“Oskar” şadlıq evinin rəhbəri həbs edildiPaytaxtın Nizami rayonunda yerləşən “Oskar” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 280 nəfərin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evinin direktoru Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “Oskar” şadlıq evinin rəhbəri Rafael Məmmədov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Misirli tələbə qız Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş məqalə ilə çıxış edibMisirdəki diaspor mərkəzindəki kursların müdavimi Fatima Şakir “Asia Əl Yom”, “Əl Hərir” və digər KİV-də “Azərbaycanlı şəhid Mübariz İbrahimovun həyatında nur” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan tarixinə bələd olan hər kəsin bu ölkənin oğullarının yazdıqları qəhrəmanlıq dastanına heyran olduğu qeyd edilib. F.Şakir yazıb: “Vətən hər bir insan üçün əzizdir və hər bir vətəndaş onun uğrunda həyatını qurban verməyə hazır olmalıdır. Rəşadətli Azərbaycan Ordusunun əsgərləri sırasında qəhrəman Mübariz İbrahimovun igidliyi diqqətimi çəkdi. Onun haqqında düşüncələrimi ərəbdilli oxucularla bölüşmək istədim”.

Milli Qəhrəman Mübariz İbrahimovun həyatı haqqında məlumat verən müəllif vurğulayıb ki, o, yaşının az olmasına rəğmən, öz intellekti və igidliyi sayəsində hərbi xidmətdə fərqlənə bilib. O yazıb: “Bir dəfə gecə vaxtı, 2010-cu il iyunun 12-də qəhrəman əsgər Ermənistanın işğal etdiyi və minaladığı ərazilərdən keçərək düşmənə hücum edib. Təxminən 5 saata yaxın davam edən atışma zamanı 100 erməni əsgərini məhv edə bilib. Dan yeri söküləndə isə qəhrəman döyüşçü şəhid olub.

Onun həlak olduğu yerdə tapılan ölümqabağı məktubu çox təsirlidir: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Məqalədə qeyd olunub: “Azərbaycanın təkidli tələbindən iki ay sonra şəhidin cənazəsini qaytaran ermənilər qorxularından onun əllərini də bağlayıblar. Düşmən onun meyitindən də qorxub. İgidliyi dillərdə dastan olan əsgər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, Müdafiə Nazirliyinin qarşısında isə onun abidəsi qoyulub. Canını əziz Vətəni uğrunda fəda edən Mübariz İbrahimovun xatirəsi qəlblərdə əbədi yaşayacaq”.

Agentliyin yeni icraçı direktoru kimdir?23 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuş, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, 2012-ci ildə Azərbaycan Dillər Universitetinin müvafiq ixtisas üzrə magistratura pilləsini, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini bitirib. 2010-cu ildən başlayaraq Azərbaycan Dillər Universitetində prorektor köməkçisi, 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi ofisində baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləmişdir. 2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.
Nikolun qarşısına bu tapşırıq qoyulub – Arkovdan şokBir il əvvəl Ermənistanı İkinci Qarabağ müharibəsində darmadağından, Paşinyanın özünü isə linçdən xilas edən Rusiya oldu. Məhz Rusiya - nə ABŞ, nə Fransa, nə də Avropa Birliyi. Qərbli “dostları”, əslində isə sahibləri onu parçalanmağa tərk edəndə Paşinyan Kremlin ayaqlarına qapanaraq yardım yalvarırdı.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

“Məhz Kremlin razılığı ilə Paşinyan Ermənistan hökumətinin başında qala bildi. Paşinyan özünü yenidən “Qüdrətli Nikol” hiss edəndə fikirləşdi ki, o, Moskvanı tərk edə bilər, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə əldə olunan sülh razılaşmalarını yerinə yetirməyə, öz adi işğalına qayıdıb qərbli ağalarının tapşırıqlarını icra edə bilər”, - Arkov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Rusiya, Azərbaycan və Türkiyə təkcə regionda deyil, ümumilikdə Avrasiyanın bu hissəsində öz nüfuz və təsirlərini gücləndirib:

“Ötən ilin payızında isə həm ABŞ, həm də Avropa İttifaqı müxtəlif səbəblərdən Qarabağ münaqişəsi tərəflərinin real barışığında iştirakdan imtina etmiş, nəticədə əvvəlki mövqelərini itirmişdilər. İndiki tapşırıq Qərbi geri qaytarmaqdır. Bu, Vaşinqton, Paris və Brüssel tərəfindən bu gün müşahidə edilən bütün təşəbbüslərin əsas məqsədidir. Onlar İrəvanın taleyi üçün qətiyyən narahat deyillər. Nikol Paşinyan dövründə Ermənistan regionda gərginliyi saxlamaqla Qərbin Rusiya, Azərbaycan və Türkiyəyə təzyiq rıçaqı olaraq qalır”.

