Sabiq başçı 4 milyonu mənimsəməkdə ittiham olunurLənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net-in məlumatına görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlanıldığı elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

M. Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb. Ümumilikdə sabiq icra başçısı 4 milyona yaxın dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib.

Bütün bunar nəzərə alınaraq Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Mahir Quliyev ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Sabiq icra başçısı bildirib ki, sözügedən vəsaiti şəxsi məqsədlər üçün istifadə etməyib. Həmin pullar rayon ərazisindəki “Gənclər evi” “Bayraq Meydanı”, “ Uşaq bağçası” və digər tikinti işlərinə xərclənib.

Qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Dövlət Təhlükəsizliyi Tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Ekoloji mədəniyyət nədir? - Sadiq Qurbanovdan faydalı yazıSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Bəşəriyyətin gələcəyi ekoloji mədəniyyətlə bağlıdır.

Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir.


Məlum olduğu kimi, antropogen faktor kimi insanın ətraf mühitə, ekologiyaya təsiri ta qədim zamanlardan mövcud olub. Dahi Nizami Gəncəvinin bütün əsərlərində təbiət- insan münasibətlərinə xüsusi diqqət yetirmişdir. Məsələn, onun “Yeddi gözəl” poemasında ətraf mühitə münasibətlə bağlı çoxlu fikilər vardır. O, insanın təbiətə mənfi münasibətini kəskin şəkildə tənqid edir.

Bu vəhşi, yırtıcı, divxislət insan
Səmimi dost deyil uzaq ol ondan!
Hər maral ovçunun zülmündən qaçar,
Yırtıcı, vəhşidir hələ insanlar.
Çöldə şux bir ceyran düşməyir ələ,
İnsandan sığınır dağa, köhülə.


Bu gündə hələ bu münasibətlər tam formasına düşməmişdir. Belə ki, son iki əsrdə insanın antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahəngi tamamilə pozulmuş və çox ciddi ekoloji disbalans yaranmışdır. Müharibələr, etnik münaqişələr, terrorizm, kosmik tədqiqatlar, sənaye və nəqliyyat tullantıları, kənd təsərrüfatında işlədilən zəhərli kimyəvi maddələr atmosferi, hidrosferi və litosferi çirkləndirməklə ekoloji tarazlığın ritmini tamamilə öz məhvərindən çıxarmış, onu kollaps və aqoniya vəziyyətinə salmışdır. Bəşəriyyəti narahat edən ən qlobal problemlər siyahısında isə ən birinci iqlim dəyişmələridir desək yanılmarıq. İqlim dəyişmələri üzrə ekspertlərin məlumatına görə son 100 ildə antrapogen amillərin təsiri ilə yer kürəsində orta temperatur 0.8 dərəcə artmışdır. Artmaya səbəb isə istilik effekti yaradan qazlardır(karbon, metan qazı, azot oksidi və.s).

Elmi araşdırmalar onu göstərir ki, əgər insanlar, dövlətlər təbii fəlakətlərin (tufan, sel, qasırğa, isti külək, daşqınlar, yanğınlar və. s)yaranmasına səbəb olan qaz emissiyalarının azaldılması ilə bağlı lazımi və effektiv tədbirlər görməsə 21-ci yüzillikdə dünyanın illik orta temperaturu ən azı 3 dərəcə yüksələ bilər. Bunun ağır nəticələrini təsəvvür etmək isə o qədər də cətin deyil. Bu gün Çin dövləti emissiya üzrə dünya lideridir. istərdim ki, sizi bu sahə üzrə bir statistika ilə tanış edim. Belə ki, 2019-cu ilin məlumatlarına görə karbon dioksid ekvivalentində qlobal istixana emissiyalarında ilk 5 ölkə liderdir. Çin- 28%, ABŞ- 15%, Hindistan- 7%, Rusiya- 5%, Yaponiya - 3%. Hesablamalara görə Azərbaycanın payı 0.15%-dır.

Bəs nə etməli? Axı bütün bunlar dünyanın inkişafı prosesində yaranır. Bu prosesi necə tənzimləməli?

