Əliyevdən Ermənistana çağırış: Şərtlərimizi qəbul etməlidirlərO ki qaldı Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, quruculuq işləri həm Qarabağda, həm də Zəngəzurda aparılır:

"Eyni zamanda bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü".
Meyxanaçı Kərimin oğlundan Nazilə Səfərliyə ETİRAZ: “Xəstə yanına çəkilişlə gəlmirlər”Meyxanaçı Ağakərimi ziyarətə gedən şair Nazilə Səfərli evə buraxılmayıb. Buna baxmayaraq, şair qapının qarşısında video çəkərək öz şəxsi səhifəsində paylaşıb.

Avrasiya.net xəbər verir ki, meyxana ustadı Ağakərimin oğlu Kərim Novruzov Oxu.Az-a açıqlamasında bildirib ki, N.Səfərlinin gəlməsindən öncədən xəbəri olmadığı üçün onun üzünə qapı açan olmayıb:

“Düşünürəm ki, öncədən xəbər olunmalıdı. Ona görə ki, mən iş adamıyam, işləyirəm. Burada belə bir şey var ki, evdə kişi olmadığından evə heç kim buraxılmır. Xəbərsiz gəlmələrini niyə istəmirəm? Çünki hamı bir-birinin evinə gedəndə xəbər edib gedir. Onun xəstəyə heç bir aidiyyəti yoxdur. Xəstə yanına gələndə çəkilişlə gəlmirlər. Xəstə yanına gələn Allaha xatir gəlir”.

Kərim qeyd edib ki, Nazilə Səfərli onların evinə gələndə evdə olmayıb:

“Həmin vaxt evdə deyildim. Nazilə Səfərli gəlib qohumumuzun mağazasından mənə zəng elətdirib, mən də evdə olmayacağımı bildirdim və dedim ki, gəlməmişdən öncə xəbər etsinlər. Mən Nazilə Səfərlinin bu addımını qara piar adlandırıram. Onların məqsədi reytinq tutmaqdır”.

Xatırladaq ki, şair Nazirlə Səfərli meyxanaçının evinə gələrək oradan video çəkib və bildirib ki, meyxanaçının ailəsi heç kimə qapı açmır. O, buna da etirazını bildirib.
"Rəsmi Kiyev çıxılmaz vəziyyətdədir"Ukrayna-Rusiya gərginliyi artan xəttlə gedir. Bu gərginliyin hər an müharibəyə dönmə ehtimalı var. Məncə, müharibə olmayacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

“Sabah Putinlə Bayden arasında danışıqlar baş tutacaq, əsas müzakirə mövzusu Ukrayna olmalıdır. Hansısa ciddi nəticələrin əldə edilməsinə ümid azdır, amma ən azından, müharibə təhlükəsinin azaldılması üçün bu danışıqların mühim rolu olmalıdır. Analiz edək ki, tərəflər nə istəyir? Kreml deyir ki, Ukrayna Qərbə inteqrasiya olmasın. NATO-ya üzv olmamalıdır, çünki NATO infrastrukturu Rusiya sərhədlərində olsa, bu, Moskvanın maraqlarına zidd, hətta “qırmızı cizgilərin” keçilməsi kimi dəyərləndirilə bilər. Rəsmi Moskva bəyan edir ki, məsələn, Xarkov ətrafında NATO raketləri olsa, bu, Moskvaya bir neçə dəyiqəyə çata bilər, çünki məsafə 740 km-dir. İlk baxışdan bu arqument məntiqli olsa da, aldadıcıdır, çünki NATO ölkələri olan Baltikyanı respublikaların sərhəddindən Moskvaya məsafə daha yaxındır. Latviya sərhəddindən Moskvaya cəmi 680 kilometrdir. NATO ölkəsi olan Türkiyədən Qara Dəniz üzərindən Krıma məsafə 300 kilometrdir. Deməli, Rusiyanın, “Ukraynada NATO bazası olsa bizim sərhədlərə təhlükədir”, tezisi doğru deyil”, - iqtisadçı bildirin.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Əfqanıstan fiaskosundan sonra Ukrayna məsələsində güzəşt etmək, geri çəkilmək istəmir:

