Bakıda poliklinikanın şüşələrini qırıb həkimləri döyən ər-arvada cinayət işi açıldıKoronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmağa yönələn halların qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə fəaliyyət davam etdirilir.

Avrasiya.net Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 31-də saat 18 radələrində paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsində bir qrup şəxsin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı Səhiyyə Nazirliyinin müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilmişdir ki, Ağayev Ceyhun Tofiq oğlu vaksinasiya növbəsini gözləyərkən internet şəbəkəsinin zəif olması səbəbindən ona köməklik göstərilməməsini bəhanə edib poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub orada işləyən tibb personalının ünvanına nəlayiq ifadələr işlətmiş və Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməklə təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək.
Maska taxmayanları şantaj edən "jurnalist" SAXLANILDIÖzünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib.

Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək, 1400 manat məbləğində pul tələb edib.

Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.

Müəyyən edilmiş faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.
Əfqanıstanı kim xilas edə bilər? - Türkiyə, Azərbaycan… - ŞƏRH“Son hadisələr fonunda iqtisadiyyatı və idarəetmə infrastrukturu sürətlə çökməkdə olan Əfqanıstanı kim xilas edə bilər? Görünən budur ki, 20 il ərzində inadkarlıqla döyüşən Taliban hakimiyyəti əldə etdikdən sonra ağır məğlubiyyətə uğramaq təhlükəsilə üz-üzədir: İndi məğlubiyyət idarəetmə böhranının nəticəsində baş verə bilər.

Aydın olan həm də odur ki, Taliban rəhbərliyi bunun məsuliyyətini yaxşı anlayır, amma legitimliyin olmaması onların beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdırır. Adicə ölkənin dünya ilə əsas giriş-çıxış yolu olan Kabil hava limanında yaranmış xaos, onun idarə olunmasının iflici taliblərin beynəlxalq əlaqələri bərp etmək cəhdlərini bir qədər da əngəlləyir”.

Avrasiya.net xəbər verir ki, bunu Əfqanıstan ətrafında baş verən hadisələri şərh edən “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin frəhbəri Ərəstun Oruclu bildirib.

Ekspertin sözlərinə görə, beynəlxalq əlaqələrin qurulması Əfqanıstan üçün bu gün həyati əhəmiyyət kəsb edir. Belə ki, ölkə əhalisinin gəlirlərinin 40% qədəri xaricdən daxil olur, amma köçürmələrin qapadılması səbəbindən əfqanlar bundan məhrum olublar. Nəticədə ərzaq qiymətləri 50%, yanacaq isə 75% bahalaşıb.

“Bu isə əhalisinin əksəriyyəti onsuz da yoxsul olan Əfqanıstan üçün humanitar fəlakət deməkdir. Artıq bu gün ölkədə hər 3-cü insan aclıqdan əziyyət çəkir. BMT bildirib ki, əfqanlara təcili yardım üçün ilkin mərhələdə azı 200 milyon ABŞ dolları məbləğində yardım lazımdır. ABŞ hökuməti yardım etmək üçün ona azı 1 ay vaxt lazım olduğunu bildirib.

Yaranmış vəziyyətin mümkün ağır nəticələrini anlayan taliblər qələbə eyforiyasından çıxaraq, real addımlar atmağa başlayıblar, Kabil hava limanının müdafiəsi, uçuşların idarə olunması üçün Türkiyəyə və Qətərə müraciət ediblər. Qətərin xarici işlər nazirinin yardımçısı ölkə mütəxəssislərinin uçuşların idarə olunması üçün artıq Kabilə yollandığını bildirib.

Əfqanıstan İslam Partiyasının sədri, keçmiş baş nazir Gülbiddin Hikmatiyar isə bildirib ki, Taliban rəhbərlərilə danışıqlar zamanı Kabil hava limanının mühafizəsinin ən etibarlı tərəfdaş saydığı Türkiyəyə həvalə olunmasını təklif edib və taliblər də bununla razılaşıblar. Almaniyanın Deutsche Welle kanalı artıq taliblərin Türkiyə və Qətər rəsmilərilə danışıqlar apardıqlarını bildirir.

