"Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq"Soçi görüşü 10 noyabr bəyanatının bəndlərini həyata keçirilməsi üçün zirvə görüşü oldu. İki tərəf arasında bir çox önəmli məsələlərin həlli üçün müsbət, addımlar atıldı. Əsas müzakirə predimeti delimitasiya, demarkasiya və kommunikasiya problemləri oldu. Tərəflər bu seqmentdə razılığa gəldilər.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında siyasi analitik Elman Vəliyev bildirib.

Onun sözlərinə görə, bu problemlərin həlli istiqamətində işçi qrupu yaradılacaq və çox vaxt itkisinə yol vermədən həll ediləcək:

"Əsas məsələ burasındadır ki, hansı xəritələr əsasında delimitasiya prosesləri gedəcək?

Əminəm kimi, bu proses 1991-ci ilə qədər olan xəritələr əsasında aparılacaq. Bu proses nəticəsində Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq, əlindəki anklavaları geri qaytaracaq. “Dağlıq Qarabağ” adlı muxtar dövlət xəyal olaraq qaldı.
Tərəflər qarşılıqlı kompromis əsasında kommunikasiyaların, nəqliyyat yollarının açılmasına razılıq verdilər. Azərbaycan Naxçıvanla birbaşa əlaqə saxlaya biləcək və bunula da Naxçıvan daha azadə şəkildə gediş-gəliş obyektinə çevriləcək. Ermənistan da Azərbaycan ərazisindən istifadə edərək blokadadan çıxa bilmə şansı əldə edəcək. Ola bilər ki, bu yolların təhlükəsizliyini Rusiya öz üzərinə götürdü.

Rusiya tərəfinin hər iki tərəfə sülh simvolu olaraq zeytun budağı hədiyyə etməsi, münaqişə tərəfləri arasında sülhün başlanğıcını qoydu".
Bundan sonra regionda vəziyyət daha təhlükəsiz olacaqNail Cəlil: “Ermənistan yeni reallıqları qəbul etməyə və sülh müqaviləsi imzalamağa məhkumdur”

“Azərbaycan, Rusiya, Ermənistan dövlət başçılarının Soçidə keçirilən üçtərəfli görüşünün nəticələrini yetərincə müsbət və nikbin ovqatda qiymətləndirmək mümkündür. Görüşün detalları, yekun olaraq qəbul edilən Soçi bəyanatının müvafiq bəndləri məhz belə qənaətə gəlməyə əsas verir. Bəyanatın məzmununa diqqət yetirdikdə ölkəmizin Soçi görüşü ərəfəsində qarşıya qoyulan hədəflərə əsasən, nail olduğu aydın görünür. Ən vacib məqam odur ki, 26 noyabr bəyanatında avtomobil və dəmir yollarının açılması, eləcə də sərhədlərin delimitasiya və demarkasiyasına başlanılması, müvafiq həll mexanizmlərinin qısa müddətdə dəqiqləşdirilməsi nəzərdə tutulub”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə eksklüziv açıqlamasında üçtərəfli Soçi görüşünün yekunlarını şərh edən tanınmış politoloq Nail Cəlil səsləndirib. O qeyd edib ki, Prezident İlham Əliyev haqlı, ədalətli və güclü mövqeyi hər hansı şərt qoyulmadan Soçi bəyanatında tam əksini, ifadəsini tapıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat konfransında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı “dəhliz” ifadəsini dəfələrlə vurğulaması belə nəticəyə gəlməyə əsas yaradır: “Digər tərəfdən, bir il əvvəl imzalanan 10 noyabr bəyanatında Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrinin maneəsiz, Rusiya silahlı qüvvələrinin nəzarəti altında bərpası şərti öz əksini tapıb ki, bu elə Zəngəzur dəhlizinin mütləq şəkildə açılması deməkdir”.

