İran "3+3" formatında əməkdaşlığı dəstəkləyir - SəfirlikRusiyanın Moskva şəhərində "3+3" formatı görüşü keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin Tvitter hesabında paylaşım edilib.

Bildirilib ki, İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Əlirza Həqiqiyan ölkələr arasında "3+3" formatında əməkdaşlığı dəstəkləyib.

O bildirib ki, "3+3" formatı İran İslam Respublikasının regional siyasətlərinə uyğundur.

Qeyd edək ki, ötən gün Moskvada “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib.
"Media haqqında" qanun bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan verəcəkZaman-zaman media sahəsində tənzimləmələr, islahatlar keçirilməsinin zəruriliyi vurğulanıb, bu sahədə müəyyən addımlar atılıb. Bu günə qədər mövcud olan "KİV haqqında" qanuna bu və ya digər dəyişikliklər edilib, mətbuatın daha məsullyyərtli, daha peşəkar olmasına çalışılıb. Lakin etiraf etmək lazımdır ki, atılan addımlar heç də bu sahəni bizim, xüsusilə cəmiyyətin arzuladığı, görmək istədiyi duruma gətirməyib. Nəticə etibarilə bundan uduzan dövlətlə yanaşı, media nümayəndələri də olub. Dövlət ona görə uduzub ki, indiyə qədər mediaya göstərdiyi diqqət və qayğının qarşılığını media ona verə bilməyib, dövlətin informasiya siyasətində Azərbaycan KİV-ləri öz fəallığı, peşəkarlığı ilə seçilməyib. Bütün bunların nəticəsidir ki, Azərbaycanda yeni "Media haqqında" qanunun qəbul edilməsi zərurəti yaranıb. Artıq bir müddətdir ki, yeni qanun layihəsi həm bu sahənin adamları, jurnalist təşkilatları və redaksiyalar, həm də qanunverici hakimiyyət nümayəndələri ilə müzakirə edilir, həmin tərəflərin fikir və düşüncələri, mövqeyi, təklifləri dinlənilir. Bəs görəsən yeni "Media haqqında" qanundan gözləntilər nədən ibarətdir və yeni qanun Azərbaycan jurnalistikasına nə verəcək?

Məsələ ilə bağlı fikirlərini bölüşən "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" Ictimai Birliyinin sədri Süleyman Ismayılbəyli deyib ki, hər şeydən əvvəl yeni "Media haqqında" qanun bu sahədə indiyə qədər mövcud olan mənfi tendensuyaları, məsuliyyətsizliyi aradan qaldırmış olacaq. Ictimai Birlik sədrinin sözlərinə görə, qeyd olunan mənfi tendensiyanı cəmiyyət olaraq 44 günlük Vətən müharibəsi zamanında aydın hiss etdik: "Ayrı-ayrı media qurumları döyüş bölgəsindən heç bir mənbəyə söykənməyən, təsdiqini tapmayan məlumatlar tirajlayaraq cəmiyyətdə çaşqınlıq yaratdılar. Bəzi həmkarlarımız isə hətta hərbi sirrləri, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi və texniki heyətinin hansı istiqamətdə hərəkət etdiyinə dair görüntülər yayaraq düşmən tərəfinə bilməyərək də olsa məlumat ötürmüş oldular. Ona görə də artıq bu sahədə ciddi tədbirlərin görülməsi zərurət yaranmışdı. Ona görə də Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalandı. Həmin fərman əsasında həm Medianın İnkişafı Agentliyi yaradıldı, həm də "Media haqqında" qanun layihəsinin hazırlanması tapşırıldı. Sözügedən fərman və yeni qanun layihəsinin hazırlanması öz növbəsində dövlətin mətbuat sahəsinə necə diqqət ayırdığı və bu sahənin inkişafının da dövlət üçün prioritet təşkil etdiyinin göstəricisi idi". Süleyman Ismayılbəyli qanun layihəsinin müzakirəsi zamanı bütün maraqlı tərəflərlə görüşlərin keçirilməsini xüsusilə müsbət addım kimi qeyd edir və bildirir ki, Medianın İnkişafı Agentliyinin bu günlərdə keçirdiyi müzakirələr təqdir olunandır: Etiraf edək ki, indiyə qədər KİV haqqında qanuna edilən 79 əlavələrdən media yalnız həmin əlavələr qəbul edildikdən sonra məlumatlı olub. İndiki kimi geniş müzakirələr keçirilməyib ki, media nümayəndələri də öz təklif və fikirlərini səsləndirsinlər.

