Milli ideologiyamız –AzərbaycançılıqKönül Şəkiyeva

Türk əsilli Azərbaycan xalqının milli ideologiyası olan azərbaycançılıq Azərbaycan xalqının dərin və mükəmməl etnoqrafiq əsasları olan, XIX əsrin əvvəllərində formalaşmış, kifayət qədər mürəkkəb, ziddiyyətli bir təkamül tarixi olan türkçülük, müsəlmançılıq və müasirlik kimi üç üzvi tərkib hissəsinə malikdir.

Azərbaycançılıq ideologiyası əvvəlcə mifologiya, sonra isə din, daha doğrusu əski inanclardan qaynaqlanır. Azərbaycançılıq ideologiyasının ilkin mərhələsi olan miflər azərbaycanşünaslığın tərkib hissəsi, azərbaycanşünaslıq isə öz növbəsində türkçülüyün konkret tarixi-coğrafi məkanda formalaşan aparıcı istiqamətidir.

Azərbaycançılıq ideologiyasının türk mifik təfəkkürü ilə vəhdət məqamı “azad ruh” hissidir. Azad ruh türk qövmünün genetik enerji mənbəyi, dünyaya çıxış nöqtəsidir. Mifik təfəkkür və inanclarımızda kodlaşan azad ruh sonrakı ictimai-tarixi dövrlərdə də silinməz iz qoyması səbəbindən azərbaycançılığın təşəkkülünü coğrafi məkan kimi yalnız bu ölkənin ərazisi ilə məhdudlaşdırmaq doğru olmaz. Azərbaycançılıq şərq dünyası, qədim türk təfəkkürü, fars dilli mədəni-tarixi ərazi və ümummüsəlman elmi-nəzəri konteksti ilə bağlıdır. Müasir anlamda sərhədlərin olmadığı zamanlarda olan köçlər, müharibələr, yürüşlər və ticarət ilişkiləri nəticəsində tayfalar və xalqlar bir-biri ilə qaynayıb qarışırdılar.

Azərbaycançılıq mili düçüncəsinin və vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının –maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədər olan bütün ideallarının olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir.

Azərbaycançılıq istiqlalçılıq deməkdir. Azərbaycançılıq böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üçün başlanmış şanlı bir mübarizədir.

Hazırda Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifə xalqın düşüncəsini, fikrini düzgün, tarixən doğru istiqamətə yönəltməkdir. Bunun üçün tarixən əsaslandırılmış, ciddi elmi-nəzəri sistemə malik, eyni zamanda xalqın taleyi ilə qovuşuqda sınaqdan uğurla çıxan ideoloji konsepsiyasının olması zəruridir.

“Azərbaycançılıq” termini ölkənin siyasi həyatında yaxın illərdən başlayaraq istifadə olunur. “Azərbaycançılıq” real müstəqilliyə nail olmaq vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və mökəmləndirmək üçün vasitədir. İdeologiya kimi “Azərbaycançılıq” müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosial-mədəni və etnocoğrafi-siyasi cəhətlərini özündə birləşdirmişdir.

İmperiyaçılığa qarşı müqavimətdə formalaşan milli istiqlal ideologiyası olan azərbaycançılığın araşdırılması işinə son 30-40 ildə Yaşar Qarayev, Ramiz Mehdiyev, Səlahəddin Xəlilov, İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Əlikram Tağıyev, Rafail Əhmədov, Faiq Ələkbərov, Nadir Məmmədli və başqaları öz töhfələrini vermiş, tədqiqatlarında bu konsepsiyanı əsaslandırmaq istiqamətində müəyyən işlər görmüşlər.

Azərbaycançılıq ideologiyasının təkamül tarixi və təkamül mərhələlərini araşdırmazdan əvvəl, qısa da olsa ”İdeologiya nədir?”sualına cavab verək. İdeologiya yunan sözü olub, ideya - fikir və loqos – söz, anlayış tərkiblərindən ibarətdir, fikir haqqında təlim deməkdir. İdeologiya siyasi, sosial, hüquqi, əxlaqi, dini, estetik ideya və baxışlar sistemidir. İdeologiyada insanların ətraf varlığa münasibəti, ictimai münasibətlər, sosial problemlər, sosial qrupların və təbəqələrin vəziyyəti, onların maraqları, sosial-ekonomik inkişafın məqsədləri əks edilir.

