BŞİH-in sabiq Aparat rəhbərinin məhkəməsi başlayıbBakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.

"Report"un xəbərinə görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.

İclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkilləri Rasim Quliyevin həyat yoldaşının işləmədiyini, himayəsində azyaşlı qız övladı olduğunu nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə təqsirləndirilən şəxsin barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən saxlayıb.

Növbəti proses avqustun 23-ə təyin edilib.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.
Deputatlar, QHT-lər, jurnalistlər Niyaz Niftiyevə görə müraciət etdilər - 230 İMZABir qrup KİV nümayəndəsi, deputatlar, QHT rəhbərləri, ictimai fəallar tanınmış jurnalist Niyaz Niftiyevlə bağlı Baş prokuror Kamran Əliyev və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət hazırlayıb.

Avrasiya.net xəbər verir ki, müraciət mətnində Niyaz Niftiyevin 20 illik aktiv jurnalist fəaliyyətindən və ona qarşı qərəzli addım atılmasından bəhs edilib. Müraciətdə deyilir:

“O, 20 ildən çox aktiv jurnalistika ilə məşğul olub, 15 il prezidentin səfərlərini müşayiət edib, dövlətçilik və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına sərf edib. 2015-ci ildə “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, 2017-ci ildə isə “Mətbuatda multikulturalizm” kitablarını yazaraq nəşr etdirib. Bu sahədə fəaliyyətinə görə, bir sıra yerli və beynəlxalq mükafatlara, eyni zamanda Prezidentin “Tərəqqi” medalına layiq görülüb. Ölkə jurnalistlərinin etimadını qazanaraq Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.

Cənab Baş prokuror,

Niyaz Niftiyev 23 dekabr 2019-cu ildə ölkəmizdə keçirilən Bələdiyyə seçkilərində iştirak edərək Binəqədi qəsəbə Bələdiyyəsinə üzv, 7 aprel 2020-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri seçilib. Cəmi bir həftə müddətində: 7 aprel 2020-ci ildən 14 aprel 2020-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində çalışıb. Həmin vaxt karantin qaydalarının pozulması, bir sıra vətəndaşlara qanundankənar arayışlar verilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, 3 saxta arayışa imza atmaq, bunun qarşılığında 214 manat rüşvət almaqda günahkar bilinir.

Niyaz Niftiyev irəli sürülən ittihamları qəti şəkildə rədd edir, özünü günahsız sayır. Hazırda N.Niftiyev özünə qarşı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb. Onun səhhətindəki problemlər bizi narahat edir. Aclıq aksiyası onun səhhətini daha da pisləşdirə bilər. N.Niftiyevin işini şəxsi nəzarətinizə götürməyi və pozulmuş hüquqlarının bərpa etməyi Sizdən xahiş edirik”.

Müraciəti 230 nəfər imzalayıb.
Rusiyanı inandırmalıyıq ki, dost olmaq istəyirik – Millət vəkiliAvrasiya.net BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Əfqanıstanda baş verənlər barədə fikirlərinizi bilmək istərdik. Bu gün orada bizim 120-yə qədər əsgərimiz antiterror koalisiyası tərkibində xidmət keçir. Onların həyatına təhlükə artıbmı?

- 2020-ci ilin sonunda Milli Məclisdə Əfqanıstanda səfirliyimizin təsis olunması barədə qanun layihəsi müzakirə olunanda çıxış edərək bildirdim ki, Əfqanıstanda səfirlik açmaq diplomatlarımızın təhlükəsizliyi baxımından risklidir, amma hökumət bunu zəruri hesab edirsə, olsun. Yaxşı olar ki, bizə dost ölkə olan, müasir silahlar satan İsraildə səfirlik açaq. Bunu ona görə söyləmişdim ki, 2009-cu ildən başlayaraq Əfqanıstanda Taliban hərəkatı terror aktlarının sayını artırmağa və daha mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etməyə başlamış və bəzi əraziləri öz nəzarətinə keçirməyə bacarmışdı. Artıq çoxları başa düşürdü ki, ABŞ-ın qurduğu işğal hökuməti süqut edəcək. Çünki ABŞ Əfqanıstanda icrası mümkün olmayan demokratik dövlət qurmaq vəzifəsini qarşısına qoymuşdu. Bir trilyon dollardan artıq vəsait xərcləsə də, buna nail olmaq mümkün olmadı. Amerikalılar Lenin kimi anlamadılar ki, demokratik dövləti iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə qurmaq mümkündür. Əfqan cəmiyyətinin sosial-inkişaf səviyyəsi buna imkan vermir. Korrupsiyanın, xüsusilə rüşvətxorluğun məhkəmə sistemində geniş yayılması hökumətləri xalqın gözündən saldı, onların dəstəyindən məhrum etdi. İnsanlar gizli şəkildə hüquqlarının pozulması zamanı Talibanın şəriət məhkəmələrinə müraciət etməyə başladı. Əfqan cəmiyyətində Talibana qalib gəlməyin tək yolu onlardan daha qəddar rejimin yaradılması ilə mümkün ola bilərdi. Rusiyada 1917-ci ildə bolşeviklər çar rejimindən daha qansız bir totalitar sistem yaratdıqları kimi. Bu günlərdə Pol Qoblun bir müsahibəsinə qulaq asdım. Deyir ki, bir dəfə Heydər Əliyevdən demokratik dövlət quruculuğu barədə soruşdum, cavabında Heydər Əliyev dedi ki, bunun üçün əvvəlcə həmin dövləti qurmaq lazımdı.

