Eldəniz Səlimovun cinayət işi ilə bağlı yeni xəbərBu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın  növbəti iclası keçirilibDövlət Miqrasiya Xidmətinin (DMX) Bakı Regional Miqrasiya İdarəsində İctimai Şuranın növbəti iclası keçirilib. İclasda cari ilin üçüncü rübünün nəticələrinə nəzər salınıb, işçi qruplarının hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, ilin sonunadək icrası tələb olunan fəaliyyətlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, son üç ayda Şura üzvlərinə müraciət edən yüzdən artıq miqranta zəruri hüquqi məsləhətlər verilib və ehtiyacı olan şəxslərə məlumat dəstəyi göstərilib. Qeyd olunub ki, İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qruplar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. Amma bununla yanaşı bildirilib ki, növbəti mərhələdə icra olunan fəaliyyətlər daha konseptual şəkildə yerinə yetirilməli və bu işlər miqrantlardan ibarət hədəf qrupları ilə sıx şəkildə həyata keçirilməlidir.

İclasda 2022-ci ilin birinci yarımilliyində icrası planlaşdırılan məsələlər ətrafında müzakirələr aparılıb, irəli sürülən təklif və tövsiyələrə münasibət bildirilib. Xüsusilə vurğulanıb ki, qarşıdan gələn dövr ərzində əsas diqqət bölgələrdə həyata keçirilən miqrasiya siyasətinin icra vəziyyətinin öyrənilməsinə, bu məqsədlə səfər və monitorinqlərin təşkil edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsinə və hədəf qrupları ilə yaxından işləyən vətəndaş cəmiyyəti institutlarının potensiallarının artırılmasına yönəldilməlidir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi məsələsi də daxili miqrasiya kontekstində İctimai Şuranın müvafiq işçi qrupunun diqqət mərkəzində saxlanılması vacib sayılan məqamlardandır.

İclasda müzakirəyə çıxarılan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev icrası nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsində təmsil etdiyi qurum tərəfindən zəruri təşkilati və texniki dəstəyin göstəriləcəyini bildirib.
Bakıda idmançı zalda ölü tapıldı - FotoBakıda fitnes məşqçisi vəfat edib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

Onun ölüm səbəbi hələlik məlum deyil.
"Rusiya, Çin və Pakistan Tacikistandan məmnun qalmaz"Hindistanın Tacikistanın Farhor şəhərindəki yeganə xarici hava bazası ciddi çatışmazlıqlara malikdir.
Hindistan Rusiyanın razılığı ilə 2002-ci ildə aviabazanın istismarına başlayıb. Lakin aktiv döyüş eskadrilyaları olmadığı üçün aviabaza Hindistanı Pakistan və ya Əfqanıstana qarşı alternativ hücum marşrutu ilə təmin etmir.

Bunu Azerforum.com-a Hindistanın tanınmış eksperti Məhəmməd Pərviz Bilgrami ölkəsinin Tacikistanda hərbi bazalar yaratmaq istədiyinə münasibətində bildirib.

Onun sözlərinə görə, Farhor hava bazasının əsas vəzifəsi Hindistanın yardım və yenidənqurma materiallarını Əfqanıstana daşımaq idi: "Hindistan təyyarə ilə Tacikistanın Düşənbə yaxınlığındakı Ayni hərbi hava bazasına yüklər aparır, daha sonra materialı 150 kilometr məsafədən Farhora daşıyır və oradan Əfqanıstana yüklənir. Beləliklə, bu aviabazanın Hindistan üçün aktiv döyüş rolu üçün çox az faydası var".

Bilgrami onu da deyib ki, Tacikistanın təhlükəsizliyinə görə Rusiyadan, zəif iqtisadiyyatına görə isə Çindən asılılığı hamıya məlumdur: "Tacikistan
"Taliban"la razı olmasa da, Əfqanıstanda tacik azlıqlarının ədalətli təmsil olunmasını istəyir. Hindistanın bu bazada hərbi fəaliyyətini aktivləşdirməsindən nə Rusiya, nə Çin, nə də indi Pakistan Tacikistandan məmnun olar. Beləliklə, bu amillər onu göstərir ki, Hindistanın yaxın gələcəkdə döyüş rolu üçün Tacikistandakı aviabazasını istifadə etmək şansları çox azdır".
"Kreml Azərbaycanın tələbini anlayışla qarşılayır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Rəsmi İrəvan son günlərə qədər Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın da yer aldığı 10 noyabr və 11 yanvar Bəyanatlarının məlum bəndlərinin icra olunmamasına hər cürə bəhanələrlə səy göstərirdi. Lakin sonda bunun mümkün olmayacağını birmənalı surətdə anladılar. Çünki Bakı Zəngəzur dəhlizinin açılması məsələsində israrlı və qətiyyətlidir. Azərbaycan tərəfi nəqliyyat-kommunikasiya xətlərinin açılmasına dair 11 yanvar Moskva bəyannaməsinin icrasını həm Rusiyadan, həm də Ermənistandan israrla tələb edir.

