İnsan ildə neçə dəfə koronavirusa yoluxa bilər? - Həkimdən cavabBu il yoluxanlar arasında keçən il virusa yoluxanlar da oldu.

Hətta 1 il əvvəl yoluxub, 2 doza vaksin olunanlar arasında da xəstələnənlər az olmadı.

Avrasiya.net medicina.az-a istinadən bildirir ki, rusiyalı həkim Boris Çuradze bundan sonra koronavirusa neçə dəfə yoluxmağın mümkünlüyünü açıqlayıb.

" Təcrübəmizdə hətta yoluxub sağaldıqdan 3 ay sonra yenidən yoluxan adamlar olub. Çox nadir halda insan il ərzində 3-4-5 dəfə koronavirusa yoluxub, keçirib, lakin bu az halda olur. Ən çox rast gəlinən ildə 2 dəfə yoluxma halları idi. Bu, virusun mutasiyaya uğraması və fərqli ştammlarla izah olunur.
Çox halda təkrar yoluxma daha yüngül keçir, lakin əgər gələcəkdə daha güclü mutasiya olarsa, ikinci yoluxma ağır keçə bilər.

Eyni ştamla yoluxduqda ikinci, üçüncü dəfə daha yüngül gedişat olur, bəzən xəstə test verməsə bilmir. Təcrübədə birinci dəfə yüngül keçirən, ikincidə xəstəxanaya düşən xəstələr olub.

Populyasion immunitet formalaşandan və vaksinasiya çoxalandan sonra xəstələnmə gedişatı yüngülləşəcək, yoluxma sayı azalacaq. Aybaay, ildən-ilə kütləvi populyasion immunitet artacaq.

Artıq növbəti ildə koronavirusun cəmiyyət üçün faciəvi olmayacağını görəcəyik. Bu infeksiyadan ölüm azalacaq, yoluxmalar yüngül keçəcək. Pandemiya davam edərsə, orta statistik olaraq, bir insanın ildə 2 dəfə yoluxması mümkündür.
DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdıBolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb.

Publika.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb.

Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başına gələnlərlə əlaqədar psixoloji travma yaşadığını və zəhərlənə biləcəyini döyləyib.

Bolivyanın rəsmi xəbər agentliyi olan ABİ-nin yaydığı informasiyaya görə, İstifadəçilərin və İstehlakçıların Hüquqlarının Müdafiəsi nazirinin müavini Jorge Silva hadisənin baş verdiyi müəssisənin 20 filialında da məhkəmə araşdırmasına başlanıldığını açıqlayıb.

Silva bildirib ki, ətçəkən maşınla gündə 45 kiloqramdan 80 kiloqrama qədər ət istehsal edən işçi 2 barmağını itirdikdən sonra insan qalıqlarının qarışdığı ətdən digər şöbələrə gedib-getmədiyi araşdırılır.

Boliviyadakı 20 filialı olan istehsalçı firmanın yaydığı yazılı bəyanat deyilir: "Əməkdaşımızla başına qəza gəlib. İndi onun vəziyyəti yaxşıya doğru dəyişir. Sağlamlığı hər zaman ön planda saxlanılacaq. Fövqəladə hallar haqqında bütün protokolları tətbiq edilib".
Çin lideri Baydenin görüş təklifini rədd etdiÇin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Bayden keçən həftə liderlər arasında 90 dəqiqəlik telefon danışığı zamanı yüksək səviyyəli görüş keçirməyi təklif edib. Lakin Si Cinpin bu təklifi rədd edib. O vurğulayıb ki, Vaşinqtonun Pekinə münasibətdə daha az sərt ton seçməlidir.

Qeyd edilir ki, Si Cinpinin görüşdən imtina etməsi bəzi ABŞ rəsmilərinin Pekinin Vaşinqtonla çətin oyun oynamağa davam etdiyi qənaətinə gətirib çıxarıb.
Bu, İrana baha başa gələ bilər - CəlalzadəƏfqanıstandan gətirilən narkotik vasitələr İran ərazisindən Avropaya daşınır. Narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə İrana çox baha başa gəlir.

Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Vahid Cəlalzadə Danimarkanın Tehrandakı səfiri Yesper Vahr ilə görüşündə deyib. O bildirib ki, Avropa İttifaqı qaçaqmalçılıqla mübarizədə İrana yardım etməyə söz versə də, buna əməl etməyib.

