Ölkəmizdə koronaya yoluxma sayı mindən aşağı düşdüAzərbaycanda son sutkada koronavirus infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə bildirilib ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.
Koronavirusa yoluxan jurnalistin vəziyyəti AĞIRLAŞDIKoronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır.

“Yeni Klinika”dan verilən məlumata görə, tanınmış jurnalist Elnur Əşrəfoğlu 4 gündür reanimasiyadadır:

“Xəstədə 85 % ağciyərləri tutulması, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Hazırda süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 70 faiz oksigenlə 91-92-dir. Ümumi vəziyyəti qənaətbəxş deyil”.

Qeyd edək ki, Elnur Əşrəfoğlu əvvəllər AzTV və "Space" telekanallarında idman şərhçisi, "Neftçi” Futbol Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində işləyib.

2018-ci ildən Azərbaycan Cüdo Federasiyasında çalışır.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, dövləti başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirmişdir.

Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmişlər.

Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildirmişlər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcəkdir.

Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı vermişdir. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirmişdir.
Donuzun quyruğu ilə oynayanlarHəsən Amili... İran İslam Respublikası adlanan ölkənin ali dini rəhbərinin “Ərdəbil ostanı”ndakı nümayəndəsidir. Fars-molla rejimi Azərbaycan Respublikasına yönəlik sərsəmləmələrini adətən onun dilindən səsləndirir. Bir qayda olaraq, xütbələrində “cəh-cəh” vuran Amili Azərbaycanı və azərbaycanlıları hədəfə alanda rejim tərəfindən əlinə verilən kağızdan höccələyir. İndi yenə bir kağız parçasını veriblər əlinə, o da dili dolaşa-dolaşa, hıqqına-hıqqına bir-iki cümləlik söz yığınını havaya üfürüb və öz qurşaqdan aşağı düşüncəsinə görə, fars-molla rejiminin bəsit “tapıntı”sını bərkdən höccələməklə böyük “qəhrəmanlıq” nümayiş etdirib.

Deməli, belə... Rejim Həsən Amilinin vasitəsi ilə bizə tövsiyyə edib ki, “şirin quyrğu ilə oynamayaq”. İran İslam Respublikası 1980-ci ildən “şiri-xurşid”dən imtina edib və sözügedən ölkənin gerbi Allah kəlməsidir, hərçənd ki, bu rəmz altında həyata keçirilən siyasətin də Yaradanın buyurduqları ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur.

Həsən Amilini danışdıranlar “şirin quyruğu” ilə bağlı tövsiyyə verəndə, görünür bu heyvanlar şahının dövlət rəmzində əks olunmasının Azərbaycan türkləri ilə bağlı olduğunu unudublar. Şir rəmzindən ilk dəfə indi İran İslam Respublikası adlanan ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin də daxil olduğu nəhəng bir imperiyanın – Qaraqoyunlu dövlətinin gerbində istifadə olunub, Qaraqoyunlu hökmdarı Qara İsgəndərin zamanında, 1423-cü ildə. Ümid edirəm, Qaraqoyunluların türk dövləti olduğunu İran adlanan ölkənin başbilənləri yaxşı bilirlər. Pəhləvilərin hakimiyyəti qəsb etdiyi vaxta qədər indiki İranın da daxil olduğu nəhəng bir ərazidə qurulan imperiyaların da həmçinin, Azərbaycan türklərinə məxsus olduğunu, düşünürəm ki, qəbul edə bilməsələr də, bunun tarixi həqiqət olduğunu anlayırlar.

Şir əksinin olduğu dövlət rəmzi daha sonralar, yenə də Azərbaycan türklərinin qurduğu Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətlərinin gerbi olub. Uzun illər boyu türk hökmdarlarının saraylarına şirlərin əzalarını sığallamaqla yol tapan və türk sülalələri arasına nifaq toxumu səpməklə hakimiyyəti qəsb edənlər - Pəhləvilər də Azərbaycan türk dövlətçiliyinin rəmzinə kiçik və olduqca uğursuz əlavələr etməklə keçiniblər və bununla da türklərin dövlətçilik tarixinə də sahibləmək niyyəti güdüblər. Bu səbəbdən, Amili də, onu höccələtdirən rejim qulbeçələri də anlamalıdırlar ki, biz öz yaratdığımızın quyruğu ilə oynamırıq. Üzərimizə kəkələyənlərin əsməkdə olan quyruğunu isə qopardıb boyunlarından asırıq. Az qala unutmuşdum, “Şiri-xurşid” ("Günəş və Aslan") ordeni də ilk dəfə Qacarlar sülaləsinin zamanında təsis edilib.