Putinin "Valday" beynəlxalq klubunun plenar iclasındakı son açıqlamaları da onu göstərir ki, Kreml Azərbaycanın tələbini anlayışla qarşılayır və Rusiya Ermənistana basqı göstərməyə məcburdur. Onlar Zəngəzur dəhlizi ilə bağlı hətta istəməsələr də belə, Azərbaycanla real danışıqlara getməli olacaqlar. Çünki Putin bu məsələyə dair Rusiyanın öz üzərinə vasitəçilik öhdəliyini götürdüyünü yaxşı dərk edir. Rusiya buna təminat verib və indi də təminatçı ölkə olaraq götürdüyü öhdəliyin yerinə yetirilməsinə borcludur. Bu baxımdan Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun fəaliyyətinin bərpası labüd idi.

Sözügedən işçi qrupun görüş və müzakirələrinin bərpası Zəngəzur dəhlizinin açılması ilə bərabər, digər məsələlərin də necə deyərlər, "ölü nöqtə"dən tərpənməsinə təkan verəcək. Xüsusən də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesi sürətlənəcək. Və bundan sonra Ermənistan irili-xırdalı bütün məsələlərdə konstruktiv mövqe tutmağa məhkumdur. Ermənistanın baş naziri də tədricən tam reallıq hissinə qayıdacaq, getdikcə daha konstruktiv və rasional siyasət yürütməyə başlayacaq. Elə ümumi gedişat da bu fikrimizi təsdiqləyir.

Baxın, hazırkı Nikol Paşinyan 6 ay və yaxud, bir il bundan öncəki Nikol Paşinyan deyil. Bu adam son vaxtlar get-gedə daha çox ipə-sapa yatmağa və realist siyasət yürütməyə başlayır. 44 günlük müharibədən sonra hazırda Cənubi Qafqazda tamamilə yeni reallıqların yarandığını Ermənistan siyasətçiləri arasında Paşinyan hamıdan daha yaxşı başa düşür. O dərk edir ki, Ermənistanın Azərbaycan ilə sülh bağlamaqdan, sərhədlərin demarkasiyası və delimitisasiyası prosesini başa çatdırmaqdan, nəqliyyat-kommunikasiya xəttlərini açmaqdan, Türkiyə və Azərbaycana qarşı konfrantasiya siyasətindən əl çəkib regional əməkdaşlıq siyasətinə keçid etməkdən başqa heç bir alternativ yoxdur. Ermənistanın baş naziri çox gözəl anlayır ki, gah Rusiyanın, gah Fransanın, gah da İranın himayəsinə sığınmaq və onlardan dəstək istəmək, yardım diləmək erməni xalqına nə tərəqqi, nədəki xoşbəxtlik gətirməyəcək.

Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyevin istər müsahibələrində, istərsə də işğaldan azad edilmiş rayonlarımıza səfərlərinin gedişində çıxışlarında Ermənistan rəhbərliyinə davamlı şəkildə sülh mesajları ünvanlaması və o cümlədən Zəngəzur dəhlizinin açılmasının labüdlüyü barədə qətiyyətli fikirlər səsləndirməsi Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinə ciddi psixoloji təsir gücünə malikdir. Prezidentin Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı verdiyi nikbin açıqlamalar da hər birimizi gələcəyə inamla baxmağa kökləyir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, biz qarşıya qoyduğumuz hədəflərimizə, istədiyimizə nail oluruq.

Ayrı-ayrı kiçik insidentləri və erməni tərəfinin bəzi qeyri-konstruktiv açıqlamalarını nəzərə almasaq, bütövlükdə postmünaqişə dövrü sakit keçir. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll olunması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrupun görüşləri davam edir. Sərhədlərin müəyyənləşdirilməsi prosesi də tezliklə bərpa ediləcək. Azərbaycan tərəfi bu prosesə tam hazırdır və Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bu yaxımnlarda keçirilən iclasındakı çıxışında da bir daha bildirdi ki, Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Biz ümid edirik ki, Paşinyan bu tarixi şansı düzgün dəyərləndirəcək və Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh sazişi imzalanacaq. Bu ilk növbədə Ermənistanın öz maraq və mənafelərinə cavab verən bir hadisə olardı.

