Masallıda 1 nəfər özünü su quyusuna ataraq intihar edibFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

Bu barədə Avrasiya.net FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-in ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sənədləri etibar edib, imzalayırdım - Sabiq aparat rəhbəriBakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, təqsirləndirilən şəxs kimi Rasim Quliyevə irəli sürülən ittiham üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildirib ki, tikinti və söküntü işləri ilə bağlı sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 2012-ci ildə Hacıbala Abutalıbov tərəfindən verilmiş sərəncama əsasən hazırlanıb, ona qədər inşaat pasportu, ayrıc aktı, eskiz layihəsi, işçi layihəsi, şəhərsalma əsaslandırılması, ən əsası isə tikintinin başlanması haqqında xüsusi nişan verilib:

"Tikinti və söküntü işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından icazə alınıb, mənə sənədlər hazır şəkildə gəlirdi. Buna görə də etibar edib imzalayırdım. Çünki həmin sənədləri hazırlayanlar peşəkar mütəxəssislər idilər".

Rasim Quliyev bildirib ki, 2017-ci ildə ona müavin səlahiyyətlərini icra etmək üçün həvalə olan sənəddə qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sərəncama nəzarəti öz üzərində saxlayıb: "Mən 7 ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu 7 ay ərzində Hacıbala Abutalıbov mənim barəmdə Prezident Administrasiyasına təqdimat verə bilərdi, bunu rəsmiləşdirmək olardı. Sual olunur ki, bu niyə olunmayıb? İşi bacarmırdımsa, niyə müavin təyin olunmuşam? Yox, bacarırdımsa, niyə haqqımda təqdimat verilməyib?"

Rasim Quliyev qeyd edib ki, 9 noyabr 2015-ci ildə Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanova məktub ünvanlayıb: "Məktubda göstərilib ki, Dilarə Əliyeva küçəsindəki 145 saylı bina sökülüb, 141 saylı ünvanda da yerləşən tarixi binada yaşayış var".

Rasim Quliyev 141 və 145 saylı binaların tarixi mədəniyyət abidələri olduğunu göstərən xüsusi nişanın olmadığını vurğulayıb. Onun sözlərinə görə, həmin ərazidə işlərin aparılması üçün ona qədər bir neçə dəfə sərəncamlar ləğv edilib və yenidən verilib.

Prosesdə iştirak edən vəkillər təqsirləndirilən şəxsə dəqiqləşdirmək üçün suallar ünvanlayıblar. Suallar təqsirləndirilən şəxsin səlahiyyəti və ziyandəymə ilə bağlı olub. Rasim Quliyev sualları sənədlərlə və əsaslı şəkildə cavablandırıb.

Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarı ilə növbəti proses sentyabrın 13-də saat 11:20-də davam etdiriləcək.
Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşdüSentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib.

Avrasiya.net xəbər verir ki, tədbiri giriş sözü ilə açan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Ədalət Vəliyev qeyd edib ki, bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə son qoyulub.

Ölkədə cərəyan edən siyasi proseslər barədə danışan Ədalət Vəliyev Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini diqqətə çatdırıb. O, dövlətimizin başçısının tapşırığı əsasında siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirildiyini və hər bir görüşün nəticələrinin təhlil olunaraq irəli sürülən təkliflərin öyrənildiyini, müvafiq addımların atıldığını deyib. Həmçinin bildirilib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir.

İqtidar-müxalifət dialoqunun əhəmiyyətini vurğulayan şöbə müdiri qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılması, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması barədə məlumat verib. Həmçinin qeyd olunub ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır və siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

Ədalət Vəliyev siyasi partiyaların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirdiyini, 8 birgə bəyanat və 2 birgə müraciət imzalandığını xatırladaraq Vətən müharibəsi zamanı bu milli həmrəyliyin bütün dünyaya Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu göstərdiyini xüsusi qeyd edib.