Düşünürəm ki, Həsən Amili və onun konspekötürənlərinə Azərbaycan tarixi ilə bağlı bir sıra məqamların xatırladılmasına da ehtiyac var. Məsələn, şir rəsminin Azərbaycan dövlətçiliyinin ayrılmaz hissələri olan Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının dövlət rəmzi olduğunu İran adlanan ölkənin erməni yanlıları bilməmiş deyillər. İndi həmin İrəvan xanlığının ərazisində İran İslam Respublikası adlanan dövlətin fars-molla rejiminin quyruq buladığı Ermənistan adlı ölkə yerləşir.

Və onlar İrəvan qalası da daxil olmaqla, tarixi Azərbaycan torpaqlarında mövcud olan bütün izləri, o cümlədən “Günəş və Aslan”ın izlərini də silibllər. Məscidləri yerlə bir ediblər... Həmçinin indi işğaldan azad etdiyimiz ərazilərdə də tarixi, mədəni və dini abidələri uçurublar, müqəddəs məkanlarımızda donuz saxlayıblar. Amilinin təmsil etdiyi rejim isə bütün bu illər boyu müsəlmanların qürurunu aşağılayanları, onlara zülm edənləri dəstəkləyib, işğalı davam etdirmələrinə yardım edib və quyruq bulayıb. Bu rəzalət hələ də davam etməkdədir.

“Şirin quyruğu ilə oynamağa” gəldikdə isə, əslində bu da problem deyil. Necə olsa öz şirimizdir, başına sığal da çəkərik, quyruğu ilə də oynayarıq. Problem donuzun quyruğu ilə oynamaqdır. Həm də donuzun quyruğu, çox qısa olur... Ehtiyatlı olun, bulaşarsınız!

Rusiya kommunistləri seçkilərin nəticələrini tanımadıRusiya Kommunist Partiyası parlament seçkilərinin nəticəsindən narazı qalıb.

Rusiya KİV xəbər verir ki, o, “Vahid Rusiya” partiyasının səs faizlərinin kəskin artmasından narazı qalıb.

“Əgər axşam saat 7 radələrində “Vahid Rusiya” partiyası ilə nəticələrimiz arasında 25-35% fərq var idisə, səhər bizim 6% səsimiz oğurlandı. Mən riyaziyyatçı kimi deyirəm, gecə boyunca “Vahid Rusiya”nın səsləri artıb, kommunistlərdə azalır və daha 2 partiyada isə yerində sayır”.

Kommunist Partiyası Moskvada keçirilən elektron səsvermənin nəticələrini tanlımadığını deyib. Partiya bu gün saat 19:00 üçün Moskvanın Puşkin meydanında mitinq çağırıb.
AŞPA-ya göndərilən “talış hesabat”ında düşmən təsirləriÖzünü “Azərbaycan talışlarının ictimai şurası” adlandıran qurumun Avropa Şurasının Parlament Assambleyasına hesabatı kənar təsirlər nəticəsində ortaya çıxan cızma-qaradır. Bu “hesabat”da açıq-aşkar şimaldan və cənubdan diktələrin edildiyi aydın sezilir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseyinli deyib.

Politoloq bildirib ki, Azərbaycan multikultural məkan kimi, milli azlıqlara və müxtəlif dini konfensiyalara müsbət münasibətilə tanınır:

“Talışlarla bağlı hazırlanıb AŞPA-nın nəzərinə çatdırılan hesabat başdan-ayağa Azərbaycan dövlətinin bu sahədə yeritdiyi siyasətə kölgə salmaq məqsədi güdür. Çünki talışlarla Azərbaycan türkü arasında qohumluq, mənəvi yaxınlıq, qaynayıb-qarışmaq minillərə dayanır. Talışlarla türklər hər zaman bir yerdə olub və həmişə ortaq mövqe nümayiş etdirib. Avropa Şurasının Milli azlıqların hüquqlarının qorunması barədə Çərçivə Sazişinə uyğun olaraq, ölkəmizdə talışlarla və digər milli azlıqlarla bağlı xeyli tədbirlər həyata keçirilib. Lənkəranda fəaliyyət göstərən Lənkəran Dövlət Universitetində talış dili və ədəbiyyatı üçün müəllimlər hazırlayan xüsusi fakültə mövcuddur. Bu bölgədə orta məktəblərdə 1-4-cü siniflərə talış dili tədris edilir. Yəni talış dilinə bu kimi diqqət ayrılır. Lənkəranda dövlət tərəfindən maliyələşdirilən Lənkəran Dövlət Teatrında həm Azərbaycan, həm də talış dilində tamaşalar hazırlanıb nümayiş olunur. Bundan başqa orda regional televiziya var. Sözügedən regional televiziyada həftənin üç günü talış dilində proqramlar hazırlanıb təqdim edilir. Regional televiziyanın nəzdində radio da var və orda da talış dilində verilişlər yayımlanır.

