ABU DİPLOMU İLƏ DEPUTAT VƏ ALİM OLMAQ?! – Salahzadənin qeyri-adi “uğurlarının” sirri...Deputat Eldəniz Səlimovun ətrafında baş verən olaylardan sonra mətbuatda və sosial şəbəkələrdə xüsusilə 2020-ci ilin növbədənkənar parlament seçkilərində ilk dəfə seçilən millət vəkillərinin bioqrafiyası və aldıqları təhsil geniş araşdırma predmetinə çevrilib. Bu zaman məlum olub ki, bir çox deputatlar ya Rusiyanın, ya Gürcüstanın və digər bu tip ölkələrin pulla diplom satan ali məktəblərini, ya da barəsində müxtəlif maddələrlə cinayət işi qaldırılmış Elşad Abdullayevin “Azərbaycan Beynəlxalq Universiteti”nin “məzunları” olublar.

Bu cür “mükəmməl” ali təhsil ocağını bitirmiş deputatlardan biri də parlamentdəki “Paşazadə fraksiyasının” (Deyilənə görə bu “fraksiyada” 8 deputat var. Onlar sırf QMİ rəhbərinin siyahısı əsasında mandat əldə edə biliblər -red.) üzvü Əliabbas Salahzadədir. Belə ki, Allahşükür Paşazadənin qudası, bir neçə çağırış Milli Məclisin üzvü olmuş Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə də Elşad Abdullayevin “Beynəlxalq Universitet”ini bitirib. 1995-ci ildə, yəni Elşad Abdullayevin “at oynatdığı” illərdə testdənkənar yolla (Həmin vaxt 200-300 dollara bu universitetin tələbə biletini əldə etmək mümkün idi-red.) “ali təhsilə” bu universitetdə qədəm qoyan və 1999-cu ildə oranı bitirən Q.Salahzadə, sonradan Azərbaycan reallıqlarının yaratdığı məlum imkanlar sayəsində yenə də testdənkənar yolla Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsinə qəbul olunub, 2002-ci ildə təhsilini başa vuraraq hüquqşünas ixtisasına yiyələnib. 2009-cu ildə isə, hətta “hüquq elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinə qədər yüksələ bilib. Yəni test yolu ilə heç olmasa 150-200 bal toplayıb, hansısa sınıq-salxaq bir fakültəyə daxil ola bilməyən bu gənc, necə olubsa, sonradan qeyri-adi savad və qabiliyyət qazanaraq, hətta alimlik dərəcəsi də ala bilib.

Bu deputatın təhsili kimi deputatlığa qədərki karyerası da maraqlıdır. Belə ki, 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən və təbii ki, mandat alan Ə.Salahzadə, 10 ilə yaxın müddətdə Sabunçu Rayon İcra Hakimiyyətində ortabab vəzifələrdə işləyib. Ancaq onun karyerasının ən maraqlı tərəflərindən biri hələ cəmi 21 yaşında Bilgəh Bələdiyyəsinin sədri vəzifəsini tutmasıdır. Sual yaranır ki, 21 yaşlı gənc Bilgəh kimi böyük yaşayış məntəqəsində qısa zamanda hansı işlər görüb, necə tanınıb ki, camaat bu cavan oğlanı bələdiyyə sədri seçib? Cavab çox sadədir – Ə.Salahzadə sadəcə, “varislik prinsipi” əsasında bu vəzifəni atası Qalib Salahzadədən (həmin vaxt deputat seçildiyi üçün) təhvil alıb. Ümumiyyətlə, belə görünür ki, Ə.Salahzadə istər bələdiyyə sədrliyinə, istərsə də deputatlıq mandatına məhz “varislik prinsipi” sayəsində yiyələnib.

Daha sonra hərbi xidmətdə olduğu üçün vəzifəsindən uzaqlaşmalı olan Ə.Salahzadə xidmət müddəti bitən kimi yenidən Bilgəh Bələdiyyəsinə sədr seçilib. Onun istər bələdiyyə sədrliyinə, istərsə də parlamentə necə seçildiyini ətraflı müzakirə etməyə, yəqin ki, dəyməz. Bunun ən yaxşı izahını 28 dəfə Həccə getmiş Hacı Qalib Salahzadə özü deputat olarkən Milli Məclisdə səsləndirmişdi: “Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. Bu dəqiqə, elə bizim Sabunçu rayonunda bələdiyyələr hamısı seçilib, kim olacağı indidən bilinir, bu camaata da deyirlər ki, gəlin səs verin. Bunu deməyə mənim cürətim çatır. Bunu bütün deputatlar bilirlər...”

“AzPolitika.info”

Bakıda 30 yaşlı kişi intihar etdiBaş Prokurorluq Bakının Xətai rayonunda baş verən intiharla bağlı məlumat yayıb.

Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, avqusun 8-i saat 01 radələrində Xətai rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlunun yaşadığı mənzildə özünü asaraq intifar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Toppuş bacı yenidən xəstəxanaya yerləşdirildiƏməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Kult.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa kimyaterapiya alacağını bildirib

“İllərdi 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacam və sağalıram da. Gəlmələrimin sayını itirmişəm. Amma kimyaterapiya üçün artıq 25-ci dəfədir bu otaqda yenə qonağam. İnşallah bunu da birlikdə yenəcəyik”, - “toppuş bacı” bildirib.
“Xaliq Faiqoğlu” 120 CNG avtobusun alınması layihəsinin icrasına başladı“Xaliq Faiqoğlu” şirkəti 120 ədəd CNG növlü iritutumlu sərnişin avtobuslarının alınması layihəsinin icrasına başlayıb.

Şirkətdən Avrasiya.net-ə verilən məlumata görə, şirkətin təqdim etdiyi tələblər toplusuna ən uyğun şərtləri Türkiyənin avtobus istehsalçılarından olan “Otokar Otomotiv ve Savunma Sanayi AŞ” təqdim edib. Beləliklə “Xaliq Faiqoğlu” şirkəti ilə “Otokar” arasında 2021-ci ilin 4 may tarixində imzalanmış müqaviləyə əsasən alınması nəzərdə tutulan 120 ədəd ekoloji təmiz CNG növlü, AVRO–6 standartlı iritutumlu avtobusların 50 ədədi artıq cari ilin sonunadək ölkəyə gətiriləcəkdir. Avtobusların növbəti hissəsinin isə mərhələli şəkildə ölkəmizə gətirilməsi planlaşdırılır.

Sərnişinlərin rahatlığı və təhlükəsizliyini daim əsas vəzifə hesab edən “Xaliq Faiqoğlu” şirkətinin istismara verəcəyi yeni nəqliyyat vasitələri “Otokar KENT LF CNG” modelləri olacaqdır ki, avtobusların 116 ədədi 12 metrlik, digər 4-ü isə 18,75 metrlik (qoşqulu) olacaqdır. Layihənin ümumi dəyəri 48 milyon 584 min manatdır və layihə “Paşabank”ın, eləcə də Türkiyədə fəaliyyət göstərən “Paşa Yatırım Bank”ın maliyyə dəstəyi ilə həyata keçirilir.

Şirkətin baş direktoru Faiq Seyidov bildirib ki, hazırda “Otokar” avtobusları Türkiyənin böyük şəhərləri ilə yanaşı Fransa, Almaniya, İtaliya, İspaniya kimi ölkələrin paytaxtlarında da xidmət göstərir: “Yeni layihənin icrası həm də xeyli yeni iş yerlərinin açılması deməkdir. Çox şadıq ki, Bakı şəhərində də bu avtobusları sərnişinlərimizin xidmətinə təqdim edə biləcəyik. Xüsusi qeyd etmək istəyirəm ki, “Otokar”ın indiyədək qəbul etdiyi ən böyük sayda CNG növlü avtobus sifarişini edən “Xaliq Faiqoğlu” şirkəti əvvəlcədən bəyan etdiyi fəaliyyət proqramına uyğun olaraq avtobus parkının yenilənməsini nəzərdə tutur. Təəssüf ki, mövcud Covid-19 pandemiyası layihələrimizin müəyyən qədər yubanmasına səbəb oldu. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtımızda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlarına uyğun olaraq, həmçinin daşıyıcılar qarşısında qanunvericiliklə müəyyən edilmiş tələblərin icra edilməsi istiqamətində işlərimizi uğurla davam etdiririk. Eyni zamanda bu layihənin həyata keçməsində böyük dəstək göstərmiş “Paşabank” rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirəm.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, xüsusilə özəl sektora göstərilən dövlət dəstəyi “Xaliq Faiqoğlu” şirkəti olaraq bizi yeni layihələr icra etməyə, fəaliyyətimizi daha da genişləndirməyə təşviq edir. Bundan sonrakı dövrlərdə də avtobus parkımızın yenilənməsi ilə bağlı ölkəmizə xarici investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Azərbaycanlı kriminal dəstə əyləncə mərkəzində saxlanıldıUkrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Kiyev şəhərində İnterpol xətti ilə axtarışda olan azərbaycanlı krminal dəstə saxlanılıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən dəstə üzvləri Kiyevə gələn turistlərin şikayəti əsasında saxlanılıb.

Dəstə üzvləri Kiyevin mərkəzində yerləşən üç əyləncə mərkəzinin ərazində fəaliyyət göstərib.

Onlar müştəriləri aldadıb, içmədiyi içkiyə, yemədiyi yeməyə görə fantastik məbləğdə hesab alıblar.

Etiraz etdikdə isə azərbaycanlı krminal dəstə tərəfindən döyülüb, pulları, mobil telefonları və qiymətli əşyaları əllərindən alınıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları apardığı araşdırma nəticəsində məlum olub ki, azərbaycanlı dəstənin üzvləri arasında İsrail və Ukrayna vətəndaşları da var.

Kiyevin Peçersk Rayon Prokurorluğunun açıqlamasına görə, dəstə üzvləri 10 nəfərdən ibarətdir. Onlar xarici vətəndaşlara qarşı soyğunçuluq və oğurluq hücumlarında şübhəli bilinirlər.

