Polis şöbəsində qətlə yetirilən qadının qardaşı GİZLİNLƏRİ AÇDI - ŞOK TƏFƏRRÜAT"Bacım polis bölməsində, bibimin və iki azyaşlı uşağının gözü qabağında qətlə yetirilib".

Avrasiya.net xəbər verir ki, bu sözləri ötən gün Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq qətlə yetirdiyi Xanım Məmmədovanın qardaşı Əliyev Aqil Musa oğlu Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, bacısı 27 yaşlı Məmmədova Xanım Musa qızı həyat yoldaşından uzun müddət şiddət görüb:

"Dəfələrlə ailələrində qısqanclıq üstündə mübahisələri olurdu. Hər dəfə də ailədir, söz-söhbət olar deyib, bir yol tapıb barışırdı. Bacım dəfələrlə döyülüb. İki il əvvəl dubinka ilə bacımı bərk döymüşdü. Atamgildə qaldı. Sonra atamgil dedilər ki, ailədir, iki uşaq var, boşanmasın. Ailəsi dağılmasın deyə barışdırdılar. Bir il, il yarım ailəsində hər şey normallaşdı. Sonra yenə başladı həmin problemlər. Oğlu birinci sinfə gedir. Yenə qısqanclıq zəminində problemlər başladı və ailəsində söz-söhbət döyülməyə qədər gətirib çıxardı".

Aqil Əliyev deyib ki, İsmayıl Məmmədov qısqanclıq zəminində Xanım Məmmədovanı döysə də, mobil telefonu da özü alıb vermişdi. Növbəti qısqanclıq da elə buradan başlayıb:

"Bacıma mobil telefon alıb və "WhatsApp" tətbiqi yükləyib. O da orada oğlunun sinfinin valideynlər qrupunda yazışıb. Müəllimlərlə uşağın dərsi ilə bağlı danışıblar. Gəlib deyib ki, "niyə məktəbi bəhanə edib başqa valideynlərlə danışırsan?" Qətlə yetirməzdən iki gün əvvəl bacımı möhkəm döyüb, qapını da bağlayıb gedib. Özləri kirayədə qalırdılar. Evdə qapının ikinci açarı olub. O, işə gedəndən sonra bacım uşaqları da götürüb gedib bibimgilə. Bibimə deyib ki, "bu dəfə sondur, daha dözə bilmirəm, boşanacam". 6 ildir qaldıqları evdə bacımı dustaq kimi saxlayıb. Bacım bəzi şeyləri bizdən gizlədib ki, ailəsi dağılmasın, biz narahat olmayaq.

Bibimgildə bizimlə danışdı, dedi ki, polisə ərizə yazacam. Biz dedik ki, vermə polisə, çıx gəl yanımıza, boşanarsan. Dedi ki, yox, artıq dözə bilmirəm. Axşam 102 Çağrı Mərkəzinə yığıb şikayət edib, onlar da ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə çağırıb. Bacım deyib ki, qorxuram, gəlmək istəmirəm, siz şikayətimi qəbul edin, sonra gəlib ərizə yazaram. Onlar isə deyib ki, sizin təhlükəsizliyiniz tam təmin ediləcək, narahat olmayın. Sentyabrın 30-da bacım iki uşağı və bibimi də götürüb səhər saat 8-də gedib şöbəyə. Şöbədə təhqiqatçının yanında ərizə yazıb. Daha sonra təhqiqatçı deyib ki, yoldaşınızı da çağıraq, onun da izahatını alaq. Bacım yalvarıb ki, çağırmayın, mən gedim, sonra onun izahatını alarsınız. Təhqiqatçı isə deyib ki, "narahat olmayın, polis şöbəsindəsiniz və mən polis mayoruyam, burada sizə heç kim heç nə edə bilməz".

