Hindistan səfirliyində vebinar təşkil olunubHindistanın Bakıdakı Səfirliyi 7 dekabr 2021-ci il tarixdə Hindistanın Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) ilə birlikdə elektronika və kompüter avadanlığı/ proqram təminatı məhsulları üzrə B2B Vebinar təşkil etdi.

Hindistanın Müstəqilliyinin 75 illiyinin bir hissəsi olaraq keçirilən bu tədbirdə Hindistan və Azərbaycanın elektronika məhsulları və kompüter proqramları istehsal edən müxtəlif iri şirkətlərin 35-dən çox nümayəndəsi iştirak edib.

Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) Elektronika, Telekommunikasiya və Proqram təminatı sənayesini (məişət elektronikası, elektron komponentlər, alətlər, telekommunikasiya avadanlıqları və xidmətləri, kompüter avadanlığı, proqram təminatı və informasiya texnologiyaları ilə əlaqəli xidmətlər daxil olmaqla) əhatə edən 2000-dən çox istehsalçı və ixracatçının Hindistanda ən ali qurumu olub, Hindistan ixracatçılarına, eləcə də elektronika və kompüter avadanlığı/proqram məhsullarının idxalı üçün Hindistanı seçən idxalçılara/beynəlxalq alıcılara yardım göstərir.

Tədbirin məqsədi iştirakçıları Hindistan elektronikası və kompüter avadanlığı/proqram təminatı məhsullarının təklif etdiyi imkanlar haqqında məlumatlandırmaq idi. Açılış nitqində Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurasının icraçı direktoru cənab Gurmeet Singh Hindistanın elektronika və kompüter məhsulları sənayesinin gücünü vurğuladı və Hindistan hökumətinin bu sahədəki dövlət proqramları haqqında məlumat verdi. O, həmçinin Azərbaycan şirkətlərini Hindistanda keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət etdi və gediş-gəliş bileti, otel və yemək də daxil olmaqla, xərclərin Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası tərəfindən qarşılanacağını bildirdi.

Vebinarda çıxış edən Hindistanın səfiri B.Vanlalvavna qeyd etdi ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, Hindistanın elektronika və proqram təminatı məhsulları artıq Azərbaycan bazarında tanınır, çünki Hindistandan mobil telefonlar, avtomatik tənzimləmə və idarəetmə cihaz və avadanlıqları, ofis avadanlığı və s. idxal olunur. O, daha sonra bildirdi ki, Hindistanın elektronika və kompüter avadanlığı sektoru hər il 156 milyard ABŞ dollarından çox dəyərində məhsul ixrac edir və bu sektorda iki ölkə arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın statistikasına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 20,1% artaraq 620,42 milyon ABŞ dolları təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 11-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistana ixracı 22,5% artaraq 505,52 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində, Azərbaycanın ümumi ixracatında Hindistanın payı 3,0% təşkil edərək, Azərbaycanın 9-cu əsas ixrac istiqaməti olub. Azərbaycanın Hindistandan idxalı 2021-ci ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 114,90 milyon ABŞ dolları təşkil edib.

Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Akademiyasının bir qrup professor-müəllim heyəti ADAU-da səfərdədirSankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Akademiyasının bir qrup professor-müəllim və tələbə heyəti Rusiya Milli Elmlər Akademiyasının həqiq üzvü, baytarlıq elmləri doktoru, akademik Anatoliy Stekolnikovun rəhbərliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.

Səfərin məqsədi qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin, tədris proqramlarının hazırlanması, tələbə-müəllim mübadiləsi, kadr hazırlığı və digər məsələlərdir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlarla görüşdə ADAU-nun Tələbə Evləri, yeni tədris korpusu, laboratoriyaları, Tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Baytarlıq klinikası, Açıq və Qapalı balıqyetişdirmə laboratoriyası, Quşçuluq tədris mərkəzi, Süni mayalanma tədris mərkəzi, stimullaşdırma proqramları barədə məlumat verərək bildirib ki, ADAU-da keyfiyyətli aqrar təhsil almaq üçün bütün imkanlar yaradılıb.

