Əliyev Aşqabadda nəyə nail oldu?Əliyev Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı: sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək;

2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər də böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir.

Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır:

Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər.

- Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır: bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq;

- Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər;

İkincisi, İranla yeni səhifə açılır:

- Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir;

- İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir: Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır;

Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir.

Asif Nərimanlı
İran: Ən böyük hədəfimiz İsraili məhv etməkdir!İran Baş Qərargahının mətbuat katibi, briqada generalı Əbülfəzl Şikarçı bəyan edib ki, İsraili məhv etmək ölkənin silahlı qüvvələrinin ən böyük hədəfidir.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, İsrail və İran arasındakı gərginlikdən danışarkən bildirib.

“İsraili məhv etmək bizim ən böyük hədəfimizdir və biz bu məqsəddən geri çəkilməmişik”, - deyə Şikarçı qeyd edib.

O, həmçinin Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi İsrailə dəstək verən ölkələri “sionist rejimin bir parçası” adlandırıb.
Ata öz övladını hamının gözü qarşısında oğurladı - VideoMasallı şəhərində ata öz övladını zor gücünə qaçırıb.

Avrasiya.net Asiya TV-yə istinadən xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Belə ki, Göyçay rayon sakini Elvin Tofiq oğlu Əliyev Masallı şəhərində yaşayan keçmiş həyat yoldaşından azyaşlı övladını zor gücünə alaraq, qaçırıb.

Uşağı idarə etdiyi “Nissan Murano” markalı, 10 UK 118 Dövlət nömrə nişanlı avtomobilə mindirən Elvin Əliyev avtomobilin qarşısını kəsən keçmiş həyat yoldaşına xəsarət yetirərək, ərazidən uzaqlaşıb.
Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür - RəisiAzərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyil, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

İran Prezidenti deyib: “Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik”.

Seyid İbrahim Rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.
"Soçi görüşü Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”Soçi şəhərində Azərbaycan Prezidenti Cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı üçtərəfli görüş Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”.

Avrasiya.net xəbər verir ki bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili vurğulayıb ki, bu görüşdə kommunikasiya və nəqliyyat əlaqələrinin gələcək inkişafı, sərhədlərin delimitasiya və demarkasiyası, regionda davamlı sülhün qorunması və inkişaf etdirilməsiylə bağlı müzakirələr aparıldı:

“Soçi görüşünün nəticələrinə aid qəbul edilən birgə bəyanatda “Qarabağ” sözünə rast gəlinmədi. Tam aydın oldu ki, Paşinyan artıq mövcud reallıqları anlayır və qəbul edir. Rusiya prezidenti dəfələrlə dəhliz ifadəsini işlətməklə, Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycan Prezidenti İlham Əliyevlə eyni fikirdə və məramda olduğunu göstərdi. Düşünürəm ki, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri də bu görüşdə ən çox müzakirə olunan aspektlərdən biri oldu.

Ölkəmizin uğurunun əsas cəhətlərindən biri isə cənab İlham Əliyevin bu məsələlərdəki mövqeyi, irəli sürdüyü şərtlər və təkliflərin yekun sənəddə öz əksini tapdı. Paşinyan isə növbəti dəfə dərsə hazırlıqsız gələn tələbə kimi qarışıq və konkret aydın olmayan fikrlərlə yadda qaldı, Və onun “əsir”, “Qarabağ”, “bizim suveren sərhədimiz” və s. mülahizələri özüylə suyu süzülə-süzülə Ermənistana qayıtdı. Beləliklə, sayca üçüncü olan bu görüş növbəti dəfə Azərbaycanın qələbəsi ilə başa çatdı. Hesab edirəm ki,, yaxın günlərdə Soçi görüşün müsbət nəticələrinin şahidi olacağıq".
"Xudayar da o mahnını dağıdılmış yerlərdə oxumuşdu" - Xanəndə xalq şairinin ittihamlarına cavab verdi“Şəhid və onların ailələrinin adı gələn yerdə boynumuz qıldan incədir. İllərdir ki, heç bir təmənna güdmədən şəhid övladlarının toyunda iştirak etmişəm. Nə qədər ömrüm var, yenə də şəhid ailələrinin qulluğundayam. Xudayar qardaşımız “Vətən yaxşıdır” mahnısını toyda oxumuşdu ki? Döyüşə gedəndə əsgər yoldaşlarını ruhlandırmaq üçün onu oxuyurdu. O da bu mahnını hərbçilərimizin yanında, dağıdılmış yerlərdə oxumuşdu. Onda belə çıxır ki, Xudayara irad tutmalıydıq? O döyüş xoş mənzərə idi ki? Nə qədər yorğun olsa da, göstərdi ki, əhvalımız xoşdur və bu yerlər işğaldan azad edilib daha da gözəlləşəcək”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Babək Nifətliyev Zəngilanda ifa etdiyi “Xudayar təsnifi” mahnısının Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı tərəfindən tənqid olunmasına münasibət bildirərkən deyib. Xanəndə Xalq şairinin bu cür fikirləri ilə razılaşmadığını bildirib:

“Bu mahnıya görə Xalq artisti Əlibaba Məmmədova zəng vurub təşəkkürümü bildirdim ki, onun “Xudayar təsnifi” adlandırılmasına icazə verib. Mahnını bir çox xanəndələr oxusa da, bir o qədər də sevilməyib. Amma Xudayar öz ifasıyla bu mahnıya öz möhrünü vurdu və dillər əzbəri oldu. Mən də Azərbaycan Dövlət Televiziyasının solistiyəm və ordan da bildirdilər ki, bu mahnını oxuyum. Mahnını 2008-ci ildə oxumuşdum və o qədər də sevilməmişdi. Xudayarın ifasından sonra bu mahnının xalqımızın qəlbində ayrıca yeri oldu. Buna artıq “Xudayar təsnifi” deyirlər.

Sabir müəllim bilməlidir ki, 44 günlük Vətən müharibəsində mən də döyüşlərin ən qızğın yerlərində olmuşam. Əsgərlərimiz üçün vətənpərvər mahnı ifa etdim. Amma bəziləri kimi xaricə qaçmadım, əsgərlərimizin yanında oldum. Mahnını bu dəfə də tam başqa tərzdə ifa etdim. Bu mahnını ifa edəndə Xudayarın timsalında bütün şəhidlərimiz gözümüzün önündə canlanır.

Gördüyümüz işləri çoxlarının gözü görmür. Nəsə bir nöqsan axtarmağa çalışırlar. Amma bir sual etmək lazımdır ki, görən bunların qohum-əqrabasında əsgərlikdə olanı varmı?! Müharibə vaxtı cəbhədə olanda tanınmışlardan çox az adamı orda gördüm. "Xudayar təsnifi”nin adı gələn yerdə biz ifa etmirik ki? Bu isə ilk növbədə şəhidimizə hörmətsizlikdir. Düşünürəm ki, Sabir bəy Xudayarın döyüş səhnəsində bu mahnını ifa etməsindən xəbərsizdir. Təbii ki, siyasətçilərin məsələyə bu cür yanaşması adamı təəssüfləndirir. Bilməlidirlər ki, bu mahnı artıq əsgərlərimizin himninə çevrilib. Ona görə də biz bunu şən günümüzdə də, ən ağrılı-acılı günümüzdə də oxumalıyıq. Mən döyüş vaxtı səngərdə vətənpərvər mahnı oxuyanda çoxları orda yox idi. Efirdə oxumağa nə var ki?!”

Qeyd edək ki, Xalq şairi Sabir Rüstəmxanlı Əməkdar artist Babək Niftəliyevin Zəngilanda “Vətən yaxşıdır” mahnısını oxumasını tənqid edib. O, sosial şəbəkədə yazdığı statusunda bunu gülünc adlandırıb və təəssüfləndiyini bildirib:

“Ənənəvi musiqi üçlüyü - tar və kamança ifaçıları, bir də müğənni, əlində qaval... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar, burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək. Ancaq mahnını dinləyəndə heyrətə gəldim”
Bakıda 18 yaşlı qız özünü BİNADAN ATDIBakıda 18 yaşlı qız intihar edib.

Avrasiya.net xəbər verir ki, hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb.

Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


"Bu görüşün nəticəsi Azərbaycan diplomatiyasının növbəti uğurudur"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Soçi görüşü öncədən də gözlədiyimiz nəticələrlə yekunlaşdı. Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanat Azərbaycanın maraqlarına cavab verir və qarşımıza qoyduğumuz məqsədlərə nail olduğumuzu göstərir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın bir illik nəticələrinə həsr olunmuş Soçi görüşündə imzalanan bəyanat prinsipcə 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır. Bu bəyanat öncəki bəyanatların əsasında tərəflərin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi işinin sürətləndirilməsi üçün yeni “yol xəritəsi” cızır və qarşıya yeni vəzifələr qoyur. Artıq real addımların atılması mərhələsi başlanır.

Həm nəqliyyat dəhlizlərinin açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ortaq məxrəcin əldə edilməsi yaxın zamanlarda bu istiqamətlərdə praktik addımların atılacağını göstərir. İlk növbədə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulur. Sözügedən komissiya sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərini bu ilin sonuna kimi işləyib hazırlayacaq. Soçi görüşündə alınan bu qərarlar və proseslərin sürətlənməsi Azərbaycanın maraqlarına tam cavab verir. Görüşdə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dəfələrlə açıq bəyan edib ki, sərhədlərin delimitasiyası prosesinə təxirə salınmadan başlamağa hazırdır. Azərbaycan Prezidentinin bu qətiyyətli mövqeyi və Vladimir Putinin vasitəçi tərəf kimi tələbkarlığı Ermənistanın avantürist baş naziri Nikol Paşinyanı da sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Azərbaycan və Rusiya ilə eyni mövqedən çıxış etməyə məcbur etdi.