Şöbə müdiri ölkədə koronavirus pandemiyasına qarşı aparılan məqsədyönlü mübarizə tədbirlərindən söz açaraq, siyasi partiya rəhbərlərinin və nümayəndələrinin vaksinasiya olunduqlarını, habelə onların koronavirusdan yeganə xilas yolu kimi əhalini vaksinasiyada fəal iştirak etməyə çağırdıqlarını da bildirib.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə milli həmrəylik və sağlam siyasi münasibətlərə köklənmiş siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurların bundan sonra da davam etdiriləcəyini qeyd edən Ədalət Vəliyev diqqətə çatdırıb ki, Azərbaycanda çoxpartiyalılığın inkişafına yönəlmiş addımlar ali siyasi iradənin təzahürüdür və iqtidar hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan edib.

Ədalət Vəliyev 2021-ci il martın 17-də siyasi partiya rəhbərlərinin Ağdama təşkil olunmuş və böyük rəmzi məna daşıyan, milli həmrəyliyi nümayiş etdirən birgə səfəri haqqında da danışaraq, səfərdə iştirak etməyən bəzi şəxslər tərəfindən səfərlə bağlı edilmiş siyasi spekulyasiyaların təəssüf doğurduğunu söyləyib.

Çıxışının sonunda Ədalət Vəliyev postmüharibə dövründə müxtəlif informasiya təxribatlarına qarşı hazır olmağın vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırıb, hər kəsi düşmənə qarşı mübarizədə daha da sərt mövqe tutmağa və milli məsələlər ətrafında hər zaman birlik nümayiş etdirməyə çağırıb.

Sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, REAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış ediblər.

Çıxışlarda ölkədə davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında siyasi dialoq mühitinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə sağlam əməkdaşlığın davam etdirilməsinə hazırlıq ifadə olunub. Qeyd edilib ki, qısa müddət ərzində əldə olunmuş uğurlu əməkdaşlıq nümunələrinin sayı artırılmalı, dayanaqlı dialoq ənənələri daha da dərinləşdirilməli, bütün səylər ölkənin inkişafı və xalqın rifahına yönəldilməlidir.
Hələ yolun əvvəlindəyik... - Elçin Mirzəbəyli yazırMedianın problemləri haqqında düşüncələrim

Son zamanlar medianın problemləri, yaxud mediadakı problemlər haqqında yazmaqdan və danışmaqdan yayınmağa çalışıram. Həmkarlarımdan da xahiş edirəm ki, bacardıqları qədər məni bu mövzudan uzaq tutsunlar. Çünki təkcə masamın üzərindəki kompüterin yaddaşında son 17-18 ildə qələmə aldığım və medianın problemlərindən bəhs edən 200-dən çox yazı var. Hələ açıqlamaları, müsahibələri bir kənara qoyuram. İndi onların hər birini cüzi dəyişikliklər etməklə “yeni yazı”, yaxud “yeni yanaşma” kimi, lap elə indicə qələmə aldığım məqalə kimi də yayımlaya bilərəm. Amma bunu etməyəcəyəm. Özümü aldatmaq niyyətində deyiləm.

…Təhsil naziri Emin Əmrullayevin brifinqini və ona ünvanlanan sualları izlədikdən sonra, medianın bitməyən, tükənməyən və əsasən insan resurslarından, peşəkarlıqdan qaynaqlanan problemləri haqqında yenidən yazmaq qərarına gəldim.

…İndi vəziyyət qismən də olsa müsbətə doğru dəyişib. Yaxşı xatırlayıram, təxminən 3-4 il öncə telekanallardan birində aparıcı mənə təxminən 15 dəqiqəlik bir sual verdi. Daha doğrusu, 15 dəqiqə mövzu ilə bağlı əzbərlədiyi tezisləri ard-arda düzüb təkrarladıqdan sonra bu barədə nə düşündüyümü soruşdu. “Heç nə düşünmürəm”, - dedim: “Yarım saat da danış, çıxıb gedim işimlə məşğul olum”.

Hələ baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası, heyvandarlıq, daha nə bilim nələrlə bağlı mənə ünvanlanan suallardan danışmıram. Və bütün bunlara təəccüblənmirəm də. Təəssüf ki, mediamız uzun illərdir ki, özünü başqa sahədə təsdiq edə bilməyən, işi-gücü, istedadı, yazı qabiliyyəti, intellekti, mədəniyyəti olmayanların zəli kimi daraşdığı məkana çevrilib. Bu arada bütün zəlilərdən üzr istəyirəm. Onların heç olmasa insanlara bir faydası var, çirkli qanı sovurur, doyduqdan sonra isə çəkilib sürünürlər. Amma mediaya daraşanlar nə doymaq bilirlər, nə də çəkilmək. Sürünürlər! Hələ “qanımızı” da, “havamızı” da zəhərləməyə davam edirlər.