İdeologiyanın vəzifəsi cəmiyyətdə birliyi və ümumxalq münasibətlərini qorumaq, onu bərqərar etmək, millətin tarixdə mövqeyini izah və təsdiq etməkdir. İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən biri, xalqın kimliyini göstərən təfəkkür, gələnəklər və inanclar sistemidir. İdeologiya tarixin gedişi ilə yaranaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyən edən, bu prosesdə xalqın rolunu göstərən, onun doğruluğunu təsdiqləyən ən parlaq və obyektiv ideyaların bitkin bir sistemi və məntiqi yekunudur.

İdeologiya vahid Vətən hissi ilə birləşmiş toplumların tarixi birgəyaşayışından və ictimai fəaliyyətinin nəticəsi olan idealların birliyi əsasında formalaşır. Ona görə də, müasir ideologiya sivil ictimai sistemlərə qoşulmaq, onlarla birgəyaşayışa nail olmaq üçün, digər elm və nəzəriyyələrdən fərqli olaraq bu günün izahı ilə kifayətlənmir, gələcəyin yaradılması haqqında doğru fikir sistemi kimi çıxış edir. Belə bir doğru fikir sistemi, kökü Azərbaycan ərazisinin ilk sakininin təbiət qarşısında təəccübündən qidalanan, özündə Şərq və Qərb dəyərlərini birləşdirən azərbaycançılıqdır. Əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanan Azərbaycançılıq, milli özgürlüyümüz haqqında təlim, müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil hüquqi dövlət olması və demokratik cəmiyyət qurulması uğrunda mübarizəni özünə strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır.

Azərbaycançılıq nədir sualına cavab verən akademik İsa Həbibbəyli yazır: “Azərbaycançılıq - milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının - maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir. Azərbaycançılıq - milli ədəbiyyatın axarını ölkə maraqlarına doğru istiqamətləndirən mühüm ədəbi-ictimai təlimdir. Azərbaycançılıq - ədəbiyyatda əsas hədəf kimi milli-mənəvi özünüdərk və vətənpərvərlik ideyalarının parlaq bədii təcəssümüdür, xalqın hərtərəfli inkişafına xidmət edən ümummilli məfkurədir. Nəhayət, Azərbaycançılıq - ədəbiyyatda milli istiqlal və müstəqil dövlətçilik ideallarının təcəssümü olan əbədiyaşar təlimdir!” . (Həbibbəyli,2019)

Azərbaycançılıq ideologiyasının tədqiqinə xüsusi monoqrafiya həsr etmiş professor Nizaməddin Şəmsizadə qeyd edir ki, “Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası kimi Azərbaycan ideologiyası da vahid Azərbaycan xalqına və onun bütün dünyaya səpələnmiş övladlarına məxsusdur. Onun adı – AZƏRBAYCANÇILIQdır”. (Şəmsizadə, 2008: 19-73)

Tədqiqatçı alim Rafail Əhmədov azərbaycançılıq ideologiyasının formalaşmasından bəhs edərkən yazır: “Azərbaycanın ancaq özünə aid ola bilən və bugünkü elmi-nəzəri ədəbiyyatda özünə “Azərbaycançılıq” kimi vətəndaşlıq hüququ qazanan saf Azərbaycan milli ideyasına çevrilənədək o, uzun bir tarixi inkişaf yolu keçmişdir” . (Əhmədov,1998: 136-142)

Azərbaycançılıq ideologiyasını araşdıran başqa bir tədqiqatçı Nadir Məmmədli göstərir ki, “Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin suverenliyi, xalqın milli şüur və mədəniyyətinin inkişafı, maarifçiliyə və sağlam demokratikləşməyə münasibət kimi prinsipial məsələləri özündə birləşdirir” .(Məmmədli,2019)