İctimai Birlik sədri ümid edir və inanır ki, yeni qanun media sahəsində bu günə qədər mövcud olan problemləri, bu sahədəki mənfilikləri aradan qaldıracaq: "Hesab edirəm ki, hər zaman ciddi problem kimi vurğuladığımız reket jurnalistika problemi aradan qalxacaq. Bu mənada jurnalistlərə vəsiqələrin verilməsi, eləcə də jurnalistlərin reyestrinin aparılmasını yalnız və yalnız alqışlamaq lazımdır. Bu addım reket jurnalistika bəlasından xilas olmağımıza imkan yaradacaq".
Tehranda Azərbaycan-İran əlaqələrinin inkişafı müzakirə edilibTehranın simvolu sayılan “Milad Tower” qülləsində “İki ölkə - dost və qardaş İran ilə Azərbaycanın əməkdaşlıqlarının inkişafı yollarının araşdırılması” mövzusunda konfrans keçirilib.

Bu barədə Azərbaycanın İrandakı səfirliyindən bildirilib.

Konfransda Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, İranın ölkəmizdəki səfiri Abbas Müsəvi, İran parlamentinin deputatları, Tehran, Təbriz və Ərdəbil şəhərlərindən gələn iş adamları, diplomatlar, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Azərbaycan vaxtı ilə işğal olunmuş ərazilərindəki şəhər və kəndlərin, məscidlərin, dini, tarixi, mədəni abidələrin erməni vandalları tərəfindən dağıdılmasından və 44 günlük Vətən müharibəsindən sonra orada aparılan quruculuq işlərindən bəhs edilən filmin nümayişi ilə başlanan konfrans mütəxəssislərin çıxışları ilə davam edib.

Tədbirin təşkilatçılarından olan, Tehranda fəaliyyət göstərən İran-Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi çıxışında İran və Azərbaycan xalqlarının müştərək dinə, tarixə, mədəniyyətə və adət-ənənələrə sahib olduğunu bildirib. Əhəd Qəzayi Azərbaycanın şanlı qələbəsindən bəhs edərək Qarabağ və digər rayonların işğaldan azad edilməsinin hər iki ölkənin xalqlarının sevinci olduğunu vurğulayıb və Azərbaycanın Vətən Müharibəsindəki zəfəri şərəfinə toxunmuş, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin portreti və “Qarabağ Azərbaycandır” yazısının əks olunduğu xalça tablonu Azərbaycanın İrandakı səfiri Əli Əlizadəyə təqdim edib.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan-İran dostluq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyevin hələ Naxçıvan MR rəhbəri olduğu dövrdə qoyulduğunu bildirib və bu münasibətlərin bugünədək yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycanın İranla münasibətlərinin yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulduğunu bildirən səfir, Azərbaycan Prezidentinin İranla əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərin ermənilər tərəfindən 30 il ərzində məruz qoyulduğu vandallıqlardan, Azərbaycanın 44 günlük Vətən Müharibəsi nəticəsində əldə etdiyi Zəfəri ilə azad olunmuş torpaqlarda başlanan bərpa və quruculuq işlərindən bəhs edən səfir Əli Əlizadə, bu qələbə nəticəsində 132 km İran-Azərbaycan sərhədi boyunca azad edilmiş Azərbaycan ərazilərinin də yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını bildirib və iş adamlarını bu ərazilərə sərmayə yatırmağa, quruculuq işlərində yaxından iştirak etməyə dəvət edib.

Səfir son zamanlar iki ölkə rəhbərləri və rəsmiləri arasında keçirilən ikitərəfli görüşlər, əldə olunan razılıqlar, iki ölkənin iqtisadi-ticari əməkdaşlıqları, layihələri və əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat verərək iş adamlarını bu imkanlardan istifadə etməyə səsləyib.