Biz bu görüşdən öncəki açıqlamalarda da qeyd etmişdik ki, Paşinyanın bütün bəhanə və manevrləri, 10 noyabr və 11 yanvar bəyanatlarının şərtlərini yerinə yetirməkdən boyun qaçırmaq üçün bütün imkanları artıq tükənmək üzrədir və Paşinyanın Azərbaycanın tələblərini qəbul etməkdən, sülhə razılaşmaqdan başqa bir yolu, çarəsi yoxdur. Görüşün nəticələri də bu fikrimizi təsdiqləyir. Bu görüş Azərbaycan diplomatiyasının növbəti uğuru, İlham Əliyevin aktivinə yazılan siyasi qələbə kimi qiymətləndirilməlidir. Azərbaycan bu görüş nəticəsində istədiklərini əldə etdi, qarşı qoyulan hədəflərinə nail oldu. Erməni mətbuatı və müxalifəti isə Soçi görüşünü Ermənistanın növbəti məğlubiyyəti kimi dəyərləndirir. Bu da təbiidir.

Paşinyanın bu görüşdə Azərbaycan və Rusiya liderlərinin iradəsi ilə razılaşmaqdan və ortaq mövqe nümayiş etdirməkdən başqa bir yolu yox idi. Paşinyan Soçi görüşündə maket rolunu oynayırdı. Soçi bəyanatının mətnində yer alan məsələlər də bu fikrimizi təsdiqləyir. Bəyanatda əsas etibarilə rəsmi Bakının diktə etdiyi məsələlər öz əksini tapıb. “Qarabağın statusu” kimi təxribatçı ifadənin bəyanatın mətninə salınmaması, habelə Ermənistan tərəfinin Soçi görüşü öncəsi tez-tez gündəmə gətirdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da bu görüşdə Ermənistanın deyil, Azərbaycanın həlledici mövqeyə sahib olduğunu sübut edir. Bir sözlə, Soçi görüşü, Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin qalib gəlməsini təmin etdi. Bu isə öz növbəsində Brüsel görüşü ərəfəsində Azərbaycanın mövqeyini gücləndirmiş oldu.
SOCAR 1674 işçisini ixtisara SALDISOCAR 1674 işçisinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Avrasiya.net-in xəbərinə görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Facebook” səhifəsində yaydığı açıqlamada bildirib ki, kadr dəyişiklikləri ilə bağlı zaman-zaman istifadə olunan məfhumlardan biri də "sərbəstləşən" və ya "sərbəstləşdirilən işçilər" anlayışıdır.

”Əslində isə SOCAR-ın daxili məlumat mübadiləsində və ictimaiyyətə verilən açıqlamalarda bəzən istifadə olunan bu məfhum Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunub: "1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər". Əlbəttə, insanların - zərurət ucbatından olsa belə - işsiz qalması sevindirici bir hal deyil. Məhz buna görə SOCAR öz sosial məsuliyyəti nəticəsində (qanunvericilik bunu SOCAR-dan tələb etməsə də), sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir”, - İ. Əhmədov qeyd edib.

O həmçinin əlavə edib ki, bu layihə çərçivəsində, sərbəstləşən işçilərə (işləməsələr belə) son aldıqları ortalama aylıq əmək haqqının 50%-nin hər ay ödənilməsi təklif olunur.

Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş (və ya fəaliyyətsiz qalmış) işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır.

“Mən aşırı pafosun tərəfdarı deyiləm, ancaq bu sadəcə bir həqiqətdir ki, bildiyim qədər, başqa şirkətlərin mütləq əksəriyyəti özlərinin ixtisara düşən işçiləri üçün belə bir şərait yaratmır”, - İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR-da aparılan optimallaşdırma tədbirləri ilə əlaqədar bu günə qədər sərbəstləşən işçilərin sayının 1674 nəfər olduğunu bildirib.

İranda toqquşma, 120 nəfər həbs edildi: ölənlər varDünən İranın İsfahan şəhərində keçirilən etirazlarda polislə aksiyaçılar arasında toqquşma yaşanıb.

Avrasiya.net xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, etirazlar dünən gecəyə qədər davam edib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumatda isə dünənki etirazlarda 120 nəfərin həbs olunduğu, üç nəfərin isə öldüyü bildirilib.

Qeyd edək ki, İsfahanda etirazlar Zayəndərud çayının quruması səbəbindən başlayıb.