Azərbaycançılıq ideologiyasının araşdırıcıları içərisində N.Şəmsizadənin xidmətlərini xüsusi qeyd edən akademik Bəkir Nəbiyev yazır: ”Azərbaycan tarixində bəlli nəzəri-fəlsəfi təlim və cərəyanları, dövlətçilik tarixi və dövlət tiplərini fəlsəfi təfəkkürlə ümumiləşdirən, başlıcası isə XX əsrin əvvəllərində milli intibahın başında durmuş Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə kimi sələflərinin irsinə, bu barədə ümummilli liderimiz Heydər Əliyevin qənaətlərinə istinad edən alim öz konsepsiyasını irəli sürdü. Bu konsepsiyanın müxtəsər özəl tezisləri bundan ibarətdir: Azərbaycan xalqının milli ideologiyası Azərbaycançılıqdır. Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Azərbaycançılıq türkəsilli Azərbaycan xalqının ideologiyasıdır. Onun üç təməli var: türkçülük, islamçılıq və vətənçilik. N. Şəmsizadənin şüarı belədir: “Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!” . (Şəmsizadə,2008: 74-113)

Azərbaycan xalqının milli ideologiyası olan Azərbaycançılıq haqda başqa bir tədqiqat işində oxuyuruq: “Azərbaycançılıq – Azərbaycan xalqının 1) dərin (və mükəmməl) etnoqrafiq əsasları olan, 2) XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmış və 3) kifayət qədər mürəkkəb, ziddiyyətli (nəticə etibarilə, uğurlu) bir təkamül tarixinə malik milli ideologiyasıdır ki, üç üzvi tərkib hissəsindən ibarətdir: 1) türkçülük, 2) müsəlmançılıq, 3) müasirlik (dünyəvilik)”. (Cəfərov, Sərdarov, Cəfərov,2016: 9-36)

Ədəbiyyat
Əhmədov, R. (1998). Azərbaycanın Türkçülük və Azərbaycançılıq problemləri, Azərbaycan Araşdırmaları Vəqfi, Bakı, Ay- Ulduz nəşriyyatı,136-142.
Məmmədli, N. (2019). Azərbaycançılıq milli inkişafın tükənməz ideoloji potensialı kimi, Ədəbiyyat qəzeti.
Şəmsizadə, N. (2008). Seçilmiş əsərləri I cild, Bakı, Elm nəşriyyatı, 19-152.
Cəfərov, N., Sərdarov, V. ,Cəfərov, A. (2016). Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları, Bakı, Elm və təhsil nəşriyyatı,9-36.
Yaqub Zurufçu dünyasını dəyişdiAzərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.

Avrasiya.net xəbər verir ki, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

Allah rəhmət eləsin!
Həbsdə olan keçmiş icra başçısı koronaya yoluxduBiləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə onun vəkili Leyla Məmmədova Report-a açıqlamasında deyib.

Bildirib ki, hazırda müvəkkilinin vəziyyəti stabil-ağırdır:

"Sentyabrın 13-də Mahir Quliyevin vəziyyəti ağırlaşdığı üçün Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülüb".

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

O, ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Şimali Kiprin Bakıdakı Təmsilçiliyinin rəhbəri sahibkar xanımlarla görüşdüBu gün Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram ölkəmizdə fəaliyyət göstərən bir qrup sahibkar xanımla görüşüb. Görüşdə “Azərbaycan - Şimali Kipr” Dostluq Qrupunun rəhbəri Ramiz Alıyev də iştirak edib.

Avrasiya.net xəbər verir ki, Mustafa Beyazbayram görüşdə olan sahibkar xanımları salamlayaraq bildirib ki, Azərbyacana gəldikdən sonra sahibkar xanımlarla ilk görüşüdür:

"Bir çox görüşlər keçirmişəm, istər Milli məclisin deputatları, istərsə də KİV nümayəndələri ilə keçirdiyim bütün görüşlərdə dediyim kimi, mən bura öz vətənimə gəlmişəm. Azərbaycan mənim üçün doğmadır. Öncəki illərdə də Azərbyacanda müxtəlif işlərdə çalışdım, yenidən Azərbaycanda, Bakıda olmağımdan çox məmnunam. Azərbaycandakı fəaliyyətim dövründə müxtəlif sahələrlə yanaşı, iki ölkənin sahihkarları arasında da əlaqələrinin qurulması və inkişaf etməsi üçün əlimdən gələni edəcəm".

