Prezident: “Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!”“Nə oldu Paşinyan?” sözlərini müharibədən sonra yox, müharibə dönəmində dedim və sonra, necə deyərlər, “mem” oldu. Əslində, mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?! Mən sizə deyim ki, müharibə bitəndən sonra evdə Mehriban xanım məndən xahiş etdi ki, sən Allah bir də “Nə oldu, Paşinyan?” demə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində söyləyib.

Müharibə dövründə hər gün həm sevincli, həm də kədərli anlar yaşadıqlarını deyən dövlətimizin başçısı bildirib: “Çünki müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, ordumuza da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik. Hər gün mənə verilən o məlumat, o raport bizim, necə deyərlər, içimizi yandırırdı. Hər ölən bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik”.

Azərbaycan Prezidenti, həmçinin qeyd edib: “Müharibənin ilk günlərində, bilirəm, bəziləri düşünürdü ki, görəsən, dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”.
"İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasının müxbirinə müsahibəsində Laçın dəhlizi ilə bağlı bəzi iddialara münasibət bildirərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz:

“Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.
Prezidentdən Xankəndi mesajı: Ermənilər...Bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq.

Avrasiya.net xəbər verir ki, bu sözləri “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Bakıdakı erməni kilsəsinin təmir olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

“O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə-bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq”.

Prezident İlham Əliyev bildirib ki, ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır və biz buna hazırıq.

Prezident Cənubi Qafqazda 3+3 formatından danışdıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev CNN Türk kanalına müsahibəsində Cənubi Qafqazda 3+3 formatına da münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı bununla bağlı danışarkən deyib:

“Mən əziz qardaşım sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfıra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir”.

Prezident İlham Əliyev qeyd edib ki, burada konkret layihələr də müzakirə oluna bilər:

“Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli məsələlərdir”.
Prezident: Biz müharibəni də ləyaqətlə aparmışıqİkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.

“Tərtər şəhərinə, - o qədər də böyük şəhər deyil, - 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhali arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
"Artıq buna son qoyulmalı idi və qoyuldu”Müzakirə prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli təxribatlar, provokasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu görürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat, provokasiya törədilirdi, bizə, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

İkinci Qarabağ müharibəsindən əvvəl - iyul və avqust aylarında da Ermənistanın buna oxşar hərbi təcavüz etdiyini deyən dövlətimizin başçısı bildirib:

“İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra - sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun nəticəsində müharibənin ilk günündə bizdə mülki əhali və hərbçilər arasında itkilər, şəhidlər olmuşdur. Təbii ki, artıq buna son qoyulmalı idi və qoyuldu”.
Azərbaycan Qurtuluş savaşına başladı… - PrezidentBu, bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi:

“Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”.
Abituriyentlərin nəzərinə! Modern və müasir təhsil ocağı - ADAU yolunuzu gözləyirƏziz seçim edən abituriyentlər, qeyd edəcəyim bir çox dəyərlərə görə Sizləri Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) seçməyə dəvət edirəm, modern, bütün müasir standartlara cavab verən, mükəmməl və müasir tədris kompleksi, ən müasir tələbə evləri, praktik vərdişlərin öyrənilməsi üçün 80 hektar sahəsi olan tədris təcrübə təsərrüfatı, elektron kitabxana, müasir tələbli universitet saytı-adau. edu. az, ADAU tv adli internet televiziyası, qardaş Türkiyənin İzmir şəhərindəki Ege universiteti və Amerikanın Oklohoma ştatının Oklohoma Dövlət Universiteti ilə ikili diplom layihələri və daha nələr…

Bizi seçin, mükəmməl təhsilə zəmanət bizdə, universiteti bitirən kimi yüksək məvacibli iş yerləri bizim Kənd Təsərrüfatı nazirliyi sistemində və özəl təsərrüfatlarda, ağıllı kənd layihələrini idarə edə biləcək mütəxəssis hazırlığı bizdə, aqrar yönümlü 14 ixtisas üzrə tam dövlət sifarişli yerlər bizdə, yüksək təqaüd təminatı bizdə, 7 ixtisas üzrə ingilis dilli, 12 ixtisas üzrə rus dili, 31 ixtisas üzrə azərbaycan dilli təhsil bizdə…

Bizi seçin, bizə gəlin!!!

İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetini rektoru
Koronaya yoluxanların sayı kəskin artdıSon gün ərzində Azərbaycan Respublikasında koronavirusa 3 508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, indiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.