“Baydenin zatən reytinqində ciddi düşmə var. İndi Ukrayna məsələsində də geri addım atsa və ya Rusiyanın Donbası ilhaqına göz yumsa, respublikaçılar onu “yeyəcək”, növbəti Senat və Konqres seçkilərində demokratlar ciddi yer itirəcək. Bu, məsələnin görünən tərəfidir. Daha dərin məsələ odur ki, Rusiyanın ətrafında geniş bir halqa yaradılır. 3 dəniz konsepsiyası – Baltik, Qara dəniz və Xəzər xətti, ardınca isə Orta Asiya xətti (həm də Türk Dünyası) dairəsi ilə Rusiya dairənin içinə alınır. Bu, daha uzunmüddətli konsepsiyadır”.

N.Cəfərli bildirib ki, rəsmi Kiyev çıxılmaz vəziyyətdədir. Krım əldən gedib, qayıtması mümkünsüzdür:

“Donbası mental olaraq itiriblər, sadəcə bununla barışmaq çətindir. İqtisadi çətinliklər, oliqarxik daxili çəkişmələr - bütün bunlar Ukraynanın qarşısında olan əsas çağırışlardır. Həll yolları isə Qərbə inteqrasiyanın sıxlığından keçir, başqa yol yoxdur. Çünki Rusiya özü bütün körpüləri yandırıb, Ukraynaya qarşı düşmənçiliyini hər addımda göstərir”.

Politoloq hesab edir ki, Donbasın qondarma, Kreml tərəfindən yaradılan “respublikalarını” Rusiya tanıyacaq:

“Abxaziya, C.Osetiya ssenarisinə gedəcək. Onsuz da Donbasda Rusiya pasportu paylanır. Artıq 350 min insana Rusiya pasportu paylanılıb. Gələn ilə bu rəqəm 1 milyon nəfərə çatacaq. Sonra Rusiya qondarma, “cırtdan ölkələrin” Moskvaya bağlı “liqasını” yaradacaq”.
Ermənilər Qarabağdakı qəbirlərdə qızıl diş axtarırdıBirinci Qarabağ müharibəsinin döyüşlərində iştirak etmiş ermənilər yaşadıqlarından və etdiklərindən dürüst və açıq şəkildə danışırlar. 40 yaşlı veteran mənə danışdı ki, müharibə zamanı komandiri azərbaycanlıların məzarlarını qazıb, orda qızıl dişləri axtarmaq üçün onlara əmr vermişdi. Veteranın sözlərinə görə, komandirin və əsgər yoldaşlarının acgözlük və "məzar həvəsi" çox qorxuducu idi.

Axar.az xəbər verir ki, bu barədə erməni publisist və bloger Nairi Axverdi öz sosial şəbəkə hesabında yazıb.
Prezident və xanımı Qubaya getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb, qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.