İndi illər uzunu yüzminləri həzm-rabedən keçirib ortalığa “üç manatlıq” iş qoya bilməyən, amma zəhməti ilə dolananları, “üç manta”la “üç yüz min”lik iş görənləri xüsusi həyasızlıqla, irişərək və ilişərək məsxərəyə qoyanları dindirsən, ağızlarına “çullu dovşan” sığmayacaq. Peşəkarlığın “P”-sından vurub “R”-sından çıxacaqlar, yüksək dəyərlərdən, peşə etikasından, jurnalist əxlaqından elə bəh-bəhlə danışacaqlar ki, iki yüz, bəlkə də üç yüz min dəfə xəcalət çəkməli olacaqsan. “Aman Allah, mən bu yüksək intellektli və mədəniyyətli, iti zəkalı insanları, istedad dağarcıqlarını, mediamızın QORUYUCU mələklərini niyə incitdim axı”, - deyib özünü məşhər ayağına çəkəcəksən…

Çəkəcəksən…, amma çəkdiyin ən yaxşı halda dərd və yük olacaq.

…Ölkə mediasını bacardığım qədər izləməyə çalışıram. Uğurlu nümunələr də var, şübhəsiz. Elə həmkarlarımın arasında peşəkarlığı, iti zəkası ilə ölkənin informasiya sərhədlərini dəfələrlə aşa biləcək insanların sayı da az deyil. Onlar da yorulublar, beziblər və əllərinə imkan düşən kimi hansısa qurumun köşəsində vaxt keçirmək üçün imkan axtarırlar.

Mətləbdən çox uzaq düşdüm.

Həmkarlarımın mənə ünvanladıqları sualların “keyfiyyəti” ilə bağlı dəfələrlə yazmışam. Amma heç bir faydası olmayıb. Problemin kökü daha dərindədir. Jurnalistikanın kəmiyyət göstəricilərinə əsir düşdüyü, ölçü və dəyərlərin itdiyi yerdə…
Bunun da şübhəsiz ki, obyektiv və subyektiv səbəbləri var.

Eh, səbəblər, səbəblər…

Uzun illər boyu diqqəti taleyüklü məsələlərdən yayındırmaq, ölkəni inkişafdan saxlamaq, cəmiyyəti qütblərə parçalamaqla gərəkli olduqlarını sübuta yetirməyə çalışanlar ucuz şou-biznes texnologiyalarını, meyxana-çayxana təfəkkürünü önə çəkməklə insanları ciddi və faktlara söykənən məlumatlardan, analitik yazılardan kənar tutmağa çalışıblar və ölkə mediasını saran bəsitliyin fonunda öz premodern obrazlarını gözə soxmağa cəhd göstəriblər. Kifayət qədər böyük bir zaman kəsiyində peşəkarlıq, intellekt, zövq, mədəniyyət, analitik düşüncə ölçü vahidi olmayıb. Bunu hər kəs bilir və bu baxımdan təkrarlamağa ehtiyac duymuram.

Heç bir ölçü vahidinin, dəyərin olmadığı bir məkanda isə istedad, bacarıq və peşəkarlıqdan başqa bütün vasitələrlə önə çıxmaq istəyənlərin üstünlük təşkil etməsi də təbii qəbul edilməlidir.