Anatoliy Stekolnikov Aqrar Universitetdə olmaqdan məmnunluğunu ifadə edərək qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını bildirib.
Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar ali təhsil müəssisəsinin maddi-texniki bazası ilə yaxından tanış olacaq, tələbələr üçün seminarlar təşkil edəcəklər. Həmçinin, səfər çərçivəsində Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında olan qarşılıqlı əməkdaşlıq memorandumunun yenilənməsi də nəzərdə tutulub.
"Cənubi Kiprdəki bu əməliyyat cavabsız qalmayacaq" - ƏrdoğanTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfəri öncəsi keçirdiyi mətbuat konfransında Cənubi Kiprdə Larnaka Böyük camisinə edilən hücumla bağlı münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, baş verən hadisəyə görə təəssüf etdiyini bildirib.

"Təəssüf ki, Cənubi Kiprin Larnaka şəhərindəki məscidlərimizə qarşı hücum olub. Təbii ki, Cənubi Kiprdəki bu əməliyyat cavabsız qalmayacaq. Bu barədə dostumuz, partiya sözçüsü Ömər bəyin açıq-aydın açıqlamaları var. Quzey Kıbrıs Türk Cühmuriyyətinin prezidenti Ersin Tatarın verdiyi açıqlama kimi, biz də Cənubi Kiprə deyirik: Məbədlərimizdə belə təxribata əl atmayın. Belə bir təxribatla məşğul olmağın əvəzini ağır ödəyəcəksiniz. Biz də bunun arxasında kimin olduğunu axtarırıq. 6 Cənubi Kiprdə 6 məscidimiz var. Bu məscidlərin təminatı Cənubi Kipr rəhbərliyidir. Mən həmişə deyirəm ki, biz onların bütün müqəddəslərinə və kilsələrinə təminat verdiyimiz kimi, onlar da eyni təminatı verməlidirlər",-deyə Ərdoğan bildirib.
Beyləqan sakini özü-özünü GÜLLƏLƏDİBeyləqan sakini özünü odlu silahla vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, dekabrın 6-da saat 10 radələrində Beyləqan rayonunun Baharabad kəndində yaşayan İbrahimcan Muradovun evində ov tüfəngindən açdığı atəşlə özünü öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşları tərəfindən hadisə yerindən sənədsiz “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ərdoğanın partiyası Ermənistana çağırış etdiZəngəzur dəhlizinin açılması Türkiyənin digər türk dövlətləri ilə əlaqələr qurmasına zəmin yaradacaq.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş dekabrın 7-də İstanbulda Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Biz müharibədən sonra imzalanan sənədlərin icra edilməsini arzulayırıq. Bunun üçün də Ermənistan erməni lobbisinin göstərdiyi istiqamətlərdə deyil, Ermənistanda yaşayan erməni xalqının mənfəətinə uyğun şəkildə davranmalı və Cənubi Qafqazda sülhə töhfə verməlidir. Çünki Fransa, ABŞ və başqa yerlərdəki erməni lobbilərinin “havası” başqadır, Ermənistan reallığı isə başqadır”, - o vurğulayıb.

Qeyd edək ki, Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir.
Telman İsmayılovun oğlunun evlərinə həbs qoyulduİsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.

Avrasiya.net Bakipost.az-a istinadən xəbər verir ki, daşınmaz əmlakın qiyməti 3 milyon dollar olaraq qiymətləndirilir.

Təl-Əviv məhkəməsi BM-Bankın iddiası üzrə məsələ ilə bağlı qərar verib.

Telman İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında gedib-gələrkən, Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib.

Lakin BM-Bank məhkəmə yolu ilə bu əmlakın barəsində həbs tədbirinin seçilməsinə nail olub. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. Məhkəmə prosesi çərçivəsində BM-Bank Təl-Əvivdəki evlərin qanunsuz olaraq özgəninkiləşdirildiyini sübut etməyə çalışacaq.

