Siyəzəndə “Nizami Gəncəvi ili”nə həsr olunan çempionat keçirilib“Nizami Gəncəvi ili”nə həsr olunmuş yeniyetmələr arasında Xəmsə Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilib.

Sentyabrın 21-də Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş yeniyetmələr arasında Xəmsə Milli İntellektual Oyunu üzrə Siyəzən çempionatı keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin və“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4. yarımbəndinin icrasının təmin olunması, yeniyetmələrin dünyagörüşünün və intellektual potensialının artırılması, intellektual oyunların məktəblilər arasında təbliği, istedadlı yeniyetmələrin üzə çıxarılması, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

8 komandanın mübarizə apardığı çempionatın qrup və final oyunlarının nəticəsinə əsasən “Dəmir yumruq” (GİKM) komandası I, “Tesla Mask” (şəhər 1 saylı tam orta məktəb) komandası, “Zirvə” (şəhər 3 saylı tam orta məktəb) komandası isə III olub.

Yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.






#nizamigəncəvi880 #nizamiili #2021nizamiili #NizamiGəncəvi #nizamiganjavi #nizamigəncəvii̇li #Xəmsə #XəmsəMİO #XəmsəOyunu #SiyəzənGİİ #MysAZ #GənclərvəİdmanNazirliyi
Qarşıda duran əsas vəzifə bələdiyyələrin fəaliyyətinin genişləndirilməsidir -CİDDİMəlum olduğu kimi cəmiyyətin demokratikləşməsi və səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolu olduqca əhəmiyyətlidir. Müstəqil yerli özünidarəetmənin yaradılması ölkəmizdə gedən demokratiya prosesinin böyük bir hissəsi olmaqla yanaşı həm də demokratiyanın inkişafı deməkdir. Bu isə bələdiyyə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın cəmiyyətdə nüfuzunun və rolunun artırılmasına, eləcə də bu sahədə yol verilən nöqsanların aradan qaldırılmasına qayğı və diqqətin təzahürü kimi qiymətləndirilməlidir.

Yerli özünüidarəetmənin inkişafı, təkmilləşdirilməsi, istiqamətləndirilməsi sahəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş qanunlar və qanunlara edilmiş əlavə və dəyişikliklər mütərəqqidir, beynəlxalq normalara uyğundur, demokratik prinsipləri əks etdirmək baxımından əhəmiyyətlidir. Bunu 20 il ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində olan irəliləyişlər və həyata keçirilən ardıcıl islahatlar bir daha sübut edir.

Görülən işlərə və həyata keçirilən ardıcıl islahatlara baxmayaraq yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsinə ciddi ehtiyacı var. Bələdiyyə institutunun səmərəli fəaliyyəti üçün həyata keçirilən müəyyən islahatlar - bələdiyyə assosiasiyalarının yaradılması regional əhəmiyyətli tədbirlərin görülməsinə, kadrların fəallığının yüksəlməsinə, bir çox mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə kömək etmişdir.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlsə də mərkəz qurumlararası koordinasiyanı həyata keçirmək səlahiyyətində olmadığına görə inzibati nəzarətin tətbiqi Ədliyyə Nazirliyində qalmaqla bələdiyyələrə metodiki yardımın göstərilməsi, mərkəzi, yerli icra və qanunverici orqanlararası koordinasiya əlaqələrinin qurulması, bələdiyyələrə ayrılan dotasiyanın və subvensiyanın bölüşdürülməsi, bələdiyyənin fəaliyyətində ortaya çıxan problemlərin ictimailəşdirilməsi, qəbul edilən qanunların düzgün və vaxtında yerinə yetirilməsi üçün peşəkar mütəxəssislər və ekspertlər tərəfindən yerlərdə təbliğat işlərinin aparılması və qanunun əsas məğzinin vətəndaşlara izah edilməsinin təşkili və digər əhəmiyyət kəsb edən və həlli vacib olan məsələləri həyata keçirən dövlət orqanının yaradılması təxirəsalınmaz vəzifə kimi qarşıda duran əsas vəzifələrdən biri hesab edilməlidir.

Atılan addımların əsas qayəsi bələdiyyələrin fəaliyyətinə kənar müdaxilənin azaldımasına yönəldilməlidir. Yaradılacaq bu qurum, Azərbaycan Prezidenti yanında Bələdiyyələrin inkişafına Dövlət Dəstəyi Fondu formasında təşkil edilsə, bu fond Qeyri-Hökumət Təşkilatlarına ( QHT-lərə) Dövlət Dəstəyi Fondu kimi özünü doğrulda bilər.