Sadəcə hər kəs dərk etməlidir ki, dünyanın sabahının necə olacağı yalnız bizdən asılıdır. Düşünürəm ki, bu prosesi ləngitmək, yavaşlatmaq, durdurmaq mümkündür, bunun üçün ilk növbədə həm cəmiyyət olaraq, həm də fərd olaraq ekoloji mədəniyyətə yiyələnmək lazımdır. Bəs ekoloji mədəniyyət özü nədir? Hər şeydən əvvəl "mədəniyyət" anlayışının birmənalı olmaması ilə fərqlənən bir çox şərh var. Vikipediya tərifin mahiyyətini çox yaxşı əks etdirir: “ ekoloji mədəniyyət- ümumbəşəri insan mədəniyyətinin bir hissəsi, ictimai münasibətlər sistemi, insan və təbiət arasındakı əlaqəyə dair sosial və fərdi əxlaqi və etik normalar, baxışlar, münasibət və dəyərlər; insan cəmiyyəti ilə təbii mühitin birlikdə yaşamasının harmoniyası; insan cəmiyyətinin təbii mühitə və ümumiyyətlə ekoloji problemlərə münasibəti ilə həyata keçirilən insan və təbiətin ayrılmaz bir birləşmə mexanizmidir.

"Sadə dillə desək, bunlar cəmiyyətin hər bir üzvünün düşüncələrində və hərəkətlərində əks olunan ətraf aləmə hörmətlə bağlı köklü fikirlərdir. Eyni zamanda ekoloji mədəniyyət insanların təbiəti, ətraf aləmi və onların kainatdakı mövqeyini, bir insanın dünyaya münasibətini qiymətləndirmə səviyyəsidir.

Fərdin ekoloji mədəniyyəti isə - sözün əsl mənasında "ana südü ilə udma", təbii sərvətlərdən rasional istifadə, ətraf mühitin qorunması üçün fərdi olan ekoloji qaydaların və tələblərin şüurlu şəkildə yerinə yetirilməsi mənasını verən mürəkkəb və uzun bir prosesdir. Bu prosesin əvvəli tərbiyəyə, sonrası isə elmi biliklərə və elmi yaradıcılığa söykənməlidir.

Müasir dövrdə ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi, ekoloji cəhətdən təmiz, saf ərzaq məhsullarının istehsalı, ekoloji kənd təsərrüfatına geniş yer verilməsi, bəşəriyyətin sivilizasiya yolu ilə inkişafının ən vacib, ümdə porblemi hesab olunur. Bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, balıqlara, quşlara qəddar münasibət göstərənlərə, beynəlxalq, ekoloji və bioloji terrorizmə qarşı müharibə elan olunmalıdır. Akademik Həsən Əliyevin ibarəsi ilə desək, təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni ayağa qaldırmaq lazımdır. Müasir dövrdə elmi-texniki tərəqqinin sürətli və dinamik inkişafı, İKT, internet, robot, nano-texnologiyanın insan həyatının bütün sahələrinə inteqrasiyası cəmiyyətin şüurunda təbiətə, onun sərvətlərinə, floraya, faunaya yaradıcı münasibətin formalaşmasını tələb edir.

Hazırda beynəlxalq aləmdə hamı belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin, sivilizasiyanın yeni növü - ekoloji mədəniyyət formalaşmalıdır. Əks təqdirdə, insanların təbiətə, onun sərvətlərinə mənfi münasibəti dəyişilməyəcək, əksinə, daha da dərinləşəcəkdir. Bu gün insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir. Ekoloji mədəniyyət təkcə təbiətə müəyyən baxışlar, onun sisteminin işlənib hazırlanması demək deyildir. O, həm də konkret insan fəaliyyəti ilə əlaqədardır. Cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəlməsi gələcək nəslin ekoloji tərbiyəsindən və ekoloji biliklərə necə yiyələnməsindən asılıdır.

Bu isə bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitinin formalaşmasını, eyni zamanda bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyini tələb edir. Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından, uşaqlıqdan başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə tamamilə formalaşmalıdır.

İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər. Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır.