Milli kimlik məsələsinə gəlincə, millətin fəlsəfi-siyasi qiymətləndirməsi var; millət - ayrıca bir ərazidə yaşayan, ayrıca iqtisadiyyatı və tamamilə buna xas olan mədəniyyətə sahib olan toplumlara deyilir. Bizdə isə talışları Azərbaycanla heç bir coğrafi sərhədlər ayrılmır, biz bir yerdə yaşayırıq, bir xalqıq, çünki müxtəlif millətlərdən olub, bir dövləti təmsil edirik, aramızda minillik mədəniyyət, din birliyi, geniş qohumluq əlaqələri var. Azərbaycan türklərinə ən yaxın, doğma olan milli azlıqlardan biri də talışlardır. Talışların nümayəndələri Azərbaycan parlamentində, müxtəlif strukturlarında təmsil olunurlar. Mənsubiyyət etibarilə talış olanlar sırf Azərbaycan türklərinin yaşadığı rayonlarda həm icra başçısı, həm polis rəisi, həm də digər vəzifələrdə olurlar. Yəni bizdə heç bir məhdudiyyət və ayrı-seçkilik yoxdur, kadr seçimində şəxsi keyfiyyətə baxılır, milliyyətə deyil”.

Q.Hüseyinli vurğulayıb ki, dünyada 6 mindən çox millət olsa da, cəmi 202 dövlət quruluşu var:

“Amerikada 2 mindən çox millətin nümayəndəsi var. Amma o 2 mindən artıq millətin ayrıca məktəb və ya başqa müəssisəsi yoxdur. Ölkədə amerikanizm ideologiyası hər şeyi idarə edir. Kanadada da belədir. Qonşu Rusiyanı götürək. Orda 26-dan çox türkdilli etnosun muxtar və vilayət qurumları var. Amma əksəriyyətinin dilində nə orta məktəb var, nə də universitet. Həmişə xalqlar arasında nifaq salmağa çalışan İranda 40 milyon Azərbaycan türkü və digər türk etnosları yaşayır. Onların dilində tədris, teatr, mədəniyyət müəssiləri yoxdur. Hətta onlara küçələrdə öz dilində danışmağı qadağan edirlər. Bizdə milli azlıqlara xüsusi diqqət göstərilir. 44 günlük Vətən müharibəsində talışlar xüsusi cəsarət, qəhrəmanlıq göstərdilər. Hər zaman talışlar bu cür davranıb, çünki Azərbaycan onların vətənidir və bu vətəni qorumaq üçün həmişə öndə olublar. Elə bu səbəbdəndir ki, Şuşa şəhərindən Zəfər bayramı keçirilərkən Azərbaycanda yaşayan millətlərin folklor ansamblı da çıxış etdilər. Bu onu göstərir ki, Azərbaycan multikultural ölkədir və milli azlıqların dilinin, məxsus olduğu mədəniyyətinin inkişafı üçün hər bir şərait yaradır. Bu sistem gündən-günə fərqli formalarda zənginləşir. Sadəcə buna kənardan bədnam qüvvələr tərəfindən ilmələr atılır. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bütün xalqları birləşdirən azərbaycançılıq məfkurəsi bütün millətləri vahid çətir altında birləşdirir”.
Eldar Əzizov təqaüddə olan generala VƏZİFƏ VERDİBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.

Qeyd edək ki, polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub. O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənibGələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən Avrasiya.net-ə verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.
Ölkəmizə daha 40 milyard dollar gəlir...27 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq Əsrin Müqaviləsinə nəzər salaq. Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilslər 34.1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdü: Şevron-Texaso (10.2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8.6%), Ekson Mobil (8%), TPAO (6.8%), Devon Energi (5.6%), İtoçu (3.9%), Amerada Hess (2.7%).

Avrasiya.net xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov Əsrin Müqaviləsinin imzalanmasının 27-ci ildönümü haqda danışarkən deyib.