Xatırladaq ki, T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.
Azərbaycanda polkovnikə cinayət işi açıldıQuba Mülki Müdafiə Qoşunlarının komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, iş Bakı Hərbi məhkəməsinin hakimi Aslan Kalbalıyevin icraatındadır.

Polkovnik E.Nəzərova Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə A.Əliyev zərərçəkmiş şəxs qismində çıxış edir.
Ukrayna ABŞ-dan hərbi kömək istədiUkrayna hakimiyyəti ABŞ-dan Əfqanıstanda Taliban hakimiyyətə gəlməmişdən əvvəl Əfqanıstana göndərilmiş Amerika silahlarının bir hissəsini Kiyevə təhvil verməsini xahiş edib.

Modern.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı yazıb.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov noyabr ayında Vaşinqtona səfəri zamanı ABŞ-dan silah tədarükünü artırmağı, o cümlədən Vaşinqtonun əvvəllər Kiyevə göndərmədiyi sistemləri təmin etməyi xahiş edib. Reznikov xüsusilə hava və dəniz müdafiəsi, eləcə də elektron müharibə sahəsində yardım istəyib.

Bundan əlavə, ABŞ-a məxsus Mi-17 helikopterlərinin Ukraynada texniki baxışdan keçdiyi deyilir.

Öz növbəsində, Vaşinqton administrasiyası, jurnalın yazdığına görə, Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün bir sıra addımları nəzərdən keçirir, lakin onların əksəriyyəti Reznikovun tələbini yerinə yetirmir. Belə ki, Dövlət Departamenti və Pentaqon Kiyevi daha çox tank əleyhinə silahla təmin etmək üçün Konqreslə danışıqlar aparır. Vaşinqton Ukraynaya hərbi müşavirlər göndərmək imkanlarını da araşdırır.
Azərbaycan Parlamentinin yaranmasından 103 il ötürSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Əziz dostlar!

Bu gün Azərbaycan Parlamentinin yaranmasından 103 il ötür.

Belə ki, 1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu.
Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi.

Tarixçəsi:

Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Zaqafqaziya Seymini yaradırlar. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.
1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

Beləliklə, 1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin tikdirdiyi qızlar məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir.
Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar parlamentin açılışında iştirak etmədilər. Bakı Rus Milli Şurası parlamentdə iştirak etməmək haqqında qərar qəbul edir. Onlar sübut etməyə çalışırdılar ki, Azərbaycan öz müstəqilliyini elan etməkdə "Vahid və bölünməz Rusiya" ideyasına xilaf çıxmışdı. Rus Milli Şurası özünün parlament və hökumətdə iştirakını "Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması" və beləliklə Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırdığını hesab edərək rədd etmişdir. Ermənilərin Azərbaycan Parlamentində iştirak etməmək taktikası iki aydan çox davam edir. Nəhayət onlar da fevral ayında Parlamentdə iştirak etmək haqqında qərar qəbul edirlər. Onlar 1919-cu ilin aprel ayından etibarən Azərbaycan Parlamentində iki fraksiya — Erməni fraksiyası və Daşnaksütyun fraksiyaları yaradaraq fəaliyyət göstərdilər. Parlamentdə onların sonrakı fəaliyyətləri göstərdi ki, ermənilərin Azərbaycan Parlamentində iştirak etmələrinin başlıca səbəbi Azərbaycan dövlətçiliyinin yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovinist separatçı "Böyük Ermənistan" ideyalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu.

Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi
Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir.

Son iclas aprelin 27-də axşam saat 20:45-də başlandı ve 23:25-dək davam etdi. Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məhəmməd Əmin Rəsulzadə və Sultanməcid Qənizadə Məmmədhəsən Hacınskinin hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxdılar. Bununla belə, qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildirdilər. Nəticədə, parlament səs çoxluğu ilə aşağıdakı şərtlərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etdi:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;
2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;
4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin heyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;
7. Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi həmin iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qaldı.

Lakin işğalçılar Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin hakimiyyəti dinc yolla, qan tökülmədən kommunistlərə təhvil vermək haqqında qərarına məhəl qoymadılar. Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.