İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulurİran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Bildirilib ki, İranın ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.

Qeyd edək ki, ŞƏT-in növbəti sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.
Koronadan evdə müalicə neçəyə başa gəlir?Evdə müalicə alan koronavirs xəstələrinin dərmanlara xərcləri nə qədər çıxır?

Avrasiya.net xəbər verir ki, Medicina.az bununla bağlı araşdırma aparıb.

Beləliklə müalicə xərcləri:

Həkim qəbulları – 40-50-60, uzmanlar 70 manat;

Analizlər – xəstəlik boyu 2-3 dəfə verilir – 200-300 manat (təkcə həyati əhəmiyyətli olan D-dimer analizinin qiyməti 40 manatdır);

Rentgen, KT müayinəsi - 120 manat;

Evdə inyeksiya və sistem üçün tibb bacısı – günü 20-30 manat, ümumilikdə 100-200 manat;

Qanın laxtalanmasına qarşı Kleksan kimi vacib preparat – cütü 17 manat, müalicə boyu 200 manat;

Antibakterial infuziya - biri 16 manat, ümumi 80-90 manat;

Digər antiviral dərmanlar, deksametazon, vitaminlər, öskürək dərmanları və s. – 200 manat;

Saturasiya cihazı "Pulsoksimetr" – 35-40 manat (koronavirus xəstələrinin taleyi bu cihazdan asılıdır);

Beləliklə, yaşlı, xroniki xəstəliyi olan, həqiqətən də mərhələləli şəkildə antibakterial, qandurulducu və deksametazon kimi preparatlar həkim tərəfindən təyin edilən xəstənin 15 günlük koronavirus mübarizəsinə 1200-1500 manat pul tələb olunur.

Əgər "Remdesevir" və evdə oksigen təchizatı olacaqsa, o zaman xərc 2000 manatı keçir.

Xəstəliyi yüngül keçirən gənc və sağlam insanların müalicəsi üçünsə 100-300 manat da kifayət edir. Təbii ki, bütün xəstəxanalar və modullarda yatan xəstələrə bu dərmanlar, hətta qarın nahiyəyə "Kleksan" da havayı vurulur.
Bu gün əlavə imtahan keçiriləcəkDövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirir.

Mərkəzdən Avrasiya.net-ə bildirilib ki, sentyabrın 9-da, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər qeyd olunan imtahanı verəcəklər.

Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil ediləcək imtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 166 nəzarətçi-müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.
Ramiz Göyüşov videosundan danışdı: “Hər şey ortadadır”“Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır”.

Avrasiya.net xəbər verir ki, bu sözləri azadinfo.az-a bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov bildirib.

“Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi, belə bir halla qarşılaşırdım. Gördüm, qadının məqsədi başqadır, onu bloka atdım. Bir az sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi. Məni şantaj elədilər ki, əgər onlarla əlaqəni kəssəm, haqqımda video paylaşacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim. İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar”, - deyə o bildirib.

Göyüşov bildirib ki, həmin şəxslərin məqsədi onun ictimai-siyasi nüfuzuna kölgə salmaqdır:

“Hər şey ortadadır. Bu şəxslər mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa onlar mənim harada çalışdığımı haradan bilir? Təbii ki, bu, sifarişlidir”.

Qeyd edək ki, məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev də açıqlama verib.

“Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”, - deyə YAP rəsmisi bildirib.

Qeyd olunub ki, R.Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.