Politoloq Nail Cəlil onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması regional əlaqələrin genişlənməsi, “İpək yolu”nun 1000 kilometrdən artıq qısalması, Rusiyanın beynəlxalq vasitəçi və sülhün təminatçısı kimi, regionda rolunun möhkəmlənməsi, regional siyasi-iqtisadi əməkdaşlığın yeni müstəviyə keçməsi deməkdir: “Regional əməkdaşlıq və inteqrasiya müəyyən qlobal güclərin təsiri altında prosesə açıq və gizli müqavimət göstərməyə çalışan Ermənistanın da maraqlarına uyğundur. Bəlli olan odur ki, baş nazir Paşinyan xarici güclərin himayəsi və daxili müxalifətin təzyiqi altında bu prosesi yubatmağa çalışır. Lakin Soçi bəyanatı bir daha təsdiqləyir ki, Ermənistan yeni reallıqları qəbul etməyə və yekunda sülh müqaviləsi imzalamağa məhkumdur”.

Politoloqun sözlərinə görə, yeni reallıqlardan biri də Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində əhəmiyyətli dərəcədə möhkəmlənməsidir: “Bu dövlət başçılarının qarşılıqlı səmimiyyətində, regional problemlərin birgə, konstruktiv həlli ilə bağlı fəal dialoqda öz əksini tapır”.
Nail Cəlil sonda bildirib ki, Soçi bəyanatı Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşmanı və sülh müqaviləsinə hazırlıq prosesinin başlanması ilə bağlı konkret razılaşmanı ifadə edir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra regionda vəziyyət daha təhlükəsiz olacaq, proseslər əməkdaşlıq müstəvisində, konstruktiv məcrada cərəyan edəcək”.
Soçi görüşünün nəticəsi: üçtərəfli bəyanatda nələr var? - TƏHLİLSoçi görüşü üçtərəfli bəyanatın imzalanması ilə yekunlaşdı. Bəyanatı iki kontekstdə qiymətləndirmək olar.

Birincisi, sərhədin delimitasiya və demarkasiyasıdır:

Tərəflər sərhədin müəyyənləşməsi ilə bağlı razılaşırlar. Burada diqqətçəkən məqam yaradılacaq ikitərəfli komissiyanın fəaliyyətidir. Bəyanatda qeyd olunur ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.

Bu qeyd iki fərqli fikri yaradır: delimitasiya və demarkasiya prosesini yaradılacaq ikitərəfli komissiya həyata keçiriləcək; delimitasiya – xəritə üzərində sərhədin müəyyən edilməsi - Rusiyanın vasitəçiliyi ilə həll olunur, demarkasiya – müəyyən edilən sərhədin yerində işarələnməsi – Azərbaycan və Ermənistanın ikitərəfli komissiyası tərəfindən aparılır;

İkinci fikir daha real görünür:

- əlində xəritələr olan Rusiya bütün prosesi ikitərəfli komissiyaya buraxmaq istəməz;
- mətndən də görünür ki, delimitasiyadan sonra tərəflər ikitərəfli komissiyanın yaradılması üçün Rusiyaya müraciət edəcəklər;
Məsələnin bu cür qoyuluşu sərhədin hansı xəritəyə əsasən aparılacağı üzərində şifahi razılaşmanın olduğu fikrini önə çıxarır və Moskva əlindəki xəritə üzərində sərhədin cızılması prosesində iştirak etdikdən sonra demarkasiyanı tərəflərin öhdəsinə buraxacaq.

İkincisi, kommunikasiyanın bərpasıdır;

Bəyanata görə, tərəflər kommunikasiya bərpası üzrə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayırlar.

Bu, kommunikasiyanın bərpası qrafikinin təsdiq edilməsi deyil. Görünür, bununla bağlı hələ də dəqiqləşdirilməyən məqamlar var, xüsusilə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi irəliləyişi çətinləşdirir. Üçtərəfli görüşdə səslənən fikirlər yaxın vaxtlarda bununla bağlı addımların atıla biləcəyi yönündə idi.

Üçtərəfli bəyanat ümumilikdə Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş əvvəlki bəyanatlara sadiqliyin ifadə edilməsi xarakteri daşıyır. Müəyyən qədər irəliləyişin yalnız sərhədlə bağlı olduğunu deyə bilərik.

Asif Nərimanlı


Qərb Ərdoğanı buna görə devirməyə çalışır - MarkovAydındır ki, ABŞ və AB Türkiyədəki son vəziyyətdən istifadə etməyə cəhd göstərir.

By sözləri rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Sputnik”ə açıqlamasında Türkiyədə milli valyuta dalğalanması haqda danışarkən deyib.