A.Əliyev bildirib ki, təhqiqatçı İsmayıl Məmmədovu çağıranda polis maşınında dolu və atəşə hazır vəziyyətdə olan silahla otağa girib: "Birinci otağa girəndə buraxmayıblar. O da deyib ki, oğlumu görüb, çıxacam. Elə qapını açıb, əyilib oğlunu öpəndə tez silahı çəkib bacımı vurub. Boğazdan aşağı bacıma 7 dəfə atəş açıb. Təhqiqatçı hadisə yerindən təxminən 10 metr aralıda olub. Təhqiqatçı qaçıb gələnə qədər bütün darağı boşaldıb. Oğlan şəhid ailəsidir, Xocalıdan olublar. Özü əvvəllər narkotik vasitə istifadəçisi olub. Dəfələrlə bacımı döyüb, söyüb, təhqir edib.

Bacımın meyiti ekspertizaya verilib. Bədənindən 6 güllə çıxarılıb, bir gülləni hələ çıxarmayıblar. Saat 12:00-da atamgil bacımın meyitini götürüb, gəlməlidirlər rayona. Atam uşaqları öz himayəsinə götürüb".

Aqil Əliyev qeyd edib ki, bacısının azyaşlı oğlu hadisənin şokundadır: "Balaca qızının 3 yaşı var, oğlu birinci sinfə gedir. Polis əməkdaşı bacımın oğlundan izahat alıb. Uşaq deyib ki, "atam anamı tapança ilə vurdu". İndi o uşaqların psixologiyası necə olacaq? Bu uşaqların yetim qalmasında orada olan hər kəsin az da olsa, günahı var".

Qeyd edək ki, hadisədən sonra İ.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Komitə sədri ahıllarımızı təbrik edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Beynəlxalq ahıllar günü” münasibətilə ahıllarımızı təbrik edib.

Təbrikdə deyilir:

BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə əsasən 1 oktyabr tarixi bütün dünyada “Beynəlxalq ahıllar günü” kimi qeyd olunur.

Ölkəmizdə isə bu əlamətdar gün 1993-cü ildən qeyd olunur. Azərbaycan xalqının mental təfəkküründə yaşlı insanlara hörmət etmək xüsusi yer tutur. Bu qrupdan olan insanlar xalqımız və dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmışdır. Onun respublikamıza rəhbərliyi dövründə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub (22 iyun 2001-ci il). Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.

Qeyd olunanlarla yanaşı, Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan verib. Sosial sahədə aparılan bu islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.

Həssas sosial qrupa aid olan ahıllarla bağlı danışarkən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdən bəhs etməmək mükün deyil. Xüsusi ilə uşaqlar və ahıllara münasibətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın davamlı və məqsədyönlü siyasəti dövlətimizin həyata keçirdiyi sosial dövlət prioritetlərinin gerçəkləşməsində böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də yaşlı nəslin nümayəndələri üçün mütəmadi olaraq tədbirlər təşkil edir, kimsəsiz uşaq və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili baxımından layihələr həyata keçirir, bu kateqoriyadan olan insanları daimi diqqət və qayğı mərkəzində saxlayır. Fond tərəfindən dəfələrlə onlara əyləncəli proqramlar təşkil edilmişdir.

Pandemiya dövründə Amerikada və Avropada ölümlə üzləşən on minlərlə ahıl insanların ölümünün şahidi olduq. Lakin həmin dövrdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Uşaq Psixonevroloji Mərkəzinə, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edilmişdir. Həmçinin xüsusi ilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilmişdir.

Dövlətin həyata keçirdiyi uğurlu sosial siyasətlə yanaşı milli dəyərlərimizin ahıllara münasibətdə həssaslığını xüsusi qeyd etmək lazımdır. “ Qocaya hörmət elə, sən də qocalacaqsan” atalar sözü də bu mənanı özündə gözəl şəkildə ehtiva edir.