Deutsche Welle bunu da bildirir ki, ABŞ da daxil olmaqla beynəlxalq aləm Türkiyənin Əfqanıstandakı sülh prosesində həlledici rol oynaya biləcəyinə inanır. Bu məsələ Ankaraya səfər edən Almaniya xarici işlər naziri Heiko Massın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün əsas mövzusu olub. Eyni fikri NATO Baş Katibi Yens Stoltenberq də səsləndirirb”.

Ə.Oruclu deyir ki, “əfqan düyünü”nün açılmasında Ankaranın üzərinə tarixi missiya düşür.

“Türkiyə başıbəlalı Əfqanıstanın quruculuq yoluna keçməsində həlledici rol oynaya bilər. Ankaranın isə belə təcrübəsi artıq var, özü də bir neçə ölkədə. Somalidəki üzücü vətəndaş müharibəsinin dayandırılmasını, Eritreyanın dirçəlməyə başlamasını, Həbəşistandakı vəziyyətin sabitləşməsini xatırlamaq kifayətdir.

Türkiyənin bu missiyasında Qətərin də rol alması artıq faktdır. Xatırladım ki, ABŞ-la Taliban arasında danışıqlar taliblər üçün hər zaman açıq qallmuş Qətərin vasitəçiliyi sayəsində baş tutmuşdu. Elə həmin səbəbdən də Dohanın önə çıxmasına qəzəblənən Səudiyyə Ərəbistanı az qala Qətər əmirini silah gücünə devirəcəkdi. Amma o zaman Ankara buna imkan vermədi”.

Bəs Azərbaycan necə, bu məsələdə Türkiyənin tərəfdaşı ola bilərmi?

“Əlbəttə, öz çoxsaylı daxili problemlərimizi kənara qoyub Əfqanıstan məsələsilə qatılmağımız gülünc və absurd görünə bilər. Amma bizim üçün daxili məsələlərimizin prioritet olmasilə yanaşı, xarici siyasətdə də uğur Azərbaycana xeyli əlavə dividentlər gətirərdi. Xüsusilə də Əfqanıstan məsələsində və indiki dönəmdə”,-Ə.Oruclu deyib.

Onun sözlərinə görə, son 40-50 ildə beynəlxalq güclərin sabitlik yarada bilmədikləri və ya bunu etmək istəmədikləri Əfqanıstanda sülh prosesinə dəstək vermək, ölkənin daxili sabitliyə və inkişaf yoluna düşməsində iştirak etmək bu prosesdə olan ölkələr üçün mübahisə doğurmayan müsbət beynəlxalq reputasiya demək olardı.

“Məsələn, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qurulan yeni hava limanlarından Əfqanıstana daşımaları həyata keçirməklə təkcə bu ölkənin böhrandan çıxmasına dəstək deyil, həm də Azərbaycanın beynəlxalq logistikada yer aldığı haqda ciddi mesaj demək olardı.

Azərbaycanlı dispetçer və pilotların bu gün kəskin mütəxəssis qıtlığı yaşayan Əfqanıstana müvəqqəti ezam olunması isə ölkə aviasiyasının keyfiyyətcə yeni bir pilləyə çıxması olardı. Müxtəlif sahələrdə çalışan digər mütəxəssislərin də iştirakı bu prosesə əlavə dəstək ola bilər.

Azərbaycanın isə Əfqanistanda çalışmaq təcrübəsi artıq var. İndiyədək bu, əsasən hərbçilərimizin beynəlxalq sülhməramlı kontingentin tərkibində iştirakı ilə olub və hərbçilərimiz də ölkəni layiqincə təmsil edə biliblər. Elə son günlər onların Kabil hava limanındakı rolu dünyanın diqqət mərkəzində olmuşdu.

