Kabil aeroportu tezliklə nəzarətimizə keçəcək - TalibanTaliban Kabil hava limanının bir hissəsinə artıq nəzarət edir.

Axar.az xəbər verir ki, bunu Talibanın rəsmi nümayəndəsi Zəbiullah Mücahid deyib.

O, tezliklə, hava limanının geri qalan hissəsinin də Talibanın tam nəzarətinə keçəcəyini bildirib:

“Amerika hava limanındakı bir neçə zonadan çıxıb, onlar Talibanın nəzarətinə keçiblər. Biz gözləyirik ki, xarici dəstələr tam olaraq hava limanından gedəcəklər. Tezliklə hava limanı tam olaraq taliblərin nəzarətinə keçəcək”.
Əfqan problemi, dərinləşən gərginlik, ölməyən ümidlərƏfqanıstandakı gərginlik gerçəkdən regionun və dünyanın başağrısına çevrilib. Geopolitik maraqlara xidmət edən Əfqanıstan problemi bəzi siyasi, hərbi dairələrin politoloji müzakirə poliqonunun əsas mövzusudur. Bundan kimlərin qazanc götürəcəyini və yaxud itirəcəyini qabaqcadan demək çətindir.

40 ildən artıqdır ki, bu ölkə sabitlik, rifah üzünə həsrət qalıb.

Bir anlıq nəzər salaq Əfqanıstanda hərbi münaqişlər necə yarandı. Hətta o dövrdə, yəni ötən əsrin 80-ci illərinə qədər həmin regionu tədqiq edən şəxslər də bu, fikirləri təsdiqləyir ki, vaxtılə Əfqanıstanda şahlıq dövründə indikindən fərqli olaraq normal həyat tərzi, dövlətçilik ənənələri, sabitlik olub.

Təbi ki, o zaman həmin ölkənin əhalisi belə demək mümkündürsə zamanın tələblərinə, ölkənin iqtisadi potensialına uyğun yaşayırdı. Dünyanın hegemon qüvvələri olan Sovet İttifaqı ilə ABŞ-ın hərbi poliqonuna çevrilən kimi Əfqanıstan həmin dövrdən başlayaraq çokməyə başladı. Əfqanıstana ixrac olunan azadlıq, demokratiya əgər buna azadlıq demək mümkündürsə, görün, bu ölkəni hara gətirib çıxarıb? Həm Rusiya, həm də ABŞ regiona sonu görünməyən fəlakət gətirdi.

Deməli, bu prosesləri analiz edəndə bu qənaətə gəlmək olar ki, hər bir ölkə üçün ciddi problem demokratiya deyil, dövlət, dövlətçilik ənənələrinin oturuşmamasıdır. Ədalətli idarəetmə sisteminin bərqərar olmasıdır. Əfqan xalqı öz dövlətini qurub möhkəmləndirməyənə qədər taliblər və digər qüvvələr sabitliyi pozmağa talib olacaqlar.

Amerikanın bu regionu uduzmuş şəkildə tərk etməsindən sonra Taliban rejimi gücləndi. İslama nə qədər dəxli olub olmadığını demək çətin olsa da, Taliban rejimi şəriət qanunlarına uyğun idarəetmə sistemini yenidən tətbiq etməkdədir.

Ancaq burada bir diqqəti çəkən məqam ondan ibarətdir ki, Taliban əvvəllər etdikləri səhvləri və cinayətləri yenidən təkrar etmək istəmir. Görünür, Taliban rejiminin ideoloqları keçmişlərindən ibrət dərsi götürərək dünyadan təcrid olunmuş şəkildə yaşamağın, inkişaf etməyin mümkünsüzlüyünü dərk edirlər. Bu pozitiv proseslərin başlanğıcı ola bilər.

Əkrəm Bəydəmirli
100-ə yaxın ölkə Talibanla saziş bağladığını ELAN ETDİDünyanın 98 ölkəsi Talibanla saziş bağladıqlarını açıqlayıb. Razılaşmalar taliblərin təyin etdiyi ölkədən qoşunların çıxarılması müddətindən - 31 avqustdan sonra dövlətlərə xidmət edən və Əfqanıstan müttəfiqlərini təxliyə etməyə imkan yaradacaq.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin rəsmi saytında dərc olunan Əfqanıstandan təxliyə zəmanətləri ilə bağlı birgə bəyanatda bildirilir.

Müqaviləni bağlayan ölkələr arasında İngiltərə, Almaniya, İtaliya, Fransa, İsveçrə, Türkiyə və Ukrayna var.

"Hamımız vətəndaşlarımızın, işçilərimizin və bizimlə işləyən əfqanların, eləcə də risk altında olanların Əfqanıstanın hüdudlarından kənarda daha sərbəst hərəkət etmələrini təmin etmək üçün çalışırıq", - birgə bəyanatda deyilir.
Türkiyə Zəfər bayramını qeyd edirBu gün qardaş Türkiyədə Zəfər bayramı qeyd olunur.

Avrasiya.net-in məlumatına görə, bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.

Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlyıb.

Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb, 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) anmaq üçün qutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.

Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub. Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir.

Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edir, Mustafa Kamal Atatürkə, silahdaşlarına və bütün əsgərlərin ruhuna dualar oxuyurlar.

Onu da qeyd edək ki, qəhrəman türk əsgərləri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırımı aktlarından xilas edib.
Son iki gündə 14 toy olub - xeyli cərimələnən varAvqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Deputatların yay tətili bitdiMilli Məclisin deputatları tətildən qayıdıblar.

Avrasiya.net xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

MM-in komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.

Qeyd edək ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u cümə axşamı gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.
Ramin Bayramlı villa tikdirir? – TƏBİB CAVAB VERDİTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ilə bağlı iddialara cavab verib.

TƏBİB-dən bildirilib ki, son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə qurumun rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir:

“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

Qeyd edək ki, TƏBİB sədrinin özünə dəbdəbəli villa tikdirməsilə bağlı iddialar və fotoşəkillər yayılıb. Ərazidə aparılan çəkiliş zamanı R.Bayramlının qardaşı olduğunu deyən Razim Bayramlı villanın özünə məxsus olduğunu və arı təsərrüfatı hesabına başa gəldiyini bildirib.
Kürdə boğulan gəncin meyiti sudan çıxarıldıSalyanda gənc oğlan Kür çayında batıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, 15 yaşlı gənc (ad və soyad dəqiqləşdirilir-red) Kür çayına düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, axtarışlar işləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda Kürdə boğulan gəncin axtarışları hələ də davam edir.

Məlumata görə, Salyan şəhər sakini, 15 yaşlı Emin Əziz oğlu (soyadı dəqiqləşdirilir-red) və daha iki nəfər qayıqla Kürün Şirvan tayına keçmək istəyən zaman qayıq aşıb. Bu zaman onların hər üçü çaya düşüb. Çaya düşənlərdən ikisi xilas olsa da, Emin çayda batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kür çayının Salyandan keçən hissəsində boğulan gəncin meyiti çıxarılıb.

Məlumata görə, 2006-cı il təvəllüdlü Baxışov Emin Əziz oğlunun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Prokurorluq Bərdədəki qətllə bağlı məlumat yaydıAvqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, peşəkar prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda istintaq davam edir.