Qazaxıstanda 4 hərbçi partlayışda öldü - 66 yaralıQazaxıstanın Cambıl vilayətində yerləşən hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 4 hərbçi həlak olub, 66 nəfər isə yaralanıb.

Xarici KİV xəbər verir ki, 28 yaralı xəstəxanalara yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.

Xatırladaq ki, ötən gün Cambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın güclü partlayışa səbəb olub. Faktla bağlı cinayət işi açılıb.
Kolleclərə ixtisas seçimi başladıÜmumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.

DİM-dən Avrasiya.net-ə verilən məlumata görə, 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir.

İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə) ” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2021/2022-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
Türkiyə əsgərini çıxardır: nə baş verdi?Türkiyə əsgəri Kabil hava limanından çıxır: türk sülhməramlı kontingentinin tərkibində olan 120 Azərbaycan əsgəri də Əfqanıstandakı vəzifəsini başa vurur.

Ankara Talibanla bu istiqamətdə müzakirələrə davam edirdi və yekunda qərar çıxmaqla bağlı oldu.

Bölgədən çıxan ABŞ yerinə Türkiyənin “hakim” kimi qalmasına razılaşmışdı: Vaşinqton Türkiyənin NATO içində lokomotiv rolunu önə çəkməklə Ankaranın Moskva və Pekinlə arasına “təbii sədd” çəkir.

Türkiyənin də Əfqanıstanda qalmaqda strateji hədəfləri var idi: NATO-da, Mərkəzi Asiyada, eləcə də Çin qarşısında əlini gücləndirir, Rusiyanı Mərkəzi Asiyanın təhlükəsizliyinin təmin edilməsində onunla hesablaşmağa məcbur edir, Pakistan-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə xəttini birləşdirə bilir.

Çıxmaq qərar “nə baş verdi” sualını önə çıxarır:

1. Taliban bütün xarici hərbi qüvvələrin çıxmasını “qırmızı xətti” elan etdi;

2. Türkiyə Kabildə hərbi mövcudluğunun riskli olduğunu gördü.

Birinci məqam Türkiyə üçün həlledici deyildi, çünki Pakistan-Taliban masasında Kabil hava limanının təhlükəsizliyinin türk ordusu tərəfindən qorunması razılaşması var idi, o cümlədən, Talibana “yaşıl işıq” yandıran Vaşinqton da bu mövqedə idi.

İkinci məqam əsas faktordur: Hulusi Akar “təhlükə olacağı təqdirdə 24 saatda çıxacağıq” demişdi və çıxmaq qərarının 24-36 saat içində icra edilməsi planı da Ankaranın təhlükədən xəbərdar olduğunu göstərir.

Kabildə baş verən partlayışlar bunu təsdiqlədi. Taliban gəlişindən sonra terrora imkan verməyəcəyi vədini vermişdi, lakin Kabil terroru və bunu İŞİD-in üzərinə götürməsi iki ehtimalı önə çıxarır:

- Taliban daxilində monolitlik yoxdur və terrorçular siyasi qanadın mövqeyi ilə razılaşmır;

- Kabil hava limanına nəzarəti əldə etmək və əhalinin gedişinin qarşısını almaq üçün Taliban özü bu partlayışlarda maraqlıdır.

Ən vacib məqam Türkiyənin çəkilmə qərarından bir neçə gün öncə Kabildə keçirilən ABŞ-Taliban görüşüdür. “Vaşinqton Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Bernsin Kabildə Talibanın siyasi lideri Əbdül Qəni Bəradərlə gizli görüş keçirdiyini yazırdı.

Talibanın bu görüşdən sonra xarici hərbçilərin qalmasını “qırmızı xətti” elan etməsi, ardınca terror aktının törədilməsi və bu terroru məhz İŞİD-in üzərinə götürməsi diqqət çəkir: ABŞ Əfqanıstanda təhlükəsizliyə heç kimin zamin olmasını istəmir və terrorun coğrafi episentri Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya köçürülür.