Azərbaycan mediasında peşəkarlıqla bağlı ciddi problemlər var. Problemin kökündə isə ixtisaslaşma dayanır. Fikrimi konkret nümunələrlə ifadə etməyə çalışacağam: Məsələn, bu və ya digər ali təhsil ocağının jurnalistika fakültəsini bitirən bir şəxs bank sektorunun, yaxud təhsilin problemləri haqqında nə yaza, yaxud bu sahənin mütəxəssislərinə hansı sualı ünvanlaya bilər? “Çulunu sudan çıxarmaq”, ona verilən tapşırığı, həm də vaxtında yerinə yetirmək üçün Azərbaycan mediasında adi hala çevrilən “ənənələri” davam etdirməli, yəni, üzr istəyirəm, müəllif hüquqlarına tüpürərək kiminsə fikirlərini qamarlamalı, köçürməli, “peşəkarlıqda” heç də ondan geri qalmayan redaktorunun yazdığı bəsit, əlaqəsiz “sualları” hecalayaraq oxumalıdır…
Bu yazını oxuyanları əmin edirəm, bu gün uzun zamandan bəri müxtəlif yollarla və üsullarla cəmiyyətə sırınan “nəhənglər”in əhəmiyyətli hissəsinin fundamental savadı yoxdur, bilikləri isə, əsasən gündəlik oxuduqları informasiyalardan və elmi, bədii əsərlərin annotasiyalarından ibarətdir. Biçarə jurnalist onlardan nə öyrənə bilər?

Jurnalistika sahəsində təhsilin keyfiyyətinə yenidən, həm də çox ciddi nəzər salmaq lazımdır. İxtisaslaşma prosesi təhsildən başlamalıdır. Ya da media sektoru o qədər cazibədar, gəlirli sahəyə çevrilməlidir ki, ayrı-ayrı sahələrdə çalışan, təcrübə toplayan, həm də yazmaq qabiliyyəti olan insanlar bu sektora üz tutsunlar.

Və yaxud… mövcud vəziyyəti nəzərə almaqla hazırda müxtəlif media qurumlarında çalışan jurnalistləri xüsusi və həm də ən azı 6 aylıq ixtisaslaşma proqramlarına cəlb etməklə problemi qismən də olsa çözmək mümkündür. Bu halda stimullaşdırıcı addımların atılmasına, eyni zamanda nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac duyulduğu qənaətindəyəm. 6 aylıq, yaxud 1 illik ixtisaslaşma kurslarının sonunda müdavimlərin bilikləri qiymətləndirilməli və yalnız bundan sonra onların konkret istiqamət üzrə mütəxəssis kimi fəaliyyət göstərmələri üçün “yaşıl işıq” yandırılmalıdır.
Ölçü və dəyərlər haqqında qismən də olsa söz açdım, amma problem təkcə qiymətləndirmə meyarlarında deyil, həm də böyük mənada məsuliyyət hissindədir.

Azərbaycan mediasının ən ciddi problemlərindən biri də məsuliyyətlə bağlıdır. Bəzi media nümayəndələrində, həmçinin ekspertlərdə qəribə bir düşüncə formalaşıb. Onlara elə gəlir ki, istədikləri məsələ haqqında fakir yürüdə və faktlara söykənməyən, arqumentləşdirilməmiş, təhlil sücgəcindən keçirilməmiş söz yığınlarını ictimai rəyə obyektiv həqiqət kimi təqdim edə bilərlər. Bu halda onlara irad tutmaq da olmaz. Sanki yazdıqları, dedikləri, nauzubillah, Quran ayələridir.

Əksəriyyət öz üzərində işləmək istəmir, ordan-burdan “qamarladığı” səthi məlumatlarla “işini görməyə”, əslində isə gününü keçirməyə çalışır. Bir çox hallarda mütəxəssislərin, öz işini yaxşı bilən məmurların mediadan “uzaq gəzmələrinin” səbəbini də burada axtarmaq lazımdır. Jurnalist-mütəxəssis, jurnalist-məmur münasibətlərində hər şey sualdan başlayır. Sual nə qədər peşəkar və maraqlı olarsa, ona verilən cavab da, müsahibin potensial imkanlarına uyğun və adekvat olacaq.

…Təhsil nazirinin son brifinqində səslənən suallar, sosial şəbəkələrdə bəzi media mənsublarının bu barədə utancverici “müzakirələri” media sektorunda islahatların hələ uzun müddət və sektorun bütün istiqamətləri üzrə aparılmasını zəruri edir.

Biz hələ yolun əvvəlindəyik...

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” media qrupunun rəhbəri
Eldar Həsənovun səhhəti pisləşdiAzərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə Teleqraf.com-a Eldar Həsənovun vəkili Valeh Mehraliyev bildirib.

