Azərbaycanlı tələbənin qatilinə HÖKM OXUNDURusiyanın Volqoqrad şəhərində Azərbaycan vətəndaşı Timur Qavrilovu qətlə yetirməkdə təqsirli bilinən Vitali Vasilyevə hökm oxunub.

Rusiya KİV xəbər verir ki, Volqoqrad şəhər məhkəməsinin qərarı ilə 23 yaşlı Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Vasilyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Azad olunduqdan sonra 1,5 il azadlığı məhdudlaşdırılacaq cinayətkar 100 min rubl cərimə və Timur Qavrilovun anasına təzminat da ödəyəcək.

“Vladimir Vasilyev digər millətlərə nifrət təbliğ edən təşkilatın üzvü olub. Nəticədə, o, qeyri-rus millətindən olan birini öldürmək qərarına gəlib. O, Timuru seçərək arxasınca gedib, qaranlıq yerdə hücum edərək, bıçaqlayıb”- deyə ittihamçı tərəf məhkəmədə cinayətin motivini açıqlamışdı.

Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin 1-ci kurs tələbəsi olub. O, 2020-ci il iyunun 13-də küçədə hücuma məruz qalaraq 20 bıçaq zərbəsi ilə öldürülüb. Ailənin yeganə övladı olan Qavrilov Gəncədə dəfn edilib.
BAXCP MNTK-nın yeni sədri seçilibOktyabrın 27-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) toplantısı keçirilib.

İclasda BAXCP-nin baş katibi Yaşar Kələntərli də iştirak edib. Baş katib pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq partiyanın uğurlu fəaliyyəti barədə məlumat verib, COVİD-19 yeni növ koronavirusa yoluxma səbəbindən həyatlarını itirən BAXCP üzvlərinin xatirəsinin hər zaman ehtiramla yad ediləcəyini vurgulayıb.

Baş katib qeyd edib ki, MNTK-nın sədrinin vəfat etməsi ilə əlaqədar olaraq partiyanın Nizamnaməsinə əsasən, yeni MNTK üzvünün seçilməsinə ehtiyac yaranıb. Qurultaylararası dövrdə isə MNTK üzvlərinin seçilməsi BAXCP Ali Məclisinin səlahiyyətində olan məsələdir. Bu, əsas götürülərək oktyabrın 25-də BAXCP Ali Məclisinin videokonfrans formatında keçirilən iclasında BAXCP sədrinin təqdimatı əsasında Mahir Zeynalov BAXCP MNTK-nın üzvü seçilib.
İclasda MNTK-ya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub.

MNTK üzvlərinin yekdil qərarı ilə Mahir Zeynalov BAXCP MNTK-nın yeni sədri seçilib. Mahir Zeynalov ona göstərilən bu etimadı doğrultmağa çalışacağını bildirib.
İclasda həmçinin cari təşkilati məsələlər müzakirə olunub.
"NATO-nu öz ərazinizə buraxmayın"Rusiya Əfqanıstanın qonşularını ABŞ və NATO qüvvələrini öz ərazilərinə buraxmamağa çağırır.

RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstana qonşu ölkələrin XİN rəhbərlərinin Tehranda keçirilən iclasında çıxışı zamanı deyib.

Rusiya XİN rəhbəri xatırladıb ki, ABŞ və NATO Əfqanıstandan çıxdıqdan öz qüvvələrini qonşu ölkələrin ərazisində yerləşdirməyi planlaşdırır.

S. Lavrov Əfqanıstana qonşu ölkələrə öz ərazilərində ABŞ və NATO-nun hərbi mövcudluğunun qarşısını almağa dair çağırış edib.
Rusiya Türkiyənin Ukraynaya "Bayraktar" satmasına təəssüflənirRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ordusunun Donbas regionunda separatçılara qarşı “Bayraktar” dronlarını tətbiq etməsinə münasibət bildirib.

Rusiya KİV xəbər verir ki, mətbuat katibi Türkiyənin Ukraynaya “Bayraktar” satmasından təəssüfləndiklərini əlavə edib.

“Bizim Türkiyə ilə doğrudan da yaxşı münasibətlərimiz var. Amma son hadisə bu tip silahların Ukrayna hərbçilərinə verilməsinin təmas xəttində vəziyyətin potensial gərginləşməsinə xidmət edəcəyini görürük”.