Bu gün masa üzərində təkcə Əfqanıstanın gələcəyi deyil, həm də onun yaranmış böhrandan çıxmasına dəstək olacaq ölkələrin beynəlxalq nüfuzudur. Beynəlxalq nüfuz və reputasiya hər bir ölkə üçün yetərincə zəruri amildir, kiçik Azərbaycan üçün isə xüsusilə. Odur ki, bu haqda düşünməyə dəyər”.
Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən KİVDF –nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.

Avrasiya.net xəbər verir ki, “Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, V.Səfərli ifadəsinə başlayarkən 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib: “2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən sahəsi kifayət qədər kiçik mənzildə fəaliyyət göstərməyə başladıq. Ondan əvvəl bizə Fondun yerləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən şifahi olaraq 8-ci km qəsəbəsində zirzəmidə yerləşən məkan təklif edildi. Təklif olunan həmin yer Fondun fəaliyyəti üçün münasib olmadığına görə oraya yerləşməkdən imtina etdik. “İçərişəhər” metrostansiyasının yaxınlığındakı yer də bizə uyğun deyildi və əməkdaşlarımızın işləməsi üçün kifayət qədər yer yox idi. Buna görə də, mən 2011-ci ildə Prezidentin köməkçisi və Fonda kuratorluq edən Əli Həsənovla məsləhətləşdikdən sonra Fondun fəaliyyət göstərməsi üçün münasib məkan axtarmağa başladım. Bu dəfə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciət etdim”.

Vüqar Səfərli ifadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb:

“Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm”.

V.Səfərli bildirib ki, müqaviləni özü Fondun icraçı direktoru kimi “Azərmətbuatyayımı” ASC ilə bağlayıb:

“Həmin binada icarəyə verilən sahəyə ödənilən məbləğ hər ilin büdcəsi formalaşdırıldıqda Maliyyə Nazirliyi ilə razılaşdırılırdı. Maliyyə Nazirliyi heç vaxt ödənilən məbləğin normalara uyğun olmaması barədə Fonda irad bildirməyib. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.
Taliban daxilində rəqabət başladıTaliban daxilindəki bir sıra liderlər arasında mübarizə başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Hindustan Tayms” qəzeti yayıb.

Taliban nümayəndələri Əfqanıstanın gələcək hökumətində daha çox təsirə sahib olmaq istəyirlər.

Qəzet əsas rəqabətin Hakkani şəbəkəsinin rəhbərləri ilə Talibanın eks-lideri Molla Ömərin oğlu Məhəmməd Yaqub arasında getdiyini bildirib. Molla Yaqubun Qəndəharı, Hakkani şəbəkəsinin Kabili nəzarətdə saxladığı vurğulanıb. Həmçinin Qəndəhardakı qüvvələrin əfqanyönlü, Hakkani şəbəkəsinin isə pakistanyönlü siyasət yürütdüyü qeyd edilib.
Göygöldə 28 yaşlı gənc qətlə yetirildiGöygöl rayonunda qətl hadisəsi baş verib.

Göygöl rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.
Rus sosioloq: Taliban gəldi, əfqanların azadlığı artdı!Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsinə baxmayaraq, dinc əhali daha çox azadlığa sahib oldu.

Bu sözləri bu yaxınlarda Əfqanıstanda araşdırma aparan rusiyalı sosioloq Maksim Şuqaley deyib.

“Demokratiya orada əvvəldən olmayıb. Düşünürəm ki, ABŞ-ın oraya təyin etdiyi demokratiya yaxşı heç nə gətirmədi. Demokratiyada insanlar özləri seçim edə, istədiklərini edə bilərlər. Mənə elə gəlir ki, inancı və başlıca dəyəri islam olan insanların hakimiyyətə gəlişi ilə insanların azadlığı daha da artdı. Ən əsası ona görə ki, korrupsiya getdi. İndi Əfqanıstanda insanlar nələrəsə nail olmaq üçün istədikləri fəaliyyətlə məşğul ola bilərlər”, - deyə Şuqalyev bildirib