İlham Əliyev Soçiyə getdiNoyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Yolu verməsək, Azərbaycan Ordusu girəcək - PaşinyanDünən Sünikin (Zəngəzur) meri ilə görüşdə Nikol Paşinyan təkcə dəhliz barəsində danışmayıb, eyni zamanda “arsax” barədə sensasiyalı bəyanat verib.

Bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Arsax Azərbaycanındır. Bizi 30 ildir aldadıblar, sonu belə olmalı idi, oldu da. Biz yolları bağlaya bilmərik, Zəngəzurdan Azərbaycanla Naxçıvanı birləşdirən yol verməyə bilmərik, çünki Əliyev buna hərbi vasitələrlə nail olmağa çalışacaq, bizim buna müqavimət göstərmək üçün resurslarımız yoxdur”, - Paşinyan bildirib.
İctimai Şuranın nümayəndələri Regional Seminarda iştirak ediblərDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov və üzvü Vidadi Fətullayev Bakı şəhərində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilən “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması” Regional Seminarda iştirak ediblər.

Seminarın giriş sessiyasında çıxış edən A.Allahverənov Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı əsas gözləntilərini ifadə edib, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə bir təlim meydançasının uğurlu bir alət olacağına dair əminliyini vurğulayıb və bu müstəvidə həyata keçiriləcək tədris işlərinin effektivliyinin təmin olunması məqsədilə aparılan ehtiyacların qiymətləndirilməsinə dair təkliflərini verib. Azərbaycandan olan miqrasiya axınları üçün Rusiyanın təyinat ölkəsi olduğuna diqqət çəkən V.Fətullayev təklif edib ki, Miqrasiya üzrə Regional Təlim Mərkəzinin təlim moduluna həm də Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən azərbaycanlı miqrantlar üçün rus dili, bu ölkənin tarixi və miqrasiya qaydaları ilə bağlı tədris mövzuları da daxil edilsin və bu kursları bitirmiş şəxslər təyinat ölkəsində tanınacaq sertifikatlarla təmin olunsunlar. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təmsilçiləri qeyd olunan istiqamətlərdə elmi-nəzəri və praktiki təcrübələrini bölüşməyə hazır olduqlarını ifadə ediblər.

İki gün davam edən seminarda MRTM-in əhatə dairəsinə daxil olan hədəf ölkələrində miqrasiya ilə bağlı mövcud institusional imkanların və təlim ehtiyaclarının qiymətləndirilməsi üzrə aparılan tədqiqatın nəticələrinə nəzər salınıb, Təlim Mərkəzinin qurulmasına dair tövsiyələr irəli sürülüb və bu təsisatın fəaliyyətini müəyyən edən Yol Xəritəsinin hazırlanması ilə bağlı məlumat verilib. Seminarda vətəndaş cəmiyyəti və miqrantların cəlb edilməsi üzrə ən yaxşı təcrübələr nəzərdən keçirilib və bildirilib ki, tədbir iştirakçılarının xüsusi marağına səbəb olan beynəlxalq təcrübə mübadiləsi həm də Miqrasiya üzrə Regional Təlim Mərkəzinin işinin daha təkmil şəkildə qurulmasına səbəb olacaq.
BAXCP sədri Beynəlxalq Parlamentlər İttifaqının 143-cü assambleyasında iştirak edəcəkBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində noyabrın 26-30-da Madriddə keçiriləcək Beynəlxalq Parlamentlər İttifaqının (Inter-Parliamentary Union – İPU) 143-cü assambleyasında iştirak etmək üçün İspaniyaya yola düşüb.