Arkovun qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yeni üçtərəfli danışıqlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı tamamlayan və genişləndirən sənədlərin imzalanmasını nəzərdə tutur:

“Brüssel görüşü elan ediləndən sonra nəhayət bəlli olur ki, Nikol Paşinyan müxtəlif bəhanələrlə Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyevlə görüşünü təkcə sənədlərlə bağlı fikir ayrılığına görə təxirə salmayıb, hətta onun qarşısına Moskvanın rolunu neytrallaşdırmaq üçün bu sammiti pozmaq, kollektiv Qərbin roluna önəm vermək vəzifəsi qoyulub”.
Ermənistanda tələbələr etiraz aksiyası keçirirErmənistanın paytaxtı İrəvanda "Azadlıq" hərəkatının fəalları aksiya keçirirlər.

“Report” “News.am”a istinadən xəbər verir ki, onlar universitetlərin qarşısından keçərək öz gündəliklərini təqdim edirlər.

“Oyanış” Partiyasının nümayəndəsi Ara Zöhrabyan jurnalistlərə açıqlamasında ali təhsil müəssisələrinin rəhbərliklərinin tələbələrə gizli formada təzyiq göstərdiyini deyib.

O, universitet rəhbərliklərini belə hərəkətlərdən əl çəkməyə çağırıb.
Polis polkovnikinə 7 il HƏBS VERİLDİBakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini, dələduzluqda təqsirləndirilən Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Muradxanov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, H.Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.

2016-cı ildə H.Muradxanov həyat yoldaşından boşanandan sonra onun həyat yoldaşı məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Bundan sonra obyekti alan qadın polis polkovnikindən şikayət edərək sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirdiyini bildirib.

Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.

Polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.


Fransada azərbaycanlı və erməni azarkeşlər arasında insident baş veribFransada klublarası güləş çempionatında Azərbaycan və Ermənistan azarkeşləri arasında insident baş verib.

Bu barədə "Report"a açıqlamasında "Şiltgem" komandasında çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi İslam Ababsov bildirib.

87 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı "Mets"dəki erməni güləşçi Edqar Xaçatryanı 8:0 hesabı ilə məğlub etdikdən sonra tribunada mübahisənin yarandığını söyləyib: "Klubumuza qələbə lazım olduğu üçün yuxarı çəki dərəcəsində güləşirdim. Erməni rəqibim gənclərdə Avropa və dünya çempionatlarının mükafatçısı idi. Rəqibin də mənimlə görüşdə uduzmaq istəmədiyini hiss edirdim. Azərbaycanlı olduğum üçün var gücünü qoymuşdu. Qarşılaşma başa çatandan sonra isə tribunada mübahisə oldu. Həmyerlilərim bayraqlarla mənə dəstək verirdi. Qələbə qazanandan sonra isə erməni fanatlar dəli oldular. Mənə dəstək həqiqətən də çox güclü idi. Ermənilər aranı qızışdırmağa çalışırdı. Daha sonra isə mühafizə gəldi və azarkeşləri sakitləşdirdilər".

Abbasov Ermənistan idmançısı ilə görüşdə daha motivasiyalı olduğunu vurğulayıb: "Nəyin bahasına olursa-olsun, ona uduza bilməzdim. Rəqib ağır çəkidə güclü olsa da, təslim olmamalı idim. İlk hissədə 1:3 hesabı ilə məğlub olurdum. İkinci yarıda önə keçdim və 6:3 hesabı ilə qalib gəldim".
""Təmiz ölkə” konsepsiyasına keçmək vaxtıdır”Bu gün Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi davam etdirilib.

İclasda Təbii ehtiyatlar, energetika və ekolgiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov çıxış edərək hökumətin təqdim etdiyi layihəyə münasibət bildirib, eyni zamanda təkliflərini səsləndirib.

Komitə sədri deyib ki, layihədə ətraf mühitin mühafizəsi xərcləri üçün ayrılan vəsaitin 249 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirləri üçün nəzərdə tutulub. Başqa sahələr üzrə də vəsait bölgüsü aparılıb: “Hazırda bir neçə sahənin nəticə əsaslı büdcəyə keçdiyini nəzərə alaraq, büdcə zərfində xərclərin tam aydın göstərilməsini arzulayırıq. Çünki belə olmadıqda nəzərdə tutulan işlərin icrasına nəzarət etmək də cətinləşir”.

