Saakaşvilinin partiyası əsas şəhərləri götürə bilərTiflis meri vəzifəsinə keçiriləcək seçkinin ikinci turundan öncə namizədlərin reytinqi açıqlanıb.

Axar.az xəbər verir ki, bununla bağlı “İpsos” şirkəti sorğu keçirib.

Sorğuya əsasən, hazırkı mer Kaxa Kaladze reytinqdə liderliyini qoruyub saxlayıb. Belə ki, Gürcü Arzusunun namizədi Kaladzeyə səs verməyə respondentlərin 51,6%-i hazır olduğunu bildirib. Onun əsas rəqibi Nika Meliyanın dəstəkçilərinin sayı 48,4% təşkil edib.

Sorğu həmçinin Zuqdidi, Kutaisi, Batumi və Rustavi şəhərlərində aparılıb. Bu 4 şəhərin hamısında respondentlər Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının namizədlərini dəstəkləyiblər.

Qeyd edək ki, Gürcüstanda qalibi müəyyən edilməyən 20 şəhərdə yerli özünüidarəetmə seçkilərinin ikinci turu 30 oktyabrda keçiriləcək.
Rus siyasətçi: “Ermənilər elə bildi ki, Bakını da ələ keçirəcəklər”“Müharibənin əvvəlində Moskvanın böhranın həlli üçün irəli sürdüyü ideyalar daha çox Ermənistan üçün faydalı idi. Amma heç kim qulaq asmadı və belə bir fikir yarandı ki, İrəvan Bakını ələ keçirəcək”.

Avrasiya.net xəbər verir ki, bunu Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

O qeyd edib ki, nəticələr göz önündədir:

“Real vəziyyət İrəvan üçün kədərli, lakin Bakı və Ankara üçün yaxşıdır. Əvvəl Ermənistan Bakı ilə yanaşı, Moskvanın məsləhətinə qulaq assaydı, Azərbaycanla münaqişəni müstəqil şəkildə həll edə bilərdi. Amma Ermənistan Rusiyanın dediklərini dinləmədi”.
Maksim Musayev vəfat etdiAzərbaycanın görkəmli ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı Maksim Musayev ötən gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu haqda mərhumun oğlu Emin Musayev məlumat yayıb.

Allah rəhmət eləsin!
Avropada yoluxma və ölüm halları artır - ÜSTAvropa keçən həftədə koronavirusa (COVID-19) yeni yoluxma hadisələrinin və xəstəlikdən ölənlərin sayının artmağa davam etdiyi dünyanın yeganə qitəsi olmaqda davam edir.

Avrasiya.net məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, oktyabrın 18-dən 24-dək olan həftə ərzində dünyada COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı 4 faiz artıb. Bundan əlavə, koronavirusa yeni yoluxma hadisələrinin yarıdan çoxu (57%) Avropa regionunda qeydə alınıb. Dünyanın bu qitəsi keçən həftə ilə müqayisədə yoluxmanın artdığı yeganə bölgə idi.

Digər bölgələrdə həftəlik COVID-19-a yoluxma hallarında azalma qeydə alınıb.

Dünyada ümumilikdə xəstəlikdən ölənlərin sayı keçən həftə ilə müqayisədə 5% artıb. Avropa regionunda (14%) və Cənub-Şərqi Asiyada (13%) artım qeydə alınıb.
İraqda həbsdə və uşaq evlərində saxlanılan daha 38 azərbaycanlı uşaq ölkəmizə gətirilibOktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib.

İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Nəticədə Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycana gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.

"Qeyd olunmalıdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək", - məlumatda bildirilib.
ABŞ və Türkiyə F-35 ilə bağlı məsləhətləşmələr aparıbAnkarada ABŞ və Türkiyə nümayəndələri arasında F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr aparılıb. Bu barədə Pentaqonun saytı məlumat yayıb. Məlumatda deyilir ki, Pentaqonun nümayəndə heyəti ilə Türkiyənin Milli Müdafiə Nazirliyi arasında görüş keçirilib:

"ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 27-də tərəflər arasında mübahisələrin həlli ilə bağlı müzakirələr aparmaq üçün Ankaraya gedib. Türkiyənin sentyabrın 23-də yekunlaşan F-35 proqramından çıxarılması ilə bağlı məsələləri həll etmək üçün Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparılıb".