Sonda xatirə şəkli çəkdirildi.
“Vikipediya” Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği üçün uğurlu platformadırSon vaxtlar “Vikipediya”nın xarici dil bölmələrində ölkəmizlə bağlı yaradılan məqalələr ciddi və etibarlı mənbələrə əsaslanır. “Vikipediya” Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği baxımından uğurlu platformadır.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O, onlayn ensiklopediyanın xarici dil bölmələrində fəallığın artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, “Vikipediya”da düzgün və qaydalar çərçivəsində məqalələr yaradılması vacib amillərdən biridir. Xüsusilə məqalələr etibarlı istinadlarla yaradılarsa, bu, işin keyfiyyətli, məzmunlu ortaya çıxmasına səbəb olacaq. “Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri zəngin məqalələr yaradılmasını uğurla həyata keçirirlər. Son iki həftədə könüllülər tərəfindən onlayn ensiklopediyada Hüseyn Cavid və Tofiq Bəhramovun heykəlləri (Bakı), Zöhrabbəyovun evi, heykəltaraş Həyat Abdullayeva, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Türk Silahlı Qüvvələrinin generalı Səməd bəy Rəfibəyli, AXC ordusunun zabiti Baba bəy Behbud, AXC Parlamentinin üzvü Lorens Kun, Ələkbər Tağıyevin “Sənə qurban” mahnısı, Mikayıl Müşfiqin atası, şair, yazıçı Mirzə Əbdülqədir Vüsaqi haqqında ingilis, rus, türk, özbək, italyan, rumın, ispan, portuqal dillərində məqalələr yaradılıb və əsaslı şəkildə redaktə olunub. Etibarlı istinadlarla yaradılan məqalələr xarici auditoriya üçün geniş informasiya deməkdir. Bu gün “Vikipediya”da məqalələrin etibarlılığını stimullaşdıran əsas amil dəqiq və akademik mənbələrə söykənməsidir.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu fəaliyyətə başladığı dövrdən ölkə daxilində və xaricində bir çox təlimlər keçirib. Bunun nəticəsində isə təlim keçmiş gənclər tərəfindən Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr aparılıb, çoxsaylı məqalələr yaradılıb. “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.
“Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir...”Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar olaraq, ömrünün 38 ilini bu sahəyə həsr etmiş, rabitəçi-ekspert Fəzail Əliyevlə həmsöhbət olduq. Onun həm peşə fəaliyyətinə, həm şəxsi həyatına qısa nəzər salmaq istədik.
- Salam Fəzail müəllim. Necəsiz?
- Salam. Çox sağ olun. Yaxşı olasınız?
- Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi qeyd olunur. Bu bayram əsl sizin kimi rabitəçilərin peşə bayramıdır. Necə qeyd edirsiniz bu bayramı?
- Söhbətimizə başlamamışdan öncə fürsətdən istifadə edib bütün rabitəçiləri və rabitəyə əmək sərf edən bütün əməkdaşları peşə bayramımız münasibəti ilə ürəkdən təbrik edirəm. Qeyd etməyə gəlincə, bu bir peşə bayramıdır. O bayram ki, sizin əməyinizə qiymət verilmə münasibəti ilə qeyd olunur, onu necə qeyd etməmək olar?
- Rabitəyə ilk gəlişiniz necə olub? Bu illəri necə xatırlayırsınız?
- Rabitə sahəsinə ilk gəlişim 80-ci illəri əhatə edir. Hansı ki, ölkə rabitəsinin hər iki dönəmini, həm inkişafını həm də durğunluq dövrünü gördüm. 1980-ci ildən təxminən 1985-ci ilə qədər rabitə sahəsi sürətlə inkişafa doğru getdi. Burada Heydər Əliyevin rolunu xüsusi qeyd etməliyəm. 1970-ci illərin əvvəllərində aparılan islahatlar özünü göstərməyə başlamışdı. 1980-ci ildən sonra respublikamızda 280 minə yaxın nömrə tutumlu ATS-lər və Mini ATS-lər quraşdırılmağa başlamışdı. Bir çox rayonlarda yeni ATS-lər tikilməyə başlandı. Amma məlum səbəblərdən 1985-ci ildən sonra inkişaf getdikcə zəifləməyə başladı. 1990-cı illərdə isə ən çətin dönəmləri yaşayırdıq. Təxminən 1993-94-cü illərdən sonra yenidən rabitənin inkişafından söz etmək olardı.
