İran Rusiyadan qırıcılar almaq istəyirİranın Rusiyaya səfər edən Baş Qərargah rəisi Məhəmməd Baqeri Moskva ilə qırıcı və helikopter alınması barədə danışıqlar aparır.

Bu barədə Baqrei “Fars” agentliyinə açıqlamasında məlumat verib.

O qeyd edib ki, hava vasitələrinin alınması barədə müqavilələr BMT-nin İrana tətbiq etdiyi silah embarqosunun sona çatmasından sonra imzalanacaq.

Baqeri hansı növ təyyarə və helikopter alınması barədə məlumat verməyib
İcra başçısı məhkəmədə ifadə verdiBakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "FF-2011" MTK-ın təsisçisi Tamella İbrahimova hakimin və Rasim Quliyevin suallarını cavablandırıb.

T. İbrahimova qeyd edib ki, sərəncama qədər Bakı şəhər İcra Hakimiyyətindən Dilarə Əliyeva küçəsində yerləşən ərazidə işlərin görülməsinə şifahi icazə alıb: "Sərəncam 2018-ci ildə verilsə də, mən 2012-ci ildən orada işlər aparmışam. Söküntünün pulunu mən versəm də, işlər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilib. Rasim Quliyevin sərəncamına qədər mən artıq 5 mərtəbə tikmişdim".

Rasim Quliyev bildirib ki, onun verdiyi sərəncam 2018-ci il oktyabrın 1-də Bakı şəhər İcra Hakimiyyətinin hazırkı başçısı Eldar Əzizov tərəfindən ləğv edilib.

Tamella İbrahimova qeyd edib ki, sərəncam ləğv olunsa da, tikinti işlərini davam etdirib: "Hətta mən gedib Eldar Əzizovla bu məsələ ilə bağlı görüşmüşəm. Biz işimizi davam etdirmişik. Pandemiya başlayanda işlərimiz dayandı".

Daha sonra prosesdə cinayət işinin bəzi sənədləri elan olunub.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun istintaqda verdiyi ifadə məhkəmədə elan olunub.

İcra başçısı ifadəsində deyib ki, Dilarə Əliyeva küçəsi 141 ünvanında söküntü ilə bağlı onlara müraciət edilməyib, yaxud onlarla hər hansı razılaşma olmayıb: "Həmin ərazi Nəsimi rayon İcra Hakimiyyətinin balansında deyildi".

Daha sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılovun ibtidai istintaqa ifadəsi elan edilib. O da Asif Əsgərovla analoji ifadə verib.

Hakim iş üzrə sənədləri elan etməyə davam edib.

Sənədlərdə qeyd olunub ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən Rasim Quliyev tərəfindən 31 may 2018-ci ildə imzalanmış sərəncama əsasən, "FF-2011" MTK tərəfindən Dilarə Əliyeva küçəsi 145-də bina və ofis tikilməsinə icazə verilib.

Rasim Quliyev isə deyib ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçının müavini vəzifəsini icra etməyib: "Mən müavin vəzifəsini icra etməmişəm, müavinin səlahiyyətlərini müvəqqəti icra etmişəm. Müavin vəzifəsini icra etsəydim, mənimlə əmək müqaviləsi imzalanardı".

Proses oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlkahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(APA)
Rusiya NATO-nun Moskvadakı bürosunu bağlayırNATO-nun Moskvadakı informasiya bürosu fəaliyyətini dayandırır.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov yayıb.

O, büronun fəaliyyətinin Moskvanın tələbi ilə dayandırdığını bildirib. Büronun əməkdaşlarının akkreditasiyası 1 noyabrdan ləğv ediləcək.

Qeyd edək ki, bundan öncə NATO Rusiyanın təşkilat yanındakı nümayəndəliyini azaltmaq barədə qərar qəbul etmişdi.
Sədaqət Əzimova: “Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı”Ötən il Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, Qarabağ münaqişəsi həll olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızı geri qaytarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoymuşdur. Oktyabrın 25-də müzəffər Azərbaycan əsgərinin ayaq basdığı Qubadlı şəhəri Cəbrayıl, Füzuli və Zəngilandan sonra ölkəmizin Dağlıq Qarabağ bölgəsi ətrafında işğaldan azad edilən sayca 4-cü rayon mərkəzi olmuşdur.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Qubadlı qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.