"Görüş ABŞ hökumətinin Türkiyənin F-35 proqramında əvvəlki iştirakını hörmətlə yekunlaşdırmaq öhdəliyini nümayiş etdirir. Müzakirələr məhsuldar keçib və nümayəndə heyətləri yaxın aylarda Vaşinqtonda yenidən görüşməyi planlaşdırır", - Pentaqon bildirib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan F-35 üçün xərclədiyi 1,4 milyard dolların geri qaytarılmasını istəyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Baydenlə Qlazqoda gözlənilən görüşündə F-35 məsələsi gündəmdə olacaq:

"F-35 üçün 1 milyard 400 milyon dollar vermişik. Bu ödənişlə bağlı təbii ki, biz onlarla onun bizə necə qaytarılacağını müzakirə etməliyik”.
Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıbDünyaca məşhur futbolçu Dieqo Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıb. Bu barədə ölkə prezidenti Alberto Fernandes fərman imzalayıb.

Fərmanda deyilir ki, Buenos-Ayres əyalətinin Villa Fiorito qəsəbəsində yerləşən Dieqo Armando Maradonanın evi milli tarixin abidəsi kimi tanınsın.

Qeyd edək ki, Maradona 1960-cı il oktyabrın 30-da doğulduğu ev gecəqondular məhəlləsində yerləşir. Ev məhəllənin giriş hissəsinin qabağında kiçik tikilidir. Ev üç otaqlıdır, onun yanında isə Maradonanın ilk məşqinə başladığı futbol meydançası olub.

FİFA rəsmi saytında keçirilən səsvermədən sonra Maradona 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb. Həmçinin, təşkilat 1986-cı il iyunun 29-da Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Argentina millisinin qalib gəldiyi oyunda Maradonanın İngiltərəyə vurduğu topu “əsrin qolu” adlandırıb.

Maradona cəmi bir neçə ildən sonra həmin qolu əli ilə vurduğunu etiraf edib.

Böyük futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.
Türkiyədə Azərbaycan Prezidentini təhqir edən telekanala inzibati cəza verilibTürkiyənin Ali Radio və Televiziya Şurası Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının müraciəti əsasında "Kudüs" TV-də yayımlanan “Üçüncü Göz” proqramını araşdırıb.

Bu barədə “Report” "Milliyyet"ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin efirdə təhqir olunmasının müəyyən edilməsindən sonra kanal cərimə edilib.

Fransada dövlət çevrilişinin qarşısı alındı - FOTOFransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (Əks-kəşfiyyat-red) oktyabrın sonlarında peyvənd mərkəzlərinə hücumların təşkilində şübhəli bilinərək saxlanılan “Demokratik Hərəkat” (“MoDem”) Partiyasından olan sabiq deputat Remi Daye və onun tərəfdarlarının planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.

Publika.az xxəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Dayenin əlaqələrini araşdıran müstəntiqlər onun ölkə daxilində geniş şəbəkəsi olan terror icması yaratdığını aşkar ediblər. Təşkilat bəziləri hazırkı və ehtiyatda olan polis əməkdaşları, jandarm və hərbçilərdən ibarət olub.

Qəzet istefada olan polkovnik-leytenant, Fransanın "Ximətlərə görə" ordeninin sahibi, hərəkatın sərt iyerarxiyaya malik hərbi qanadının qurucusu və kuratoru, 63 yaşlı Kristof M-nin nun adını çəkib. Müstəntiqlər dövlət çevrilişi hazırlayan qrupun üzvləri arasında yazışmaların analizinin nəticələrinə görə, hər biri öz regionuna cavabdeh olan azı 36 "kapitan" müəyyən ediblər.

Nəşr qeyd edir ki, bu günə qədər həmin iş üzrə 12 sui-qəsdçiyə qarşı ittiham irəli sürülüb, lakin bir sıra digər araşdırmalar neonasistlər də daxil olmaqla, onların digər hərəkatlarla əlaqəsinə işarə edir. Məhkəmə cari ilin mayında həmin iş üzrə üç məhbusa qarşı ittiham irəli sürüb.
Gəncədə dəhşətli yanğın - Bir evdən 3 nəfər ÖLDÜBu gün saat 04:18-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, məlumat qəbul edilən kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.