Xatırladaq ki, oktyabrın 26-da Ukraynanın “Bayraktar” dronlarını separatçılara qarşı tətbiq etməsinə dair ilk video yayılmışdı.
ABŞ-da Türkiyənin F-16 almasına qarşı oyun başladıHər iki partiyadan olan konqresmenlər qrupu Prezident Co Bayden administrasiyasını Türkiyəyə F-16 qırıcılarını satmamağa çağırıb və Konqresin belə bir razılaşma əldə etmək cəhdinin qarşısını alacağını bildirib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

11 konqresmen Co Bayden və Dövlət katibi Entoni Blinkenə yazdıqları məktubda Türkiyənin ABŞ-dan 40 yeni F-16 qırıcısı və 80 ədəd modernizasiya dəsti ala biləcəyi ilə bağlı son xəbərlərdən dərin narahatlıqlarını ifadə ediblər.

“Ərdoğanın sentyabrda Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının alınacağını elan etməsindən sonra bizə düşmən kimi davranan alyansdakı müttəfiqimizə Amerika istehsalı təyyarələr göndərməklə milli təhlükəsizliyimizi təhdid altında qoya bilmərik”, - müraciətdə qeyd olunub.

Ağ Ev və Dövlət Departamenti məsələ ilə bağlı “Röyters”in sorğusunu cavablandırmayıb.

Qeyd edək ki, Türkiyə F-35 layihəsinə 1,4 milyard xərcləyib və bu qırıcının 1005 ədəd hissəsinin istehsalını həyata keçirib. Ankara Rusiyadan S-400 alandan sonra isə ABŞ Türkiyəni F-35 layihəsindən çıxardığını açıqladı. Türkiyə 1,4 milyard dollar vəsaitinin əvəzində F-16-ların təslim edilməsinə razı olduğunu bildirdikdən sonra isə indi bu qırıcıların da verilməsinə problemlər yaradılır.
Rusiyalı mütəxəssis AzTV-də olubRusiyalı media eksperti Teleradio Akademiyasında PR texnologiyaları üzrə mütəxəssis, tanınmış rusiyalı jurnalist Natalya Artemyeva “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasında olub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Teleradio Akademiyasının rektoru Telli Pənahqızı görüşün məqsədi ilə bağlı iştirakçılara məlumat verdikdən sonra qonağı təqdimata dəvət edib. N.Artemyeva KİV-lə qarşılıqlı əlaqələr, informasiyanın əlçatanlığı, məlumatın toplanması, xəbər və analitik proqramlardakı iş təcrübəsi, müəllif proqramının yaradılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, hədəf auditoriyasının seçilməsi mövzusunda danışıb. Rusiyanın Yekaterinburq şəhərindən dəvət olunan ekspert xanım, həmçinin, mətnin ideyası, strukturu, materialın janrı və jurnalistin xəbərin istehsalı prosesindəki rolu barədə şəxsi mülahizələrini dinləyəcilərə çatdırıb.

Azərbaycan Televiziyası və 105 FM radiosunun, Bakı Dövlət Universitetinin bir qrup müəllim və tələbələrinin, o cümlədən, Teleradio Akademiyasının əməkdaşlarının iştirak etdiyi tədbirdə interaktiv şəkildə diskussiya aparılıb, jurnalistləri, aparıcıları, müxbir və redaktorları maraqlandıran suallar cavablandırılıb. Rusiyalı media eksperti N.Artemyeva iki ölkənin televiziya və radio qurumları arasında bu cür əməkldaşlığın fikir və təcrübə mübadiləsi baxımından çox böyük əhəmiyyət daşıdığını və gələcəkdə daha sıx şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Daşkəsəndə 17 yaşlı gənc itkin düşdüDaşkəsəndə gənc oğlan itkin düşüb. Hadisə oktyabrın 26-da rayonun Qaraqollar kəndində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü İsgəndərov Araz Ayaz oğlu evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
“Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”İkinci Qarabağ müharibəsi başlamazdan öncə hər zaman belə fikirlərin qulaq şahidi olardıq: “Azərbaycanda elə oğullar var ki, torpaqlarımızın işğaldan azad olunması əmrini gözləyirlər. Onlar 30 ilə yaxındır erməni işğalçıları tərəfindən yağmalanmış torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşaraq bu xalqın illərdir həsrətində olduğu qələbəni qazanmağı və bu yolda canlarından keçməyi, şəhidlik zirvəsinə yüksəlməyi özlərinə şərəf bilirlər”. Bəli, bunlar gəlişi gözəl fikirlər deyilmiş. Və xalqımız, eyni zamanda, bütün dünya 44 günlük Vətən Müharibəsində Azərbaycan oğullarının hər birinin yazdığı qəhrəmanlıq dastanlarının şahidi oldu. Bu dastanlardan birinin də müəllifi Vüsal Tahir oğlu Allahverdiyevdir...

