İranda yerli dillərin tədrisi ilə bağlı qanun qəbul edilibİran Parlamentinin Tədqiqat, texnologiya və təhsil komissiyasında yerli dillərin tədrisi ilə bağlı layihə qəbul edilib.

İranın ölkəmizdəki səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bunu Təbrizi İran parlamentində təmsil edən deputat Əlirza Munadi-Sefidan deyib. O bildirib ki, ölkə konstitusiyasının 15-ci maddəsinə əsasən parlamentin sözügedən komissiyası çərçivəsində yerli xaqlarların dillərinin tədrisi ilə bağlı layihə qəbul edilib. Layihənin qəbulu üçün 30 deputat tərəfindən müraciətin olunduğunu deyən Əlirza Munadi-Sefidan belə bir addımın ölkə konstitusiyasıının 15-ci maddəsinə əsaslandığını bildirib.

“Konstituiyanın 15-ci maddəsində fars dili ilə yanaşı ana dilinin tədrisi də vurğulanır. Bu qanunda deyir: İran xalqının müştərək, rəsmi dili və əlifba xətti fars dilidir. Sənədlər rəsmi mətnlər, dərs kitabları bu dildə və bu əlifbada olmalıdır. Lakin yerli dillərdən mətbuatda və mediada istifadə etmək, fars dili ilə yanaşı həmin dillərin ədəbiyyatının məktəblərdə tədrisi sərbəstdir”, - deyə iranlı deputat əlavə edib.
Kolumbiya Bakıda keçirilən idman gimnastikası üzrə dünya çempionatında iştirak edirNoyabrın 18-dən 21-dək Bakıda keçirilən Batut Gimnastikası üzrə 35-ci dünya çempionatında 33 ölkədən 300-ə yaxın gimnast arasında Kolumbiyalı idmançılardan ibarət görkəmli nümayəndə heyəti iştirak edir.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, 11 nəfərdən ibarət Kolumbiya nümayəndə heyətinə Kolumbiya Gimnastika Federasiyasının Baş katibi Samir Portillo Diaz rəhbərlik edir, idmançılar arasında Aleks Canizales Qarzon, Katiş Hidari Rekalde Kampos, Edvin Quintero Puentes və Ramón Kalero da var. Davam davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək. Yarışların ilkin təqviminə əsasən, ilk iki gün təsnifat, son iki gün isə final olacaq. Qaydalara görə, iştirakçı bir neçə proqramda çıxış edə bilər.
ADAU-da YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri açan universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov tədbir iştirakçılarını həm YAP-ın yaranmasının 29-cu, həm də Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib, 44 günlük müharibədən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, partiyanın keçdiyi şərəfli yoldan danışıb. Rektor deyib ki, tarixi zərurət nəticəsində yaranan YAP qısa müddətdə Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz proqram və nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatılıb. Qısa müddət ərzində YAP siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrilib.
Sonra universitetin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri professor Azad Bayramov, müəllimlərdən Çinarə Səfərova və Aytəkin Bağırova çıxış edərək, ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi partiyanın cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirdiyini faktlarla sadalayıblar.

Tələbələrdən Rauf Quliyev və Aysu Hacıyeva bildiriblər ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə gənclərinə, onların təhsilinə, aparıcı işlərlə təmin olunmasına xüsusi diqqət yetirilib və bu siyasət indi də uğurla davam etdirilir.




Deputatın polis rəisi vəzifəsində çalışan atası işdən çıxarıldıDeputatın atası vəzifəsindən azad olunub.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Xaqani Cəfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Mühafizəsi üzrə Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Qeyd edək ki, X.Cəfərov Milli Məclisin deputatı Kamal Cəfərovun atasıdır.
Rusiya açıqladı: Üçtərəfli görüşə ehtiyac varRusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün keçiriləcəyinə əminəm, bunun üçün tərəflərin razılığı lazımdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Mən təsdiq edə bilərəm ki, konsensusun olması üçün görüşə hazırlaşanların hamısı bununla razılaşmalıdır. Əminəm ki, belə bir görüş baş tutacaq”, - Lavrov bildirib.
"Yeni Azərbaycan Partiyası qalib xalqın qalib partiyasıdır"“1990-cı illərin əvvələrində Azərbaycanda daxili hərc-mərclik, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, özbaşınalıq, idarəçilikdə xaos hökm sürürdü. Eyni zamanda bu dönəmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Ölkəmizi bu çətinliklərdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması tarixi zərurətə çevrilmişdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı ölkəni böhrandan çıxarmaq üçün yeni bir siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdü.