Yaradılacaq bu təşkilata dövlət siyasətini və bələdiyyələrin fəaliyyətində normativ-hüquqi tənzimləmələri həyata keçirən, bələdiyyələrin qarşılaşdığı problemləri həll edən, kənardan edilən müdaxilələrin qarşısının alınmasına köməklik göstərən, qabaqcıl təcrübəni bələdiyyə sisteminə tətbiq edən mərkəzi icra hakimiyyəti orqanı kimi də təsis etmək olar. Bu orqana qurumlararası koordinasiya ilə bağlı səlahiyyətin verilməsi, bələdiyyələrə real metodik köməkliyin göstərilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, dotasiya və subvensiyanın ayrılmasına və xərclənməsinə nəzarətin və digər əlavə səlahiyyətlərin verilməsi bələdiyyələrin inkişafına və daha səmərəli fəaliyyətinə təkan verər, mövcud neqativ halların və nöqsanların qarşısı almaqla onların aradan qaldırılmasına köməklik etmiş olar.

Bələdiyyələrin yaradılmasından 20 (iyirmi) il keçməsinə baxmayaraq bələdiyyələr vətəndaşlarla, yəni ərazisində yaşayan insanlarla planlı şəkildə işləyə bilmir. Bunun əsas səbəbi vətəndaşların yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə maraq və təşəbbüs göstərməməsidir. Qüvvədə olan qanuna görə hər bir vətəndaş seçdikləri bələdiyyə üzvlərinin fəaliyyətilə yaxından tanış olmalı və bələdiyyənin fəaliyyətilə bağlı istənilən məlumatı əldə edə bilər. Çox təəssüflər olsun ki, bu qarşılıqlı fəaliyyət bu günə kimi öz müsbət həllini istənilən səviyyədə tapa bilməyib.

Məlum olduğu kimi bələdiyyələr qanunla müəyyən edilmiş qaydada torpaq vergisi, mədən vergisi toplamalı, özündə fəaliyyət göstərən müəssisədən mənfəət vergisindən gəlir götürməlidir.

Acınacaqlı haldır ki, son illərdə bələdiyyələrin əmlakının artmasına baxmayaraq onların yığdığı vergilərin məbləği artmaq əvəzinə azalır. Buna səbəb yuxarıda qeyd edildiyi kimi sakinlərlə əlaqələrin zəif olması və vətəndaşların vergiləri ödəməkdən imtina etmələridir. Burada ciddi inzibatı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Beləki, natoriuslarda alqı-satqı zamanı vətəndaşlardan bələdiyyələrə borclu olub-olmamaları barədə arayış tələb edilsə bu bələdiyyənin yığdığı vergilərinin xeyli çoxalmasına səbəb olar. Bələdiyyənin hesabında nə qədər çox vəsait olarsa, heç şübhəsiz, bu vəsaitin böyük bir hissəsi vətəndaşların müxtəlif problemlərinin həllinə yönəldilir.

Son illərdə qəbul edilmiş bütün əsas sosial, ictimai, təsərrüfat həyatı ilə bağlı qanunlalarda, şəhərsalma ilə əlaqədar qanunvericilikdə və digər mühüm sənədlərdə bələdiyyələrə müəyyən səlahiyyətlər verilsə də onlar bundan səmərəli istifadə edib müxtəlif istehsal sahələrinin yaradılmasına, məktəblər, körpələr evi-uşaq bağçalarının açılmasına belə təşəbbüs göstərməmişlər. Eyni zamanda, bələdiyyələrin ərazisində böyük müəssisələr yaradan sahibkarlar bələdiyyələrə torpaq vergisini ödəməkdən imtina edir.

Bələdiyyələr onlara məxsus torpaqlarda müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərməklə vətəndaşları becərmə işlərinə və məhsul toplanılmasına cəlb etməklə bələdiyyə təsərrüfatı yaradar, minlərlə insanı əməyə cəlb etməklə onların maddi durumlarınının yaxşılaşdırılmasına kömək etmiş olardılar.

