İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Laçında...Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.

Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.
Yunis Səfərova ömürlük həbs cəzası verildiGəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov məhkəmədə son söz deyib.

Avrasiya.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Y.Səfərov son söz deyərkən, əməlindən peşman olmadığını bildirib:

"Hansı cəzanı istəyirsiz, verin".

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdandan sonra hökm elan edilib. Hökmə əsasən Y.Səfərova ömürlük həbs cəzası verilib.

Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, prokuror Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahova 19 il, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il həbs cəzası verilməsini istəyib.
Yoluxma sayı azaldı, ölüm sayı artdıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 369 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 327 nəfər müalicə olunaraq sağalıb, 5 170 nəfər vəfat edib. 25 356 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 695, bu günə qədər isə ümumilikdə 4 220 135 test icra olunub.
Marneulidə Tasua yürüşü keçiriləcəkBu barədə Avrasiya.net-ə Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin (ÜGMADİ) sədri və şeyxi seyid Mirtəqi Əsədov bildirib.

O, qeyd edib ki, 18 avqust Marneulidə Gürcüstan Əhli-beyt Cəmiyyətinin qarşısında səhər saat 10:30-da Tasua yürüşü başlayacaq və Hz.İmam Əli (ə.s) Məscidinin qarşısında xütbə ilə başa çatacaq.

"Bildiyiniz kimi Məhərrəm ayı daxilindəyik. Tasua yürüşü ənənəvi olaraq hər il olduğu kimi Məhərrəm ayının 9-cu günü baş tutur. Bu il də inşallah 18 avqust tarixində baş tutacaq, ancaq pandmeiya səbəbindən çalışdığımız qədər tövsiyyələrə riayət etməyə çalışacağıq ki, infeksiya yayılmasın. Tasu yürüşünə qatılacaq insanlardan maskadan istifadə etmələrini xahiş edirik",-deyə M.Əsədov söyləyib.

İdarə sədri çağırış edərək, xəstə olanların yürüşə qatılmamasını və körpələrin gətirilməməsini, həmçinin uzaqdan gələnlərin gəlməmələrini tövsiyyə edib. O əlavə edib ki, pandemiya səbəbindən builki yürüşə qatılanların az olması yaxşıdır.
Türkiyəyə yardıma hazırıq - İsrailİsrail Türkiyəyə yardım etməyə hazırdır.

Bunu İsrail müdafiə naziri Benni Qantz deyib.

O, yardım təklifinin Türkiyənin İsraildəki səfirliyinin hərbi attaşesi vasitəsilə Ankaraya çatdırıldığını bildirib.

Qeyd edək ki, Türkiyədə sel nəticəsində Kastamonu şəhərində 60, Sinopda 9, Bartında isə 1 nəfər həyatını itirib.
Prokurorluq Eldar Həsənovla bağlı məlumat yaydıSabiq səfir Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunmuş, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb.
Misirdəki diaspor mərkəzində ərəb dili kursunun müdavimləri ilə görüş keçirilibMisirdəki diaspor mərkəzinin binasında Qahirənin müxtəlif universitetlərində təhsil alan xarici ölkələrdən olan tələbələrlə görüş keçirilib. Onlar mərkəzdə təşkil edilmiş ərəb dili və ədəbiyyatı kursunda ödənişsiz təhsil alacaqlar.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il ərəb dili və ədəbiyyatı kursunda Uzaq Şərq və Afrikadan olan 43 müdavimin təhsil alacağını bildirib. Qeyd edib ki, təcrübəli müəllimlər onlara həftədə 3 dəfə dərs keçəcəklər.

S.Nəsirov əlavə edib ki, diaspor mərkəzində ümumilikdə 500 gənc müxtəlif fənlər, o cümlədən Azərbaycan dili, xəttatlıq, qiraət və s. üzrə kurslarda iştirak edir.

Diaspor sədri tələbələrə Azərbaycanın tarixi, mədəni irsi, müasir inkişafı, ədəbiyyatı haqqında məlumat verib. O, afrikalı və asiyalı gənclərin mənsub olduğu ölkələrlə əlaqələrimizdən də bəhs edib.

Somali, Sudan, İndoneziya və Banqladeşdən olan gənclər ərəb dili və ədəbiyyatı ilə yanaşı, Azərbaycan dilinə, ölkəmizin tarixi və mədəniyyətinə də maraqlarını ifadə ediblər.
Polisi təhqir edən vəzifəli şəxs işdən çıxarıldıBakıda polisi təhqir edən vəzifəli şəxs işindən çıxarılıb.

Nizami rayon 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Şirinov Arzuman Səttar oğlu tutduğu vəzifədən azad edilib. Buna səbəb nun bir neçə gün əvvəl polis rəisinin müavinini təhqir etməsi göstərilir.

50 saylı Mənzil Kommunal İstismar Sahəsindən A.Şirinovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda A.Şirinov karantin rejimi qaydalarını kobud şəkildə pozması və bu zaman xidməti vəzifəsini icra edən polis əməkdaşlarına qarşı kobudluq nümayiş etdirməsi barədə xəbərlər yayılıb.

Həmin xəbərlərə görə, A.Şirinov bir neçə gün əvvəl öz yaxınları ilə Nizami rayonu ərazisində fəaliyyət göstərən “Siyaqut” restoranında təyin olunmuş vaxtdan, yəni gecə saat 12-dən sonra məclis keçirdiyi üçün polis şöbəsinə aparılıb. Sərxoş vəziyyətdə olan “JEK” müdiri bölmədə polis əməkdaşlarını təhqir edib.

Xatırladaq ki, bir müddət əvvəl karantin qaydalarını pozan deputat Eldəniz Səlimovla polis əməkdaşları arasında qarşıdurma olmuşdu. E.Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını döydüyü üçün deputat toxunulmazlığı ləğv edilməklə həbs edildi. (Lent.az)