Qubadlı rayonunun 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində rayondan 29 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmiş, 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.

Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

Məlum olduğu kimi, Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdir. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərmişdir. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.

Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər getmiş, Azərbaycan şəhidlər vermişdir.

Regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında hal-hazırda mühüm strateji vəzifələr durur. Bu kontekstdə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, bölgədə yeni nəqliyyat dəhlizinin yaradılması, kommunikasiya xətlərinin bərpası, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslə çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan rayonlara səfərləri göstərir ki, Azərbaycan dövləti düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılmasını diqqət mərkəzində saxlayır. Dövlət başçımızın tapşırığı ilə rayonda infrastruktur yenilənir, elektrik xətləri çəkilir və Qubadlı-Laçın yolu müasir standatlara uyğun inşa edilir.

Bu baxımdan, strateji və taktiki gedişlərimizlə zəngin olan bu zəfər yolu göstərdi ki, Azərbaycanın tərəqqisinin təməlində təbii sabitlik, güclü millət, qüdrətli dövlət və güclü liderlik keyfiyyətləri dayanır.

239 nömrəli tam orta məktəbin direktoru
Əzimova Sədaqət Qərib qızı
İzel Seylani “Ən yaxşı aktyor" seçildiQuzey Kıprıs Türk Cümhuriyyətinin istehsalı olan “Təslimat” adlı qısametrajlı film İspanyadan mükafatla qayıdıb.

Avrasiya.net xəbər verir ki, rejissoru Doğuş Özokutan, istehsalçısı Vasvi Çiftcioğlu olan qısametrajlı filmin baş rolunun ifaçısı İzel Seylani bu il 18-cisi düzənlənən Castilla-la Mancha Beynəlxalq Sosial Filmlər Festıvalında "Ən yaxşı aktyor" mükafatını qazanıb.

Qeyd edək ki, film Şərqi Aralıq dənizi Universiteti(DAÜ) və Mədəniyyət Departamentinin dəstəyi ilə post-prodakşn çəkilib.

İzel Ceylaninin oynadığı qısametrajlı film qızının əməliyyatı üçün pul ödəmək üçün bir qrup qaçqının həyatı ilə qumar oynayan bir sürücüdən bəhs edir.

Xatırladaq ki, "Təslimat" filmi bu günə qədər 11 ölkədə, 39 beynəlxalq festivalda nümayiş olunub.
Tanınmış meyxanaçı saxlanıldıTanınmış meyxanaçı Cavid Sumqayıtlı saxlanılıb.

Avrasiya.net Sfera.az-a istinadən xəbər verir ki, o, bir neçə gün öncə Sumqayıt Şəhər Polis əməkdaşları tərəfindən yaxalanıb.

Cavid Sumqayıtlının üzərindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
İranla İrəvan Araz çayı üçün xüsusi komissiya yaradırErmənistan və İran Araz çayının çirklənməsini tədqiq etmək üçün xüsusi komissiya yaradacaq.

Axar.az xəbər verir ki, bunu İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri deyib.

“Ermənistana son səfərim zamanı ən vacib müzakirə məsələlərindən biri Araz çayının çirklənməsiydi. Görüş zamanı Araz çayının çirkliliyinin tədqiqi üçün xüsusi komissiyanın yaradılması qərarı qəbul edilib. Araz çayı hər iki ölkə üçün vacib məsələdir və biz arzuolunan nəticəyə çatmaq üçün bu problemi həll etməkdə qərarlıyıq”, – deyə o bildirib.
"Bizim olkədə ədalət məhkəməsi də ölüb""Yaxşı olar ki, Mixail Saakaşvili özünü qəsdən ölüm təhlükəsi ilə üz-üzə qoymasın. Dini qanunlarda da bu məsələyə qadağa var. Bir sözlə dini, vicdani və insani baxımdan ona tövsiyəm, çağrışım budur ki, aclığı dayandırsın. Canına xəsarət yetirməyi sonlandırsın. Təbii ki, Saakaşvili həyatını itirsə, məsələnin günahkarı onun özü ilə yanaşı, həm də ona mübarizə üçün həbsxanada aclıq aksiyasından başqa bir alternativ buraxmayan indiki hökumət olacaq. Onun üçün də bilərəkdən bir şəxsin ölümünə razılıq verilərək göz yumulması məqbul deyil və qınanılası bir məsələdir".