Bələdiyyə ərazilərində tam şəffaflığın olmaması nəticəsində mehmanxana, sanatoriya-kurort, turizm xidməti göstərən şəxslərdən, hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqlarında və ya bələdiyyənin qərarı əsasında müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlarında bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda, restoranlar, istirahət mərkəzləri və digər iaşə obyektlərində, əmlak üzərində küçə (divar) reklamının yerləşdirilməsı və yayılmasından bələdiyyələrə vergilər onların mövcud gəlirlərindən tam ödənilmir və yaxud onlar ödəmələr etməkdən boyun qaçırırlar.

Belə neqativ halların qarşısını almaq üçün ilk növbədə bələdiyyə üzvləri gündəlik fəaliyyətlərində qanunların düzgün yerinə yetirilməsinə səy göstərməli, yarımçıq ödənişlərdən çəkinməli, düzgün uçotun aparılmasına ciddi əməl etməlidirlər. Bu məqsədlə yerli hüquq mühafizə orqanları ilə əlaqəli işləməli, baş verən bütün neqativ hallar barədə məlumat heç bir güzəşt edilmədən əlaqədar orqanlara göndərilməlidir.

Bələdiyyələrin idarə edilməsində yaranan maliyyə böhranının aradan qaldırılması istiqamətində bir çox təcrübəli bələdiyyə işçiləri və ekspertlər çıxış yolunu ölkəmizin sürətli inkişafi ilə əlaqədar başverən struktur dəyişiklərinə uyğun yerli özünüidarəetmə sisteminin yenidən qurulmasında və təkmilləşdirilməsində görürlər. Kiçik maliyyə imkanları məhdud olan bələdiyyələrin fəal, yaxşı iş təcrübəsinə malik bələdiyyələrlə birləşməsi bu tədbirlərə daxildir. Hec şübhəsiz bələdiyyələrin birləşməsi inzabati xərclərin azalmasına, mülkiyyətin genişlənməsinə, təcrübəli kadrların potensial gücündən daha səmərəli istifadəyə və bələdiyyələrin fəaliyyətinə nəzarətin daha yaxşı həyata keçirilməsinə imkan yaradar.

Qeyd etmək lazımdır ki, bələdiyyələrin birləşdirilməsi sonuncu yollardan biri olmamalıdır. Əsas diqqət bələdiyyələrin idarəetmədə rollarının artırılmasına və onların maliyyə durumlarının yaxşılaşdırılmasına yönəldilən şəffaf tədbirlərin həyata keçirilməsidir.

Eyni zamanda, idarəetmədə bələdiyyələrə əlavə hüquqlar verilməli, bələdiyyə üzvlərinin peşəkarlığına və yüksək ixtisas təhsilinə malik olmaları prioritet məsələ kimi nəzərə alınmalıdır. Bələdiyyələrin fəaliyyətinə mənfi təsir göstərən kənar təşkilatlar tərəfindən edilən yersiz təzyiqlərin qarşısı qanun çərçivəsində alınmalıdır.

Atılacaq ən mühüm addımlardan biri bələdiyyələrin ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərindən qazanılan gəlirlərə uyğun olaraq bələdiyyələrə vergi, ödəmələri olmalıdır. Bələdiyyələrə isə vergi ödəmələrindən müəyyən güzəştlər edilməlidir.

Bələdiyyələrin büdcəsinin artırılması üçün vergidən yayınanlara qarşı, həmçinin mədən və əmlak vergilərinin küçə reklamları üzrə ödənişlərin hesablanması və yerli verginin alınması üçün təkmilləşdirilmiş mexanizmin yaradılması təxirəsalınmaz vəzifə kimi qarşıda durmalıdır.

Həmçinin əhalinin ödədiyi kommunal xərclərdən bələdiyyəyə müəyyən faizin ödənilməsi də bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək etmiş olar.

Ən əsası Bakı şəhərinə daxil olan rayon bələdiyyələrinə əmlakın və torpağın verilməsi həll edilməli, onların torpaq xəritəsinin tez bir zamanda hazırlanıb başa çatdırılması sürətləndirilməlidir. Bu məsələlər həll edilənə qədər bələdiyyənin ərazisi olan qanunsuz zəbt edilən torpaqlardan və həmin torpaqlarda tikilən əmlakdan vergi almaq üçün vətəndaşlarla müvəqqəti müqavilə bağlanmasına icazə verilməsi üçün bələdiyyənin müvafiq qanunlarına müvəqqəti əlavələr edilməsilə bələdiyyələrin maliyyə durumunu xeyli yaxşılaşdırmaq olar. Çox maraqlıdır ki, qanunsuz zəbt edilən bu torpaqlarda tikilən evlərdən istifadə edilən qaz, su, elektik enerjisinə görə necə illərdə pul yığıldığı halda onlardan torpaq və əmlak vergisi toplanılmır.