“Əfqanıstan bataqlığı: Zəngəzurdan Kabilə uzanan mübarizə” yazısında ABŞ-ın bölgədən çıxışının hədəflərindən birinin bu olduğunu yazmışdıq:

“Əfqanıstan İslam Əmirliyi terrorçular üçün çətir rolunu oynaya bilər:

- “Ərəb baharı”ndan sonra yaradılan İŞİD həm də terrorçuların yetişdirilməsi missiyasını yerinə yetirirdi: Mərkəzi Asiyadan (Özbək İslam Hərəkatı, Tacikistanda olan radikallar) Çindəki uyğurlara qədər müxtəlif qruplar “islam dövlətinin bayrağı altında” təlim keçdilər; İŞİD-in “yox olması”ndan sonra bu terrorçular “yer altına” çəkildi və mümkündür ki, Talibanın İslam Əmirliyinin bayrağı altına toplanacaqlar;

- Yaxın Şərq müharibəsində Özbəkistan, Qırğızıstan və Tacikistanı birləşdirən Fərqanə vadisi terrorçuların Əfqanıstana keçidi və əks istiqamətə hərəkəti üçün əsas marşrut idi: mümkündür ki, bu marşrutu Əfqanıstan İslam Əmirliyinə doğru yenidən aktivləşəcək;

- ABŞ terrorçu kimi tanıdığı Talibanın Əfqanıstanda hakimiyyətə gəlişinə və İslam Əmirliyi yaratmasına “yaşıl işıq” yandırmaqla terroru legitim gücə çevirə bilər: Əl-Qaidə, İŞİD kimi təşkilatlar legitim güc deyildi, Əfqanıstan İslam Əmirliyi isə hazır dövlətdir”.

Kabildə İŞİD terroru bu gözləntini doğruldur: görünür, Suriyada “dəfn edilən” terror Əfqanıstanda dirildirilir...

Asif Nərimanlı
Sabah küçələrə çıxmayın – XəbərdarlıqSon vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
"Anar Məmmədovun konqresmenlər üçün xərclədiyi milyonların boş yerə gedib"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News TV-nın "TET-A-TET" verlişinin qonağı olub. Verlişdə Azərbaycan diasporların fəaliyyəti müzakirə olunub.

"Xaricdə Azərbaycan həqiqətlərini necə qorumalıyıq və təbliğat işlərini necə qurmalıyıq?" - sualına ALDP sədri belə cavab verib:

"Biz informasiya müharibəsində illər boyu ermənilərə uduzurduq. Ermənilərin milli idealoqiyası bir neçə əsr bundan qabağ formalaşıb. Onlar bir millət olaraq, öz uydurma tarixinə inanaraq, bu təbliğat işində çox fəal olublar. Biz nə etməliyik? 30 ilə yaxındır ki, biz müstəqillik qazanmışıq. Dövlət tərəfindən yaradılan Diasporlarla iş üzrə Dövlət Komitəsi bir iş görə bilməyib. Bir neçə il bundan qabaq təyin olunan yeni rəhbərliyin də fəaliyyəti görsənmir. Bu yaxınlarda diaspora təşkilatların nümayəndələrin yığaraq Şuşaya səfər ediblər. Bu yaxşıdır. Amma bu məntiqsizdir, çünki bunu özümüz üçün edirik".

Fuad Əliyevin sözlərinə görə biz daha çox digər millətlərlə işləməliyik:

"Biz işimizi Azərbaycandan kənarda qurmalıyıq. Misal üçün Rusiyada yaşayan iki milyondan çox azərbaycanlıları deyim. Hansı təsir gücünə malikdilər? Və yaxud orada olan bizim iş adamları. Forbes jurnalında olan 4-5 milyonçularımızdandırlar. Onlar nə iş görüblər? Misal üçün yazırlar ki, bu il Vahid Ələkbərov 100 million itirib, və yaxud 100 millon qazanıb. Allah var eləsin. İndi Şükür Allaha ki, bizim ordumuz Qarabağı azad etdi. Amma mən indi soruşuram: Azərbaycan üçün, o, Vahid Ələkbərov və digər miltarderlər nə ediblər? Onlar Qarabağ məsələsində Rusiya siyasi elitasına nə təsir ediblər? Dövlət Dumasına və yaxud regional parlamentlərə bir deputat seçilmək üçün köməklik ediblər? Başqa ölkələrdə də eynilə. Avropada, ABŞ-da. Düzdür Fransada erməni diaspor təşkilatlar çox güclüdür. Amma Fransada bizim iş adamlarımız da az deyil? Niyə fəal deyirlər?"