“Onların ölkədə siyasi vəziyyəti daha da pisləşdirəcək yeni təşəbbüslərlə çıxış edəcəklərini gözləmək lazımdır. Seçkilərə hələ iki il var. Bu müddət ərzində Ərdoğanın mövqeyini düzəltməyə imkan verəcək hadisələr baş verə bilər. Bununla belə, hazırda rəqibin hesabı yaxşıdır. Bəlkə də indiyə qədər görülən ən yüksək nöqtədədir. Şübhəsiz ki, bu gün hakimiyyətə gələ biləcək müxalifət ABŞ və AB-nin tərəfindədir. Qərb isə Rusiya ilə də yaxşı münasibətləri olduğu üçün Ərdoğanı devirməyə çalışır.

Ərdoğan ancaq Moskva və Pekindən real dəstək ala bilər. Türkiyə Avrasiya İqtisadi Birliyinə üzv ola bilər. Bu, Rusiya və Türkiyəni çox gücləndirər”, - deyə Markov bildirib.
SOCAR Ermənistan bazarına bu cür girirGorus-Qafan yolunda Azərbaycan gömrük və sərhəd postunun qurulması Ermənistanın daxili bazarında enerji daşıyıcılarının qiymətinə təsir edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan danışıb.

O iddia edib ki, bu müddət ərzində İran maşınlarının axını azalıb və nəticədə yanacaq qıtlığı müşahidə edilib. Belə ki, bunun nəticəsində 29 oktyabrda Ermənistanda yanacaq qiymətləri qalxıb. Ancaq bu, son olmayacaq.

Onun sözlərinə görə, Ermənistanda maşınlar qiymətə görə daha çox maye qazla işləyir:

“Məsələ burasındadır ki, maye qaz Ermənistana irihəcmli yük maşınlarında gətirilir. Bu maşınlar üçün Ermənistan hakimiyyətinin çəkdiyi alternativ dolama yollar isə çox dar və keçilməzdir”.

O, həmçinin qiymətlərin qalxmasına həm də qlobal səviyyədə qiymət bahalaşmasının səbəb olacağını bildirib.

Qeyd edək ki, ötən gün SOCAR-ın Gorus-Qafan yolunda yeni yanacaqdoldurma məntəqəsi açması barədə xəbər ciddi rezonans yaradıb. Bir çoxları düşünür ki, SOCAR-ın yanacaq məntəqəsində qiymətlərin daha ucuz olması, üstəlik Gorus-Qafan yolunun alternativ yoldan müqayisəedilməz dərəcədə rahatlığı Ermənistan vətəndaşlarının bu yoldan və SOCAR-ın yanacaq məntəqəsindən istifadəsini stimullaşdıracaq. Bu isə Ermənistan bazarına Azərbaycanın ilk nüfuzudur.
Soçi görüşünün nəticələri birmənalı olaraq müsbət dəyərləndirilməlidirCənubi Qafqazda süni və lokal qarşıdurma ocaqları, aqressiv və barışmaz mühit yaratmaqla 44 günlük müharibənin formalaşdırdığı reallıqların bölgədə sülhün, əminamanlığın təmin edilməsinə təsir imklanlarını məhdudlaşdırmağa çalışan qüvvələrin cəhdlərinə, həmçinin rəsmi İrəvanın daxili ictimai rəyə və regiondankənar amillərə istiqamətlənmiş ənənəvi manipulyativ davranışlarına baxmayaraq, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Errmənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüş baş tutdu və 3 saaat davam edən müzakirərin nəticəsi olaraq, 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinin və dönmədən riayət olunmasının vacibliyinin vurğulandığı bəyanata imza atıldı.

Son 11 ay ərzində bölgədə cərəyan edən prosesləri, regiondaxili və xarici qüvvələrin spekulyativ revanşçı davranışlarını, Cənubi Qafqaza münaqişələr vasitəsilə təsir imkanlarının məhdudlaşması ilə barışa bilməyən, illeqal iqtisadi fəaliyyətdən və digər qeyri-qanuni, cinayət xarakterli gəlir mənbələrindən əli üzülən regional, subregional və qlobal subyektlərin pozucu cəhdlərini, uğursuz əzələ nümayişlərini, insan ölümləri ilə nəticələnən hərbi provakasiyaları, saysız-hesabsız digər təxribatları nəzərə alsaq, Soçi görüşünün nəticələri birmənalı olaraq müsbət dəyərləndirilməlidir.
Şübhəsiz ki, keçirilməsi noyabrın 9-da gözlənilən və yuxarıda qeyd etdiyim səbəblərdən ertələnən görüşün keçirilməsi və imzalanan sənəd Azərbaycanın konkret fakt daxilində qarşısına qoyduğu məqsədlərə nail olduğunu nümayiş etdirir.