Cənnətin tam özü olan Qubadlı

...Vüsalın ata babası əslən Qubadlının Seytas kəndindən, nənəsi isə Xocamsahlıdan idi. Ancaq Qubadlıda yaşayırdılar. Baba evləri Qara İlyasov adına 1 saylı orta məktəbdən bir qədər aralı, “Təzə bazar” deyilən yerə yaxın, Bərgüşad çayının həndəvərində yerləşirdi. Vüsal təbiəti əvəzedilməz və cənnətin tam özü olan Qubadlıda 1988-ci il avqustun 16-da dünyaya gəlib. Atası Tahir bəy və əmisi Mahir bəy, eləcə də, dayısı Akif Alıyev Birinci Qarabağ Müharibəsində könüllü olaraq Vətənin müdafiəsinə qalxıblar. Qubadlıda, Laçında döyüşüblər. Hər üçü Qarabağ Müharibəsi əlilidirlər. Mahir bəy, eyni zamanda, ehtiyatda olan zabitdir. 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda Vüsalın 5 yaşı vardı. Və 5 yaşlı Vüsalın yaddaşına həmin illərin acı xatirələri necə həkk olunmuşdusa, 27 il evdə də, dostlarla söhbətdə də o xatirələrdən söz açar, “torpağı işğalda olan bir xalqın alnındakı qara ləkəni nə vaxt siləcəyik?”, sualını dönə-dönə təkrarlayardı...
...Qubadlıdan olan məcburi köçkünlərin demək olar ki, əksəriyyəti Sumqayıt şəhərində məskunlaşdılar. Allahverdiyevlər ailəsi də Sumqayıta yaxın Sarıqaya deyilən ərazidə yerləşdilər. Bütün qubadlılar kimi onlar da məcburi köçkün adının üzərlərindən götürülməsi, doğma yurdlarına nə vaxt qayıdacaqları günün həsrəti ilə yaşadılar. Düz 27 il. Bu 27 ildə Tahir bəy və Hicran xanım övladları Günay və Vüsalı böyüdüb boya-başa çatdırdılar. Hər ikisi ali təhsil aldılar. Əsl vətəndaş kimi böyüdülər.

“Soyadımızı daşıyan oğul kimi oğul idi”

Əmisi Mahir bəy: “Biz ailədə iki qardaş olmuşuq. Qardaşım Tahirin bir oğlu, bir qızı vardı. Mənim isə 3 qızım var. Vüsal hər ikimizin oğluydu. Soyadımızı daşıyan oğul kimi oğul idi. Hələ orta məktəbdə oxuyanda hər hansı tədbirdə şeir yarışı keçirilərdisə, Vüsal yalnız Vətəndən, Şəhidlərdən, Türkçülükdən şeir deyərdi. Bu adam təpədən dırnağa türkçüydü (söhbətin bu yerində Mahir bəy ayağa qalxdı və Vüsalın oxuduğu kitabları gətirdi - A.Ş.). Baxın, Vüsal bunları oxuyardı. Türkiyədən sifariş verdiyi kitabların dördü şəhid olandan sonra göndərilib”...
...Kitablara baxıram. Hüseyn Nihal Atsızın “Turancılıq, milli degerler ve genclik”, “Türk tarihinde meseleler”, “Türk ülküsü”, “Türk tarixi üzerinde toplamalar”, “Bozkurtlar”, “Yolların sonu”,”Ruh adam”...