Ermənistanda hər kəs başa düşməlidir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması zamanın tələbidir. Ermənistan dövləti və erməni xalqı bundan sonra ənənəvi təcavüzkar siyasətlə və şovinist-millətçi dünyagörüşü ilə artrıq öz varlığını qoruyub saxlaya bilməyəcək. O, bütün qonşuları ilə (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) münasibətlərini normallaşdırmağa məcburdur. 10 noyabr və 11 yanvar bəyanatların müddəalarının reallaşması labüddür və qaçılmazdır. Odur ki, əvvəlkindən fərqli olaraq indi Ermənistan tərəfi ziddiyyətli bəyanatlar verməkdən, danışıqlar prosesini süni surətdə ləngitməkdən çəkinməlidir. Biz ümid edirik ki, son vaxtlar Ermənistan hökuməti tərəfindən verilən müsbət məzmunlu mesajlar yalnız söz olaraq qalmayacaq, danışıqlar hər şeyə rəğmən davam etdiriləcək və yaxın perspektivdə müsbət nəticələr əldə etmək mümkün olacaq. Ermənistan öz sülhpərvərliyini sözdə deyil, əməldə sübut etməyi bacarmalıdır.

İctimai Şurada sədr və müavinlər seçildi - Narazılıq baş verdiBu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, QHT.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, iclasda İctimai Şuraya seçilmiş 13 üzv iştirak edib və qurumun rəhbər orqanlarının seçilmə məsələsinə baxılıb.

İctimai Şuranın sədrliyinə Elçin Axundzadə (“Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin) , Nazim Bayandurov (“İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin) və Elməddin Muradovun (“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi) namizədliyi irəli sürülüb.

Daha sonra Elçin Axundzadə öz namizədliyini Nazim Bayandurovun xeyrinə geri götürüb. Seçki nəticəsində Nazim Bayandurov (7 səs) səs çoxluğu ilə İctimai Şuranın sədri seçilib.

Eyni zamanda İctimai Şuranın sədr müavinləri seçkisi keçirilib. Elçin Axundzadə (“Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi), Ramil Əliyev (“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi) və Vüsal Əliyev (“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi) sədr müavinləri seçilib.

Eyni zamanda Zülfüqarlı Aytac (“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi) İctimai Şuranın katibi seçilib.

Sədr müavini seçkilərində yaranan narazılıqla bağlı ictimai şuranın 5 üzvünün iclası yarımçıq tərk etdiyi bildirilir.
Prezident və birinci xanım Bakıda açılışda - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən, müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir. Mərkəzin tikintisi “PAŞA Holding” tərəfindən maliyyələşdirilib, arxitektura, layihələndirmə və təşkilati dəstək isə “Cobalt Architecture and Design” şirkəti tərəfindən təmin edilib. Mərkəz sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.

Burada əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə 15 yaşdan yuxarı 5 nəfərlik qrup üçün təlim, həmçinin kulinariya yarmarkalarının keçirilməsi, kulinariya verilişlərinin çəkilməsi nəzərdə tutulur.

Mərkəzdəki audio-səsyazma studiyasında vokal bacarıqların inkişaf etdirilməsi, audio disklərin və solo albomların yazılması, video-çarxların, sənədli və bədii filmlərin, teletamaşaların dublyaj edilməsi nəzərdə tutulur. Studiyada yaş məhdudiyyəti yoxdur.

Floristika və landşaft dizaynı studiyasında isə dekorativ-tətbiqi sənət və dizayn növü olan floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən ibarət natürmortların hazırlanması, gül kompozisiyalarının yığılması, terrarium və bitki rezervuarlarının dizaynı və quraşdırılması nəzərdə tutulur. Studiyada eyni vaxtda 8 nəfərə, gün ərzində 2 qrupa təlimlərin keçirilməsi mümkündür. Təlimlərdə yaşı 10-15-dən yuxarı olan şəxslər iştirak edə bilərlər.

