“Azərsu” akademiyanın suyunu kəsdi“Azərsu” ASC Bakı Xoreoqrafiya Akademiyasının (BXA) sularını kəsib. Səbəb olaraq isə bildirilir ki, BXA “Azərsu”ya olan 55 mindən çox borcunu ödəməyib.

Akademiyadan daxil olan məlumatda deyilir ki, borc Bakı Xoreoqrafiya Məktəbinin dövründən qalıb:

”Azərsu”dan bizim müəssisəyə neçə illik borcun ödənilməsi üçün bildiriş daxil olduqda biz həmin borcun bir hissəsini dərhal ödəmək üçün sənədləri hazırladıq. Lakin məbləğ böyük olduğundan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (DXA) vəsaiti “Azərsu”nun hesabına yatırmaqdan imtina etdi. Bu, qanun çərçivəsində haqlı bir addımdır. Bu haqda “Azərsu”ya məlumat verdik, bildirdik ki, bizə məhkəməyə müraciət etmək üçün möhlət versinlər. Məhkəmənin təqdim etdiyi sənədlə DXA borcun ödənilməsinə icazə versin. “Azərsu” bizimlə razılaşmadı və BXA-nın sularını kəsdi. Dəfələrlə bildirdik ki, akademiya borcun ödənilməsindən imtina etmir. Sadəcə olaraq qanun çərçivəsində ödəmə prosesi bir az gecikir. Buna baxmayaraq, təhsil müəssisəsinin suyu kəsildi. Akademiyada hazırda işləyən əməkdaşlar var. Həmçinin BXA-nın həyətindəki ağaclar, güllər, bir sözlə, bütün yaşıllıq məhv ola bilər. Hazırda akademiyanın fəaliyyəti dayanıb. Su kəsilib deyə, heç kəs çalışa bilmir. Avqustun 23-də BXA-da qabiliyyət imtahanı keçiriləcək. İndi biz nə edək? İmtahanı da ləğv edək? Əgər suyun verilməsi bərpa olunmasa, məcburuq qabiliyyət və qəbul imtahanı zamanı fəaliyyətimizi dayandıraq. Bu isə BXA-nın qəbul planının boş qalmasına gətirib çıxaracaq. Hazırda BXA-nın hüquqşünas və mühasibat işçiləri məzuniyyətdə olduqlarına görə məhkəməyə müraciət etmək alınmır. Müraciət üçün onların məzuniyyətlərinin bitməsini gözləyirik. Ona görə də aidiyyəti qurumlardan xahiş edirik ki, məsələyə baxılsın. Bizə möhlət verilsin. “Azərsu” ilə razılaşdığımız kimi borcun bir hissəsini birdəfəyə, digər məbləği isə hissə-hissə ödəyəcəyik”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərsu” ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin rəisi Elşən Həsənzadə deyib:

“Akademiya ilə iyul ayında danışanda bildirdim ki, məbləği ay ərzində bölüb, ilin sonuna qədər ödəsinlər. Biz demirik ki, 55 mini akademiya bu gün ödəsin. 1 aydır bu məsələ ilə bağlı BXA-ya möhlət verilib. Bu vaxt ərzində akademiya həm məhkəmə, həm də Maliyyə Nazirliyi ilə məsələni həll edə bilərdi. Azərbaycanda normal məhkəmə sistemi var. Müraciət edilən zaman 3 gün və ya 1 həftəyə məhkəmə müraciətə cavab verir. Mən dövlət qurumunu təmsil edirəm. Bu, BXA-nın dövlətə olan borcudur”.