Əziz ahıllar Sizi “Beynəlxalq ahıllar günü” münasibəti ilə təbrik edirəm! Tanrının nəzərləri həmişə üstünüzdə olsun!
İngiltərə premyer liqası İctimai TV-yə sarı gəlir!Azərbaycan teleməkanında böyük tamaşaçı auditoriyasına malik, dünyanın ən baxımlı liqası sayılan İngiltərə premyer liqasının 2021/2022 mövsümünün qarşıdakı turlarının İctimai Televiziya ilə yayımlanması barədə razılıq əldə olunub. Anlaşmaya əsasən, hər turun 2 mərkəzi qarşılaşması İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, məsələ ilə bağlı telekanala ünvanlanan çoxsaylı müraciətlər, Şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan minlərlə məktub və ümumiyyətlə premyer liqa oyunlarına böyük ictimai maraq nəzərə alınaraq aparılan danışıqlar futbolsevərlər üçün sevindirici xəbərlə nəticələnib:

“Futbol həvəskarları hazırda İngiltərə premyer liqa oyunlarını ölkə ərazisində izləməklə bağlı problemlə üzləşdiyi üçün nüfuzlu idman tədbirlərinin yayımlanmasında zəngin təcrübəyə malik İctimai Televiziya azarkeşlərə növbəti sürpriz edir.

Premyer Liqa ilə bağlı yayımın əldə olunmasında bizi tərəfdaş olaraq seçdiyinə görə “Saran Holdinq”ə təşəkkürümüzü bildirir və bu əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağına inanırıq.

Beləliklə, bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır. Bazar günü saat 19:30-dan başlayaraq isə futbol azarkeşləri “Liverpul”-“Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləyə bilərlər. Xoş seyrlər! – deyə Şirkətin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Koronavirus gələn ilin martında başa çatacaq: ÜST ELAN ETDİÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatlarına görə, dünyada COVID-19-a yoluxmada azalma müşahidə olunur.

Avrasiya.net xəbər verir ki, ÜST yeni yoluxma sayının hər həftə 400 min azalaraq 4 milyondan 3,6 milyona düşdüyünü bildirib.

Təşkilatın Xalq Sağlamlığı, Ətraf və İqlim Dəyişikliyi departamentinin direktoru Maria Neira vaksinasiyanın davam etdiyi müddətdə bütün koronavirusla bağlı yaşanan böhranın 2022-ci ilin martına qədər bitəcəyini proqnozlaşdırdıqlarını açıqlayıb: "Hər şey peyvəndlənmənin sürətləndirilməsindən və dərman preparatlarının mövcudluğundan asılı olacaq, çünki bəzi ölkələrdə bu hələ də narahatedici formadadır".
Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırlaşdıKoronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni nəfəs aparatına qoşulub.

Avrasiya.net xəbər verir ki, bu barədə Qaynarinfo.az-a onun vəkili Leyla Məmmədova danışıb.

Vəkil bildirib ki, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti bir az da ağırlaşıb, nəfəs ala bilmədiyi üçün IVL aparatına qoşulub.

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.
2000-ə yaxın qaziyə əlillik verilib - RəsmiBu günə qədər II Qarabağ müharibəsində müxtəlif dərəcəli xəsarətlər alan 2000-ə yaxın qaziyə əlillik təyinatı aparılıb.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra yaralanan 5 281 hərbi qulluqçu müayinə edilib.
Veteranlar Prezidentə müraciət etdiBu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən “Nəsillərin görüşü” adlı konfransın iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb.

Avrasiya.net müraciətin mətnini təqdim edir:

“Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!