Amma mənim bu sahə ilə ilk tanışlığım hardasa hərbi xidmət illəri dövrümə düşür. Təyin olunmuş hərbi məntəqələrə rabitə xəttlərinin çəkilişini, xidmət etdiyim bölmələr edirdi. İlk təcrübələrim buradan başladı. Xidmətimi başa vurduqdan sonra, bir müddət Koraoba kənd məktəbində “pioner baş dəstə rəhbəri” işləməyə başladım. Sonra rabitəyə üz tutdum. Peşəkar fəaliyyətimə başlamam müəyyən qədər ailədən irəli gəldi. Böyük qardaşım Cəbrayıl Osmanov rabitəçi idi. 54 illik təcrübəsi var. İndi əmək veteranı kimi prezident təqaüdü alır. Onun həyat yoldaşı və böyük oğlu Malik Osmanov da rabitəçi idi. İlk illərimə qardaşımla birgə “montajçı” kimi başladım. Sonralar fəaliyyətim tamamilə bu istiqamətə yönəldi. Zamanla dərəcələrim artdı. 6-cı dərəcəyədək yüksəldim. Çalışdığım kollektivdə gələcək həyat yoldaşımla tanış oldum.
- Maraqlıdır. Lap “İşdə Məhəbbət Macərası” filmini xatırlatdınız... Bu məsələyə mütləq qayıdacağıq. Rabitəyə gəlişinizi ailənizlə əlaqələndirdiniz. Tam olaraq nəyi nəzərdə tutursunuz? Rabitəçi ailəsində doğulmuşdunuz?
- Xeyir! Atam Ömər Əliyev ömrü boyu təsərrüfat sahəsində fəhləlik edib. Təsərrüfatla, arıçılıqla məşğul olub. Müəyyən dövrlərdə rayonumuzdakı Lenin adına Sovxozda qarovulçu işləyib. Həm də müharibə iştirakçısı olub. Dunay çayı ətrafındakı döyüşlərdə xüsusi igidlikləri olub. Anam isə evdar qadın idi. Elə böyük qardaşımı nəzərdə tuturdum. Bir də atamın əmisi oğlu Sadıq Əliyev, uzun müddət poçt rəisi çalışmışdı. Demək olar onun da ailəsində hamı rabitəçi idi. Bütün bunlar bir növ ailə bağlarıdır. Deyilmi?
- Doğrudur. Bəs bu sahəyə maraq necə yarandı?
- Mən ümumiyyətlə səbr, təmkin tələb edən işlərə böyük maraqla yanaşmışam. Bu kimi işləri sevmişəm.
- Məsələn hansı işlər?
- Həm məktəbdə oxuduğum illərdə həm də məktəbdə işlədiyim dövrlərdə bütün divar yazılarını, afişa və elanları, divar qəzetlərini, divar rəsmlərini mən çəkirdim. Bayraqlar tikib hazırlayırdım. Hərbi xidmət illərimdə də bütün bu kimi təşkilati və yaradıcı işlərdə xüsusi fəallıq edirdim. Dülgərlik üzrə dərəcəm olub. Hətda bərbərlik və dərzilik qabiliyyətim də var.(gülür)
Rabitə də bütün bunlar kimi həssas və çətin sahədir. Gördüyün işi həvəs, təmkin və səliqə ilə görməlisən. Rabitəçilər yaxşı bilir.
- Deməli rəssamlıq qabiliyyətiniz də va. Bu lap sürpriz oldu. Doğrudan da saydığınız bütün işlər dediyiniz kimi səbr, təmkin və səliqə tələb edir. Bəs bütün bunları bir kənara qoyub niyə məhz rabitəni seçdiniz?
İnsan özünü hansı sahədə daha xoşbəxt hiss edirsə o sahədə də qalmalıdır. Rabitə bir xidmət sahəsidir. İnsanlara xidmət edirsən. Vətənə hər hansı bir sahədə xidmət etmək çox fərqli hissdir, qürurvericidir.
- Bəs bu yolda davam etməyinizin əsas səbəblərindən biri ömür yoldaşınız ola bilər?
- Ola bilər yox. Ümumiyyətlə onun bu işdə öz xüsusi rolu var.
- İndi necə? Yoldaşınız da rabitəçi kimi çalışır?
- Yox. Evdardır. Mən qardaşımın briqadasına gələndə o artıq təcrübəli bir “montajçı” idi. Bir çox rayonlarda ilk ATS-lərin qurulmasında iştirak etmişdi. Ümumən rabitədən çox yaxşı anlayışı var.
- Bəs niyə davam etdirmədi?
- Onun ən böyük xidməti övladlarımızı düzgün tərbiyələndirib, boya-başa çatdırmaq idi və şükür ki, bunun öhdəsindən gəlib.
- Allah can sağlığı versin. Övladlarınız nə işlə məşğuldur? Sizin yolunuzu davam etdirən var?
- Hər iki oğlum informasiya texnologiyaları sahəsində çalışırlar. Böyük oğlum Sədail uzun müddətdir ki, mənimlə eyni şirkətdə Şəbəkə Mütəxəssisi kimi çalışır. Kiçik oğlum Elçin də özəl şirkətlərin birində bu sahədə mütəxəssisdir. Qızım isə ingilis dili müəllimliyini oxuyur. Bu onun ikinci ali təhsilidir.