Qeyd edək ki, assambleyada siyasi sistemlərə ictimai etimadın azaldığının müşahidə olunduğu, qütbləşmənin dərinləşdiyi və sosial şəbəkələrdə dezinformasiyaların artdığı müasir dövrdə demokratiyanın qarşı-qarşıya qaldığı çağırışlar müzakirə olunacaq, həlli yolları axtarılacaq.
"Xudayar" təsnifi şit diringi deyil"  - AzTV- dən millət vəkilinə sərt reaksiyaAzTV millət vəkili Sabir Rüstəmxanlının televiziya kanalının “Oxuyur Vətən” layihəsi ilə bağlı iradına cavab verib. TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin cavabında bildirilir ki, layihənin məqsədi gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır “Bəzən elə məsələlər var ki, sözün düzü, açıqlama vermək belə çətindir.

Millət vəkili Sabir Rüstəmxanlının “Oxuyur Vətən” layihəsinə iradı, işğaldan azad olunmuş ərazilərdə səslənən “Qarabağ şikəstəsi”, “Xudayar” təsnifi, “Qarabağ”, “Ey Vətən”, “Azərbaycan” və s. xalq və müəllif mahnılarının səsləndirilməsinə neqativ reaksiyası və həmin mahnıları “şit diringi” adlandırması əsla anlaşılan deyil. Sabir Rüstəmxanlının irad tutduğu “Xudayar” təsnifinin Zəngilanda dağıntılar fonunda ifasına gəlincə isə burada da nəyəsə irad tutulması başadüşülən deyil və məntiqsiz görünür.

Çünki şəhidimiz Xudayar Yusifzadə bu təsnifi məhz Zəngilanda ifa edib və məhz Zəngilanda da şəhidlik zirvəsinə ucalıb. Bundan başqa, Azərbaycanın məqsədi ermənilərin işğal dövründə torpaqlarımızı viran qoyduğunu dünyaya çatdırmaqdır.

“Oxuyur Vətən” layihəsinin də məqsədi, heç şübhəsiz ki, gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır. Üçüncüsü isə bu gün vətənpərvərlik mahnılarının Bakıda və ya digər bölgələrdə deyil, məhz işğaldan azad olunmuş ərazilərdə ifa edilməsinin çox ciddi siyasi, ideoloji tərəfi var. Yəni bütün bunları bir kənara qoyub görülən işə, xüsusən də “Xudayar” təsnifinə şit və diringi kimi yanaşmaq, düşünürük ki, heç kimə başucalığı gətirmir”.

Xatırladaq ki, Vətən müharibəsinin ildönümü ilə bağlı Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi layihələrdən biri də “Oxuyur Vətən”dir. Layihənin hər buraxılışı işğaldan azad olunmuş bir rayonda, şəhərdə, kənddə çəkilir və düşmənin həmin ərazilərdə daşı daş üstündə qoymadığını, tarixi abidələri viran qoyduğunu musiqi dili ilə dünyaya nümayiş etdirir.
Cahangir Əsgərov Ərdoğanın iradından nəticə ÇIXARDI - FOTO“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) baş direktoru Cahangir Əsgərovun xarici görünüşündə nəzərə çarpan dəyişiklik medianın diqqətindən yayınmayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının dünənki iclasından yayımlanan fotoşəkildə Cahangir Əsgərovun bığ saxladığı məlum olub.

Xatırladaq ki, bu il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZAL-ın baş direktoru Cahangir Əsgərova bığ saxlamadığına görə irad tutmuşdu.

Həmin mərasimdə Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarını prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə təqdim edərkən ölkə başçıları onunla zarafatlaşmışdılar.

Ərdoğan Cahangir Əsgərovu göstərərək "onun bığı vardı, indi yoxdu" demiş, İlham Əliyev isə gülərək, "bığı tökülüb",- deyə zarafat etmişdi.

Cahangir Əsgərov isə Zəngilan Beynəlxalq Hava Limanının qarşıda gözlənilən açılışını nəzərdə tutaraq prezidentlərə "Zəngilanda olacaq"-, sözü vermişdi.

AZAL-ın dünənki toplantıdan yaydığı şəkil sübut edir ki, Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutaraq, bığ saxlamağa başlayıb. Halbuki, indiyə kimi onun bığı olmamışdı.
Ermənilər Qarabağda məhv edilmiş məşhur terrorçuya abidə qoydularErmənilərin Vardenis adlandırdığı Basarkeçər rayonunun mərkəzində məşhur terrorçu Monte Melkonyanın büstü qoyulub.