Bütün bunlarla yanaşı bələdiyyələrin səmərəli fəaliyyəti onların ərazisində yaşayan əhali ilə sıx əlaqənin yaradılmasından və vətəndaşların etimadının qazanılmasından çox asılıdır. Bələdiyyə üzvlərinin səmimi, fəal fəaliyyəti və təşkilatçılıq qabiliyyəti əsas məsələlərdən biridir. Onların çevik fəaliyyəti, prinsipiallığı və şəffaf iş üsulu bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Səbinə Xasayeva
Milli Məclisin deputatı
“Həmin vəsaiti devalvasiya zamanı əldə etdim” - Vüqar SəfərliBakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokurorun suallarını cavablandırarkən təqsirləndirilən şəxs Vüqar Səfərli bildirib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilirdi: "Həmin müsabiqələrin qaliblər elan olunması mərasimlərində qalib jurnalistlərə tutduğu yerlərə görə pul mükafatları verilirdi. Müsabiqələrdə 1-ci yer üzrə 1000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Bundan əlavə, müsabiqədə yer tutmayan jurnalistlərə həvəsləndirici yerlər müəyyən edilirdi və hər jurnalistə 300 manat pul mükafatı təyin edilirdi.

Bununla yanaşı, mərasimlərdə jurnalistlərlə birlikdə qonaqlar da olurdu. Bu qonaqlar müxtəlif vəzifələrdə çalışan insanlar, nazirlər, nazir müavinləri, dövlət və qeyri- hökumət təşkilatlarının rəsmiləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər iştirak edirdilər. Həmin şəxslərdən tədbirlərə gəlməyənlər də olurdu. Tədbirə çağırılan qonaqların siyahısını bizim işçilər hazırlayırdı, bir qisminə isə dəvətnamə göndərilirdi. Tədbirlərdə nazirlər və icra başçıları da dəvət olunurdu. Bundan əlavə, tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu.

Həmin tədbirlər tenderlərlə keçirilirdi. Tenderlərdə bütün qiymətlər yazılırdı. İstintaqda bilmişəm ki, Satınalmalar üzrə Dövlət Agentliyi bununla bağlı şərt qoyub ki, bu cür tədbirlərdə stulun 1-nin qiyməti 60 manatdan artıq olmamalıdır. Amma bundan bizim xəbərimiz olmayıb.

Məsələn, "Xəmsə" restoranında keçirilən tədbirlərdən birində müəyyən olunan vəsaitdən 6 min 100 manat artıq qaldı. Həmin məbləğ tədbirdən sonra büdcəyə qaytarıldı".

Prokuror bildirib ki, Vüqar Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub: "Vüqar Səfərli müxtəlif vaxtlarda banklara müxtəlif məbləğlər yatırıb. Nəticədə bankda Vüqar Səfərlinin adına külli miqdarda vəsaitlər toplanıb".

Həmin məbləğlə bağlı məsələyə münasibət bildirən təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o, devalvasiya zamanı əldə edib: "Ölkədə devalvasiya vaxtı mənim bankda vəsaitim olub. Həmin vəsaiti mən dollar bahalaşmazdan əvvəl bankdan çıxardım. Pullarımı dollara çevirib yenidən banka yatırdım. Və mən bu prosesdə qazandım. Bir müddət dollar kimi pulu bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib. Müstəntiq normal istintaq aparmadı.

Həyat yoldaşımın adına olan "Futbol+qol"qəzetinə ayrılan vəsaitlər digər qəzetlərə ayrılan vəsaitlərdən 1manat da çox deyildi. O vaxt bu qəzet məhşur idi. Müəyyən klublar ilə müqavilələr bağlamışdı, həmin klublar da qəzetə reklam verirdi".

Tenderin keçirilməsi qaydaları ilə bağlı epizoda münasibət bildirən V. Səfərli qeyd edib ki, qanunvericiliyə uyğun aparılırdı: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Vəsaitin ödənilməsini Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi həmişə bizim smeta xərclərimizi normal qiymətləndirirdi.
KİVDF-yə vəsatət xərclər smetasına əsasən ayrılırdı. Xərclər smetasına qəzetlərə ayrılan vəsaitlərlə yanaşı icarə müqaviləsi də daxil idi. Həmin vəsaitdən başqa bizə bir qəpik də pul ayrılmırdı.