Qeyd edək ki, Əfqanıstandan narkotik vasitələr qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Türkiyə və Avropaya daşınır. Hər il İran polisi və sərhəd xidmətinin əsgərləri 10 min tondan çox narkotik vasitə müsadirə edirlər. Qaçaqmalçılıqla mübarizədə ildə təxminən 4-7 polis əməkdaşı həlak olur. Silahlı narkotik qaçaqmalçıları İran sərhədini qanunsuz və silahlanaraq keçməyə çalışırlar
Xidmət yoldaşını öldürən erməni hərbçi həbs edildiErmənistan ordusunun ehtiyatda olan hərbi qulluqçusu Mkrtiç Hovakimyanın ölümü ilə bağlı açılan cinayət işi çərçivəsində onun xidmət yoldaşı saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.

Adı açıqlanmayan erməni hərbi qulluqçu haqqında cinayət işi başlanıb və o, həbs edilib.

Xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyi ölkənin cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində 1978-ci il təvəllüdlü ehtiyatda olan hərbi qulluqçu Mkrtiç Hovakimyanın ölümü və daha bir əsgərin yaralanması barədə məlumat yaymışdı.
İran casusunun Bakıdakı biznesi...Casusun ustalığı

Ailə-uşağını atıb Bakıya gəlmişdi. Məcburi köçkünün evində kirədə qalırdı. Hamı onu “krosna ustası” kimi tanıyırdı.

İş-gücü qonşuların qapısını döyüb TV kanalları ilə maraqlanmaq, “pozulmuş” kanalları yenidən yığmaq idi.

İnsafən, bahacıl usta deyildi. Nə verdinsə, ona da qane olardı, “buna da şükür!” kəlməsi dilindən düşməzdi. İşini dini söhbətlər edə-edə görər, hətta pulsuz-parasız Məşhədi ziyarət etmələrinə yardımçı ola biləcəyinə söz verərdi.

Yadda qalmayan ikipilləli qəribə adı vardı. Adamlar onu çox vaxt “Məşədi” deyə çağırardı.

Bir əmması var idi ki, usta ancaq dini kanallar yığar və həmin kanalları təbliğ edərdi. Avropa, türk və rus kanallarının ailə dəyərlərimizə zidd olduğunu israr edər, İran kanallarını isə nümunə göstərərdi.

Elə ilk narazılıq da bundan başlamışdı. Qonşunun sözü dindar ustanın xətrinə bərk dəymişdi:

- Haqqını aldınmı, istədiyim kanalları yığ. Gəlib evimdə mollalıq eləmə. Özüm bilərəm məşədi olaram, ya olmaram.

Bu narazılıqdan sonra deyir ki, usta bir-iki gün gözə dəymədi.

Amma başqa iş tapa bilmədiyindənmi, ya bundan asan iş bacarmadığındanmı, dindar usta yenidən məhəllədə göründü.

Hər dəfə evlərə gedəndə “Allah günahımdan keçsin, bu kanalların günahı sənin boynuna” deyib işini görərdi.

Adam gündüzlər öz işi ilə məşğul olar, gecələr çox vaxt evə getməz, vaxtını məscidlərdə, ya dindar dostlarının evində keçirərdi...

Xəbər yayılmışdı ki, rayona qayıtmasa, həyat yoldaşı onu məhkəməyə verəcək.

Məhəllənin adamları öz aralarında danışırdılar ki, bu necə müsəlmandır, ailəsinə sahib çıxmır. Ərə getməli 4 qızını atıb gəlib Bakıda dindən, imandan danışır.

Amma ev sahibi bu adamı göydəndüşmə kirənişin sayırdı. Deyir, hələ belə kirəçi görməmişəm. Evdə qalmır, amma vaxtı-vaxtında artıqlaması ilə kirə pulunu ödəyir, heç hiss etməzsən ki, o evdə adam yaşayır.

Məhəllədə elə vəziyyət yaranmışdı ki, namaz qılmayan, oruc tutmayan, hərdənbir toylarda içki içən adamlar bu ustanı görəndə qaçıb gizlənirdilər. Bilirdilər ki, adam qır-saqqızın biridir, yapışdımı, əl çəkən deyil. Di gəl ki təsir altına düşənlər, yaxud məsələnin nə yerdə olduğunu bilməyənlər ustanın davranışını hər yerdə təqdir edər, “indi onun kimi dindarlar nə gəzir!” deyib öyüd-nəsihət verərdilər.