Təəssüf ki, ABŞ rəhbərliyi anlamamışdı ki, çoxluğun orta əsr qanunları ilə yaşamaq istədiyi cəmiyyətdə demokratik dövlət qurmaq mümkün deyil.

Əfqanıstanda xidmət keçən əsgərlərimizin təhlükəsizliyi hər birimizi ciddi narahat etməlidir. Bayden elan edəndə ki, 11 sentyabra qədər ABŞ öz qoşunlarını Əfqanıstandan çıxaracaq, bundan dərhal sonra parlamentdə çıxış edərək təcili hərbçilərimizi ordan çıxarmağa çağırdım. Təəssüf ki, bu, edilmədi. ABŞ öz qoşunlarını çıxarmamışdan öncə müttəfiqlərə deməli idi ki, qoşunlarınızı çıxarın. Yalnız bundan sonra öz diplomatlarını və sonda əsgərlərini Əfqanıstandan çıxarmalı idi. Bayden qondarma “erməni soyqırımı” barədə açıqlama verəndə demişdim ki, qocalığın əlamətlərinin açıq sezildiyi bu şəxs dünya lideri olan bir ölkənin başçısı olmaq yükünün altına girməklə ABŞ və bütövlükdə bəşəriyyət üçün ciddi problemlər yaradacaq qərarlar qəbul edəcək. Onu da vurğulamışdım ki, vəziyyəti həm də o çətinləşdirir ki, vitse-prezident Kamala Harris də təcrübəli dövlət adamı deyil. Baydenin zəifliyi isə həm də təkcə yaşla bağlı deyil. O vitse-prezident olanda da xarakter nümayiş etdirə bilməmiş, heç bir uğurlu fəaliyyəti ilə yadda qalmamışdı. Hazırda düşünürəm təcili qardaş Pakistan Respublikasının liderləri ilə danışıb əsgərlərimizin oradan təhlükəsiz çıxarılmasını təmin etməliyik.

- Qüdrət bəy, Qarabağda vəziyyət hər keçən gün gərginləşir. Prezidentin “CNN Türk”ə verdiyi müsahibədən də bunu görmək mümkündür. Hadisələrin sonrakı gedişini necə görürsünüz?

- 44 günlük savaşda olduğu kimi genişmiqyaslı müharibə olmayacaq, amma ola bilsin DTX-nin və Müdafiə Nazirliyinin, yaxud DSX-nin xüsusi təyinatlıları hansısa əməliyyatlar keçirib yenə də təxribatlara yol verən erməni hərbçilərindən kimlərisə həbs etsinlər. Rusiya erməniləri silahlandıra bilər, amma bu, heç nəyi dəyişməyəcək, atəşkəs pozulsa, ermənilər həmin silahları atıb qaçacaq. Erməni hərbçilərinin psixoloji reablitasiyası üçün uzun illər lazımdır. Vəziyyətin gərginləşməsi Rusiyanın separatçıları və revanşistləri dəstəkləməsi ilə əlaqədardır. Görünür onlar nədənsə narazıdırlar. Rusiya ilə danışıqları intensivləşdirmək lazımdır, çünki münaqişənin yenidən alovlanması onların da maraqlarına cavab vermir. Rusiyanın onsuz da çoxlu problemləri və kifayət edəcək qədər düşmənləri var. Biz Rusiyanı inandırmalıyıq ki, biz sizinlə səmimi dost olmaq istəyirik, eyni zamanda, hansı yolla olursa olsun Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik. Əgər Rusiya buna mane olmağa cəhd etsə, Azərbaycanın timsalında yeni bir düşmən dövlət qazanacağına əmin olmalıdır. Bu tipli siqnalları Rusiyaya qardaş Türkiyə də, Pakistan da göndərməlidir. Bir daha təkrarlayıram, əgər vəziyyət göründüyü kimidirsə, Ceyhun Bayramovun Türkiyəyə, Pakistana səfər etməsinə ciddi ehtiyac var.