İl başa çatandan sonra mən Müşahidə Şurası qarşısında hesabat verirdim. Müşahidə Şurası hesabatı təstiqləyəndən sonra sənədlər Maliyyə və İqtisadiyyat Nazirliyinə göndərilirdi. Müşahidə Şurası hesabatı dinləyib qeydlər aparıb müzakirəyə çıxarırdı, sonra səsə qoyub qiymət verirdilər.

Beynəlxalq Mətbuat Mərkəzinin binasında bizdən başqa da dövlət qurumları yerləşirdi. Həmin qurumlar nə qədər icarə verirdi, ondan xəbərim yoxdu.
Biz ora köçməmiş sadə bir yerdə fəaliyyət göstərirdik. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə yer barədə müraciət etdim, onlar bizə 8-ci kilometr yaxınlığında zirzəmi təklif etdilər. Amma orda bizim fəaliyyətimiz mümkün deyildi.

Sonra bizə dedilər ki başqa yerdə ofis tapın. Beynəlxalq Mətbuat Mərkəzində yer təklif etdilər, xoşumuza gəldi.

KİVDF-nin işçiləri ifadə verəndə bildiriblər ki, ləvazimatları görməmişik. Sonradan dedilər ki, ləvazimatlar spzünü başa düşməmişik. Biz jurnalistlərə verdiyimiz hədiyyələr barədə qol çəkdirə bilməzdik. Hədiyyə sahibinə necə deyək ki, sənə bu qədər qiyməti olan hədiyyə veririk, bura qol çək".
Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə Vüqar Səfərli bildirib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım. Mən tikintiyə istəsəm də nəzarət edə bilməzdim. Çünki buna nəzarət edənlər var idi.

Biz smeta sənədlərini Maliyyə Nazirliyi təstiqlıyəndən sonra xəbərimiz olurdu. FHN-in Tikintiyə Nəzarət Xidməti binanı araşdırıb tikintiyə rəy verirdi. Bu mənim səlahiyyətində olan deyildi. Mən nə pul görürdüm, nə material.

Yazı müsabiqəsində xərclər hamısı tenderdə göstərilirdi. Yazı müsabiqəsində yeməyin pulundan başqa diplomların xərci var idi, əklillər alınırdı".

Prosesdə ifadə verən təqsirləndirilən şəxs, KİVDF-nin mühasibi Təhminə Yaqubova isə bildirib ki, 2011-ci ildən KİVDF-də işləyib: "Mən orada yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təstiqləyəndən sonra həmin smeta əsasında işləmişəm. Heç bir halda mənə irad tutulmayıb. Mən baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm. Mən orada qonaqlar saymamışam. Əlimdə sənədlər olub, həmin sənədlərlə ödənişimi etmişəm. İstintaq isə mənim adımı mənimsəməkdə çəkib. Mən Müşahidə Şurasının qərarları əsasında ödənişlər etmişəm. Bəlkə də mənim xərclərə müdaxilə etmək ixtiyarım var idi. Amma müdaxilə etmirdim, çünki binanın yerinə görə icarə haqqının normal olduğunu hesab edirdim. İstintaqda məndən Əli Həsənov barədə soruşurdular, mən Əli müəllimi tanımamışam, sadəcə uzaqdan-uzağa görmüşəm. Mən tamahkar insan olmamışam, işimi icra edib əmək haqqımı almışam. İstintaq mənim KİVDF-nin işçiləri ilə əlbir olduğumu göstərir, mən heç təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram. Özüm 17 il kirayələrdə qalmışam, evim olmayıb.

Mal-materiallara gəlincə isə mən o prosesdə də sənədlər üzrə xərclər köçürmüşəm".

Proses oktyabrın 1-də davam edəcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb
UAR baş katibi Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri ilə görüşübBu gün Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin ofisində Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi ilə Ukrayna-Ərəb iş adamları Şurasının prezidenti, Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub arasında görüş olub.

«Ukrayna Azərbaycanlıları Radası Ukraynada fəaliyyət göstərən ən təşkilatlanmış və güclü diaspor təşkilatlarindan biridir. Bu bizi sevindirir. Sizinlə hər sahədə əməkdaşliq eləməyə hazırıq» deyən mərkəz rəhbəri fəaliyyətləri haqqinda geniş məlumat verib.