...Mahir bəy davam edir: “Ali məktəbi qurtarıb 2010-2011-ci illərdə Gəncədə hərbi xidmət keçdi. Hərbidən qayıdandan sonra elə hey deyərdi: “Gücümüz var, qeyrətli oğullarımız var. Niyə düşmənin başını əzib torpaqlarımızı azad etmirik?” El arasında deyirlər ki, “filankəsin oğlu dəliqanlıdı”. Bu deyim Vüsala da aid idi. Ailəsinin, elinin, obasının, dövlətinin təəssübünü çəkən oğul olub. Sonuncu iş yerinə (Kapital Bankda, filialların birində müdir vəzifəsində çalışıb-A.Ş.) kimi bir neçə bankda işləyib. Kiminsə tapşırığı ilə deyil, özünün bacarığı ilə işə qəbul olunub.
2020-ci il iyulun 14-də Tovuz stiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimov şəhidlik zirvəsinə ucaldı. Həmin gün Vüsal özünə yer tapmırdı. Valideynlərindən xəbərsiz gedib ordu sıralarına könüllü yazıldı. Nəhayət, sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması, Qarabağımızın işğalçılarımızdan təmizlənməsi əmrini verdi. Həmin gün Vüsal üçün toy-bayram idi. İyulda orduya könüllü yazılmağına baxmayaraq, yenə də hərbi komissarlığa dönə-dönə müraciət elədi”.

Vüsalın səsli mesajlarını dinləyirəm, onlayın förmada hərbi komisarlığa ünvanladığı müraciətini oxuyuram: “Könüllü olaraq yazılmışam. Artıq arzuma çatıram yavaş-yavaş”, “Samir, qismən səfərbərlik nədir e, mənə çatmır. Evdəyəm, geyinib çıxıram. Ürəyim dözmür. Səhərə kimi yata bilməmişəm. Durub xəritəyə baxıram, sosial şəbəkələrdə baş verənləri izləyirəm. Gəlim səni götürüm, gedək Şəhidlər Xiyabanına. Deyirlər iki şəhidimiz var”, “Mən Allahverdiyev Vüsal Tahir oğlu könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə əsgər qardaşlarımla çiyin-çiyinə döyüşmək istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm müraciətimi qəbul edəsiniz. Əvvəlcədən təşəkkür edirəm. Hərbi vəzifəm baş radio-telefonçu”.
Vüsalın facebookda paylaşdıqlarına diqqət yetirirəm: “Ey Türk övladları! Sənin üçün və yurdun üçün can verən ulu şəhidlərini unutma”, “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil, onlara Vətəni tanıdın, özləri sevəcəklər”,”Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”


“Şəhid olmaq üçün tələsirdi...”


İçin-için ağlayan anası Hicran xanım söhbətə qoşulur: “Atası da, mən də, əmisi də dedik ki, torpaqlarımızın azad olunması əmri verilibsə, onsuz da sən yaşda olan hər kəsi döyüşə çağıracaqlar. Gedib könüllü yazılma, iki ailənin tək oğul övladısan. Gözümüzü sənə dikmişik. Kimə deyirdin? Əmisi Mahir müharibə başlayanda könüllü olaraq getdi ki, “Qarabağ əlili olsam da, heç olmasa şəhid olanları, yaralıları döyüş bölgəsindən çıxarmağa kömək edərəm”. Bunu eşidəndə Vüsal dedi: “Halal olsun əmimə. Mənə deyirdi gözlə, ancaq özü məndən əvvəl gedib”. Sonra deyirdik ki, işin-gücün var, vəzifən var. Sanki bu sözümüzü gözləyirmiş. Gedib ərizə verdi ki, döyüşə gedirəm məni işdən azad edin. Sonra gəlib bizə elan elədi: “Demirdiniz ki, işin-gücün, vəzifən var. Baxın, artıq nə işim, nə də vəzifəm var. Boş-bekar adamam və Vətən məni çağırır”. Bir də deyərdi: “Mən döyüşə getməyim, Qubadlı da işğaldan azad olunsun. Sizcə bunu necə qəbul edərəm? Sonra o yerlərə ayaq basanda vicdanım qarşısında necə cavab verərəm ki, bu yerlər qeyrətli oğulların hesabına azad edilib, ancaq mən rahat-rahat gəzirəm”. Şəhid olmaq üçün tələsirdi...

Döyüşə gedən gün çiyinlərimdən tutdu, alnımdan öpdü: “Başını dik tut, bax evimizin eyvanından asdığım bayraqlarımız kimi. Mənə dua eylə. Oğlun Vətənin azad olunması üçün gedir”. Vüsal şəhid olan günə kimi mən də baş verənləri toy-bayram olaraq qəbul edirdim. Oğlumun könüllü olaraq getməməsi üçün bəhanələr axtarsam da, əslində torpaqlarımız azad olunurdu deyə, sevinirdim. Özümə bunu aşılamışdım ki, Vüsal qalib ordunun, qalib əsgəri kimi qayıdacaq”...