ALDP sədri bəzilərin bu işləri görmək üçün dövlətdən maliyyə dəstəyi istəməsini tənqid edərək bunu bildirib:

"Hamı gözləyirik ki, dövlət bu işləri görmək üçün pul verməlidir. Niyə verməlidir? Düzdür dövlət sənə istiqamət verir, amma bu işdə heç bu da lazım deyil, əgər sən azərbaycanlışansa. Sən özün qabağa düşüb təbliğat işlərini görməlisən".

Daha sonra Fuad Əliyev Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlar və səfirliyin işlərini tənqid edərək, ermənilərin "Novo-naxçivanskiy armənskiy monastır"-ın tikintisinə etiraz bildirmədiyini qeyd edib.

ABŞ vaxtı ilə fəaliyyət göstərən Azərbaycan-Amerika Asossiyasiyanın rəhbəri Anar Məmmədovun konqresmenlər üçün naharlara xərclədiyi milyonların boş yerə getdiyini bildirib:

"Mən Vaşinqtonda olarkən həmin konqresmənlərlə görüşmişəm. Onlardan soruşanda ki, Anar sizdən Qarabağ məsələsində, 907 maddənin ləğvində bir köməklik, dəstəyinizi istəyib, sual verəndə, mən mənfi cavab almışam. Deyiblər ki, o, öz biznes məsələlərin genişlənməsini və ona dəstək verməyini xahiş edirdi".
Taliban: Qadınların kişilərə ehtiyacı olmayacaq!Gələcəyi qurmaq və keçmişdə olanları unutmaq istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Taliban sözçüsü Zabiullah Mücahid deyib.

“Talibanın qadınları evə qapatmaq və tam qapanmağa məcbur edəcəyi ilə bağlı deyilənlər əsassızdır. İctimai yerlərdə kişilərin qadınlarla yanaşı olması məcburiyyəti də yanlış anlaşılıb. Bu, daha uzun səfərlər üçün keçərlidir. Qadınların məktəb, universitet, işə getdiyinə görə kişilərə ehtiyacı olmayacaq”, - deyə Mücahid bildirib.

Daha öncə əfqanların Kabil aeroportuna girişinin qadağan ediləcəyini bildirən Mücahid güzəşt ediləcək şəxslərdən də danışıb:

“Müvafiq sənədləri olan əfqan vətəndaşlar ölkəni tərk edə bilər”.

Taliban nümayəndəsi ictimai yerlərdə musiqinin qadağan olunduğunu da bir daha xatırladıb:

“Musiqi islamda haramdır. Amma bu barədə insanlara təzyiq etməyəcəyik, inandırmağa çalışacağıq”.
“Öldürülən hər amerikalı üçün Əfqanıstandakı bir şəhər yer üzündən silinməlidir”Kabildə silsilə terror aktlarının baş verdiyi bir zamanda amerikalı xəbər şərhçisinin açıqlaması böyük rezonans doğrurub.

Avrasiya.net xəbər verir ki, aparıcı Todd Starnes Kabildə terror aktında ölən amerikalı hərbçilərin qisasının alınması gərəkdiyini bildirib.

“Öldürülən hər amerikalı üçün Əfqanıstandakı bir şəhər yer üzündən silinməlidir”, - deyə Stranes bildirib.

Qeyd edək ki, Kabildə baş verən teraktda 12 amerikalı əsgər həlak olub.
ABŞ Kabildə hücumların davam edəcəyini gözləyirABŞ terrorçuların Əfqanıstanın paytaxtına hücumlarını davam etdirəcəyini düşünür.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bildirib.