Millət vəkili bildirib ki, büdcədə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə subsidiya formasında 33 milyon manat vəsait ayrılması nəzərdə tutulub. S. Qurbanov əlavə edib ki, ayrılan vəsaitin kifayət qədər iri həcmli olmasına baxmayaraq, paytaxtda bərk tullantıların idarə olunması cox aşağı səviyyədədir. “Regionlarda isə bu sahədə vəziyət daha acınacaqlıdır. Hazırda bu problemlə rayon icra hakimiyyətlərinin tərkibindəki təsərrüfat idarələri məşğul olur ki, onların da maddi-texniki bazası demək olar ki, yox səviyyəsindədir. Bu sahənin diqqətdən kənarda qalması əkinə yararlı torpaqların və suların çirklənməsinə səbəb olur. Hesab edirik ki, bu sahəyə xüsusi diqqət ayrılmalıdır və özəl sektorun cəlb edilməsinin təşviq edilməsinə böyük ehtiyac var. Düşünürəm ki, artıq “Təmiz şəhər” konsepsiyasından “Təmiz ölkə” konsepsiyasına keçmək vaxtıdır”.

Komitə sədri əlavə edib ki, neft-qaz hasilatı və emalı, metallurgiya, gəmiçilik və s. ətraf mühitə daha çox tullantı atan, təsir edən müəssisələr iri çirkləndiricilər hesab olunur: “Təkcə Bakı şəhərində belə müəssisələrin sayı 35-dir. Bununla yanaşı dövlətə məxsus bir sıra hüquqi şəxslər birbaşa və dolayı yollarla ətraf mühitin çirklənməsində xüsusi rola malikdirlər. Belə müəssisələr tərəfindən tullantıların düzgün idarə olunmaması, tullantısız texnologiyalardan məhdud istifadə edilməsi, utilizasiya mexanizmlərinin qeyri-qənaətbəxş təşkili ekoloji riskləri artırır”.

Millət vəkilinin sözlərinə görə, ölkə üzrə atmosferə atılan çirkləndirici maddələrin yol verilən həddinin 2023-2025-ci illərdə 2 min ton, şirin su hövzəsi üzrə 2 min ton, Xəzər dənizinə 100 ton proqnozlaşdırılır. Sadiq Qurbanov vurğulayır ki, torpağa atılan çirkləndirici maddələrin yol verilən həddi də 2022-ci illə müqayisədə artaraq 2023-2025-ci illərdə 10 min ton proqnoz edilir: “Qeyd edilənlərdən aydın olur ki, çirkləndirici maddələrin yol verilən həddi ilbəil artır ki, bu da ətraf mühitin pisləşməsinə və ya dəyişməz qaldığına dəlalət edir. Yaxşı olar ki, dövlət büdcəsindən maliyyələşən qurumlar və təşkilatlar büdcə planlaşdırılması zamanı Prezidentin 2 fevral 2021-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 5-ci istiqamətindən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olmaq məqsədlərini nəzərə alsınlar. Təklif edirəm ki, bu sahədə görülən işlər barədə hesabatlılıq təmin edilsin. Həmçinin istehsal proseslərində və tullantıların idarə olunması sahəsində müasir texnologiyaların tətbiq edilməsi, tullantısız texnologiyaların təşviq olunması, alternativ enerjidən istifadənin genişləndirilməsi və mərhələli şəkildə yaşıl iqtisadiyyata keçidin təmin olunması da ayrıca olaraq büdcə zərfində nəzərə alınması məqsədə müvafiq olar”.

Millət vəkili daha sonra bildirib ki, 2022-ci ilin dövlət büdcəsində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə küçə, park və xiyabanlarda abadlaşdırma, yaşıllaşdırma işlərinin görülməsi üçün 9,2 milyon manat vəsait nəzərdə tutulub: “İşğaldan azad olunmuş ərazilərdə ekoloji genosidin həyata keçirildiyini, flora və faunaya böyük zərərlər vurulduğunu nəzərə alaraq, ekoloji tarazlığın təmin olunması məqsədi ilə bu sahəyə daha çox diqqət ayrılması məqsədə müvafiq olar”.

Millət vəkili çıxışının sonunda deputat həmkarlarını 2022-ci ilin büdcə zərfinə səs verməyə çağırıb.
Bahalaşma belimizi qırır - DeputatHökumət düşünür ki, biz onların işlərində ancaq nöqsan axtarırıq. Yalnız nöqsan axtaran şəxs özü nöqsanlıdır.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, biz ölkəmizin inkişafında maraqlıyıq:

"Bahalaşma belimizi qırır. Hökumətdən xahiş edirəm ki, çıxıb əsaslandırsın".

Fransa həmsədrlikdən kənarlaşdırılsın! - Deputatlardan TƏKLİF“Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur”.

Avrasiya.net-in məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, 44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır:

“Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Tural Gəncəliyev Fransa senatında erməni separatçıların qəbul edilməsini kəskin qınayıb.

"Son vaxtlar Fransanın xarici siyasətində ciddi səhvlər formalaşır. 4 min km ölkənin əsassız iddialarıni qəbul etmirik. Bu cür hərəkətlər Fransa Azərbaycan münasibətlərinə fayda gətirməyəcək. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələrdə ehtiyatlı olmalıdır. Əks halda bu xeyir gətirməyəcək"