...Vüsal döyüşdə olan zaman dostlarından biri zəng vurur və bildirir ki, Stansiya Sumqayıtda şəhidlərimizin adını əbədiləşdirmək üçün bulaq inşa ediblər. Vüsal bu xəbərə çox sevinir: “Hər birinizə təşəkkür edirəm ki, şəhidlərimizi unutmursunuz. İnşallah, mən də qayıdım məhəlləmizdə bir bulaq inşa edəcəm”. Vüsalın arzusunu ailəsi gerçəkləşdirib. Yaşadiqlari binanın baş tərəfində şəhidin - Vüsalın barelyefi vurulub.
Anası davam edir: “Vüsal dostlarıyla Bakıya gəzməyə gedəndə birinci olaraq Şəhidlər Xiyabanını, Mübariz İbrahimovun, ötən ilin iyul ayından sonra da Polad Həşimovun məzarını ziyarət edərdi. Dostlarına da deyərmiş: “Burada uyuyanlar hər zaman yaşayacaqlar. Bu cür yaşamaq qismətimiz olsun”. Allahdan nə arzuladısa qisməti oldu”.

Vüsalın Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşduğuna diqqət çəkən əmisi Mahir bəy deyir: “Demək olar hər gün Vüsalla danışardım. Ancaq Cəbrayıl uğrunda gedən döyüşlər zamanı dörd gün Vüsaldan xəbər ala bilmədik. Beşinci günü zəng vurdu, məlum oldu ki, mühasirəyə düşüblər. Sonra düşmən mühasirəsin yarıb çıxıblar. Döyüş yoldaşları danışırlar ki, Cəbrayıl düşməndən azad ediləndən sonra qalan ərzaq məhsullarını bölüşdürüb yeyiblər. Vüsala da təklif edəndə deyib: “Mən yuyunub, qüsul alıb gəlmişəm ki, şəhidlik zirvəsinə pak olaraq çatım”.

Vüsalın son döyüşləri həmlə bölüyü ilə birgə olub. Həmin bölüyə 22 nəfər könüllü yazılıb. Onların hər biri, Vüsal da bilirmiş ki, bu bölükdə düşmənlə vuruşa girmək 99 faiz ölüm deməkdi. Ancaq yenə də həmin bölükdə vuruşublar. Xocavənd uğrunda döyüşlər zamanı mənə zəng vurdu və dedi ki, axşamkı döyüşləri çox ağır keçib: “Bütün yüksəklikləri götürmüşük. Xocavənd artıq ayağımızın altındadır. İnşallah oranı da azad edəcəyik. Mən qəhrəman olacam, mənimlə fəxr edəcəksiniz. Əgər bir işin sonu şəhidlikdirsə, qürur duymaq lazımdır”. Məni də, valideynlərini də şəhidliyinə hazırlayırdı”.

Anası Hicran xanım:”Qubadlının azad olunduğu günü mən dedim Vüsala. Sevinərək bildirdi: “Qürurlu xalqın oğulları kimi o yerlərdə gəzə biləcəyik”. Görmədi balam o yerləri”. Mahir bəy bu yerdə müdaxilə edir: “Xocavənd uğrunda gedən döyüşlərdə özünü mərminin üzərinə atıb 34 nəfəri ölümdən qurtarıb. Özü isə şəhid olub. Xəbəri eşidəndə Qubadlıdaydım. Özümü Füzuliyə çatdırıb şəhid balamın nəşini qucaqladım. Üzündə sanki bir rahatlıq vardı-arzusuna çatmışdı, şəhid olmuşdu”.

“Balam arzuladığı zirvəyə çatdı”

“Oktayabrın 30-da günortadan sonra yoldaşıma zəng vurublar ki, Vüsal şəhid olub. İnsafsızlar, heç olmasa bu xəbəri atanı hazırlayaraq da verməyiblər. Balam arzuladığı zirvəyə çatdı. Ancaq bizi gözü yaşlı qoydu. Özümə nə qədər toxtaxlıq versəm də, bacarmıram. Hara baxıram Vüsalı görürəm, səsi qulağıma gəlir. Elə bilirəm qapı açılacaq və həyat eşqilə dolu üzünü görəcəm, onun üçün süfrə açacam...” deyən, Hicran xanım sanki oğlunun xəbərini yenidən alıbmış kimi ağlayır...

...Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vüsal Tahir oğlu Allahverdiyev “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub...

