Nazirlik qarşısında etirazçılar toplandıHazırda bir qrup vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

Bununla bağlı Axar.az-a açıqlama verən nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, şikayətlərin bir çoxu qurumun fəaliyyət istiqamətlərinə aid deyil:

“ƏƏSMN-nin binası qarşısında hazırda bir qrup vətəndaş öz şikayət və etirazlarını, tələblərini nazirliyin əməkdaşlarına bildirirlər. Sözügedən tələb və şikayətlərin böyük əksəriyyəti ƏƏSMN-in fəaliyyət istiqamətlərinə daxil deyil. Lakin istisnasız olaraq bütün vətəndaşların şikayət və tələbləri dinlənilir, qeydiyyatlar aparılır. Nazirliyin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı müəyyən addımlar atılır, daxil olmayan məsələlərlə bağlı isə vətəndaşlar müvafiq qurumlara yönləndirilir”.
Bu məhsullara görə ƏDV qaytarılmayacaqƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək.

Avrasiya.net-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, sadəcə neft və qaz məhsulları ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilmirdi.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Hərbçimiz faciəvi şəkildə həlak olduAzərbaycan Ordusunun hərbi qulluqçusu gizir Şahin Şəmisəddin oğlu Hüseynov məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - nazirlikdən bildirilib.
Baş həkimin qazi zabitə qarşı haqsızlığı – VideoEhtiyatda olan zabit, Birinci Qarabağ müharibəsinin veteranı, Vətən müharibəsinin isə qazisi olan Qalib Cəfərov 1 ildən çoxdur ki, əlillik statusu ala bilmir.

Bu barədə Axar.az-a Qalib Cəfərovun özü məlumat verib.

Q.Cəfərov 2020-ci ilin 29 sentyabr tarixində səfərbərlik xəbərini eşidən kimi Qaradağ rayon Hərbi Komissarlığına müraciət edərək döyüşlərə könüllü qatılıb. Evin tək övladı, 4 uşaq atası olmasına baxmayaraq, 47 yaşlı qazimiz Vətən savaşına yollanıb.

O, Talış, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə 9-cu bölüyün komandiri olub. Döyüşlərdə göstərdiyi şücaətinə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qalib Cəfərov Vətən müharibəsinin bitməsinə az qalmış, 2 noyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Aldığı zədələrdən sağ qulağı eşitmə qabiliyyətini itirib, şəkərli diabet, kəllə-beyin travmasından əziyyət çəkir. Travmalar səbəbindən qazimizin nitqində qüsurlar yaranıb.

Qaradağ rayonu 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elçin Hüseynov qazimizə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) sənədini verməkdən imtina edir. Həkim məsuliyyətsizliyi səbəbindən 1 ildən çoxdur ki, o, əlillik statusunu ala bilmir.

Daha ətraflı videoda:
Xanım sərnişini çaya dəvət edən sürücü SAXLANILDIBakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

Avrasiya.net xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülər araşdırılıb:

O qeyd edib ki, həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb:

"Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.

“Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş məlumat veriləcək”, - o vurğulayıb
Ukrayna Krımı Rusiyaya könüllü təslim edibKonqresin keçmiş müşaviri Ariel Koen "Newsweek" jurnalı üçün yazdığı məqalədə Ukraynanın Krımı və Qara dəniz donanmasını 2014-cü ildə könüllü olaraq Rusiyaya təslim etdiyini bildirib.

Nəşrin müəllifi iddia edir ki, korrupsiya və səriştəsizlik Kiyevin “Moskvadan asılılığını dayandırmağa” mane olur.

Təhlilçi belə bir fikri ifadə edib ki, hazırda Rusiya Ukraynanın sərhədində “qoşunların cəmlənməsi” səbəbindən ona “təzyiqləri artırır”. Həmçinin Koenin sözlərinə görə, Moskva Kiyevin enerji asılılığından istifadə edir.

Avrasiya.net
Voleybol Federasiyasına yeni baş katib təyin olunduAzərbaycan Voleybol Federasiyasının yeni baş katibi bəlli olub.

Avrasiya.net-in məlumatına görə, qurumda bu funksiyanı “Azərreyl”dən istefa verən klubun prezidenti Fərid Xəlilov yerinə yetirəcək.

O, növbəti 4 il üçün AVF-nin baş katibi təyin olunub. Xəlilov bu vəzifədə Cəlil Cəfərovu əvəzləyib. “Rabitə”nin sabiq prezidenti federasiyanın yeni vitse-prezidenti seçildiyindən baş katib vəzifəsi boş qalmışdı.

Qeyd edək ki, 38 yaşlı Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.
İtkin düşən SOCAR əməkdaşının kimliyi məlum olduÖtən gün SOCAR-ın dənizdə itkin düşən əməkdaşının kimliyi məlum olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, itkin düşən şəxs 1972-ci il təvəllüdlü Mürsəl Həsənəli oğlu Namazovdur:

“Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb.

Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.

İtkin düşən şəxsin vəzifəsi elektrik montyorudur, ailəlidir, iki oğlu var”.
Minsk qrupu Qarabağla bağlı bəyanat verdiATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri Qarabağ nizamlanması ilə bağlı bəyanat qəbul ediblər.

Avrasiya.net TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr tərəfindən müsbət qarşılanır.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələr kimi Rusiya, ABŞ və Fransanın nazirləri Qarabağ nizamlanmasına dair bəyanat qəbul ediblər”.

Nazir əlavə edib ki, Rusiya ATƏT Nazirlər Şurasının cari sessiyasının daha zəngin nəticələrini, o cümlədən 10 ildən artıqdır qəbul olunmayan siyasi bəyannaməni görmək istərdi.
BŞİH vətəndaşlara müraciət edibBaşa çatmaqda olan ilin son ayının birinci şənbə günü - dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.

İcra Hakimiyyətindən Avrasiya.net-ə bildirilib ki, gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.

BŞİH paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.

"Gəlin qalib ölkənin paytaxt sakinləri olaraq yeni ili təmiz şəhərlə qarşılayaq", - müraciətdə vurğulanıb.