Şimali Kiprin Bakı Təmsilçisi Azərbaycanın qazandığı möhtəşəm qələbədən qürur duyduğunu da dilə gətirib. Bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı biz xalq olaraq qardaşlarımızın yanında idik və bu bizim qardaşlıq borcumuz idi. 30 illik işğaldan sonra tarixi Azərbaycan torpaqlarının azad edilməsi bütün dünyaya Türkün gücünü və qətiyyətini göstərdi.
Daha sonra “Azərbaycan - Şimali Kipr” Dostluq Qrupunun rəhbəri Ramiz Alıyev çıxış edərək Şimali Kiprin Bakı Təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayrama ölkəmiz üçün söylədiyi fikirlərinə və bugünki görüşə görə təşəkkür edib. Bildirib ki, sahibkar xanımlarla görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlığın qurulması və bu dostluğun-qardaşlığın gələcəkdə iqtisadi sahədə də özünü göstərməsidir.

Görüşdə iştirak edən sahibkar xanımlar da öz növbəsində görüşün təşkilinə görə həm Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinə, həm də “Azərbaycan - Şimali Kipr” Dostluq Qrupuna təşəkkürlərini bildiriblər.

Qeyd ediblər ki, hər iki ölkənin xanım sahibkarları əməkdaşlıqda maraqlıdır və gələcəkdə böyük layihələr etməyi planlayırlar. Daha sonra görüş müzakirələr şəkilində davam edib.

Qeyd edək ki, bu günki görüşdə Günel Məmmədhəsənova- Tovuz Baltiya, Tovuz Retail, Jalə Amirbəyova- AMİİA sədr müavini, Gülbəniz Qənbərova- AKQA – sədri, Afət Əhmədova- Brightman MMC, Səidə Qasımova- Az Print MMC, Rəftarə Şükürova- Citrus Valley MMC, Reyhan Əliyeva- Reyahanla MMC iştirak ediriblər.
Başına 1 milyon qoyulan terrorçunun kimliyi bilindiAvqustun 24-də Türkiyə ordusunun məhv etdiyi terrorçulardan birinin kimliyi müəyyənləşib.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyə dövlətinin başına 1 milyon lirə qoyduğu və "qırmızı bülleten"lə axtarılan PKK terror təşkilatının üzvü Diljin Mariya Dersim kod adlı Saniye Toprakın məhv edildiyi məlum olub.

Onun Qabar dağı bölgəsində xüsusi əməliyyat zamanı məhv edildiyi sonradan ortaya çıxıb. 41 yaşlı terrorçunun 12 türk əsgərinin şəhid edilməsində əli olduğu bildirilir.
Ermənistanda terrorçu-diversiya qrupları yaradılmalıdır. Tarixə nəzər salsaq görərik ki, məhz terrora əl atmaq erməni xalqının son ümid yeri olub.

Axar.az xəbər verir ki, bu bəyanatla “Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan çıxış edib.

Ayvazyan erməni xalqına müraciət edərək, bu qrupların formalaşdırılmasında, təlimində köməklik etməyə çağırıb.

“Bizim başqa yolumuz qalmayıb: yalnız xırda terror aktları törədərək düşmənə zərbə endirmək. Bunun üçün bizim xüsusi təlim görmüş peşəkarlara ehtiyacımız olacaq. Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Onların bizə bu işdə çox köməyi dəyə bilər. Vəziyyət çox ciddidir. Biz hər gün bir addım geri çekilirik. Zəngəzuru ümumiyyətlə yaddan çıxarın artıq. Zəngəzur əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur. Amma bu çıxış yolu deyil. Bizim tək yolumuz - diversiya qrupları yaratmaqdır.

Amma bunu hüquqi müstəvidə etmək mümkün deyil. Biz bunu dövlətdən kənar yol ilə yaratmalıyıq. Məni bu dediklərimə görə qınayan çox olacaq, amma həmin adamlara bir sualım var: Başqa yolumuz varmı?” - deyə o qeyd edib.

Xatırladaq ki, terrorizm, təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyəti üzrə türk ekspert Həsən Məsud Öndər bu gün mediaya açıqlamasında Fransa kəşfiyyatının erməni təxribatçılarını öz təlim düşərgələrində hazırladığı haqda məlumat yayıb.
Makron erməni dostlarını yenə sevindirdiFransa prezidenti Emmanuel Makron erməni dostlarını bir daha sevindirib.