- Övladlarınızın bu sahəyə gəlməsində sizin rolunuz nə qədərdir?
- Seçimi özlərinə buraxmışdıq. Hərəsinin ayrı ali ixtisasları var. Sədail “beynəlxalq münasibətlər” fakültəsini bitirib. İxtisasca “diplomat”dır. Elçin isə “idarəetmə”ni bitirib. Mən sadəcə bir ata kimi onlara düzgün istiqamət vermişdim. Bayaqkı sualınıza qayıtsaq mən olmasam da onlar rabitəçi ailəsində doğulmuşdular. Gözlərini açıb kabellər, liflər, test cihazları, lehimləmə cihazı, rusca biz ona “паяльник” deyirik də və bu kimi bir çox belə avadanlıqlar görmüşdülər. Bu sahə onlar üçün heç də yad deyildi. Söz elə onlardan düşmüşkən, deyim ki, hər ikisi 44 gün davam edən “Vətən Müharibəsi”nin iştirakçısı oldular. Onların harada olduqlarını yaxşı dərk edirdik amma içimizdə bir qələbə hissi var idi. Çətin də olsa qürurverici günlər yaşadıq. Çox şükür ki, sağ salamat qayıtdılar. Ali baş komandanımızın sərəncamı ilə hər ikisi “Kəlbəcərin azad olunması medalı” ilə təltif edildilər. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah bir də xalqımıza müharibə günləri yaşatmasın.
- Amin Fəzail müəllim. İndi başa düşdüm nəyə görə xidmət sözünü bu qədər çox istifadə edirsiniz. Vətəninizə bağlı insan olduğunuz hər cümlənizdən hiss olunurdu. Bir az haşiyədən kənara çıxaq. Bəs bu bağlığı yaradan nədir?
- Düşünürəm ki, hər şeyin təməlində ailə durur. Atam çox xeyirxah adam olub. Özündən və ailəsindən çox xalqına xidmət edib. Kənd camaatı üçün etmədiyi iş yox idi. Öz əl zəhmətini təmənnasız camaata paylaya biləcək ürəyə sahib idi. Kimisinə ev tikib, kimisini evində yedirib. Kimsəsiz uşaqlara, köməksiz ailələrə əl tutub. Kəndimizdəki ilk məktəbin tikilməsinin əsas təşəbbükarlarından biri olub. Həmin məktəbin inşasında da heç bir təmmanasız birbaşa özü iştirak edib. Kənd camaatı üçün su quyusu qazıb istifadəyə verib və s. Bunları saymaqla bitməz. Gərək onun bu fəaliyyəti üçün ayrıca müsahibə olsun. Beləcə biz də ailədən görürdük. Bütün bunların şahidi olaraq böyüyürdük. Xalqa, insanlara sevginin nə olduğunu anlamağa başlayırdıq.
- Qayıdaq rabitə fəaliyyətinizə. Bir az bu haqqda təəssüratlarınızı bizimlə bölüşün.
- Sovet dönəmindən indiyədək respublikanın bir çox rayon və bölgələrində ilk ATS-lərin qurulmasında iştirak etmişəm. Həmçinin paytaxtımızın 12 rayonunda. Bakıətrafı kənd və qəsəbələrin demək olar hamısının telefonlaşdırılması işində xidmətlərim olub. Mingəçevir, Gəncə, Yevlax, Sumqayıt, Naxçıvan, Lənkəran kimi böyük şəhərlərdə çalışmışam. Sonralar ATS-lər elektronlaşdırıldı. Mən də bu istiqamətdə özümü inkişaf etdirib davam etməyə başladım. “Montajçı” vəzifəsindən başlayıb hal hazırda “ekspert” vəzifəsinə qədər gəlmişəm. Bütün bunların hamısı təcrübə ilə, zəhmətlə qazanılıb. 38 ildir ki, telekommunikasiyadayam. Müasir rabitəmizin qurulmasına gəldikdə isə bir çox beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etmişəm.
- Çalışdığınız şirkətdə ağsaqqal və ən təcrübəli işçi kimi sizin təcrübələrinizdən necə istifadə olunur?
- Ağsaqqal ola bilərəm amma ən təcrübəli demək düzgün ifadə deyil. Çünki bu sahə o qədər dərin və geniş bir sahədir ki, hamısını mənimsəmək qeyri mümkündür. Mənimlə bərabər Eurodesign şirkətində çox savadlı, və təcrübəli kadrlar çalışır. Öz ixtisası üzrə gənc, lakin təcrübələri və bacarıqları kifayət qədər çox olan işçilərimiz var. Biz kollektiv olaraq hər zaman bir birimizin fikirlərinə hörmətlə yanaşırıq. Təbii ki, ən yaşlı işçilərdən biri olduğuma görə fikirlərim çox vaxt ön plana atılır və təcrübələrimə dəyər verilir. Çox sağ olsunlar.
- İndi bu sahədə ekspert vəzifəsini icra edirsiniz. Hansı islahatlar keçirmisiniz və ya hansı təkliflər vermisiniz?