O qeyd edib ki, dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladı:

“Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilmişdi və 6.5 milyard barreldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılmışdı. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılmışdı ki, bunun da 131 min barreli “Çıraq”, qalanı isə “Azəri” yatağından hasil edilmişdi. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tiflis-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artırmağa nail olmuşdu. Əsrin Müqaviləsi sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi”.

V.Bayramovun sözlərinə görə, Əsrin Müqaviləsi həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir:

“İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tankeri dünya bazarlarına çıxarıldı.

Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır”.

İqtisatçı Əsrin Müqaviləsinin ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdiyini qeyd edib:

“Əsrin Müqaviləsinin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır.

“Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda neft sektoruna yardımçı sahələrin inkişafını stimullaşdıran bir amildir”.
Fəxrizadənin ölümü ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: Peykdən pulemyotla...İranın nüvə proqramının əsas fiqurlarından olan, tanınmış nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinin peykdən idarə olunan və süni intellektlə təchiz edilmiş pulemyotla həyata keçirildiyi bildirilir.

Publika.az-ın məlumatına görə, “Nyu York Tayms”da dərc olunan xəbərdə qeyd olunur ki, Fəxrizadəyə sui-qəsd dəqiqədə 600 mərmi atışı həyata keçirən və süni intellektə sahib robot sistemli pulemyotla həyata keçirilib.

Fəxrizadənin “Mossad” pulemyotu tərəfindən 1600 kilometr uzaqlıqdakı nöqtədən peyk vasitəsilə vurulduğu iddia edilir. “Nyu York Tayms”ın xəbərinə görə, nüvə aliminin yolda “U” dönüşü edəcəyi nöqtəyə yüksək texnologiyalı kameralı nəqliyyat vasitəsi və robot pulemyotlu yük maşını yerləşdirilib.

Süni intellekt texnologiyası kameradan gələn xəbərlərlə zəka ilə pulemyotun atəşi arasındakı 1,6 saniyəlik vaxtı tənzimləmək üçün də istifadə edilib.

Fəxrizadənin öldürülməsində məsafədən idarə olunan pulemyotdan istifadə olunduğuna dair məlumatlar hələ ötən il, hadisədən az sonra yayılmışdı. Alimin sui-qəsdə məruz qaldığı yerdə partladılmış avtomobilin qalıqları tapılsa da, insan izinə rast gəlinməmişdi. Əvvəlcə güman edilirdi ki, qatillər çox peşəkar olduqlarından iz buraxmayıblar, amma daha sonra hadisə yerinin təhqiqatı belə ehtimal irəli sürməyə əsas vermişdi ki, sui-qəsddə istifadə olunan silah məsafədən idarə olunub. İndi isə qəzet bu ehtimalı təsdiqləyir və qeyd olunur ki, həmin silah “Mossad” əməkdaşları tərəfindən istifadə olunan, orbital peykdən idarə edilən, Belçika istehsalı FN MAG pulemyotudur.

Məlumata görə, pulemyot qurğusu İrana sökülərək, hissələrlə aparılıb və avtomobildə quraşdırılıb. Fəxrizadənin idarə etdiyi qara rəngli “Nissan Teana” avtomobili yaxınlaşanda məsafədən işə salınıb. Əməliyyatda habelə onlarla videokamera istifadə olunub. Hücumun ardınca ağırlığı 1000 kiloqrama yaxın olan qurğu operatorlar tərəfindən partladılıb.

Bu əməliyyatı “Mossad” İran hüdudlarından uzaqdakı komanda mərkəzindən idarə edib.

Qəzet Amerika, İsrail və İran mənbələrinə istinad edir, onların arasında kəşfiyyat nümayəndələri, o cümlədən əməliyyatın planlaşdırılmasında və icra edilməsində iştirak edənlər yer alır. Onların ifadələrinə əsasən, Fəxrizadəni “Mossad” hələ 2007-ci ildən izləməyə başlamışdı. Onun öldürülməsi üçün əməliyyata hazırlıq isə 2019-cu ilin sonlarından başlayıb. Əməliyyata şəxsən “Mossad” direktoru Yossi Koen rəhbərlik edib, İsrail tərəfi bu əməliyyatla bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampla, dövlət katibi Mayk Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyn Haspellə əməkdaşlıq edib.

59 yaşlı Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehrandan təxminən 70 kilometr məsafədə yerləşən Absard qəsəbəsində öldürülüb. O, “Nissan Teana” avtomobilinin sükanı arxasında olub, alimin həyat yoldaşı isə arxa oturacaqda oturub. Avtomobilin arxasında mühafizəçilərin eskortu gəlirmiş.