Bir gün xəbər yayıldı ki, ustanı döyüblər. Demə, ustanın bu sözü ev yiyəsinə bərk toxunub:

- Filan gün bizim avtobus Məşhədə yola düşəcək. Zəvvarların çoxu zənənlərdir. Yol pulunu da verdik, sən getmədin. Qoy xanımın getsin, 10 gündən sonra evdə olacaq.

Bu sözdən qəzəblənən ev yiyəsi ustanı yaxşıca əzişdirir.

- Ə, mən getmədiyim, icazə vermədiyim yerə arvad necə gedə bilər? Sürüş burdan, səni məhəllədə görməyim!

Bu hadisədən sonra usta kirayə qaldığı evdən əşyalarını da götürüb gedir. Məscidə yaxın bir yerdə ev kirayələyir.

Hadisədən xəbər tutan Məşədi Qurban öz dəstəsini həmin ev yiyəsinin üstünə göndərir. Ev yiyəsini o ki var döyürlər. Səhəri gün usta məscidin bir küncündə oturub Məşədi Qurbana ürəyini açır, necə “krosna ustası” olduğunu danışır.

Məşədi Qurban əsl həqiqəti gec anlasa da, tükünü darağa vermir.

“Təmənnasız” ziyarətə göndərdiyi və İranda müalicəsinə köməklik etdiyi üçün Məşədi Qurban bu ustanın yanında diliqısaydı. Bu səbəbdən ustanı görəndə əldən-ayaqdan gedirdi.

Axır vaxtlar usta və onun məsləkdaşları Məşədi Qurbanın beynini necə yumuşdularsa, ona verilən təlimatları can-başla yerinə yetirir, özünün sədaqətli irançı olduğunu gizlətmir, əksinə, bunu şəstlə deyirdi.

Məşədi Qurban yas mərasimlərində Azərbaycan adında ölkə olmadığını, Bakı, Gəncə, Şamaxı kimi iri şəhərlərin İran şəhəri olduğunu, hətta fars dilinin “cənnət dili” olduğunu deməkdən çəkinmirdi.

Qəribəsi bu idi ki, yas məclisinə Bakı kəndlərindən gələn bəzi alimlər də Məşədi Qurbanın sözünü təsdiq edirdilər.

Məşədi Qurbanın yanında oturan “Seyrəkdiş” ləqəbli molla Müzəffərin çənəsindəki uzun tükləri ovcunun içinə sıxaraq “gün gələcək, burada nə qədər şiə qardaşlarımız var, hamısına sahib çıxacağıq" deməsi bayaqdan səbrini basan mərhumun yaxın dostunu hövsələdən çıxartdı:

- Bunlar yas məclisində dövlət əleyhinə təbliğat aparırlar, molla kimi yox, fars siyasətçiləri kimi danışırlar...

Məşədi Qurban yas törəni başa çatandan sonra ustanı aradı. Görüşüb ətraflı danışdılar. Qərara gəldilər ki, bundan sonra qoşalaşıb birdəfəlik “zəvvar biznesi” ilə məşğul olsunlar.

Belə də oldu. İran tərəfi yol xərcini öz özərinə götürdüyü üçün işlər yağ kimi gedirdi.

Məşədi Qurbanın oğlu deyir ki, Allah o ustanın bəlasını versin, dədəmin gül kimi sənəti vardı, başını bişirib ev-eşikdən uzaq saldılar. Dənizdə işləyənlər kimi üzünü 2-3 aydan bir görürəm.

Dədəm bu işə təzə-təzə başlayanda deyirdi ki, o dindar usta ildə azı 30 dəfə İrana gedib-gəlir, adamları dinimizdən uzaqlaşmağa qoymur.

Mən deyəndə ki, ay dədə, o usta deyil, agentdir, mənə bərk acığı tuturdu.

O gün eşitmişəm ki, həmin “krosna ustası”nı qaynı məhkəməyə verib, tutub basıblar içəri. Eşidəndə çox sevindim, bəlkə dədəmin də ağlı başına gələ.

Gələn-gedən, eşidən-bilən elə dədəm Qurbanın “biznes”ini üzümə vurur.

Bəyəm bunun günahı təkcə məndədir? Vətənpərvərikdən, azərbaycançılıqdan, milli dəyərlərdən danışırsınız. Ölkənin sayılıb-seçilən bir alimi bizi iranlı sayırsa, bisavad Qurban kişi kimdir ki!

Siz hər il 30 dəfə Məşhədə gedən adamdan dövlətimizə sədaqət gözləyirsiniz?!

Müəllif: Şahlar Göytürk