UAR-dan Avrasiya.net-ə daxil olan məlumata görə, diasporlararası əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirən UAR baş katibi bildirib ki ümumi dəyərlər ətrafinda birləşməyi bacarmaq lazimdır. «Münasibətlər ya maraqlar və ya dəyərlər üzərindən qurulur. Biz imkan verməməliyik ki bizim maraqlarimiz bizim dəyərlərimizi üstələsin. Dəyərlərimizə dəstək üçün münasibətlərimizi inkişaf etdirməliyik» deyən Məmmədov qonaqpərvərliyə görə Şeyx İmad Abu Alruba təşəkkür edib.

Sentyabrın 27-dən başlanan və Azərbaycanın möhtəşəm zəfəri ilə bitən ikinci Qarabağ müharibəsi haqqında Şeyxə məlumat verən UAR baş katibi erməni vandalizmindən bəhs edib: «İşğalçı Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən şəhərləri, kəndləri, maddi-mədəniyyət nümunələrini, o cümlədən ortaq dəyərlərimiz olan tarixi-dini abidələri, məscidlərimizi məhv etmişdir. Dəyərlərimizə qarşı işlənən və beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər layiqli tarixi qiymətini alacaqdır. Artıq torpaqlarımız işğaldan azad edilib və quruculuq işləri sürətlə davam edir.»

Görüşdə qarşılıqlı əlaqələrin gücləndirilməsi qərara alınıb.
Hindistan səfirliyi telekommunikasiya sektoru ilə bağlı görüş təşkil edibHindistanın Azərbaycandakı səfirliyi ölkəsinin Telekommunikasiya Avadanlıqları və Xidmətləri İxracının Təşviqi Şurası (TEPC) ilə birlikdə Bakıda telekommunikasiya sektoru ilə bağlı vebinar və virtual B2B görüşü təşkil edib.

Avrasiya.net bu barədə səfirliyə istinadən xəbər verir.

Məlumata görə, görüş Hindistanın müstəqilliyinin 75 illiyi münasibəti ilə "Azadi Ka Amrit Mahotsav" adı altında keçirilən tədbirlər çərçivəsində baş tutub. Görüşə iki ölkənin böyük telekommunikasiya şirkətləri, TEPC nümayəndələri və səfirlik rəsmiləri də daxil olmaqla 40-dan çox iştirakçı qatılıb.

Tədbirin məqsədi telekommunikasiya sektorunda iki ölkənin maraqlı tərəfləri arasında işgüzar əlaqələri asanlaşdırmaq olub.

TEPC sədri Sandip Aqqarval tədbirdə açılış nitqi ilə çıxış edib. Səfir Bavitlunq Vanlalvavna isə Hindistanın telekommunikasiya sektorunun imkanları barədə danışıb və əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Bundan başqa, tədbirdə Hindistanın 11 aparıcı telekommunikasiya məhsulları istehsalçısı təqdimatla çıxış edib. Azərbaycanın telekommunikasiya şirkətləri isə hindistanlı həmkarları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Hindistan 439,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Bunun 352,7 milyon dolları Azərbaycanın Hindistana ixracının, 87,2 milyon dolları isə Azərbaycanın Hindistandan idxalının payına düşüb.
"Biz birlikdə güclü olduğumuzu hamıya nümayiş etdirdik"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Qalib ölkə olmaq və qalib xalq kimi yaşamaq həqiqətən də həm şərəflidir, həm də çox çətindir. Çətinliyi isə ilk növbədə onunla bağlıdır ki, qalib ölkənin qələbəsini, uğurlarını həzm etməyənlər çox olur və onlar qalib ölkənin uğurlarının əhəmiyyətini azaltmaq, onun inkişafının qarşısını almaq üçün hər vasitəyə əl atır. Biz 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycana qarşı da eyni ssenarilərin işə salındığının şahidi oluruq.

Belə ki, torpaqlarımızı təcavüzkar Ermənistanın 30 il davam edənişğalından azad etməyimizlə barışmayan bəzi qüvvələr Azərbaycanı sıxışdırmaq, ölkəmizə qarşı qaralama kampaniyası aparmaq üçün cürbəcür təzyiq metodlarını işə salmağa çalışırlar. ATİŞ adlı bir təxribatçı təşkilatın Azərbaycanda yaşayan talışların hüquqlarının pozulması, onlarının saylarının azaldılması, təhsil almaq hüququndan məhrum edilməsi və s. kimi cəfəng iddialarının yer aldığı qondarma “hesabat”ın yayılması və “Meydan TV” adlı şər-şəbədə media qurumunun həmin “hesabat”ı həvəslə tirajlaması da ölkəmizə qarşı sözügedən təzyiq metodlarının yeni bir komponentidir.

Mən Milli Həmrəylik Partiyasının (MHP) sədri olaraq məlum “hesabat”dakı iddiaları tamamilə əsassız və uydurma hesab edirəm. Çünki Azərbaycan milli azlıqların hüquqlarının hər hansı bir formada – istər etnik zəmində, istər siyasi zəmində, istərsə də irqi ayrı-seçkilik müstəvisində bəlkə də ən az pozula biləcəyi bir ölkədir. Bizim ölkəmizdə ictimai mühitin hər hansı bir sahəsində heç kimə qarşı “sən talışsan”, “sən kürdsən”, “sən tat və ya ləzgisən” deyə fərq qoyulmur, ayrı-seçkilik olunmur. 10 milyonluq toplumumuzdə kimsə milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmır. Burda istənilən xalqın, istənilən icmanın nümayəndəsinə qarşı tam tolerant münasibət mövcuddur.

Mən bütün bunları əminliklə deyirəm. Çünki tale və iş elə gətirib ki, mənim dostlarımın arasında talış xalqının nümayəndələri də çoxdur. Həmin dostlarımdan hər hansı birinin indiyə qədər milli kimlik zəminində hər hansı bir təzyiqə, sıxışdırmaya məruz qalması və yaxud məhz talış olduqlarına görə hüquqlarının pozulması barədə şikayətləndiklərini görməmişəm. Bu ölkədə bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün ümumi xarakter daşıyan vahid qanunlarla qorunur, tənzimlənir. Ölkədə hər hansı problemlər varsa da, o problemlər də hamı üçün ümumi xarakterli problemlərdir. Yəni ki, o problemlərlə, o çətinliklərlə gündəlik həyatımızda ayrıca olaraq məhz talışlar və ya kürdlər deyil, ümumən bütün azərbaycanlılar qarşılaşır. Odur ki, mən sözügedən “hesabat”ı birmənalı şəkildə Azərbaycana qarşı, milli birliyimizə qarşı növbəti təxribat və qərəzli addım kimi dəyərləndirirəm.

Bəzi bədxah qonşumuz tərəfindən qızışdırılan və eləcə də Avropadakı anti-Azərbaycan mövqeli hüquq-müdafiə təşkilatları tərəfindən məqsədyönlü surətdə dəstəkənən ATİŞ kimi destruktiv qurumlar bu cür “hesabat”lar yaymaqla məlum məsələdir ki, qaşınmayan yerdən qan çıxarmağa, süni şəkildə gündəm yaratmağa çalışırlar. Erməni separatizminin məğlubiyyətə uğradığını görən həmin qüvvələr bu cür təxribatçı “hesabat”larla çıxış etməklə indi də Azərbaycanda yeni separatçılıq ocaqları yaratmağı hədəfləyirlər.

Ancaq bu cür əsassız iddialarla, absurd və uydurma ittihamlarla bizim milli birliyimizi pozmaq, Azərbaycan xalqını parçalamaq mümkün deyil. Kimsə buna cəhd göstərməsin. Heç kim Azərbaycandakı mili həmrəylik mühitinə hər hansı bir formada zərbə vura biləcəyini əsla düşünməsin! Zatən talışlar da, Azərbaycan da yaşayan digər xalqlar da Azərbaycan türkləri ilə birlikdə 44 günlük savaşda çiyin-çiyinə verməklə, qəhrəmancasına vuruşmaqla hər kəsə - dostlarımıza da, düşmənlərimizə də bizim birliyimizin gücünü, qüdrətini göstərdilər. Biz birlikdə güclü olduğumuzu hamıya nümayiş etdirdik və bundan sonra da etdirəcəyik!

Prezident Tatar Nyu Yorkdakı Türk Evinin açılışına qatılıbPrezident Ersin Tatar, Nyu York təmasları çərçivəsində Türk Evinin açılış mərasiminə qatılıb.

Prezident Ersin Tatar deyib ki, səbirsizliklə gözlənilən Nyu York Türk Evinin açılışının Türkiyə Vətəninə faydalı olmasını diləyirəm. və Şimali Kıbrıs Türk Cümhuriyyətinə bu möhtəşəm binada bir nümayəndəlik açma imkanı verilir. Bunun üçün də səmimi təşəkkürümü bildirirəm.