Sizin hərbi-siyasi rəhbərliyinizlə aparılan və böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir səhifə açıb, sadəcə erməni işğalı nəticəsində itirlmiş torpaqlarımızı deyil, həm də xalqımızın ləyaqətini, milli qürur və özünəinam hissini tam bərpa edib. Lakin 8 Noyabr zəfəri yalnız Azərbaycan və onun sərhədləri ilə məhdudlaşmır. 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub edən, onun hərbi potensialına ölümcül zərbə vuran Azərbaycan, bununla bütün regionu hədəf alan faşizm təhlükəsini də ortadan qaldırıb, ümumilikdə bəşəriyyət və ümumdünya sivilizasiyasına böyük töhfə verib. II Dünya müharibəsinin nəticəsində olduğu kimi, 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün bütün dünya işğaldan azad edilən torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklərə baxaraq dövlətimizin necə qorxunc ümumbəşəri bəlaya qarşı mübarizə apardığını dərk etməli, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin qlobal önəmini anlamalıdır.

30 ilə yaxın müddətdə Azərbaycan münaqişənin danışıqlar yolu ilə həlli üçün danışıqlarda səbrlə iştirak etdi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar heç bir nəticə vermədi. Münaqişə Sizin və Azərbaycan xalqının qəti iradəsi nəticəsində həll edildiyi halda, həmsədrlərin yenidən „danışıqlardan“ bəhs etmələri gülünc və utancvericidir.

Cənab Prezident!

Sizin müharibədən öncə və müharibə zamanı diplomatik görüş və beynəlxalq tribunalardakı çıxışlarınızda, o cümlədən dünyanın nüfuzlu media orqanlarına müsahibələrinizdə işğalçı Ermənistan və onun hərbi cinayətləri haqqında səsləndirdiyiniz fikirlər erməni faşizminin ifşa edilməsində, onun ideoloi əsaslarının sarsıdılmasında mühüm rol oynayıb. Müharibə və post-müharibə dönəminin təhlili göstərir ki, Azərbaycan Ermənistanı sadəcə hərbi platformada deyil, informasiya və diplomatiya müstəvilərində də tam məğlub edib, onu mənəvi-ideoloji cəbhədə də böyük itkilərlə üz-üzə qoyub.

Cənab Ali Baş Komandan!

Sizin cəsarət və qətiyyətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində artıq torpaqlarımız işğaldan azad olunub. Siz faşist Ermənistan hərbi işğalından azad edilən rayonlarımızı yenidən dirçəltməyi, orada həyatı yenidən bərpa etməyi, Qarabağı dünyanın cənnət guşələrindən birinə çevirməyi əsas hədəflərdən biri kimi müəyyən etmisiniz. Biz konfrans iştirakçıları olaraq bəyan edirik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bu ali, müqəddəs missiyanın uğurla yerinə yetirilməsində iştirak etməyə, doğma Qarabağımızın dirçəlişi prosesinə öz töhfəsini verməyə hazırıq və veteranlarımız bugünə qədər olduğu kimi bundan sonra da Sizin çağırışlarınızı dəstəkləməkdə, bu çağırışların praktiki baxımdan gerçəkləşməsində yaxından iştirak edəcək. Əsla unutmayacağıq ki, bundan sonra qazandığımız hər bir uğura görə Vətən müharibəsindəki tarixi zəfərimizə, bu zəfərin baş memarı olan Sizə və ordumuza borcluyuq!

Biz bundan sonra qalib və müzəffər xalq kimi yaşayacayıq.

Yaşasın qüdrətli ordunun müzəffər Ali Baş Komandanı! Yaşasın bu böyük zəfəri bizə bəxş edən şanlı Azərbaycan ordusu! Yaşasın qalib Azərbaycan xalqı!”
Ukraynalı və Azərbaycanlı gənclərin siyasi formu keçiriləcəkUkrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov və Ze! Molodejka gənclər hərəkatının rəhbəriliyi arasında görüş olub.

UAR-dan Avrasiya.net-ə verilən məlumata görə, Ze! Molodejka gənclər hərəkatının mərkəzi ofisində baş tutan görüşdə Ukrayna Ali Radasının deputatı, Ze! Molodejka hərəkatının rəhbəri Aleksandr Sanchenko, katibliyinin rəhbəri Vladimir Misailo, Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Alina Poddubnaya və Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub iştirak ediblər.