Modern.az xəbər verir ki, ermənilər büstü Qarabağda məhv edilmiş Melkonyanın doğum günündə - dünən açıblar.

Monte Melkonyana Ermənistanın və Qarabağdakı separatçı rejimin “milli qəhrəmanı” adı verilib

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyununda Qarabağda döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.
Azərbaycanda hərbçi bıçaqlandıMingəçevirdə hərbçi bıçaqlanıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində baş verib.

Səhər saatlarında 1999-cü il təvəllüdlü İsmayıl Farizarif oğlu Şirinov mübahisə zəmnində naməlum şəxs tərəfindən bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxsin müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.
Bakı 2 yaralı ermənini müalicə edib İrəvana qaytardıAzərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Avrasiya.net məlumatın mətnini təqdim edir:

Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil vermişdir.

Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilmişdir.

Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılmışdır.

Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilmişdir.
Azərbaycanda pandemiya bu tarixdə bitəcəkİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksini gətirilib. Ötən həftə isə daha 99 000 doza vaksin ölkəyə çatdırılıb.

Məlumdur ki, Bakıda olan “Pfizer” vaksinin 6 aylıq müddəti başa çatıb, amma Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVİD-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərib. Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bəs görəsən, yeni gətirilənlər də 6 ay əvvəlki istehsaldır, yoxsa...

Avrasiya.net xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova Musavat.com-a mövzunu belə şərh edib:

“Vaksinlərin saxlanma şəraiti və yararlılıq müddəti ilə bağlı araşdırmalar Avropa Dərman Agentliyi EMA və Amerika Qida və Dərman Administrasiyası tərəfindən aparılır. Bununla bağlı tövsiyələr peyvəndin istifadəsi və saxlanmasına dair may ayında artıq verilmişdi. ÜST bu qurumların bəyanatlarını rəhbər tutaraq məktubda vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məlumat bildirib. Hazırda ölkəmizdə istifadə olunan peyvəndin yararlılıq müddəti 31 dekabr 2021-ci ilədək hesab olunur”.

K.İsmayılova əlavə edib ki, hazırda koronavirusla bağlı epidemioloji vəziyyət ölkəmiz üçün stabil hesab oluna bilər:

“Lakin yanaşı olaraq mövsümi infeksiya halları da izlənir. Qəfil və kəskin iqlim dəyişikliyi də buna öz növbəsində təkan verən amillər sırasındadır. Mutasiya etmək viruslara xas xüsusiyyətdir, bu, əhalidə narahatlıq doğurmalı deyil, sadəcə olaraq, qorunma tədbirlərinə əməl etmək yetərlidir. Hazırda dünyada ən çox ölüm sayı Rusiyada izlənilir, bu isə onlarda vaksinasiya olunmuş əhalinin sayının azlığı ilə əlaqələndirilir. Azərbaycanda hazırda buster doza alan şəxslər kifayət saydadır”.

Bəzi ekspertlər isə hesab edirlər ki, bu yeni virus infeksiyaları, mutasiyalar süni olaraq ona görə yaradılır ki, dünya əhalisinin sayı azalsın. Bu doğrudurmu?

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də mövzu ilə bağlı fikirlərini bildirib:

“Qətiyyən razı deyiləm, bunlar hamısı cəfəngiyyatdır. Bizim marketdən alıb yediklərimiz, aldıqlarımız, telefonlarımız kifayət edir, bizi öldürmək istəsələr, heç əlavə virusa ehtiyac olmaz. İnsanların sayını azaltmaq üçün vasitələr çoxdur... Ona görə də belə cəfəng söhbətlərə inanmaq lazım deyil”.

Həkim yaza qədər pandemiyanın Azərbaycanda tamamilə yekunlaşacağını düşündüyünü də bildirib.