Prezident Ersin Tatar, Birləşmiş Millətlər Təşkilatının (BMT) binası ilə üzbəüz yerləşən və dünən mərasimlə açılan 35 mərtəbəli Türk Evində KKTC təmsilçiliyindən məmnun olduğunu bildirdi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Quterreşin və bir çox xarici qonağın qatıldığı açılış haqqında danışan Prezident Tatar deyib ki, bu xoşbəxt anı paylaşmaqdan xoşbəxtəm.
Gürcüstanda azərbaycanlı vəhşicəsinə öldürüldüGürcüstanın Marneuli rayonunda 1993-cü il təvəllüdlü azərbaycanlı gənc qətlə yetirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən 3 gənc saxlanılıb. Onlardan ikisi keçmişdə məhkum olunandır.

İstintaqla müəyyən edilib ki, hadisə qisas zəminində baş verib. Saxlanılan şəxslər sentyabrın 18-də gəncin əl-qolunu bağlayaraq idarə etdikləri avtomobillə onu bir kəndə aparıblar. Daha sonra üzərinə ağır əşya bağlayaraq onu su kanalına atıblar və nəticədə gənc ölüb.

Ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldümədə günahlandırılan şəxslərdən ikisini 7 ildən 17 ilədək, ağır cinayət barədə polisə məlumat verməyən üçüncü şəxsi isə 3 ildən 7 ilədək həbs gözləyir.
İranın xarici işlər nazirinin müavini Bakıya gəlirİran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Doktor Məhəmməd Kazım Səccadpur İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyənin araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya üç günlük səfər edəcəkdir. Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcəkdir.
Mahmudova pul verən müğənnilər məsuliyyətə cəlb oluna bilərBloger Maqsud Mahmudova pul verən müğənnilərin özləri də məsuliyyətə cəlb oluna bilərlər. Ona görə də doğrunu deməyə borcludurlar.

Avrasiya.net xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Roman Qaraşov bəzi müğənnilərin sabiq iş adamı, Ukraynada saxlanılaraq Bakıya gətirilən Maqsud Mahmudovla iş birliyindən danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən cinayət işinin tam obyektiv aparılması üçün faktlar və şübhə doğuran məqamlar varsa, onlar araşdırılmalıdır:

"Pul itkisi varsa, deməli, orada zərərcəkən də var, fakt sübuta yetərsə, qanunvericiliklə onların ödədiyi pulu tələb etmək hüququ var. Həmin adam pulu geri ala bilər. O müğənnilər prosesə əvvəlcə şahid qismində cəlb olunacaqlar, onlar ifadə verməkdən boyun qaçıra, imtina edə bilməzlər. Şahid qismində cinayət işi üzrə cəlb olunmuş şəxslər doğrunu deməyə borcludur. İşin halları barədə ona verilən suallara tam düz cavab verməlidir. Əgər pul verdiyi halda verməmişəm, yaxud digər ifadə yanıldan hərəkət etsələr, həmin şəxslərin özləri də məsuliyyətə cəlb oluna bilərlər”.

Roman Qaraşov bildirib ki, istintaq boş-boşuna heç kimi çağırmır:

"Yalan ifadə verə bilməz. Buna görə cinayət məcəlləsində maddə var və həmin maddə üzrə müğənnilər məsuliyyətə cəlb oluna bilərlər”.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı açıqlamasında "Məni həm təhqir edirdi, həm də təhdid. Bizdən pul istəyirdi. Biz ona pul vermədik deyə bizi təhdid elədi. 1000 manat pul istədi. Dövlətimizi söyən adama niyə pul verməliyəm? Adını çəkmək istəmədiyim bəzi müğənnilər ona pul verdi, amma nə mən, nə də Manaf Ağayev pul verdik”, - deyə bəzi sənət adamlarının Maqsud Mahmudova pul verdiyini deyib.

Müğənni daha sonra sosial şəbəkə hesabında Maqsud Mahmudovla iş birliyi quran müğənnilərin qorxuya düşdüyünü xatırladıb:

"Kimləri ki, söymür onların bəziləri pul verib. Onlarda yaxşı məlumatlar var, canlarına artıq qorxu düşüb. Yaxın vaxtlarda onların adları məlum olar” deyə vurğulayıb.