“Terrorçuların bu hücumları davam etdirmək istədiklərinə inanırıq və bu hücumların davam edəcəyini gözləyirik”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Kabil hava limanında partlayış törədilib. Hadisə nəticəsində azı 60 nəfər ölüb, 140 nəfər yaralanıb.

“Politico” nəşri Amerika administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən Kabil hava limanında baş verən partlayışa görə İŞİD terror təşkilatının məsuliyyət daşıdığını açıqlayıb.
“Otkat”ı Əbülfəs Qarayev alıb, 15-20 faizini müavininə qaytarıbMədəniyyət nazirinin keçmiş müavini, korrupsiyada və rüşvət almaqda təqsirli bilinərək, bu günlərdə barəsində səkkiz il həbs cəzası verilən Rafiq Bayramov pulları tək yeməyib, istintaq materiallarında deyildiyi kimi, “otkat” və aylıq haqq olaraq ona çatdırılan pulları nazir Əbülfəs Qarayevə verib. Əbülfəs Qarayev isə bu pullardan 15-20 faizini öz müavininə geri qaytarıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu məqamlar Rafiq Bayramovun işi üzrə istintaq materiallarında yer alır.

R.Bayramov məhkəmədə son söz deyərkən günahsız olduğunu, heç kimdən rüşvət almadığını bildirib. Amma öz nazirini də ələ verməyib, yəni onun adını çəkməyib. Lakin istintaq materiallarına əsasən, R.Bayramov Mədəniyyət Nazirliyinin yerli idarələrindən, musiqi məktəblərindən yığılan aylıq haqqın və təmir-bərpa işləri üçün şirkətlərə ödənilən pullardan gələn “otkat”ın hamısının Ə.Qarayevə çatdırdığını etiraf edib və bildirib ki, bu pullardan ona çatan 15-20 faiz olub.

Beləliklə, istintaq materiallarında deyilir ki, R.Bayramov 2018-ci ildə mədəniyyət naziri Əbülfəs Qarayevlə razılaşdırmaqla regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılmasını və yaranan fərqin nağdlaşdırılaraq, pul şəkilində ona çatdırılmasını təşkil etməyi tapşırıb. Bu sxem işə düşəndən sonra pullar ya R.Bayramovun özünə, ya da nazirliyin şöbə müdiri Pərvin İsgəndərliyə çatdırılıb.

Yerli idarələrin müdirlərinin çatdırdığı aylıq haqq isə bu və ya digər rayonda yerləşən musiqi məktəblərinin, orada işləyən müəllimlərin sayından asılı olub. Məsələn, Sumqayıt regional mədəniyyət idarəsinin rəisi ayda 10-12 min(rəqəmlər təxminidir), Xaçmaz regional idarəsinin rəisi ayda 4 min, İsmayıllı regional idarəsinin rəisi ayda 15 min, Kürdəmir regional idarəsinin rəisi ayda 7-9.5 min , Ağstafa regional idarəsinin rəisi ayda 2 min, Şəmkir regional idarəsinin rəisi ayda 10-13 min, Gəncə regional idarəsinin rəisi ayda təxminən 12 min, Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2 min, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1-2 min, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat veriblər.

Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8 min, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5 min manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2 min göndərib. Beləliklə, regional idarələrin rəislərindən yığılan aylıq haqq təxminən 60-65 min manat təşkil edib (iyul-avqust tətil ayları istisna olmaqla).

R.Bayramov 2019-cu ildə bu sxemlə cəmi 550-600 min manat toplayıb və həmin pulları il ərzində hissə-hissə olmaqla Əbülfəs Qarayevə verib. Əbülfəs Qarayev isə bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarıb. R.Bayramov deyib ki, həmin pulun bir qismini hər ay “mükafat şəklində” öz işçilərinə paylayıb.

