Azərbaycan Prezidenti: "Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram""Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir.

Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

"Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək", - Prezident vurğulayıb
Deputat "Şəhid bulağı"nın açılış mərasiminə qatılıbMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün Siyəzən rayonunda qəhrəman şəhidimiz Muradov Samir Tahir oğlunun xatirəsinə valideyinləri tərəfindən tikilən "Şəhid bulağı” kompleksinin açılış mərasimində iştirak edib.

Açılışda şəhidin valıdeyinləri, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və rayon içtimayətinin nümayəndələri də iştirak ediblər.

Saakaşvilidən tərəfdarlarına müraciət: Putinin sifarişidirMixail Saakaşvili həbsxanadan tərəfdarlarına məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda o, tərəfdarlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb.

O, həbsinin “Putinin sifarişi” olduğunu və Rusiyadan başqa heç kimin onun həbsini tanımayacağını bildirib.

Saakaşvili qələbənin onların əlində olduğunu deyib. Eks-prezident azadlığa çıxmasının, eləcə də Gürcüstanın azadlığının onların aktivliyindən asılı olduğunu söyləyib.
DTX Ermənistan xüsusi xidmət orqanlarına işləyən şəxsi həbs edibAzərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.

Avrasiya.net DTX-nin saytına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

İstintaq zamanı məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.

Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1960-cı ilə qayıtmaq mümkün deyil - TatarKiprdə yaşanan reallıqlar göz qabağındadır və 1960-cı ilə qayıtmaq mümkün deyil.

Avrasiya.net xəbər verir ki, bunu Şimali Kipr Prezidenti Ərsin Tatar Cənubi Kipr lideri Nikos Anastasiadisin 1960-cı ilə qayıtmaq barədə təklifini şərh edərkən deyib.

Kipr Cümhuriyyətinin adanın türk və yunan xalqlarının ortaq səyi nəticəsində 16 avqust 1960-cı ildə qurulduğunu söyləyən Tatar 1963-cü ildə türklərin silah gücü ilə bu cümhuriyyətdən kənara atıldığını qeyd edib.
Azərbaycanlı jurnalist Rusiya mətbuatında ermənilərin Gəncə, Bərdə və Tərtər terrorundan yazıbAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev Rusiyanın nüfuzlu PolitRUS.com analitik-informasiya portalında ötən ilin bu günlərində ermənilərin Gəncə, Bərdə və Tərtərin mülki əhalisinə qarşı terrorunu xatırladıb.

Yazıda müəllif qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib.

Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələrə əl atıb.

C.Şahverdiyev qeyd edib ki, 27 sentyabr 2020-ci il - 30 oktyabr 2020-ci il tarixlərində 182-dən artıq məntəqə düşmən hədəfinə çevrilib və bu məntəqələrə 27 mindən artıq mərmi və 218 raket atılıb. Atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd edilib.

Ermənistan tərəfindən atılan raket və mərmilər nəticəsində 98 mülki vətəndaş həyatını itirib, 414 nəfər xəsarət alıb, 2442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılıb. Ölənlər arasında körpələr, uşaqlar, qocalar, yaşlı qadınlar, yenicə həyat quran cütlüklər də olub.

Yazıda mülki əhaliyə hücum etməklə Ermənistanın həm də 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyaların, Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozduğu bildirilib.

Müəllif yazıda onu da qeyd edib ki, hələ 1991-92-ci illərdə işğalçı Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi zaman mülki əhaliyə qarşı, Xocalı soyqırımı zamanı, eləcə də, əsir və girovlara qarşı kimyəvi silahlardan istifadə edib. Əsirlikdən azad olunan soydaşlarımızın bədən hissələrində yaranan fəsadlardan sonra dünyalarını dəyişmələri sübut edirdi ki, ermənilər bu insanların üzərində kimyəvi silahlardan istifadə ediblər.

“Human Rights Watch” və “Amnesty International” təşkilatları da Azərbaycanın mülki əhalisinə və infrastrukturuna Ermənistan tərəfindən qadağan olunmuş kasetli bombalardan istifadə etməklə hücumları öz hesabatlarında təsdiq edib.

Müəllif yazıb ki, həmin dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da xalqımız döyüş ruhunu, həmrəyliyini və iradəsini itirməyərək şərəf də sədaqətlə Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzu mənəvi olaraq dəstəkləyib. Erməni terrorunun qurbanı olan mülki vətəndaşlarımızın qisasını isə müzəffər ordumuz döyüş meydanında müvəffəqiyyətlə alıb. Buna baxmayaraq, Ermənistan törətdiyi bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında da cavab verməli olacaq.