Sonra İranın Azərbaycandakı səfiri Abbas Müsəvi, İran parlamentinin üzvü Mahmud Abbaszadə, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri İbrahim İbrahimi və digərləri çıxış edərək iki ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib, fikirlərini bölüşüblər.

Çıxışlarda hər iki dövlətin daha yaxın əməkdaşlıq etmək üçün böyük potensiala sahib olduğu, bu potensialdan səmərəli istifadə olunması və ortaq layihələrin artırılması gərəkdiyi vurğulanıb.

Report
Bakıda bağçada 4 yaşlı uşaq öldüBakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Mehdi Ramin oğlu Dadaşovun halı qəfil pisləşib.

4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub.

İlkin araşdırmalar zamanı azyaşlının üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməyib. Onun hansı səbəbdən halının pisləşməsi və vəfat etməsi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
İsrail hərəkətə keçdi: Hədəf İranın 4 nüvə obyektidirTəl-Əviv İrana hücum planı hazırlayıb və əsas plan 4 nüvə obyektinə hədəflənib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu iddia ilə İsrailin N12 kanalı çıxış edib.

Hərbi mənbələrə əsaslanan xəbərdə İsrail təhlükəsizlik qüvvələrinin İranın İsfahan, Arak, Fordo və Natanz nüvə obyektlərinə qarşı hava əməliyyatı həyata keçirəcəyi, hücumlarda 100-dən çox təyyarənin istifadə ediləcəyi və bu səbəbdən İsrail radar sistemlərinin nüvə obyektlərini yaxından izlədiyi bildirilir.

İsrailin İrana hücuma hazırlaşmaq üçün Yunanıstan, İtaliya və İngiltərədə təlim mərkəzləri yaratdığı da bildirilib. Ötən gün İsrail ordusunun İranın nüvə obyektlərinə qarşı mümkün hücum ssenarisi çərçivəsində Aralıq dənizində, Yunanıstanın hava məkanında tarixinin ən böyük hərbi təlimlərindən birini keçirəcəyi məlum olub.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden nüvə danışıqlarının davam etdiyi Tehran administrasiyası ilə diplomatik yolların qapanması halında İrana qarşı başqa variantları nəzərdən keçirməyi tapşırdığını açıqlayıb.
"Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq""Media haqqında qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir".
Bu sözləri Bakupost.az -a açıqlamasında Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Media haqqında" yeni qanun layihəsi barədə danışarkən deyib:

"İlk olaraq onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir. Bu gün Azərbaycan media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldırır".

Media eksperti qeyd edib ki, digər bir yenilik vahid reystrin yaradılmasıdır:

"Yeni qanun layihəsi vahid reystrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır. Ölkədə nə qədər KİV, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reystrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq".

Media eksperti əlavə edib ki, jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir:
"Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalana biləcəklər. Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və s. hallar hamısı detallı şəkildə layihədə öz əksini tapıb.

Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib. Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də "freelancer" - sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır.

Bununla yanaşı, layihənin dili üzərində işlənilməsi, korrekturaların edilməsi, bəzi maddələrə yenidən baxılması, konkretləşdirilməsi zərurəti də var. Hansı maddələr üzərində yenidən iş aparılmasının zəruri olması barədə qeydlər dünən Milli Məclisdə aparılan müzakirələr zamanı səsləndirilidi. Milli Məclis üzvləri və qanun layihəsini hazırlayanlar da qeydləri götürdülər, müsbət yanaşdılar.

Hesab edirik ki, səsləndirilən təkliflər də nəzərə alınmaqla qəbul ediləcək yeni qanun ölkədə peşəkar medianın inkişafını stimullaşdıracaq".
Ədliyyə polkovniki işdən çıxarıldıƏdliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.

Axar.az xəbər verir ki, o, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

M.Məmmədov daha aşağı vəzifəyə - Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.

Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.
Əməkdar jurnalist qaranlıq məqamlara aydınlıq gətirib“Media haqqında” qanunun Milli Məclisdə ictimai müzakirəsindən sonra və hətta müzakirənin davam etdiyi zaman çərçivəsində sosial şəbəkələrin Azərbaycan seqmentində, həmçinin bəzi informasiya resurslarında sənədin mahiyyətinə tamamilə zidd olan, həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Müzakirədən sonra yayılan məlumatlara, fikirlərə, rəylərə, onların bir hissəsi reallığa uyğun gəlməsə də, yanlış anlaşılmanın nəticəsi olsa da, təbii yanaşıram. Amma müzakirənin davam etdiyi vaxtda səslənən fikirlərə heç bir münasibət bildirməyən, ağzına su alıb oturan bəzi şəxslərin içəridən əməkdaşlarına yanlış anlaşılmış, kontekstdən çıxarılmış, təhrif edilmiş “məlumat” ötürmələrini, ən azı etik saymıram.

Təəssüf ki, “Media haqqında” Qanun və digər qanunlar hüquqi-normativ akt olduqlarından insanları, o cümlədən insanlara obyektiv informasiya çatdırmaq kimi böyük bir məsuliyyətin yükünü daşımaqda görəvli olanları “birüzlü” edə bilmir.

İndi keçək mətləbə...

Yanlış anlaşılma 1:

“Media haqqında” Qanun layihəsində jurnalistlərin attestasiyadan keçirilməsi ilə bağlı heç bir tələb yoxdur. Belə bir fikir millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev tərəfindən səsləndirilib. Bu fikir kimlərinsə xoşuna gəlməyə, yaxud kimlərisə narahat edə bilər. Anlaşılandır... Amma Qüdrət Həsənquliyev kimlərinsə məqsədyönlü şəkildə “linç” predmeti etməyə çalışdığı sözügedən yanaşmasından başqa, qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edən fikirlər də səsləndirmişdi. Onları niyə qanun layihəsini gözdən salmaq üçün marığda saxladığınız əməkdaşlarınıza ötürmədiniz?

Digər tərəfdən, əgər jurnalistlərin testdən, yaxud attestasiyadan keçmələri haqqında fikir sizdə bu qədər narahatlıq doğurursa, bu haldahansıs səbəblərdən müəllimlərin, həkimlərin, dövlət qulluqçularının, vəkillərin, hakimlərin və sadalamaq istəmədiyim digər peşə sahiblərinin attestasiyadan keçmələrinə münasibətdə eyni yanaşmanı sərgiləmirsiniz?

Jurnalistin başqa peşə sahiblərindən nəyi artıqdır? Mən jurnalist həmrəyliyinin tərəfdarı olan bir media mənsubiyam, amma jurnalist eqoizminin yox! Məhz bu eqoizm bizə həmrəy olmağa və digər peşə sahibləri ilə etimadlı münasibətlər qurmağa mane olur.
Bir daha xatırladıram: “Media haqqında” Qanun layihəsində jurnalistlərin attestasiyadan keçmələri ilə bağlı heç bir tələb yoxdur. Əgər olsaydı da belə, hesab edirəm ki, peşəkarlar, öz istedadına, intellektinə güvənənlər bundan narahat olmayacaqdılar.

Yanlış anlaşılma 2:

“Media haqqında” Qanun layihəsi sosial şəbəkələr və digər internet resursları üzərindən yayımlanan “internet televiziyaları”nın fəaliyyətinə heç bir məhdudiyyət qoymur və belə subyektlərin lisenziyalaşdırılmasını tələb etmir. Onlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirə bilərlər.

Qanun layihəsində audiovizual media subyektlərinin siyahısı yer alıb. Bunlar aşağıdakılardır:

- yerüstü yayımçı:
- ümumölkə yerüstü televiziya yayımçısı;
- regional yerüstü televiziya yayımçısı;
- ümumölkə yerüstü radio yayımçısı;
- regional yerüstü radio yayımçısı;
- platforma yayımçısı:
- peyk yayımı həyata keçirən platforma yayımçısı;
- peyk yayımı həyata keçirməyən platforma yayımçısı;
- platforma operatoru:
- sadə platforma operatoru;
- universal platforma operatoru;
- multipleks operatoru;
- infrastruktur operatoru;
- sifarişli yayım xidməti provayderi.