- Bunu sizə ən yaxşı şirkətimizin rəhbərləri deyə bilər, mən yox. (gülür)
- İndi deyirsiniz onlardan da müsahibə alaq?
- Niyə də yox? Bu şirkətdə ixtisasını bilən çox güclü mütəxəssislər cəmləşib.
- Dediniz ki, 38 ildir ki, bu sahədə çalışırsınız. Necə düşünürsünüz? Sizə layiqincə dəyər verilirmi?
- Mənim dəyərim, uğurla tikdiyim ATS-lərdir. Uğurla başa vurduğumuz layihələrdir. Təcrübələrdimdən istifadə olunmasıdır. Yetişdirdiyim tələbələrdir.
- Tələbələriniz var?
- Çoxdur.
- Münasibətləriniz necədir? Bəzi müəllimlər sonralar tələbələrindən narazı olurlar.
- Desəm ki, hər biri ilə münasibət var yalan olar. Mümkün deyil. Səbəbi isə sadədir. Nömrəsini dəyişən olur, başqa yerlərdə yaşamağa gedənlər olur. Qısamüddətli tanışlıqlar olur ki, sonradan mütləq əlaqələrin itməsinə gətirib çıxarır. Normal prosesdir. Çoxu ilə münasibətim var. Elələri var ki, elə indi də birlikdə çalışırıq. Bəziləri var ki, məndən də yüksək vəzifələrdə qərarlaşıblar. Bəziləri fərqli qurum və orqanlarda çalışmağa davam edirlər. Narazılıq yoxdur. Niyə olmalıdır ki? Bəzən haradasa oturanda kimsə yaxınlaşıb görüşür. Deyirəm ki, “üzr istəyirəm tanımadım”. Deyir filan vaxtı filan yerdə birlikdə işləməşik. Yaxud filan vaxtlarda sizdən filan qədər şey öyrənmişik indi bunun bəhrəsini görürük. Hər zaman inkişaf etmələri üçün çalışmışam. Özümdən sonra gələnlərin inkişafı daha çox önəmlidir. Hər birinə daha böyük nailiyyətlər arzulayıram. Sualınızın məqsədini də anladım. Bilirsiniz? Ümumiyyətlə insan bildiyini öyərtməkdən qorxmamalıdır. Tələbən səndən yüksəyə qalxıbsa demək yaxşı öyrətmisən. Buna yalnız sevinmək lazımdır. Əgər nə vaxtsa o öyrətdiyin, əmək sərf etdiyin şəxs səni müəllimi kimi görmək istəmirsə qoy istəməsin. Qoy hər yerdə desin ki, mən filankəsdən heç nə öyrənməmişəm. Hər şeyə özüm nail olmuşam. Bunu sadəcə dildə deyir. Beyini və ürəyi bu reallığı çoxdan qəbul edib. Müəllim öyrədən şəxsə deyirlər. Həyatımızda mütləq bir nəfər də olsa müəllim olur. Gözünü açdığın ilk andan müəllimin var. Anan, atan! Müəllimsiz nəyəsə nail olmaq olmaz.
- İndiki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti barədə nə deyə bilərsiniz? Sizcə indiki vəziyyət necədir?
- Hər kəsin işinin öhdəsindən gəldiyinə və inkişaf üçün əlindən gəldiyini əsirgəmədiyinə inanıram. Bu sahədə durğunluq, kifayətlənmək, “daha bəsdir” demək qeyri mümkündür. Daim inkişaf etməlisən. Yeni texnologiya ilə ayaqlaşmağı bacarmalısan. İnsanlar öyrəndikcə, inkişaf etdikcə ölkənin də texnologiyası inkişaf edəcək. Bunlar bir-biri ilə sıx bağlılıq təşkil edir.
- Bu sahədə hansı yenilikləri təklif edərdiniz?
- Təhsilə çox böyük önəm verilməlidir. Peşəkarlar seminarlara, mühazirələrə, debatlara cəlb olunmalıdır. Fərqi yoxdur, yaşlı ya gənc. Əgər rabitənin tarixindən bəhs ediləcəksə yaşlı peşəkarlar, müasir texnologiyadan bəhs ediləcəksə gənc peşəkarlar daha faydalı olacaq. Təhsil müəssələrində bu sahəyə marağı artıra biləcək infrastruktur var. Tələbələrin diplom işləri hansısa şərti obyektlərin və ya hansısa şərti şəhərin rabitə infrastrukturunun qurulması olmalıdır. Teoriya hər zaman kifayət etmir. Praktika vacibdir.
- Son olaraq gənclərə nə tövsiyyə edərdiniz?
- Səbr və təmkin! Təkcə iş həyatında yox. Şəxsi həyatlarında da. Sevdikləri işin arxası ilə də səbrlə getsinlər! Uğuru qazanacaqlar! Əməklərini təkcə özlərinə yox, xalqın, vətənin inkişafı üçün də sərf etsinlər!
- Çox sağ olun Fəzail müəllim! Sizin kimi səmimi, gülərüz insanla söhbətimiz çox xoş və maraqlı keçdi! Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bir daha peşə bayramınız mübarək!