2020-ci ildə isə göstərilən sxem üzrə regional idarələrin rəislərindən aylıq haqqı ancaq fevral ayı üçün (63 min manat) ala bilib. Bu pulun alındığını nazir müavininin çantasından çıxan qeydlər də təsdiqləyib. Amma necə olubsa, R.Bayramov 2020-ci ilin fevralından etibarən regional idarələrin rəislərindən aylıq haqq yığılmasını dayandırıb, onlara “bu neqativ halı dayandırmağı” tapşırıb.

Həmin il mayın 8-də (DTX tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilən gün,-red.) Şəmkir regional mədəniyyət idarəsinin rəisi Höccət Əsədullayev Rafiq Bayramovun kabinetinə gəlib. İstintaq materiallarında deyildiyi kimi, söhbət əsnasında ona pul şəkilində “hörmət” vermək istəyib.

R.Bayramov məbləğin nə qədər olduğunu bilməyib və pulu götürməkdən imtina edib. Höccət isə onunla höccətləşib, pulu “heç olmasa sürücüyə çatdırmağa icazə verməyi” istəyib. R.Bayramov buna etiraz etməyib, Höccət otaqdan çıxan kimi DTX əməkdaşları onun kabinetinə daxil olublar və axtarış keçiriblər.

R.Bayramov Mədəniyyət Nazirliyində qurulan başqa “otkat” sxemini də izah edib. Bu sxemə əsasən regional idarələrin rəisləri cari təmir işlərinin aparılması üçün ayrılan pulların 10 faizini özləri “otkat” şəklində alırdılar. Daha 10 faiz isə şəxsən onun özünə ya regional idarələrin rəisləri, ya da tenderlərdə qalib gəlmiş “tanış şirkətlərin” rəhbərləri tərəfindən çatdırılırdı.

Bu sxemlə 2019-cu ildə R.Bayramova cari təmirə ayrılan 1.5 milyon manatın 10 faizi, yəni 150 min manat çatdırılıb. Həmin vəsaiti də hissə-hissə, il ərzində Əbülfəs Qarayevə verib. Nazir isə pulun 15-20 faizini ona qaytarıb.

2020-ci ildə cari təmir işləri üçün 2.3 milyon manat nəzərdə tutulsa da pandemiya bu korrupsiya sxeminin işini pozub-tenderlər keçirilməyib, pulları ayrılmayıb, nəticədə “otkat” da gəlməyib.

R.Bayramov habelə nazirlikdə kurasiya etdiyi nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün 2019-cu ildə xərclənən 290 min manatdan 30 min manat “otkat” alıb.

2020-ci ildə bu işlərə yenidən 400 min manat ayrılıb, həmin işlərin görülməsi üçün tenderlər elan edilib. Tenderdə qalib gələn MMC-yə ilkin olaraq 50 min manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 21.300 manat “otkat” şəkilində şirkət rəhbəri tərəfindən mayın 6-da şəxsən xidməti otağında Rafiq Bayramova verilib. Həmin pullar iki gün sonra DTX əməkdaşları tərəfindən nazir müavininin seyfində tapılıb.

R.Bayramov 2015-2017-ci illərdə nazirlikdə aparat rəhbəri işləyəndə də bu kimi işlərdən “otkat”lar (31 min və 14 min manat) alıb, amma bu pulları nazirlə bölüşdürməyib. Nazirlə pulların bölüşdürülməsi 2018-ci ildən başlayıb.

Bütün bunlar istintaq materiallarında Rafiq Bayramovun dindirilməsi nəticəsində toplanıb, amma maraqlıdır ki, keçmiş nazirə qarşı ittiham irəli sürülməyib. O cümlədən məhkəmədə onun dindirilməsi, ifadəsinin alınması baş verməyib...
Taliban: Sonuncu partlayışı amerikalılar törətdiKabildə baş verən sonuncu partlayışı amerikalılar törədib.

Axar.az xəbər verir ki, bu barədə Talibanın açıqlamasında deyilir.

Bildirilib ki, amerikalı hərbçilər Kabildə silah-sursatı nəzarətli şəkildə partladaraq məhv edib.

Qeyd edək ki, az öncə dünya KİV-ləri Kabildə beşinci partlayışın baş verdiyi barədə məlumat yayıb.