Sosial şəbəkələr üzərindən yayım həyata keçirən “internet televiziyaları”ndan hansısa biri yuxarıda təqdim etdiyim siyahıda yer alan statusda və bu statusun çətiri altına daxil olan, qanun layihəsində müvafiq ardıcıllıqla izahı verilmiş istiqamətlərdə fəaliyyət göstərmək istəmirsə, o zaman onların lisenziya almalarına da ehtiyac yoxdur.

Yanlış anlaşılma 3:

Media subyektlərinin, yaxud ayrı-ayrı sayt və portalların Media Reyestrinə daxil olmaları məcburi deyil. Hansısa media subyekti Media Reyestrinə daxil olmaq üçün qanun layihəsində yer alan şərtlərə cavab verə bilmirsə, yaxud bunu istəmirsə, o zaman fəaliyyətini əvvəlki qaydada davam etdirə bilər.

Bu, jurnalistlərə də aiddir. Belə olduğu təqdirdə sözügedən media subyektlərinin əməkdaşları vahid jurnalist vəsiqəsi ala və aşağıdakı imytiyazlardan istifadə edə bilməyəcəklər:

- jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
- dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
- əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara qanunun müvafiq maddəsinə uyğun akkreditasiya olunduğu halda daxil olmaq;
- qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
Güzəşt və imtiyazlar isə aşağıdakılardır:
- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Əgər kimlərsə bu güzəşt və imtiyazlardan yararlanmaq istəmirlərsə, o zaman heç kim bunu onlardan tələb etməyəcək. Belə media subyektləri öz əməkdaşlarına öz vəsiqələrini verə və fəaliyyətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə davam edə bilərlər.

Bütün bunlarla yanaşı, vacib hesab etdiyim bir məqama da diqqət çəkmək istəyirəm:

“Media haqqında” Qanun layihəsi ölkədə bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir. Qanun hüquqi çərçivədir, fəaliyyət üçün hüquqi platformadır, cəza mexanizmi deyil. İnzibati xətalara və cinayət əməllərinə görə ölkəmizdə digər qanunvericilik aktları var. Yaxşı olar ki, bir fincan suda fırtına qoparmağa çalışanlar inzibati xətalar və cinayət məcəlləsinin müvafiq müddəalarına nəzər salsınlar. “Media haqqında” Qanun layihəsini sözügedən hüquqi-normativ aktlarla səhv salmasınlar.

Digər tərəfdən, Azərbaycanda nə qədər media subyekti və təmsilçisi varsa, bir o qədər də baxış bucağı var. Qanunlar arzu və istəklərin toplusu deyil. Əgər belə olsaydı, bütün bəşəriyyət xaosa sürüklənər, özbaşınalığın, dərəbəyliyin pəncəsində məhv olardı.
Qanun layihəsi çox yaxşı hazırlanıb. Onun mükəmməlliyi isə bizim fəaliyyətimizdən, məsuliyyətimizdən, obyektiv və vicdanlı olmağımızdan asılıdır.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist
Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanda - FotoMüasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Avrasiya.net xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Prezidentin köməkçisi: "Ermənistan sonunda öz yalanlarının qurbanına çevrildi""Vətən müharibəsi dövründə strateji kommunikasiyanın düzgün aparılması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu dövr ərzində ermənilərin yenidən Azərbaycana qarşı başlatdığı savaşa baxmayaraq dünyanın bir aparıcı media orqanlarının çoxunun qapıları ölkəmiz üçün qapalı qalmağa davam edird: "Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 günlük savaş dövrü ərzində demək olar ki, hər gün dünyanın 30-dan artıq ən, aparıcı, ən vacib televiziya bə media agentliklərinə ölkə başçımızın saatlarla davam edən müsahibələri təşkil edildi. Əsgərlərimiz meydanda sərhəddi necə yaradılarsa, bu, eyni zamanda informasiya savaşından da səthədlətin yayılması idi. Prezidentimizin sosial media mesajlatı həm informasiyanı dünyaya çatdırırı, həm də xalqımızı məlumatlandırırdı".

Ermənistanın sonunda öz yalanlarının qurbanına çevrildiyini bildirən PA rəsmisi həqiqətlərin dünyaya çatdırılmasının önəmli olduğunu, bu xüsusda qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi informasiya və edia sahəsində də çiyin-çiyinə çalışmasını xüsusi qeyd edib.