Nərmin Bəxtiyarqızı
Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilərSon günlər Rusiyanın Ukraynaya hücum təhlükəsi haqqında müxtəlif fikirlər var. Bununla birlikdə Ukraynaya hücum olarsa, Rusiyaya qarşı birlik də formalaşır. Bu da ABŞ və NATO ölkələridir.

Noyabr ayında Amerikanın nəşrləri Rusiya qoşunlarının Ukrayna sərhəddində dislokasiyası haqqında yazırdılar. Bu xəbərlərdən sonra ABŞ-ın Dövlət katibi Antony Blinken Rusiyanın Ukrayna ərazisinə hücum edəcəyi təhlükəsindən danışdı. Daha sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Burns isə Rusiya prezidenti Vladimir Putinlə bu haqda danışmaq üçün Moskvaya uçdu.

Ötən ayın sonlarından etibarən isə rusiyalı diplomatlar Amerikanın müharibə təhlükəsi iddialarına daha sərt cavablar verməyə başlayıblar.

Dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala ziyafətdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynadakı vəziyyətlə bağlı mübahisə etdiyi deyilir.

Bu fikir ayrılıqları yeni müharibədən xəbər verirmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a açıqlamasında bildirib ki, indiki vəziyyətdə Rusiya Ukraynanı qorxutmaq istəyir:

“Hazırda gərginlik artmış vəziyyətdədir. Rusiya böyük qoşun hissələri toplayıb. Bununla da Ukraynanı qorxutmağa çalışır. Çünki Ukrayna Donbasa nəzarət etmək istəyir, belə baxanda, bu onun haqqıdır. Əslində Rusiya anlatmağa çalışır ki, Ukrayna Donbasa ordu yeridərsə, Rusiya da onun ərazisinə daxil olacaq. Çünki Rusiyanın köhnə bir planı var. Bu plan da Ukraynanı parçalayıb, ərazisini işğal etməkdən ibarətdir. Ona görə də burada vəziyyət getdikcə gərginləşməyə başlayır. Qərb və Amerika Rusiyanı xəbərdar edir ki, bu dəfə də müdaxilə olarsa, Rusiya üçün baha başa gələcək. Önəmli olan Ukraynanın təhlükəsizliyinin təminatıdır. Müharibə qeyri-real deyil, ola bilər. Çünki hazırda da Donbasda vəziyyət gərgindir, müharibə ehtimalı azalmayıb”.

Amerika iki ölkə arasındakı mübasibətlərə necə təsir edəcək?