Metal və ağac oyma studiyasında dekorativ-tətbiqi sənətin növü olan ağac, metal, daş üzərində bədii oyma sənəti tədris ediləcək. Studiyada artıq ağac üzərində oyma üsulu ilə hazırlanmış musiqi alətləri, milli mədəniyyət abidələri, heykəl və fiqurlu kompozisiyalar təqdim olunur. Bu studiyada eyni vaxtda 8-10 yaşdan yuxarı 6 nəfərə, gün ərzində 2 qrupa təlimin keçirilməsi mümkündür.

Xalçaçılıq, tikiş, toxuma və tikmə studiyasında dekorativ-tətbiqi sənətin əsas növü olan Azərbaycan xalçaçılıq sənəti və onun mühüm 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək. Burada ilmə-naxış texnikası, rəng ahənginin seçilməsi, yun iplərin boyanması, bədii tikmə növünün ən qədim və geniş yayılmış pilətikmə forması, qızılı saplarla, muncuqla milli və müasir geyimlərin işlənməsi, dizaynı öyrədiləcək. Studiyada eyni vaxtda 6-8 yaşdan yuxarı 7 nəfərə təlimin keçirilməsi mümkündür. Gün ərzində hər sahə üzrə bir qrup tədris prosesində iştirak edəcək.

Musiqi studiyasında Azərbaycan milli musiqi sənətinin, çalğı, vokal dərslərinin tədrisi nəzərdə tutulur. Studiyada çalğı, vokal qabiliyyəti, musiqi biliyi olan 4 yaşdan yuxarı 20-25 nəfər eyni vaxtda təlimlərə qatılacaq. Gələcəkdə əlilliyi olan musiqiçilərdən ibarət instrumental və vokal ansamblın yaradılması nəzərdə tutulur.

Mərkəzin açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş həyətyanı sahəsi də var. Burada reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgilərin, satış-sərgi yarmarkalarının təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin, həmçinin pavilyon kimi istifadə edilərək inklüziv televiziya verilişlərinin çəkilməsinə şərait var.

Mərkəzin keramika studiyasında dulusçuluq sənət növü üzrə bacarıqlar, o cümlədən keramik əşya, dekorativ məmulatların hazırlanması və rənglənməsi, farfor qablar və dekorativ məmulatların milli naxışlarla bəzədilməsi, dekorativ heykəltəraşlıq öyrədiləcək. Studiyada eyni vaxtda 8 yaşdan yuxarı 9 nəfərə təlim keçirilməsi mümkündür.

Təsviri sənət studiyasında kətan üzərində yağlı boya, akvarellə, kağız üzərində qrafiti və tuş, vitraj boya vasitəsilə şüşə üzərində, sulu boya ilə ipək üzərində rəsm sənətinin öyrədilməsi nəzərdə tutulur. Studiyada 5 yaşdan yuxarı eyni vaxtda 10 nəfərə, gün ərzində 2 qrupa təlim keçiriləcək.

Rəqs zalında fiziki məhdudiyyətli və peşəkar insanların birgə rəqs təliminin keçirilməsi və gələcəkdə peşəkar inklüziv rəqs kollektivinin yaradılması nəzərdə tutulur. Həmçinin burada yerli və xarici xoreoqraflarla təlimlər və ustad dərsləri də planlaşdırılır. Zalda eyni vaxtda 30 nəfərə rəqs dərslərinin keçirilməsi mümkündür. Peşəkar rəqs təlimində iştirak edən əlilliyi olan şəxslər 10–34, inkişaf rəqqasları isə 15–34 yaş arasında olacaqlar. Digər fizioloji reabilitasiya təlimində isə 5 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Mərkəzin 121 nəfərlik auditoriyasında kinoteatr və teletamaşaların təqdimatı mümkündür. Səhnədə müasir plastika, musiqili janr üslublu və emosional teatr quruluşlarının, müxtəlif musiqili konsert proqramlarının, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün şərait yaradılıb. Burada sosial müəssisə sakinləri üçün ödənişsiz film nümayişləri planlaşdırılır. Səhnədə eyni vaxtda 25-30 nəfər tərkibdə teatr tamaşalarının və konsertlərin keçirilməsi mümkündür.

Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reallaşdırdığı “Bərabərik” televiziya layihəsi və inklüziv teatrlarla bağlı məlumat verildi.

Mərkəzdə kitabxana da yaradılıb. Burada Azərbaycan milli ədəbiyyatına, həmçinin xarici dillərdə müxtəlif peşə və sənət tədrisinə dair kitablar var. Kitabxanada görmə məhdudiyyətli şəxslərin bədii yaradıcılığının inkişafı üçün brayl əlifbası ilə kitablardan ibarət guşələrin yaradılması, əlilliyi olan şəxslərin kitablarının təqdimatının, məşhur yazıçıların iştirakı ilə qiraət günlərinin, yerli və xarici yazarların imza günlərinin keçirilməsi nəzərdə tutulur.

İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 60 nəfər işçi heyət və “Könüllü DOST” üzrə 20 nəfər könüllü fəaliyyət göstərəcək.

Mərkəzin yaxınlığındakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və qızları Leyla Əliyevanı salamladılar.
Rusiyada zavodda dəhşətli partlayış: 17 nəfər öldüRusiyanın Ryazan vilayətindəki “Elastik” sintetik liflər zavodunda güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 16 nəfər öldüyü bildirilib. Xilasedicilər 15 nəfərin meyitini tapıblar.

Məlumata görə, partlayışın baş verdiyi barıt sexində 17 işçi olub. Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışın texnoloji prosesin pozulması səbəbindən baş verdiyini açıqlayıb.

Faktlar bağlı araşdırmalara başlanılıb.

***

Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 17-yə çatıb.
"Azəriqaz"ın "sayğac oyunu" bitmir - Əziyyət çəkən isə vətəndaşlardır
Sabunçu qəsəbəsinin Ə.Cavad və onun kəsişməsində olan küçələrdə dördüncü gündür ki, günorta saatlarında qazın verilməsi dayandırılır, axşam saat 6 radələrində bərpa edilir.

Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamenti rəsmisi ilə əlaqə saxladıqda dedi ki, bəs, təhlükəsizlik tədbirləri ilə bağlı sayğaclar dəyişdirilir, ona görə də qazın verilməsində fasilələr olur. Həmin rəsmiyə bildirdik ki, bu ilin yay aylarında smart tipli sayğacları mexaniki ilə əvəzlənib. Daha bu nə dəyişiklikdir ki, nəticəsində əhali əziyyət çəkir. Günorta saatlarında – 11.30 radələrində qazı kəsmək nə deməkdir? Bu zaman hər bir ailə günorta yeməyi hazırlayır, işdən, dərsdən gələn, gedən var, evdə xəstə, yaşlı, uşaq var. Bu “sayğac oyunu” nə zaman bitəcək? Bizə bildirdi ki, lazım olan vaxtı qazı kəsə bilərlər.

Azəriqaz İstehsalat Birliyinin səbəbsiz olaraq qazın verilişini dayandırmır, bu aydındır. Amma hansısa “oyun”ların üzündən vətəndaşların hüquqlarını pozmaq da düzgün deyil, vətəndaşları bu oyunların qurbanına çevirmək olmaz.

Həmin ərazidə müşahidələr apardıq. Əksər qaz sayğaclarının üzəri şəffaf örtüklə örtülüb, bu da Azəriqaz İstehsalat Birliyinin “yeniliyi” olub ki, hər gün yüzlərlə ailə saatlarla qazın verilməsini gözləyib. Əgər bir küçədə “sayğac oyunu” oynanılırsa, digər küçənin sakinlərinin qazı niyə kəsilməlidir? Bizimlə danışan rəsmi isə dedi ki, sayğacda aparılan dəyişiklik (guya şəffaflığı, təhlükəsizliyi təmin etmək məqsədilə) zamanı həmin evin qazı kəsilir. Həmin şəxsi başa sala bilmədik ki, hər gün bu vəziyyətlə üzləşirik, hazırda qəsəbənin Ə.Cavad küçəsində heç bir proses aparılmır, amma qaz yoxdur.

Əgər sayğacların şəffaflığı, təhlükəsizliyi bu proseslə təmin olunursa niyə bu hamıya aid edilmir. Dəmir örtükləri çıxarıb tullamaq, onu səffaf plastik örtüklə əvəzləmək şəffaflıq deməkdir? Bunu qoyaq kənara, bəs insanlar niyə qazın verilməsindən məhrum edilirlər?

Azəriqaz İstehsalat Birliyinin rəsmiləri belə prosesləri həyata keçirməklə vətəndaşlarda narazılıq yaratmamalıdırlar. Biz bilirik və qəbul edirik ki, problem aradan qaldırıldıqdan sonra qazın verilməsi bərpa ediləcək. Amma nədən bu problem vaxtında aradan qaldırılmayıb, bir problemə görə 4 gün saat 11.30-18.00 radələrində yüzlərlə ailə qazsız qalmalıdır?

Avrasiya.net