Vəkil qeyd edib ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə ittiham elan olunub: “Eldar müəllim açıq şəkildə ifadə verəcəyini elan etdi. Qısa izahat verdi ki, humanitar layihələr dövlətin təyin etdiyi iki şəxs vasitəsi həyata keçirilib. Sonra Eldar Həsənovun səhhəti pisləşdiyinə görə hakim məhkəməni yarımçıq saxladı.

Hazırda Eldar müəllimi təcridxanaya apardılar. O, nə çox otura, nə də çox ayaq üstə dura bilir. Saat 10-da başlayan məhkəmə prosesi 16-da bitdi. Otaqdakı havasızlıq da onun səhhətinə pis təsir etdi”.

Valeh Mehraliyev qeyd edib ki, növbəti məhkəmə prosesi sentyabrın 13-ü saat 13:00-a təyin olunub: “Hakimin dediyinə görə, məhkəmə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri keçiriləcək”.

Rəsmi ittihama görə, Eldar Həsənov Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.
YAP Siyəzən rayon təşkilatının VIII hesabat konfransı keçirilibSentyabrın 9-da Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, dövlət müstəqilliyimizi möhkəmləndirmək, ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmağı qarşısına məqsəd qoyan Yeni Azərbaycan Partiyası ötən 29 ildə böyük nailiyyətlər qazanıb. YAP qısa zaman çərçivəsində ümumxalq rəğbətini qazanıb.

E.Heydərov qeyd edib ki, hazırda YAP Siyəzən rayon təşkilatının 41 ərazi ilk partiya təşkilatında 3670 nəfər üzv birləşib. Onlardan 1633 nəfəri qadınlar, 562 nəfəri isə gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatına 227 nəfər üzv qəbul edilib ki, onların da əksəriyyətini gənclər təşkil edir.

Sonra YAP Siyəzən rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Rəsul Əlibəyovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, rayon təşkilatının Şura üzvü, Gilgilçay qəsəbə məktəbinin direktoru Samir Baxşıyev, təşkilatın Qadınlar Şurasının sədri, Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova, rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Kərimov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bütün dünyanın diqqəti Azərbaycandadır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti sayəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Regionda və dünyada yeni reallıqlar yaradan tarixi Zəfərimiz ölkə daxilində də yeni hədəflərə yol açdı. Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, yeni hədəflərimiz qələbəmizi daha da möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, işğaldan azad olunmuş torpaqları yenidən qurmaq, bərpa etmək və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir. Azərbaycan bu hədəflərə də uğurla çatacaq".

Ə.Tağıyev Yeni Azərbaycan Partiyasının qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunmasında öz payı olduğunu önə çəkərək, YAP Siyəzən rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Siyəzən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Daha bir azərbaycanlı deputatın intim görüntüləri yayıldıGürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin pornoqrafik videosu yayılıb.

Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, bu barədə videgörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 43 yaşlı deputat ehtirasına hakim ola bilməyib.

Qeyd edək ki, son vaxtlar bu cür kibercinayətlərin sayı artıb. İnsanların intim həyatı video-görüntülər şəklində cəmiyyətə təqdim olunur. Bu təxribat xarakterli videolarla insanları şantaj edib pul alırlar. Proses isə təxminə eyni olur: əvvəlcə gözəl görünüşlü bir xanıma məxsus profildən dostluq göndərilir. Sonra həmin xanım tanış olmaq istədiyini bildirir. Daha sonra isə görüntülü zəng edib, virtual sekslə məşğul olmağı təklif edirlər. Bu zaman isə danışıq qeydə alınır. Prosesdən sonra isə həmin video ilə tora salının şəxsdən pul tələb olunur.

Tövsiyə olunur ki, tanınmayan şəxslər tərəfindən görüntülü zənglərə cavab verilməsin.

Xatırladaq ki, ötən gün Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun da buna oxşar intim görüntüləri yayılıb.
İcbari tibbi sığorta sahəsində araşdırmalar başladıİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb.

Məqsəd təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallarının qarşısının alınmasıdır.

Araşdırmalar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən, özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.
Ağcabədi sakini fermada özünü güllələdiAğcabədi rayon sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən “İS” markalı ov tüfəngi götürülüb.