Yazıda erməni vəhşiliklərini əks etdirən foto və video kadrlar da yerləşdirilib.

Yazının rus dilində tam mətni aşağıdakı linkdə:
http://www.politrus.com/2021/10/01/azerbaycan-tragedy/
Mixail Saakaşvilinin həbsxanadan azad olunması üçün şərtlər açıqlanıbGürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini ölkənin hazırkı lideri tərəfindən əfv edilməsi və ya ekstradisiya yolu ilə azad etmək olar.

“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Beka Basilaya bildirib.

O, Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyinə dair bəyanatını xatırladıb, lakin qeyd edib ki, sabah vəziyyət dəyişə bilər.

Vəkilin sözlərinə görə, Gürcüstanın sabiq prezidentinin taleyi siyasi iradədən asılıdır".

Beka Basilaya hesab edir ki, Gürcüstanda bu gün keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri ölkə prezidentinin qəti qərarına təsir edəcək.

Saakaşvilinin Ukraynaya ekstradisiyası haqqında danışan vəkil vurğulayıb ki, bu prosedur uzun vaxt aparır. Bundan başqa, Ukrayna hakimiyyəti hələ Gürcüstana bununla bağlı müvafiq sorğunu göndərməyib.

Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilirBu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, saat 08:00-dan etibarən ölkə üzrə 3 664 seçki məntəqəsində səsvermə prosesi başlayıb.

Gürcüstan vətəndaşları 64 şəhərə mer və 64 rayonun məşvərətçi orqanları olan sakrebulolara proporsional və majoritar sistem üzrə 2 068 üzv seçəcəklər.

Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) yenilədiyi siyahıya əsasən, qeydiyyata alınan seçicilərin sayı 3 497 345 nəfər təşkil edir. Seçkilərdə ilk dəfə elektron səsvermə sistemi tətbiq olunacaq. Bu yenilikdən Tbilisinin Krtsanisi rayonunda qeydiyyatda olan 41 314 seçici istifadə edə biləcək.

Səsvermə koronavirus pandemiyası şəraitində keçirildiyindən seçicilər qoruyucu maskada və birdəfəlik qələmdən istifadə etməklə səs verirlər. Bundan başqa, yerli və beynəlxalq müşahidəçilər, seçki komissiyalarının üzvləri və KİV nümayəndələri MSK və dairə seçki komissiyalarına daxil olarkən COVID-19-la bağlı antigen ekspress test verməli olacaqlar.

Seçkiləri 31 310 nəfər yerli, 1 024 nəfər beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 109 media qurumun 2 927 nümayəndəsi işıqlandırır.

Qeyd edək ki, qonşu ölkədə pandemiya dövründə seçkilər artıq ikinci dəfədir keçirilir. Belə ki, ötənilki parlament seçkiləri də bu dövrdə baş tutub.
"Taliban"la İŞİD arasında qanlı toqquşmaƏfqanıstanın şimalındakı Pərvan əyalətində İŞİD silahlıları "Taliban" qüvvələrinə hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanlı toqquşma zamanı "Taliban"ın 4 üzvü öldürülüb.

Bildirilir ki, İŞİD silahlıları Pərvan əyalətinin Çarıkar bölgəsində baş verən partlayışdan dərhal sonra silahlı hücum həyata keçirib.

Hadisə nəticəsində "Taliban"ın bir neçə üzvü də yaralanıb.
Komitə sədrinin təşəbbüsü ilə şəhid ailələri ziyarət olunub - FotolarMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü ilə ötən il 44 günlük İkinci Qarabağ müharibəsində Siyəzən və Şabran rayonlarında şəhid ailələrinə il mərasimlərinin keçirmələrinə dəstək məqsədilə yardım göndərilib.

Avrasiya.net xəbər verir ki, komitə sədrinin köməkçisi Elnur Rəhimov dünən hər iki rayonda olub və ümumilikdə 46 şəhid ailəsini ziyarət edib, yardım paylarını çatdırmaqla yanaşı onların sosial problemləri, qayğıları ilə maraqlanıb, qeydiyyat aparıb.

Şəhid ailələri hökumətin onlara göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına və bu təşəbbüsü həyata keçirən millət vəkili Sadiq Qurbanova təşəkkürlərini bildiriblər.

E.Rəhimov bildirib ki, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı hər birimizin borcudur və bunu təmənnasız yerinə yetirməliyik.

E.Rəhimov daha sonra bir neçə şəhidin xatirəsinə tikilən bulaqlarda da olub.

Allah şəhidlərimizə rəhmət eləsin!