UAR baş katibinə Ze! Molodejka hərəkatının fəaliyyəti haqqında geniş məlumat verən Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Alina Poddubnaya azərbaycanlı gənclərlə intensiv əlaqə qurmaq arzusunda olduqlarını vurğulayıb.

Bu məqsədlə Azərbaycandan «Yeni Azərbaycan» partiyasının gəncər təşkilatını Ukraynaya dəvət etdiklərini bildirib. «Oktyabrın 28-də Xarkovda başlayacaq olan görüşlərimiz ayın 30-da Kievdə yekunlaşacaq» deyən departament rəhbəri əməkdaşlığın faydalı olacağına inandığını deyib. «Hərəkatın məqsədi demokratik prinsip və fikirlərini bölüşən, Ukraynanın inkişafı üçün çalışmaq istəyən fəal gəncləri birləşdirməkdir. Biz istəyirik ki gəncər qanunların qəbulu prosesindən başlayaraq siyasətin hər sahəsində akiv iştırak etsinlər.» deyən Ukrayna Ali Radasının deputatı, Ze! Molodejka hərəkatının rəhbəri Aleksandr Sanchenko bildirib ki, hərəkat gənclər üçün bir sıçrayış platformasıdır. “Ze! Molodejka üzvləri ölkədə gedən siyasi prosesləri həmyaşıdlarına başa düşülən bir şəkildə izah edəcək və onları doğu məlumatlandırmaqla məşğul olacaqlar.” deyən "Gənclər siyasətinin əsasları haqqında" qanun layihəsinin də müəllifi olan millət vəkili Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radasının qurulmasının zamanı gəldiyini bildirib.

Səmimi görüş üçün Ze! Molodejka hərəkatının rəhbərliyinə təşəkkür edən UAR baş katibi Ceyhun Məmmədov gənclər siyasətinin önəmini vurğulayıb. “Gənclər bizim gələcəyimizdir. Bu günün gəncləri sahabın siyasətçiləri və liderləridir. Gəncləri olmayan siyasi hərəkatların tənəzzülü qaçınılmazdır” deyən baş katib gənclərə doğru örnək olmanın vacibliyini vurğulayıb. Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radasının qurulmağına dəstək verəcəklərini bildirən Məmmədov Ukrayna-Azərbaycan formunun iştiraksılarını UAR ofisində təşkil olunan fotosərgiyə dəvət edib. Ze! Molodejka katibliyinin rəhbəri Vladimir Misailo isə bildirib ki gənclərin siyəsətçilərlə mütəmadi görüşləri həm siyasilər həm də gənclər üçün önəmlidir.

Misaylo, biz gənclərin gələcəyi üçün gənclərlə birlikdə çalışmalıyıq, deyə vurğulayıb Ukrayna və ərəb dünyası arasında əlaqələrdən danışan Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub münasibətlərin inkışafında diasorun əhəmiyyətini vurğulayıb. Görüşdə Ukrayna hakim “Sluqa Naroda” partiyasının gənclik qolu olan Ze! Molodejka hərəkatı və Ukrayna Azərbaycanlıları Radası arasındakı əlaqələrin hərtərəfli inkişaf etdirilməsi qərara alınıb.
Peyvənd olunmayan sərnişinlər məsuliyyətə cəlb olunmayacaq- RƏSMİBakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

DİN rəsmisi qeyd edib ki, peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar:

“Bununla bağlı daxili işlər orqanlarının əməkdaşları tərəfindən müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər”.

Onun sözlərinə görə, bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.
Türkiyə İranla sərhədinə qoşun toplayırTürkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir.

Avrasiya.net Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakyari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunu hərəkəti müşahidə olunub.

Bundan başqa, Türkiyə PUA-ları İran və Ermənistanla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.

Xatırladaq ki, İran son günlər Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir.