinə qədər olan hissəsi ilə bağlı söylədikləridir. Nikolun mülahizələrinə görə, Azərbaycanla avtomobil nəqliyyatı əlaqəsi barədə razılaşmanın mümkün olacağı təqdirdə bu layihə, yəni “Şimal-Cənub” yolu “Şimal-Cənub”, “Şərq-Qərb” marşrutuna çevriləcək.

Ermənistanın baş nazirinin mülahizə və iddialarından belə anlaşılır ki, Azərbaycanla avtomobil yolu əlaqəsi qurulacağı təqdirdə, yük daşınmalarının bir hissəsi Ermənistan ərazisindən, Paşinyanın “Şimal-Cənub” adını verdiyi yol üzərindən həyata keçiriləcək və beləliklə də sözügedən yol həm də “Şərq-Qərb” marşrutunun bir hissəsinə çevriləcək. Halbuki, həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin ən qısa, iqtisadi baxımdan ən rentabelli marşrutları Azərbaycan ərazisindən keçir. Azərbaycanın logistik imkanları da bu marşrutlar arasında sinerjinin yaranmasına imkan verir. Belə olduğu təqdirdə, Ermənistanın heç bir iqtisadi əsas olmadan “tranzit ölkəyə” çevrilməsinə də ehtiyac qalmır.

Görünür, Nikol Ermənistanın olmayan imkanlarını yenidən piştaxta üzərinə çıxarmaqla, bu yararsız ölkəni regional habın bir parçasına çevirmək istəyir. Ola bilsin ki, Arazdəyən (Yerasx) – Culfa – Ordubad - Meğri – Horadiz dəmir yolunun tikintisinin və bərpasının 2-3 ilə başa gələcəyi barədə iddialar və “200 milyon dollarlıq” mesaj da rəsmi İrəvanın hələlik təktərəfli bazarlığının tərkib hisəsidir.

Elçin Mirzəbəyli
Siyasi şərhçi