Kompüterləşdirilmiş silah isə mavi rəngli “Nissan Zamyad” cipində quraşdırılıbmış, həmin avtomobil yol ayrıcında dayanıb. Fəxrizadənin avtomobili yaxınlaşanda robot-pulemyot ona 15 güllə vurur, bütün əməliyyat cəmi 60 saniyə çəkir. Hücumda nə alimin həyat yoldaşı, nə də mühafizəçilər zərər çəkib. Ümumilikdə 15 güllə atıldığı və M.Fəxrizadənin hücumda heç bir zədə almayan həyat yoldaşının qollarında öldüyü bildirilir.

Robot-pulemyot elə layihələndirilmişdi ki, “pikap”ın kuzovunda yerləşə bilsin. Orada habelə bir neçə istiqaməti izləyən kameralar və operatora dəlilləri məsafədən məhv etməyə imkan verən partlayıcı da yerləşdirilmişdi. Əməliyyat planlaşdırılarkən daha bir problem bu idi ki, sükan arxasında məhz Fəxrizadənin olması təminat altına alınsın və onun ailə üzvləri zərər çəkməsin. Bu problem üztanıma kamerası ilə təchiz edilmiş və guya xarab olmuş avtomobilin Fəxrizadənin keçəcəyi döngədə park edilməsi ilə həllini tapıb. Əməliyyat o dərəcədə mükəmməl planlaşdırılıb ki, Fəxrizadənin öldürülməsi 1 dəqiqədən də az vaxt aparıb və dəlillər məhv edilib.

Qəzet qeyd edir ki, robot-pulemyot həmin əməliyyatda ilk dəfə tətbiq olunurdu. Daha sonra İsrail məsafədən idarə olunan təkmilləşdirilmiş pulemyotu döyüş PUA-sı ilə əlaqələndirib və özünün yüksək texnologiyalı silahları arsenalına daxil edib. Bu silah hədəfləri məsafədən məhv etmək üçün istifadə ediləcək və belə görünür ki, təhlükəsizlik və casusluq aləmini dəyişdirmiş olacaq.

Fəxrizadənin xanımı hücum başlayanda onun yanına qaçır, “Məni öldürmək istəyirlər və sən getməlisən” - deyə Fəxrizadə həyat yoldaşına bildirir. Əməliyyatın planlaşdırıldığı kimi getməyən yeganə hissəsi də bu imiş. Partlayışın məqsədi həm də robotu məhv etmək idi, buna görə də İran baş verənləri tam təfərrüatı ilə açıqlaya bilmədi. Əksinə, orada olan texnika zədələnsə də, sonradan istifadə olundu.

İran tərəfindən yayımlanan bir hesabatda qeyd olunur ki, bir qrup sui-qəsdçi Fəxrizadənin maşın sürməsini yolun kənarında gözləmişdi. Sakinlər böyük bir partlayışın ardından şiddətli pulemyot atəşinin eşidildiyini söyləyib. Bir yük maşını Fəxrizadənin avtomobilinin qabağında partlayıb, sonra beş-altı silahlı yaxınlıqdakı maşından düşərək atəş açıb. İnqilab Keşikçiləri Korpusuna bağlı bir sosial media kanalı Fəxrizadənin mühafizəçiləri ilə onlarla hücumçu arasında şiddətli silahlı döyüş olduğunu bildirib. Şahidlərin dediyinə görə, bir neçə nəfər orada öldürülüb.

Bir neçə İran xəbər təşkilatı qatilin robot olduğunu və bütün əməliyyatın uzaqdan idarəetmə ilə aparıldığını bildirib. Bu xəbərlər sui-qəsdçilər və cangüdən qrupları arasında silahlı döyüşün və bəzi sui-qəsdçilərin tutulduğuna və ya öldürüldüyünə dair şahidlərin dediklərinə zidd idi. İranlılar ölkənin ən yaxından mühafizə olunan fiqurlarından birini qoruya bilməyən elit təhlükəsizlik qüvvələrinin rüsvayçılığını minimuma endirmək üçün şəffaf cəhd olaraq bu “əhvalat”ı ələ salıblar.

Hücumun canlı şahidi olan Fəxrizadənin əsas cangüdəni Həmid Əsgəri İranın dövlət televiziyasına açıqlamasında “Bu, sıradan bir terror hücumu deyildi. Onun öldürülməsi bildiyinizdən və düşündüyünüzdən qat-qat mürəkkəb idi. Qatillər isə İran ictimaiyyətinə məlum deyil, amma ölkənin inkişafının düşməni olanlar çox yaxşı tanıyırlar” - deyə qeyd edib.