Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildiRusiyanın Monteneqrodakı səfirliyi milliyətcə azərbaycanlı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılovun ekstradisiyası üçün lazım olan materialları bu ölkənin istintaq orqanlarına təqdim edib.

Rusiya KİV xəbər verir ki, Rusiya Baş Prokurorluğu oktyabrın 15-də onun ekstradisiyasını istəyib.

Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1-də Monteneqroda saxlanılıb. O, 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.
Daha bir məktəb distant təhsilə keçdiPaytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Azərbaycan 5 erməni hərbçisini qaytardıAzərbaycan 5 erməni hərbçisini Ermənistana qaytarıb.

General Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçuş həyata keçirib.

Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.

Bildirilib ki, Muradova təhvil verilən ermənilərin ikisi 27 may 2021-ci ildə Kəlbəcərdə Azərbaycan ərazisinə girmək istəyərkən saxlanılan hərbçilərdir.
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edibKoronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.

Bu barədə “Report”a "Yeni Klinika"dan məlumat verilib.

"Həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib", - klinikadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüşdü.

Allah rəhmət eləsin!
Hindistana ilk gedəcək 5 milyon turistə viza pulsuz veriləcəkHindistan çarter reysləri ilə səfər edəcək turist qrupları da daxil olmaqla 15 oktyabr 2021-ci il tarixindən bütün beynəlxalq səyahətçilərə turizm e-vizalaranın verilməsini bərpa edib.

Avrasiya.net-in yazdığına görə, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat paylaşılıb.

Məlumatda deyilir ki, Hindistana səyahət etmək istəyən ilk 5 milyon turistə viza pulsuz veriləcək.
“Kontakt Home”un yeni oyunu – Alim yazdıİnandırım sizi, “Kontakt Home”dan bir neçə dəfə mal almışam və çox peşmanam.

Avrasiya.net xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev paylaşıb. O, jurnalist Elmir Muradovun bu mağazalar şəbəkəsində rastlaşdığı problemə toxunub:

“E.Muradov yazır ki, həyatımın ilk səhvini edib, iyul ayında “Kontakt Home”dan kreditə mobil telefon götürdüm. Dostların dəfələrlə “ordan heç nə alma” sözlərinə qulaq asmadım, indi də əziyyətini çəkirəm. Hər ayın 17-i kredit ödənişinin vaxtıdı, srağagün ödəniş aparatlarına yaxınlaşdım ki, ödəniş edəm, ekranda sistemin işləmədiyi göstərildi. Daha sonra onlayn formada ödəniş eləmək istədim, onda da sistemdə yanlışlıq olduğu qeyd olundu. Şirkətə zəng elədim ki, məsələni ayırd edəm, operatora bağlanmaq üçün 6 dəqiqə xəttə gözlədildim. Xanım operatorları telefonu açandan sonra gah minnətlə danışır, gah səs tonunu artırır. Anlamadım, müştəri mənəm, ya şirkət əməkdaşı. Bir xeyli sorğu-sualdan sonra "kodlar dəyişilib, sistemdə axtarış verək, məsələyə aydınlıq gətirmək üçün geri dönüş edəcəyik, sağ olun" deyib telefonu bağladı.

Mən bunları anladım. Deməli, şirkət kodları qəsdən dəyişir, müştəriyə də yeni kodu göndərmir. Və beləliklə müştəri vaxtında ödəniş edə bilmədiyi üçün mövcud kreditinin üzərinə faiz gəlir. Bu yolla şirkət öz çirkin planını həyata keçirib, insanların cibinə girir. Bunların kreditinin hamısını ödəmək, ondan da sonra ümumiyyətlə “Kontakt Home” tərəfə getməmək lazımdır. Konkret maxinasiya ilə məşğuldurlar!”
Daha bir meyxanaçı saxlanıldı - SəbəbMeyxanaçı Xudabaxış Kubinka (Hüseynzadə) Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avrasiya.net Sfera.az-a istinadən xəbər verir ki, meyxanaçı narkotik vasitəylə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha öncə meyxanaçı Cavid Babaşov (Sumqayıtlı) narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldıldıMedianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmana etdiyi dəyişiklikdə əksini tapıb.

Müşahidə Şurası üzvlərinin sayı 6 nəzərdə tutulmuşdu. İndi isə bu say 4-ə endirilib.

Fərmana əsasən, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.

Fərmanla İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib. Bundan əvvəl icraçı direktorun 2 müavini var idi.
Komitədə qazaxıstanlı qonaqlarla görüş olub
Oktyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şimali-Xəzər və Qaraçaqanaq layihələrində hasilatın pay bölgüsünə dair Qazaxıstan hökumətinin səlahiyyətli orqanı olan "PSA" Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komitə sədri qonaqları qalib Azərbaycanın parlamentində salamlamaqdan məmnunluğunu ifadə edib. 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərini türk dünyasının qələbəsi kimi qiymətləndirən Sadiq Qurbanov Qazaxıstan dövlətinin, siyasi və ictimai xadimlərinin haqq işimizə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb.

O, Azərbaycanla Qazaxıstanı birləşdirən çoxəsrlik tarixi və mədəni əlaqələrdən, ortaq dəyərlərdən danışaraq Ümummilli lider Heydər Əliyev və Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan əməkdaşlığın dövlət başçılarımız tərəfindən hazırda da müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. O, beynəlxalq təşkilatlar, xüsusən də Türk Şurası çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edib.

Ölkələrimizin iqtisadi əlaqələri, xüsusən də neft-qaz hasilatındakı birgə fəaliyyəti və təcrübə mübadiləsinə toxunan komitə sədri bu ənənənin davam etdirilməsini yüksək dəyərləndirib.

Görüşdə iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov müasir dünyada enerji resurslarının rolundan, Azərbaycanın enerji təhlükəsizliyi siyasətindən bəhs edib, bu sahədə perspektiv imkanlardan danışıb. "PSA" Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri İzbastin Beket, səhmdar cəmiyyətin əməkdaşları Dias İbraşev, Ruslan Balıkbayev və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ölkəmizin Vətən müharibəsindəki qələbəsini ədalətin zəfəri kimi dəyərləndiriblər, təbriklərini çatdırıblar. Qonaqlar hasilatın pay bölgüsü layihələri üzrə idarəetmə metodları, yaranan mübahisələrin həlli yolları, bu sahə üzrə qanunvericilik bazası və onun təkmilləşdirilməsi kimi məsələlərlə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanıblar.

Görüşdə Milli Məclisin deputatı Əliabbas Salahzadə, “PSA" Səhmdar Cəmiyyətinin əməkdaşı Baqdat Kujatov və digər rəsmi şəxslər də iştirak ediblər.
Şantajla pul tələb edən jurnalistlərin işindən yeni xəbərVəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin yutub sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları videoçarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə əldə edilən sübutlar əsasında Sənan Abdullayev və İlqar Atayevə Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.