Təsadüfi deyil ki, bir çox alimlər ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edir. Ekoloji mədəniyyətin formalaşması, pedaqoji prosesdə onunla gündəlik ünsiyyətdə ekoloji şüurun, təbiətə ekoloji həssaslığın inkişafıdır. Ekoloji təhsil isə bir insanın ekologiya sahəsində biliklərə sahib olmasını və təbii mühitin qorunması üçün mənəvi məsuliyyətinin formalaşdırılmasını əhatə edir. Ekoloji təhsil sistemi insanın həyatında heç bir epizod ola bilməz, çünki bu insan mədəniyyətinin ayrılmaz hissəsidir.

Bu fikirlərimizin və arzu etdiklərimizin həyata keçməsi uzun bir prosesdir. Ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin dünyamızda formalaşdırılması proseslərinin uğuru nəticələr verməsi üçün hər bir dövlət öz qanunvericiliyində mütərəqqi addımlar atmalıdır. Bu eyni zamanda ölkələrin yerli hakimiyyət və idarəçilik orqanlarının fəaliyət və əməli işindən də xeyli asılıdır.

Hazırkı dövrdə bizim ölkədə və bir çox ölkələrdə baş verən təbii fəlakətlər, meşə yanğınları, bəzi hallarda qəsdən törədilən yanğınlar onu göstərir ki, əhali və ictimaiyyət arasında ekoloji təbliğatın aparılmasına çox böyük ehtiyac var. Əgər əhali bilsə ki, meşələrin, ağacların qırılması, yaşıllıqların məhv edilməsi hansı neqativ ekoloji böhranlarla nəticələnir, zənnimizcə, onda heç kim əlinə balta, mişar alıb meşəyə qənim kəsilməz. Həmin ekoloji "terrorçular" mərhum akademik Həsən Əliyevin qiymətli kəlamını eşitsələr, bəlkə də bəd əməllərindən çəkinərlər: "Meşə sərvətimiz, var-dövlətimiz, məişətimizin bir hissəsidir. Meşə olan yerdə məhsulu yığmaqla qurtarmaz, xəstəlik olmaz. Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur". Meşə habelə atmosferin oksigen "fabrik"idir, onun qırılması havada oksigen aclığı - hipoksiya törədir, nəticədə ozon təbəqəsi zədələnir, torpaq eroziyaya, deflyasiyaya, deqradasiyaya uğrayır, nəmliyini itirir, sürüşmələr, uçqunlar, kəskin iqlim dəyişkənlikləri, güclü küləklər, qasırğalar, tufanlar, quraqlıq, səhralaşma, təbii və ekoloji fəlakətlər baş verir.

Bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5,0 ton oksigen ixrac edir. Bitkilər havanı oksigenlə zənginləşdirir və karbon qazını udur. Ağaclar əkilən sahənin hər hektarından bir ildə insan üçün xeyirli olan 30 kiloqrama qədər efir yağı buraxılır. Bir hektar sahədə antropogen fəaliyyət nəticəsində bir saat ərzində 200 kiloqram buraxılan karbon qazını ağac və kollar udur. Yaşıl massivlərdə hər ağac orta miqdarla bir il ərzində 30-40 kiloqram, böyük çətiri olan ağac isə 68 kiloqrama qədər toz və digər bərk hissəciklər udur.

Orta ölçülü bir ağac gün ərzində üç adamın tənəffüsü üçün lazım olan miqdarda sərbəst oksigen sintez edir. Ağac və kol bitkiləri havanı tullantı qazlardan təmizləyir, həm də səs və küy udma xüsusiyyətinə malik olduğundan insan üçün ziyanlı səsləri tənzimləyir. Heç şübhəsiz ki, əhaliyə bu barədə vaxtaşırı məlumatlar verilsə, güman ki, meşə "terrorçuları" həmin ekoloji cinayətdən əl çəkər, ibrət dərsi götürər.

Sonda, hər kəsi, bütün insanları sağlam dünyamızın olması naminə ekoloji mədəniyyətin formalaşması prosesində aktiv iştirak etməyə çağırıram!
Əhaliyə çölə çıxmamaq barədə XƏBƏRDARLIQ EDİLDİ: Sentyabrın 2-dən 4-dək...Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 2-si axşamdan başlayaraq 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Avrasiya.net xəbər verir ki, gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və zərurət olmadan bayıra çıxmamağı tövsiyə edir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!
Teymur Musayev məşhur direktoru vəzifəsindən çıxardıSəhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanı vəzifəsindən azad edib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, Teymur Musayevin müvafiq əmri ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsinə Famil Məmmədov təyin olunub.

