Keçmiş icra başçısı 10 il azadlıqdan məhrum edilibBu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai- siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilib
Rus general evində intihar etdiRusiya Hərbi Desant Qüvvələrinin qərargah rəisinin keçmiş birinci müavini general-mayor Anatoli Belyanin intihar edib.

Bu məlumatı TASS agentliyi mənbələrinə istinadən yayıb. İnsident Moskva ətrafında yerləşən İvanteyevka şəhərində baş verib. Onun öz evində öldüyü bildirilib.

Qeyd edilib ki, Belyanin son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Belyaninin adı 1994-cü ildə qətlə yetirilən jurnalist Dmitri Xolodovun cinayətində şahid kimi keçirdi. Jurnalist Rusiya ordusundakı maxinasiyalar, xüsusilə, rus ordusunun çeçenlərlə qanunsuz silah ticarətini araşdırırdı.
Ümumdünya Ticarət Təşkilatına üzv olsaq... - HəsənquliyevAzərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, ölkədə ərzağın qiymətində artım müşahidə olunur: “Hesab edirəm ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə baxılmaldıır. Çünki bu halda kənd təsərrüfatı daxil olmaqla inkişaf, rəqabət mühiti müşahidə oluna bilər. Mən xahiş edirəm ki, parlament rəhbərliyi Ümumdünya Ticarət Təşkilatı ilə aparılan danışıqlarla bağlı Prezident Administrasiyası və digər aidiyyəti qurumlarla bunu müzakirə etsin”.


Yüksəliş Partiyasının rəhbərliyində yeni təyinatlar olubAzərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Baş Məclisinin genişləndirilmiş iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, toplantıda çıxış edən partiya başqanı Anar Əsədli qurumun dövlət qeydiyyatına alınması münasibətilə bütün üzvləri təbrik edib,

Anar Əsədli partiyanın ideoloji-siyasi xəttinin qalib gəldiyini qeyd edərək, təşkilatlanmağın, regional liderlərin yetişdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra iclasın gündəliyi qəbul edilib.

Partiya başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov partiya rəhbərliyinə yeni təyinatlar barədə məlumat verərək, həmin şəxsləri Baş Məclisə təqdim edib. Qeyd olunub ki, AY Partiya başqanının sərəncamları ilə Rəşad Babayev İqtisadi məsələlər, Sevinc Fədai Sosial, qadın və uşaq məsələlələri üzrə müavin təyin ediliblər. Bundan başqa, Tural Əhmədovun AY Partiya başqanının Avropa İttifaqı üzrə təmsilçisi, Mətləb Abdullayevin AY Partiya başqanının Humanitar məsələlər üzrə müşaviri təyin olunmaları barədə sərəncam verilib.

Təşkilati məsələlər haqqında danışan Bəhrəm İsmayılov Baş Məclisin, MNTK-nın və Başqanlıq Heyətinin iclaslarının vaxtının müəyyənləşdirilməsinin vacib olduğunu bildirib. O, həmçinin təşkilati məsələlərin icrası üzrə işçi qrupun yaradılacağını deyib.

Partiya strukturlarının fəaliyyəti, rayon təşkilatlarının formalaşdırılması, Baş Məclisdə komissiyaların yaradılması məsələləri üzrə müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul edilib.
Valideynlər övladlarını məktəbə getməyə qoymurlarŞabran rayonu Gəndab kənd tam orta məktəbi yenicə təmir olunub. Məktəb şagirdlərinə təhsil vermək üçün əla vəziyyətdədir. Sinif otaqları müasir tələblərə uyğun təmir olunub. Müəllimləri də savadli və qayğikeşdir. Lakin bu məktəbin yeganə problemi istilik sisteminin olmamasıdır.

Kənd sakinlərinin Avrasiya.net-ə verdikləri məlumata görə, məktəbdə istilik sisteminin olmaması üzündən valideynlər övladlarını təhsil ocağına göndərməkdən imtina edirlər. Çünki hər il onlarla məktəbli xəstələnir.