Axar.az xəbər verir ki, Makron növbəti dəfə ermənipərəst mövqeyini nümayiş etdirərək, erməni dilində paylaşım edib.

"Ötən ilin avqust ayında söz verdiyim kimi, 25 min doza vaksindən ibarət ilk partiya bu gün bizim erməni dostlarımıza çatacaq..." - o yazıb.

Adicə paylaşım yardımsevər qonşularımız tərəfindən çoxsaylı bəyənmə və az qala hər cümlədə Azərbaycan haqqında bəhs edilən şərhlər toplamağa davam edir.
İran türk dövlətinə çevriləcək! – Sensasion detallarİran rejiminin müstəqil Azərbaycana qarşı qeyri-adekvat və düşmən münasibəti, hər zaman Azərbaycanı zəif görməyə çalışması və düşmən Ermənistanın ayaqda qalması üçün çalışması İran yük maşınlarının Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının məsuliyyət zonasında yerləşdirilən ermənilər üçün qanunsuz və Bakıdan iznsiz daşımalar həyata keçirməsindən sonra yenidən aktuallaşıb.

Xüsusilə İran rəsmilərinin Azərbaycan və Ermənistana yanaşması, “iki ölkə arasında balansı qorumaq öhdəliyi” kimi cəfəng siyasi bəyanatlar irəli sürməsindən sonra hər kəs haqlı olaraq Tehranın Azərbaycanı zəiflətmək, Ermənistanı gücləndirməklə, “balansı” - əslində isə Azərbaycan üçün daimi milli problemi qoruyub saxlamaq istəyində olduğunu bildirirlər.

İran – hər zaman Azərbaycana münasibətini bu cür büruzə verib: mümkün olduqca Azərbaycanı zəif, başı özünə qarışan, torpaqları işğal altında qalan görmək istəyib. Bir çox hallarda isə Azərbaycana qarşı torpaq iddialarını səsləndirməkdən və Azərbaycanı hədələməkdən də çəkinməyib.

İranın düşmən siyasəti Heydər Əliyevin cənub qonşumuzla əlaqələri inkişaf etdirmək və özündən əvvəlki hakimiyyətin kobud səhvlərindən imtina edən dövlətçi siyasəti zamanı da vaxtaşırı gündəmə gəlib. Hələ 1999-cu ildə İran hərbi donanmasının Azərbaycanın cənub su sərhədi nişanını çıxarıb tullaması, paralel olaraq İran qırıcılarının hava sərhədimizə nümayişkaranə girərək, Cəlilabada qədər gəlməsi və az qala rəsmi şəkildə hərbi meydan oxuması hər kəsin xatirindədir. Bunun səbəbi guya Xəzərin hüquqi statusu müəyyənləşmədən Azərbaycanın neft axtarışlarını genişləndirməsi idi. Lakin hər kəsə bəllidir ki, İran neft kontraktlarından və Bakı-Ceyhandan əndişələnmişdi və bu konrtaktların qarşısını ala bilmədiyi, Azərbaycana yaxın illərdə külli miqdarda vəsait daxil olacağı və deməli, güclənəcəyi qorxusunu nümayiş etdirirdi.

Həmin ərəfədə Türkiyə İran hərbi donanmasının özbaşınalığına qarşı Azərbaycana hərbi kater bağışladı, qısa müddət sonra isə İranın Cəlilabada qədər uzanan qırıcısının cavabı Bakı səmasında türk şahinlərinin şousu ilə cavablandırıldı.

Bu, NATO-nun ikinci ən böyük gücünün möhtəşəm iradəsi idi və əlbəttə ki, həmin vaxt bu, həm də NATO-nun reaksiyası sayıla bilərdi.

İranın Azərbaycana qarşı atdığı addımlar son 30 ildə saysız-hesabsızdır və əlbəttə ki, hər kəsi bu sual hər zaman narahat edib: müsəlman təəssübkeşi cildinə girən İran niyə Azərbaycana dəstək vermir, əksinə, əleyhinə fəaliyyət göstərir və xristian faktorundan daim istifadə edib, Qafqazda təxribatlarını və işğalını sürdürən Ermənistanı himayə edir?