Bunu Avrasiya.net-ə eks-prezident Mixail Saakaşvilinin həbsxanada 2 həftədən çoxdur ki, aclıq aksiyasına davam etdirməsini şərh edən Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtəqi Əsədov söyləyib.

Onun sözlərinə görə, hökumət istəsə üçüncü prezientin aclıq aksiyasına son verməsi üçün çox rahatlıqla müəyyən çıxış yolları tapar.

"Saakaşvili pis və ya yaxşı bu ölkənin prezidenti olub. Bu gün hamı onun siyasi rəqib olması ucbatından həbs edildiyini deyir. Saakaşvilinin azadlığa çıxmasının bunlara nə qədər ziyanı varsa, həbsxanada həyatını itirməsinin ondan neçə qat artıq ziyanı var. Bunun altını xətləyərək deyə bilərəm ki, ümumi olaraq bütövlükdə həm ölkə həm də bu "maşennik" siyasətçilər, önun ölümündən doğrulan zərbə və sarsıntılardan yan keçə bilməyəcəklər. Bizim ölkənin durumu da, bu yükü qaldıracaq durum da deyil. Hökumət istəsə Saakaşvilini aclıq aksiyasına son qoyması üçün rahatlıqla müəyyən çıxış yolları tapar. Məsələn, istəsələr Mixail Saakaşvilini ev dustaqlığına buraxa bilərlər. Cinayəti varsa, araşdırılsın, sonra ədalətli qərar verilsin. Amma əslində bu məsələnin özü də şübhəlidir. Çunki bizim olkədə ədalət məhkəməsi də ölüb. Ona görə də yaxşı olar ki, bu məsələdə prezident Salome Zurabişvili öz mövqeyni ortaya qoysun. Amma bu da yenə şübhəlidir ki, o, öz böyükləri tərəfindən bunu etməyə icazəlidir yoxsa yox.

Bu hökumətin bir çox səhvləri olduğu kimi, Saakaşvilinin də öz hakimiyyəti dövründə bir çox səhvləri oldu. Bunu həm yaşadıq gördük həm də özü etiraf edir. Hər iki hakimiyyət dövründə insani, ictimai, siyasi və iqtisadi qurbanlar oldu. Bu gün sabiq prezidentin həbsindən doğrulan ölkədə yaranmış durumun səbəbkarlarının kimliyindən asılı olmayaraq, həm dini, vicdani və insani tələb, həm də insan həyatının təhlükə altında olmasından söz getdiyi üçün, bütün ictimai qınaqları, siyasi maraqları və şəxsi ambisiyaları qırağa qoyaraq məsələnin həlli üçün ölkəni məhvə sürükləyən deyil, ölkə maraqlarına xidmət edən addımlar atmaq lazımdır", - qeyd edən M.Əsədov əlavə edib:

"Yeri gəlmişkən onu da vurğulayım ki, mən də bu gün sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması üçün petisiyaya qoşularaq imza atmışam".
Eldar Həsənov yenidən DTX-nin təcridxanasına qaytarıldıAzərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanaya qaytarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib.

Bildirib ki, sabiq səfir oktyabrın 17-də DTX-nin Hərbi Hospitalından təcridxanaya qaytarılıb.

Qeyd edək ki, E.Həsənov bir neçə gün əvvəl DTX-nin Hərbi Hospitalına yerləşdirilmişdi. Onun hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Onun cinayət işi üzər məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.