Qeyd edək ki, Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru vəzifəsində çalışıb.
Koronanın yeni ştammı yayılır - ÜST-dən açıqlamaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştamı ilə maraqlanır.

Avrasiya.net xəbər verir ki, bu fikirlər “New Scientist”in təşkilatın məlumatlarına istinadən yaydığı xəbərdə yer alıb.

Məlumata əsasən, ÜST koronavirusun “Mü” ştamını maraq doğuran COVID-19 mutasiyaları siyahısına daxil edib.

Koronavirusun yeni “Mü” və yaxud B.1.621 ştamı ilk dəfə 2021-ci ilin yanvar

ayında Kolumbiyada aşkar olunub. Bu ştam ilə yoluxma halları nəinki Cənubi Amerikada, həmçinin Avropada da aşkar olunub.

ÜST-nin məlumatına görə, hazırki vaksinlər bu ştama qarşı daha az effektiv nəticə göstərə bilər. Həmçinin qeyd olunur ki, koronavirusun bu ştamının araşdırılması üçün əlavə tədqiqatlar tələb olunacaq.

ÜST, həmçinin qeyd edir ki, “Mü” ştamının dünyada yayılması halları azalıb və hazırda 1%-dən az təşkil edir.
Daşnaklar Xankəndidə ofis açdıErmənistanın millətçi “Daşnaksütyun” partiyası Azərbaycanın Xankəndi şəhərində yeni ofis açıb.

Ermənistan KİV xəbər verir ki, mərasimdə Qarabağ separatçılarının eks-liderləri Bako Saakyan, Arkadi Qukasyan və Ermənistan parlmentində təmsil olunan “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan iştirak ediblər.

Modern.az
İranın yeni sistemi: 300 hədəfi eyni anda izləyirİran Hərbi Hava Qüvvələri 300 hədəfi eyni anda izləmək qabiliyyətində olan yeni radarını təqdim edib.

Axar.az xəbər verir ki, təqdimat İran Hərbi Hava Qüvvələrinin yaradılması yubileyinə həsr edilən mərasim zamanı baş tutub. Yeni radiolokasiya stansiyasının “Alborz” adlandığı bildirilib.

“Alborz” hədəflərin aşkarlanması və ələ keçirilməsini həyata keçirir. Radiolokasiya stansiyasının maksimal məsafəsi 450 kilometrdir. Yeni sistem gözəgörünməz “stels” texnologiyalarını da aşkarlaya bilir.
Nadir Ayanla olan bu görüntülərinə görə ÜZR İSTƏDİ: İçkili idim...“Ad günü məclisinə getdim, bir az içki qəbul etdim. Özümü elə aparmaq mənə yaraşmırdı. Hər zaman çalışmışam ki, insanlara nümunə olum. Düşünürəm ki, məni anlayarsınız. Bir də belə hallar olmayacaq”.

Bu sözləri müğənni Nadir Qafarzadə instaqramda paylaşdığı videomüraciətində deyib. Ayan Babakişiyeva ilə yayılan səmimi görüntülərindən danışan müğənni hər kəsdən üzr istəyib və məsələyə aydınlıq gətirib:

“Utanıram, xəcalət çəkirəm. Hər kəsin həyatında səhv olur. Bu da mənim səhvim idi. Böyük günah kimi boynuma yazmayın. Allah bağışlayandır, siz də məni əfv edərsiniz. Həmişəki kimi mənə qarşı müsbət fikirdə olun. Oldu, keçdi. Çox üzr istəyirəm, mənim kiməsə zərərim dəyməyib, qaydaları pozmamışam. Amma səhv etmişəm, bunu anlayıram. Bildirirəm ki, bu, son olacaq. Nəinki mənə, bu hərəkət heç kimə yaraşmır. Səhvimdir, qələtimdir. Xalqdan üzr istəmək məcburiyyətindəyəm. Mənə basqı etməyiblər, sadəcə içimdən gəldi”.

Məlumat üçün bildirək ki, Nadir Qafarzadənin həmkarını öpməsi və yaxınlıq etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Bundan sonra hər iki ulduz kadrları sosial media hesablarından silib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.