...Anası məni Vüsalın otağına dəvət edir. Hər tərəf şəkillərlə bəzədilib. Uşaqlıq və gənclik illərinin şəkilləri, qol saatları, yarımçıq qalmış ətirlər, qurumuş gül dəstələri və sevdiyi kitablar... Bunların hər birində Vüsalın izi görünür...

...Oktyabrın 25-də Qubadlının erməni işğalçılarından azad olunmasının 1 ili tamam oldu. Şəhidim, həsrətində olduğun Qubadlın artıq azaddır və orada quruculuq işlərinə start verilib. Yollar çəkilir, müasir kəndlər, qəsəbələr salınır. Bir sözlə, Qubadli yenidən qurulur. Sənin kimi şəhidlərin və qazilərin, Vətənin hər qarış torpağını almaq üçün tökdüyünüz qanlar, hesabına. Allahdan sizlərə rəhmət, qazi silahdaşlarınıza şəfa diləyirik!

Arzu Şirinova
Bakıda fəhlə faciəvi şəkildə öldüOktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb.
Dəhliz açılır, İrəvan “yox” deyə bilməz – ArkovYeni üçtərəfli görüşün (Azərbaycan, Ermənistan, Rusiya) məqsəd və vəzifələrini oktyabrın 21-də Valday beynəlxalq diskussiya klubunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin artıq qeyd edib. Vladimir Vladimiroviçin tamamilə haqlı olaraq vurğuladığı kimi, Azərbaycan SSRİ dövründə mövcud olan və Ermənistan ərazisindən Naxçıvanla əlaqənin bərpasında maraqlıdır. Bu, Bakı üçün prioritet məsələdir.

Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, öz növbəsində, Ermənistan üçün isə ən vacib məsələ blokadanın aradan qalxması, regiondakı nəqliyyat layihələrinə və iqtisadi əlaqələrə daxil edilməsidir:

“Əlbəttə ki, tərəflər Cənubi Qafqazda sülhün tamamilə bərpa olunmasında maraqlıdırlar. Amma təəssüf ki, üçtərəfli bəyanatın imzalanmasından təxminən bir il sonra da Qarabağ münaqişəsi zonasında mütəmadi olaraq “aferşoklar” müşahidə edilir. Rusiya sülhməramlıları bu ərazilərdə yerləşdirilməsəydi, vəziyyət daha da faciəvi şəkil ala bilərdi.

Bəli, üç onillik davam edən münaqişə üçün afterşoklar qaçılmazdır, lakin onların dayandırılması üçün səy göstərmək, təxribatlara uymamaq, qonşunu düşmən kimi deyil, tərəfdaş kimi görmək lazımdır. Bakı bunu edə bilsə də, İrəvanda hələ ki, bunu dərk edə biləcək insanlar azlıq təşkil edir.

Moskva müzakirəsi üçün digər vacib məqam, şübhəsiz ki, Zəngəzur nəqliyyat dəhlizidir. Qeyd etmək lazımdır ki, İrəvan artıq 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini qismən yerinə yetirməyə başlayıb. Belə ki, Azərbaycan və İran arasında gərginliyin yeni mərhələsindən sonra Ermənistan Azərbaycanın mülki aviasiyası üçün öz hava məkanını açdı ki, bu da Naxçıvanla müntəzəm hava əlaqəsinin təmin olunmasına imkan verdi.

Yerüstü məlumatın (dəmir və avtomobil yollarının) bərpasına gəlincə, burada erməni tərəfini narahat edən bir neçə məqam var.

Məsələn, İrəvan Zəngəzur nəqliyyat dəhlizinin Ermənistanı faktiki olaraq İranla sərhəddən məhrum edə biləcəyi təhlükəsindən narahatdır. Amma görünür, tərəflər bu problemin də həlli yollarını tapa bilib.

Zəngəzur nəqliyyat dəhlizinin tezliklə bərpa olunmasına da məhz belə format kömək edəcəkdir.

Zəngəzur nəqliyyat dəhlizi məsələsinin müsbət həlli həm iqtisadi əməkdaşlıq, həm də kollektiv təhlükəsizliyin təmin edilməsi sahəsində (o cümlədən, "3+3" formatında) bir sıra digər mühüm vəzifələrin reallaşdırılmasını da pauzadan çıxarmağa imkan verəcək. Bir sözlə dəhliz artıq açılır. Ermənistan da artıq “yox” deyə bilməyəcək”.