O cümlədən, hər kəsə yaxşı bəllidir ki, İranın müstəsna dəstəyi olmasaydı, Ermənistan Qarabağı 30 il işğalda saxlaya bilməzdi və İranın 44 günlük savaşda “neytral” (üzdə guya neytral) qalmasının səbəbi də Azərbaycanın artan gücü, Türkiyənin regionda inanılmaz qədər böyüyən söz sahibi olması idi.

Hər bir dövlət kimi İranın da milli maraqları var və milli maraqlar gələndə bu islam ölkəsinin mömin müsəlman rəhbərləri şeytanın özü ilə qardaşlıq sazişi bağlamağa hazırdırlar – bu, bəllidir. Ancaq maraqlıdır, İran Azərbaycandan niyə qorxub-çəkinir ki, Bakıya düşmən, İrəvana qardaş olur?

Ermənistan etibarsız və perspektivsiz dövlətdir, ilk fürsətdəcə Rusiya kimi, İrana da xəyanət edəcək. Tehranın bunu bilmədiyini düşünmək sadəlövhlük olardı.

Ancaq İranın azərbaycanlılardan çəkinməsi, Azərbaycanın qüdrətli dövlət olması ilə Güney Azərbaycanın milli-azadlıq hərəkatını stimullaşdıracağı düşüncəsi bu ölkə yetkililərinin düşmənçiliyini körükləyir.

İlk baxışda doğrudan da bu ehtimalın İranı narahat etməsi məntiqli görünür. Ancaq çox ciddi tarixi araşdırma aparılarsa, bunun ən az ehtimal olunan versiya olduğunu bilmək çətin deyil.

Məsələ ondadır ki, farslarla azərbaycanlıları – Qafqaz türklərini bir neçə min ilə dayanan mədəni, dini, ürfani təsəvvürlər bağlayır və həddən artıq yaxınıq. Azərbaycan türklərinin mədəniyyət baxımından farslar qədər yaxın olduğu hətta türk boyu tapmaq asan deyil.

İkincisi, türklər İran dövlətinə öz dövlətləri kimi baxıblar və tam min il İran dövlətinin qorunub-saxlanması üçün mücadilə aparıblar. Bu coğrafi ərazidə qurduğumuz türk imperiyalarının tarixinə baxmaq dediklərimizin sübutu üçün kifayətdir. Türklər İranda hakim olanda heç bir ayrı-seçkilik etməyiblər, əksinə, farslara ən yüksək mənsəblər veriblər, onların hətta dövlət idarəetməsində çoxluq təşkil etməsindən tutmuş, dillərində danışmağa qədər, heç bir qadağa tətbiq etməyiblər.

Farslar türklərin yönətdiyi İran dövlətinin əsas simaları olaraq qalıblar.

Yəni azərbaycanlıların İran dövlətini parçalaması mümkünsüz bir şeydir. Ancaq əlbəttə ki, İran dövlətində hakimiyyətə iddiası və haqqı olan azərbaycanlılardır.

Fars millətçiləri İranın dövlət kimi qorunması və inkişafında maraqlı olsaydı, mütləq şəkildə Azərbaycan dövlətinin yanında olar, münasibətləri ən yüksək səviyyəyə qaldırar, səmimi qardaşlıq edər, İran türklərinin doğal haqlarını tanıyar, onların mədəni muxtariyyətini qəbul edər və ölkədə ikinci dil kimi türk dilini qəbul edərdi.

İrandakı nüfuzu 40 milyona – ölkə əhalisinin az qala yarısına çatan Azərbaycan və digər türk toplumlarının enerjisinin, milli düşüncələrinin sıxılması o qədər kəskin şəkildə aparılır ki, bu “sıxılmanın” nəticədə böyük partlayışa səbəb olacağı şübhəsizdir. İran-fars rejimi əslində türklərə haqq tanımamaq, onların ana dilini belə qadağan etməklə azərbaycanlıları böyük bir qiyama sürükləyir, çevrilişə təhrik edir.

İran-fars rejiminin ən böyük səhvlərindən biri Azərbaycan dövlətinə yanaşmadır və bu, gec-tez Tehranın başında çatlayacaq.