- Qüdrət bəy, prezident çıxışında Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələrin olduğunu da vurğuladı, həmin qüvvələr nəyəsə nail ola bilərlərmi?

- Bəzi region dövlətləri, o cümlədən Rusiyada, Azərbaycanda, Türkiyədə Qərbin müəyyən dairələrinə bağlı, həmçinin ermənipərəst qüvvələr var ki, onlar bu üç ölkə arasındakı münasibətləri pozmaq üçün mümkün olan-olmayan hər şeyi edirlər. Rusiyayla bizi tarixi əlaqələr, həyati maraqlar və mənafelər bağlayır. Amma anlamırlar ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər siyasi deyil, qan birliyi, milli birlik, eyniyyət məsələsidir. Baxın, 44 günlük savaşda Türkiyə bizə hansı dəstəyi verdi, Türkiyədə meşə yanğınları zamanı bizim yanğınsöndürənlər alovla mübarizədə hansı peşəkarlığı göstərdi, necə şücaət və qəhrəmanlıq nümayiş etdirdi. Bunlar dostluq və qardaşlığımızın necə sarsılmaz olduğunun nümayişidir. Region dövlətləri bir-birini qısqanmamalı, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət etməli, Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 formatında sıx əməkdaşlıq etməklə, regionun çiçəklənməsinə və sabitliyə töhfə verməlidirlər.
Əzizovun töhmət verdiyi müavinə PA-da vəzifə verildiAzərbaycan Prezident Administrasiyasında yeni təyinat olub.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, İlqar Süleymanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində kurator vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Süleymanov son təyinatdan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsini tuturdu.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən ilin yayında Binəqədi qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələləri ilə bağlı nöqsanlar aşkar etmişdi. Məsələ ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da tanış olmuşdu və həmin tarixdəki açıqlamaya görə, aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilmişdi.
Məscidin qarşısında dəhşətli cinayət - 1 nəfər öldürüldüProkurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Nəsimi rayon prokurorluğundan Avrasiya.net-ə bildirilib ki, avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1983-cü il il təvəllüdlü Məhəmməd Rəhimov tərfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
"Əgər Paşinyan sülh istəyirsə, onda Sülh müqaviləsinə imza atmalıdır"Paşinyanın Azərbaycanla danışıqlara hazır olmasıyla bağlı fikri səmimiyyətdən gəlmir, vaxt uzatmaq üçün söylənilib. Hər gün Ermənistan atəşkəsi pozur, 10 noyabr razılaşmasını pozur. Bu hardan səmimi bəyanat oldu? Danışıqlara hazır olan tərəf birinci növbədə bu istiqamətdə lazımı addımlar atmalıdır. Razılaşmanın müddəalarına riayət etməlidir.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

O, qeyd edib ki, Paşinyan belə fikir söyləməklə əsas 10 noyabr razılaşmasında əks olunan bəndlərin həyata keçirilməsindən yayınır: "Hesab edirəm ki, danışıqlara getsək, orada bir məsələ olmalıdır – Sülh müqaviləsi. Çünki başqa məsələlərin hamısı müzakirə olunub və razılaşdırılıb. Əgər Paşinyan sülh istəyirsə, onda Sülh müqaviləsinə imza atmalıdır. Amma sülh istəmirsə, yenə də vaxtı uzadırsa, bu Ermənistana xeyir gətirməyəcək. Onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan Ermənistan, regionda bütün iqtisadi layihələrdən kənarda qalacaq".

F.Əliyev onu da qeyd edib ki, ermənilər uydurma torpaq iddialardan əl çəkməlidir: "Erməni xalqını əsrlər boyu aldadıblar. Erməni xalqın rəhbərliyində olanlar yalan, utopik fikirlər o qədər səsləndiriblər ki, özləri də o uydurmalara inanıblar. Ona görə bir daha qeyd edirəm ki, regionda sülhün bərqərar olunması üçün ermənilər bir xalq olaraq bu “yuxudan” ayılmalıdır. Erməni xalqı başa düşməlidir ki, əsrlər boyu böyük dövlətlərin əllərində “oyuncaq” olublar. Erməni xalqı bunları başa düşüb bu təsirlərdən xilas olmalıdır. Region dövlətlərlə, qonşularla yaxşı münasibət qurub böyük fəlakətlərin qarşısını almalıdır".