Yekun sənəddə rəsmi İrəvanın postmüharibə dövründə revanşçı daxili və maraqlı xarici dairələrə hesablanmış bütün bəyanat və açıqlamalarına rəğmən, “Qarabağ” ifadəsinə, Ermənistanın və istifadəçi-himayəçilərinin “əsir və girov”larla bağlı qondarma iddialarına yer ayrılmayıb. Bu isə rəsmi İrəvanın müzakirə predmetinə çevirmək istədiyi bütün məsələlərin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyini və Ermənistanın növbəti dəfə rəsmi Bakının prinsipial mövqeyi ilə barışmağa məcbur olduğunu nümayiş etdirir.
Yekun bəyanatda yer alan daha bir önəmli məqam sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Burada da Azərbaycanın mövqeyi əsas götürülüb. Fikrimi əsaslandırmaq üçün, Soçidə imzalanan üztərəfli bəyanatın müvafiq hissəsindən iqtibas gətirmək istəyirəm. Beləliklə bəyanatda qeyd olunur:

“Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.

Təqdim etdiyim iqtibasdan da göründüyü kimi, Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hissələri fərqli müzakirə və icra kontekstindən təqdim olunur. Və bəyanatdan nümunə gətirdiyim hissədən də göründüyü kimi, sərhədlərin delimitasiyası, yəni masa üzərində razılaşdırılması prosesində üçüncü tərəf iştirak etmir. Müzakirələr üçüncü tərəfin, yaxud tərəflərin iştirakı olmadan Azərbaycanla Ermənistan arasında aparılır. Rusiya isə bu prosesə sonradan, həm də tərəflərin sorğusu əsasında, masa üzərində razılaşdırılmış məsələlərin icrası – sərhədlərin demarkasiyası (xətlənməsi) zamanı, məsələhətçi kimi qoşulur. Bu isə, qənaətimə görə, sərhəd dirəklərinin və nişanlarının yerləşdirilməsi zamanı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğu halda, Rusiya tərəfinin son zamanlar tez-tez xatırlatdığı hərbi xəritələrə müraciət edilməsiylə bağlı olan bilər. Düşünürəm ki, nümunə gətirdiyim iqtibasın izahı delimitasiya və demarkasiya prosesi ilə bağlı təəssüratın formalaşmasına imkan verir. Məlum olduğu kimi, Ermənistan delimitasiya və demarkasiya ilə bağlı məsələlərin gündəmə gəldiyi ilk gündən prosesdə xarici dairələrin iştirakına zəmin yaratmağa çalışırdı. Gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını şantaj etməklə, sözügedən təsisatı bu prosesə cəlb etmək istəyir, gah da regionankənar qüvvələrin siyasi müstəvidə olsa da belə, aktiv müdaxiləsi üçün çeşidli bəhanələr yaratmağa çalışırdı. Söçidə imzalanan bəyanatdan da göründüyü kimi, rəsmi İrəvan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın irəli sürdüyü şətlərlə şərçivəsində hərəkət etmək məcburiyyətində qalıb.

Soçi bəyanatında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı imperativ məqamların da yer alması, şübhəsiz ki, Azərbaycanın ilk növbədə Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə əlaqədar israrlı mövqeyinin nəticəsidir. Qeyd edim ki, Rusiya prezidentinin mətbuat üçün açıqlamalarında “nəqliyyat dəhlizi” ifadəsinin yer alması, rəsmi İrəvana 10 noyabr bəyanatının 9-cu bəndinin təkrar izahı kimi də qəbul oluna bilər.
Soçi görüşünün və bəyanatının ən önəmli cəhətlərindən biri də, Azərbaycanla Ermənistan arasında bündan sonra da baş tutacaq təmaslarda, o cümlədən dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlərin dəqiq sərhədlərinin müəyyənləşdirilməsidir.

Elçin Mirzəbəyli
Siyasi şərhçi