Hətta bu qədər sıxılmada belə Cənubi Azərbaycanın milli azadlığını istəyənlər federasiya və azərbaycanlıların haqlarının dövlət səviyyəsində qəbulu, Azərbaycan dilinin ikinci dil olması, İran dövlətini bərabər qaydada yönətmək çağırışları edənlərdən qat-qat azdır və məncə, doğrusu da budur.

Cənubi Azərbaycan müstəqil dövlət olmayacaq, ancaq fars rejimi bu qədər millətçi siyasətini davam etdirəcəksə, İran bütövlükdə türk dövlətinə çevriləcək.

İranın fars-molla rejimi bu perspektivə hazırlaşmalı, bunun üçün Azərbaycan türklərinin haqqını tanımalı, normal dövlət modelinə keçməli, müsəlman ölkələrlə məkrli siyasətinə son qoymalı, Sasani düşüncəsindən ayrılmalı, Daranın vəsiyyətlərindən imtina etməlidir.

Nə qədər ki, Firdovsi və Pəhləvi düşüncəsi hakim olacaq, İran rejiminin böyük mənada sabahı olmayacaq.

Əlbəttə, rejim hələ cavandır, cəmi 42 yaşı var. Ancaq mütləq qocalacaq, mütləq – SSRİ kimi...

Şeyx Teymur
Prezidentdən tapşırıq: “Elə çalışın ki, sizdən razı olsunlar”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

-Siz Cəlilabad və Şəmkir rayonlarının icra başçıları vəzifələrinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız.

Son illər Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb. Dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra edilib, ya da ki, bu layihələrin icrası başa çatmaq üzrədir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.

Mənim iştirakımla Cəlilabad və Şəmkir şəhərlərinin içməli su layihələri mərasimləri həyata keçirilmişdir. Şəhərlərə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsi də böyük hadisə idi. Eyni zamanda, bir çox kəndlərdə bu problem öz həllini tapıb. Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib – Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib.

Sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib - 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib. Yəni, sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır. Əlbəttə ki, bu, rayonların uğurlu inkişafı üçün əsas zəmin yaradır. Çünki əgər bu ilkin addımlar atılmasaydı rayonların inkişafından söhbət gedə bilməzdi. Bütün bu işlər dövlət büdcəsi hesabına və mənim göstərişimlə, mənim tərəfimdən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülübdür.

Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi.

Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir.

Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz.

Eyni zamanda, yenə də deyirəm, dövlət tərəfindən, mərkəzi icra orqanları tərəfindən rayonların inkişafı ilə bağlı böyük işlər görülüb, işlərin böyük hissəsi görülüb. Siz yerlərdə elə işləyin ki, rayonlar daha sürətlə inkişaf etsin. İndi bizim bir çox rayonlarımız artıq mərkəzdən dotasiya almır. Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun.

Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi. Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik. İndi ilin doqquzuncu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik.

Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam. Xüsusilə nəzərə alınmalıdır ki, həm Cəlilabad, həm Şəmkir rayonlarının çox böyük potensialı var, münbit torpaqları var, insan resursları var, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər. Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır.

Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda, Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlillərini aparsınlar. İctimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır.

Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız.

***

Rafiq Cəlilov: Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm, çox təşəkkür edirəm. Göstərdiyiniz etimadı, Sizin dəstəyinizə arxalanaraq yüksək səviyyədə doğruldacağıma söz verirəm. Çox sağ olun.

***

Rəşad Tağıyev: Mən də öz növbəmdə, mənə göstərdiyiniz yüksək etimada görə Sizə təşəkkür edirəm. Eyni zamanda, qeyd etmək istərdim ki, mən bunu yüksək etimadla yanaşı, yüksək məsuliyyət kimi də qəbul edirəm və söz verirəm ki, rayonun iqtisadi, sosial, mədəni inkişafının təmin olunmasında əlimdən gələni əsirgəməyəcəyəm. Yüksək etimada görə, Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Prezident Cəlilabada yeni icra başçısı təyin edibRafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Avrasiya.net-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R. Cəlilov 1963-cü il 13 yanvar tarixində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

Prezident İlham Əliyevin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.

Daha sonra isə Azərbaycan Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin bu ilin sentyabrın 14-də imzaladığı digər sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Ailəlidir, 3 övladı var.