Deyilənə görə, əvvəllər hər sinifdə odun sobalarından istifadə edərdilər. Təmirdən sonra sobalar yığışdırılıb. Sonradan məktəbin arxasında "katelni" tikilib, məktəbə istilik sistemi çəkilib. Bir, iki il salyarka ilə işlənən "katelni" də fəaliyyətini dayandırıb. Qış aylarında müəllimlər spirallı peçlərdən istifadə edirlər ki, bu da müsbət nəticə vermir, əksinə elektrik xətləri yüklənmə üzündən sıradan çıxır.

Kənddə qazın olmasına baxmayaraq məktəbə qazın verilməməsi kənd sakinlərinə hələ də müəmmalı qalıb.
Naqif Həmzəyev Hindistana gedirMilli Məclisin deputatı, parlamentin Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Naqif Həmzəyev oktyabrın 28-dən 31-nə kimi Hindistanın Nyu Dehli şəhərində səfərdə olacaq.

Deputat Azərbaycan Respublikasının Hindistandakı səfirliyi və Hindistan Gənc Liderlər Konfederasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan, Azərbaycanın Müstəqilliyinin bərpasının 30 illiyinə və Vətən müharibəsində Qələbəsinin ildönümünə həsr edilmiş tədbirə qatılacaq. Oktyabrın 29-da keçiriləcək tədbirdə Hindistanın dövlət qurumları, parlament üzvləri, ictimai fəallar və KİV nümayəndələri iştirak edəcək.

Səfər çərçivəsində Naqif Həmzəyevin Hindistan parlamentində bir sıra görüşləri də nəzərdə tutulur.

Manatın devalvasiya riski var? - Elman Rüstəmovdan AÇIQLAMAMərkəzi Bank diqqətlə medianı izləyir, gedən prosesləri dərindən təhlil edir. Xarakterik cəhət ondan ibarətdir ki, ekspertlər cəmiyyətə dəqiq proqnozlar verirlər, mənim dediyim fikirləri bu və ya digər formada təkrar edirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında manatın devalvasiyasından danışarkən bildirib.

E.Rüstəmov deyib ki, mətbuata çıxarılan başlıqlar sensasiyaya xidmət edir:

“Amma spikulyativ xarakterli başlıqlar nəyə xidmət edir, onu anlamıram. Bu gün bütün ölkədəki situasiya makroiqtisadi sabitliyi özündə ehtiva edir. Bu gün Mərkəzi Bank və hökumətin qərarlarına əsasən nə bu il, nə də qarşıdakı illərdə manat üçün təhlükə gözlənilmir. Əksinə manat möhkəmlənməkdə davam edir”.

Baş bankir qeyd edib ki, əhalini hansısa məqalə və başlıqlarla narahat etmək yolverilməzdir
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdirBu barədə “Global Firepower” beynəlxalq nəşrinin 2021-ci il hərbi güc reytinqində bildirilir.

Nəşrin məlumatına görə, Gürcüstan 92-ci sırada qərarlaşıb.

Azərbaycan ötən ilki mövqeyini saxlayıb. 140 ölkə arasında 63-cü pillədədir və hərbi gücünə görə Cənubi Qafqazda lider ölkədir.

Türkiyə reytinqdə 11-ci pillədə özünə yer tutub.

Ermənistan isə 100-cü pillədə qərarlaşıb.

Reytinqin ilk beşliyinə ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya daxildir.
Tanınmış jurnalist güllələndiMeksikanın cənubunda naməlum şəxs tanınmış jurnalist Fredi Lopez Arevalonu güllələyib.

Axar.az xəbər verir ki, bu barədə “Heraldo de Chiapas” nəşri məlumat yayıb.

Məlumata görə, 62 yaşlı jurnalist axşam saatlarında evə qayıdarkən, naməlum cinayətkar onu odlu silahla ölümcül yaralayıb.

Qeyd edək ki, Lopez Arevalo müxtəlif xarici agentliklərin müxbiri olub və yerli “Novedades de México, Prensa Libre de Guatemala Notimex” nəşrlərində redaktor vəzifəsində çalışıb.

Arevalo Çyapas əyalətində baş verən hadisələr haqqında oxucuları ispan, ingilis və fransız dillərində məlumatlandıran regional “Maya Press” agentliyini təsis edib.