Ekspertin sözlərinə görə, ABŞ-ın müdaxiləsini hələ gözlənilmir:

“Çünki keçən müharibədə də Amerika müdaxilə etməmişdi. Amma hazırda Amerika Ukraynaya kifayət qədər dəstək verir. Lakin Rusiya Ukraynaya müdaxilə edərsə, Qərbin məsələyə hansı şəkildə müdaxilə edəcəyi bu saat sual altındadır. Mən inanmıram ki, Amerika Rusiya ilə müharibəyə girişmək istəsin. Amma onun da nəsə bir planı olacaq. Plan çərçivəsində də Rusiyaya qarşı sərt siyasət yeridiləcək. Hazırkı vəziyyətdə Rusiya da Amerika ilə müharibə aparmaq niyyətində deyil. Çünki bunun ağır nəticələri olacaq. İki ölkənin müharibəsi də təbii ki, bölgəyə təsir edəcək. Çünki ikisi də nüvə dövlətidir”.
Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artırİndi bütün dünyada yüksək inflyasiya əsas problemlərdən birinə çevrilib. Belə şəraitdə ayrı-ayrı ölkələr heç nə edə bilmirlər, çünki istər-istəməz hamı bu və ya digər dərəcədə inflyasiyanı idxal edir. Bu il dünya üzrə ərzağın qiyməti təxminən 3 dəfə artıb.

Bəs qlobal inflyasiya niyə artır, proses nə zamana qədər davam edəcək?

İqtisadçı-ekspert Xalid Kərimli Modern.az-a inflyasiya və onun səbəblərini açıqlayıb.

Ekspertin sözlərinə görə, qlobal miqyasda inflyasiyanın sürətlənməsinin əsas səbəbi 2020-ci ildən başlayan və indi də davam edən pandemiyanın yaratdığı qlobal dəyər zəncirindəki problemlərdir:

“Pandemiyadan çıxışda tələbin kəskin şəkildə təklifi üstələməsi, qlobal təchizat zəncirinin qırılması, əmək bazarındakı disbalans kimi problemlər sözsüz, proseslərə ciddi təsir göstərir. Pandemiya dövründə dövlətlər, təşkilatlar ehtiyaclarını düzgün planlaşdıra bilmədilər. Karantinlər əlavə xərclər yaratdı, bir anda yük daşınmaları kəskin sürətdə yüksəldi. Tələb və təklifin kəskin oynaması yarandı. Bir tərəfdən də, Dünya Mərkəzi Bankları iqtisadi aktivliyi qorumaq üçün daha da ucuzlaşma siyasətini həyata keçirməyə, daha sonra isə iqtisadiyyata pul buraxmağa başladılar. Amerika artıq neçə aydır ki, iqtisadiyyata 120 milyard dollar pul buraxır. Bu da dövriyyədə olan pulun sürətini artıraraq, dəyərdən düşməsinə şərait yaradır. Üstəlik olaraq enerji qiymətlərinin artması da bahalaşmanı sürətləndirdi”.

Bu proses nə zamana qədər davam edəcək?


“Dünya qlobal dəyər zəncirindəki problemlərin 2022-ci ilin yarım illiyindən sonra aradan qalxacağı gözlənilir. Ancaq koronavirusun yeni ştammının çıxmasına ölkələrin reaksiyasını da gözləmək lazımdır. Müşahidə etmək lazımdır ki, ölkələr bu ştamma qarşı nə qədər effektiv yanaşacaq.

Ümumi baxış budur ki, 2022-ci ildə bu problem əsaslı sürətdə yumşalacaq. Eyni zamanda, dünya ölkələrinin mərkəzi bankları yüksələn faiz dəyərləri ilə mübarizə aparmağa başlayırlar. Yaxın müddətdə pulu dövriyyəyə az buraxmağa başlayacaqlar. Bu da ucuz pul siyasətindən imtinaya gətirib çıxaracaq”,- deyə ekspert bildirib.
Əvəz Qurbanlı süni tənəffüs aparatına bağlandıKoronavirusa yoluxan tanınmış şair, jurnalist Əvəz Qurbanlı süni tənəffüs aparatına bağlanıb.

Bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda Ə.Qurbanlının arterial təzyiqi 132/64, nəbzi 69, saturasiyası 95-dir, hərarəti 36-dır. Şairin vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Əvəz Qurbanlı dekabrın 1-də koronavirusun ağırlaşması diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.