Ermənistan və Azərbaycan arasında keçirilə biləcək danışıqlarda Minsk qrupunun iştirakı məsələsinə gəlincə, partiya sədri bunun əleyhinə olduğunu deyib: "Danışıqların ATƏT-in Minsk qrupun vasitəsilə keçirilməsinin də əleyhinəyəm. Sülh müqaviləsinin bağlanmasının ən yaxşı yeri BMT-dir. Ermənistan və erməni xalqı bu fürsəti əldən qaçırmamalıdır".

“Azərişıq”ın əməkdaşı faciəvi şəkildə öldüAvqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğ məlumat yayıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Azərişıq ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Dədə Ələsgər saytının təqdimatı olub12 mart 2021-ci il tarixdə, saat 18:00-da "Zoom” proqramı vasitəsilə 50-ə yaxın şəxsin iştirakı ilə Dədə Ələsgər saytının videotəqdimatı olub.

Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov açıb, saytın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum sərəncamından sonra yaradıldığını qeyd edib. O, saytın 8 əsas bölmədən və 50-yə yaxın altkateqoriyadan ibarət olduğunu bildirib. Qeyd edib ki, saytda təkcə Aşıq Ələsgər əsərlərini əhatə edən 7 dildə ümumilikdə müxtəlif illərdə çap olunan 20 kitab elektronlaşdırılaraq yerləşdirilib. N.Bayramov həmçinin sərəncamın vacibliyindən danışıb, Ələsgərsevərlər adından prezidentə təşəkkür edib.

Dədə Ələsgər saytının təqdimatında millət vəkilləri Əhliman Əmiraslanov, Sahib Alıyev, Naqif Həmzəyev, eks-deputat Arzu Səmədbəyli, akademiklər Nizami Cəfərov, Muxtar İmanov, Rasim Əliquliyev, professorlar Surxay Musayev, İbadulla Ağayev, Vaqif Qələndər, Həsən Bayramov, Türkiyədən Prof. Dr. Yusif Bayraktar, Aşıq Ələsgər yaradıcılığının tədqiqatçıları Fəxrəddin Salim, tibb üzrə fəlsəfə doktorları, həkimlər Rasim Bayramov, Şirazi İbrahimov, Abbas Bağırov və Nağdəli Zamanov, "Dədə Ələsgər Ocağı” İctimai Birliyindən Xətai Ələsgərov, Güllü Eldar Tomarlı, şairlərdən Aqşin Hacızadə, Qılman İman, jurnalistlərdən Arif Məmmədli, Araz Yaquboğlu və başqaları iştirak ediblər.

Çıxış edənlər Dədə Ələsgər yaradıcılığının araşdırılmasında, bu yaradıcılığın təbliğində, elektron bazanın zənginləşməsində Dədə Ələsgər saytının mühüm və çox lazımlı olduğunu qeyd ediblər. Qeyd olunub ki, saytın yaradılması ilə təkcə Aşıq Ələsgər yaradıcılığına yox, ümumilikdə Azərbaycan aşıq sənətinə böyük töhfələr veriləcək.

Sonda "Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərov saytın ideya müəllifi və yaradıcısı Nuru Bayramova, eləcə də tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

Xatırladaq ki, Dədə Ələsgər saytı (http://dede-alesker.com/) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2021-ci il tarixli "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələn tələblərə uyğun olaraq yaradılıb.

Saytın ideya müəllifi və yaradıcısı AMEA-nın müxbir üzvü, professor Nuru Yusif oğlu Bayramovdur.

Saytın əsas strukturunun qurulmasında və zənginləşdirilməsində jurnalist Araz Yaquboğlunun, professor Ələddin Allahverdiyevin, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırovun, ələsgərşünas alim Fəxrəddin Salimin, "Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai Ələsgərovun fikir və təklifləri nəzərə alınıb.

Sayta əsas arxiv materiallarını əsasən "Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai İslam oğlu Ələsgərov təqdim edib. Eyni zamanda məlumatların toplanılıb sayta təqdim edilməsində jurnalistlər Füzuli Sabiroğlu və Araz Yaquboğlu da fəal iştirak ediblər. Saytın dizayneri Emil Məmmədovdur.
ABŞ Talibanı daxildən parçalayacaq!Talibanın Əfqanıstanı ələ keçirəcəyi gözlənilən idi. Lakin yekun qələbə onların rəqiblərinin imkanlarından istifadə etmək istəyindən asılı olacaq.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksey Podberezkin deyib.

“Taliblərin rəqiblərinin kifayət qədər imkanları var. Eyni zamanda bilmək lazımdır ki, Taliban təktərkibli deyil. Ona görə də ABŞ 2001-ci ildəki təcrübəsindən yararlanaraq təşkilat daxilində nizamsızlıq yarada bilər. Burada hərbi imkanlardan daha çox, maliyyə imkanlarını əsas götürmək lazımdır”, - deyə ekspert bildirib.