Təşəbbüsün reallaşdırılması üçün 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın müdrik, uzaqgörən, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyevə müraciət göndərildi. Hər zaman xalqını düşünən və xalqının yanında olan Ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi möhtəşəm hadisə kimi tarixə düşərək Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu: “Qısa müddət ərzində xalqın məhəbbətini qazanmış, ümid yerinə və ümumxalq partiyaya çevrilən Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı sürətli artmış və bu gün də artmaqda davam edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası ölkəmizin dayanıqlı inkişafına mühüm töhfələr verib. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda Yeni Azərbaycan Partiyasının rolu və imzası vardır. Ötən 29 ildə çətin, uğurlu və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin dediyi ki “dünənin, bu günün və sabahın partiyası”na çevrilib”.

Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, qətiyyəti və ideyaları əsasında yaradılmış Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki Azərbaycanın, bütünlükdə Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyasına çevrilib. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da bir çox qələbələrə imza atacaq.
Kapitan gəmidə qadını zorlamaq istədiXəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən birində qeydə alındığı iddia edilir.

Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. bildirib ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.

Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib:

“Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq”.

Ermənistan qorxaq ölkədir - KakarErmənistan qorxaq ölkədir, həmişə başqa ölkələrə arxalanıb, güvənib.

Bunu Azerforum.com-a İslam Gənclər Təşkilatının prezidenti Hamad Kakar bildirib.

O, qeyd edib ki, Ermənistanın silahlı qüvvələrinin iki gün öncə Azərbaycana qarşı növbəti təxribatı elə qorxaqlığı, acizliyini göstəricisiydi: "Mən bu hadisəni pisləyirəm. Azərbaycanın igid ordusu erməni ordusunu məğlub edərək müsəlman ümmətinə qələbə vəd etdi. Azərbaycan ordusunun yüksək əhval-ruhiyyəsi qarşısında Ermənistan heç vaxt qalib gələ bilməz.
Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm".
Miqrantların sağlamlığı üzrə Regional Ekspert Qrupunun görüşü keçirilibDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Gürcüstanın Mtsxeta şəhərində Miqrantların sağlamlığı üzrə Regional Ekspert Qrupunun təşkilatçılığı ilə keçirilən ilk görüşdə iştirak edib.

Avrasiya.net xəbər verir ki, cari ilin 18-19 noyabr tarixində hibrid formatda keçirilən bu görüşün təşkil olunmasında məqsəd iştirakçı dövlətlərdən olan ekspert və tərəfdaşlar arasında fərdi müzakirələrin və fikir mübadiləsinin aparılması vasitəsilə miqrantların sağlamlığınnın qorunması və səhiyyə qurumlarının təşkil etdiyi tibbi xidmətlərə həmin şəxslərin effektiv çıxışının təmin olunması sahəsində mövcud mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin hazırlanması olub.

“Xarici ölkələrə səfər edən HİV müsbət şəxslərin müalicə problemləri: miqrantların mənşə ölkələrindən olan dövlət orqanlarının nümayəndələri ilə müzakirə” sessiyasında çıxış edən A.Allahverənov Azərbaycan Respublikasında miqrantların sağlamlığının qorunması sahəsində görülən işlər və bu kateqoriyadan olan şəxslərin ölkə ərazisində tibbi xidmətlərə çıxış imkanları haqqında məlumat verib.

İctimai Şuranın sədri xarici ölkələrə səfər edən Azərbaycan Respublikasının vətəndaşlarının səhiyyə sahəsində üzləşdikləri çətinliklər, xüsusilə də təyinat ölkələrində, QİÇS mərkəzlərində qeydiyyata alınan şəxslərə tibbi yardımların göstərilməsi və onların zəruri tibbi dərman və preparatlarla təmin edilməsi sahəsində mövcud problemlər barədə danışıb.

Bununla yanaşı, A.Allahverənov bir sıra təkliflərlə çıxış edib və bildirib ki, Regional Ekspert Qrupunun bazasında vahid platformanın yaradılması, iştirakçı dövlətlərdə dərinləşdirilmiş tədqiqatların aparılması, HİV daşıyıcısı olan miqrantların təyinat ölkəsində geniş şəkildə məlumatlandırılması və bu sahədə ixtisaslaşan qurumlararası sazişlərin bağlanması ilə bağlı təkliflərin hazırlanması üzrə işçi qruplarının formalaşdırılması, iştirakçı dövlətlərdə miqrantların sağlamılığının təmin olunması sahəsində həyata keçirilən strategiyanın daha təkmil şəkildə qurulmasına səbəb olacaqdır.
Ümumilikdə, görüşdə çıxış edən məruzəçilər Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində miqrantlara göstərilən tibbi xidmətlərin müxtəlifliyinə toxunub, bu sahədə mövcud strategiyalar və yanaşmalar haqqında məlumat veriblər.

Tədbirin son sessiyasında Regional Ekspert Qrupu tərəfindən 2022-2023 illərdə həyata keçiriləcək fəaliyyətlərin əsas strateji hədəfləri, o cümlədən bu istiqamətdə irəli sürülən təklif və tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçı dövlətlərdən olan təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.