Aparılan istintaq hərəkətləri zamanı qrupun liderləri - Rusiya əsilli, maliyyə fırıldaqçılığına görə İnterpol tərəfindən axtarışda olan İsrail vətəndaşı, habelə Ukrayna və Azərbaycan vətəndaşlarıdır. Bundan əlavə, qrup üzvlərindən birinin Kiyev Patrul Polisinin üzvü olduğu üzə çıxıb.

Cinayətkar qrupun liderləri 2020-ci ilin əvvəlindən bəri 150-yə yaxın əcnəbiyə qarşı hücumun təşkilində şübhəli bilinirlər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
Yağlardan təkrar istifadənin orqanizmə təsiri açıqlanıbAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində agentlik və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisləri Aysel Məmmədova və Xədicə Doldolova yağların təkrar istifadəsinin orqanizmə mənfi təsiri haqqında məqalə hazırlayıb.

Avrasiya.net məqaləni təqdim edir:

"Yağlar yeməklərə xüsusi dad və ləzzət verir. Lakin bəzən yağlardan dəfələrlə istifadə edilərək qidalar hazırlanır. Bu zaman yağların tərkibi dəyişərək təhlükəli birləşmələrə çevrilə bilir. Dəfələrlə qızdırılan yağlarda hazırlanan qidanın istehlakı orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilir.

Araşdırmalar göstərir ki, yağların yüksək temperaturda qızdırılması mutagenlərin əmələ gəlməsinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan başqa, termal olaraq oksidləşən lipidlər membran makromolekullarının peroksidləşməsini artırır, onların mutagenliyini və genotoksikliyini yüksəldərək müxtəlif xəstəliklərə səbəb ola bilir. Yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən də açıq hava şəraitində bir neçə kimyəvi reaksiya baş verir və yağlar degenerasiya olunur, uçucu maddələr, arzuolunmaz monomerlər, polimerlər, izomerlər və sərbəst radikallar yaranır. Təkrar qızdırılmış yağdan hazırlanmış qidaların mütəmadi istehlakı orqanizmin antioksidant müdafiə sistemini poza bilir və ürək-damar xəstəliklərinin, diabetin də yaranması riskini artırır.

Təkrar qızdırıldıqda oksidləşmə nəticəsində lipidlərin deqradasiyası sürətlənir ki, bu da yağın təbii antioksidant tərkibini azaldır. Belə yağların sağlamlığa təsiri uzun müddət tədqiqatçıların diqqətini çəkib. Heyvanlar üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, oksidləşmiş və qızdırılmış yağlar orqanizm üçün olduqca zərərlidir. Belə ki, bu heyvanlarda həzm sistemi orqanlarının qıcıqlanması, qaraciyər problemləri, böyümənin ləngiməsi, müxtəlif zəhərlənmə simptomları aşkar edilib. Bundan başqa, yüksək temperaturda qızdırılaraq oksidləşmiş yağların kanserogen xüsusiyyətə malik olduğuna dair bəzi göstəricilər də mövcuddur.

İllinoys Universitetində aparılmış tədqiqatlar nəticəsində müəyyən olunub ki, yağların təkrar istifadəsi xərçəng metastazlarının inkişafını sürətləndirir. Tədqiqat üçün gəmiricilərdən bir qrupu adi soya yağı, başqa qrupu isə 16 həftə ərzində termal işlənmiş yağlarla bəslənilib. Aparılmış tədqiqat nəticəsində son mərhələdə gəmiricilərdə xərçəng xəstəliyinin yarandığı, həmçinin təkrar yüksək temperaturda qızdırılmış yağla qidalanmış siçanlarda digər qrupla müqayisədə metastazın inkişafının 4 dəfə çox müşahidə edildiyi müəyyən olunub.

Yağların təkrar istifadəsi təkcə bu qidaları qəbul edənlərin yox həm də hazırlayanların da sağlamlığına mənfi təsir göstərir. Belə ki, belə yağda qızardılmış nişastalı qidaların üst hissəsində zəhərli aldehidlər yaranır. Onlar gözün və tənəffüs yollarının selikli qişasını güclü şəkildə qıcıqlandırır, funksiyasını zədələyir. Zəhərli maddələr daxili orqanlarda, xüsusilə də sinir sistemi və qaraciyərdə daha ciddi fəsadlara səbəb olur. Ona görə də bütün zərərli təsirlərdən qorunmaq üçün yağlardan təkrar istifadəyə yol verməmək lazımdır".
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldıAzərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Avrasiya.net Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.

Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi, M.Hüseynov küçəsi 20 ünvanında vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə meşə fonduna daxil olmayan 13 ədəd şam, 6 ədəd sərv, 1 ədəd qaraağac, 5 ədəd ayland, 14 ədəd söyüd ağaclarının, cəmi 39 ədəd ağacın qanunsuz kəsilməsinə, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə 40 min 320 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.
Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdiBu ilin fevral ayında səhhəti ilə bağlı tutduğu vəzifədən azad olunan sabiq Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal rayon Məhkəməsinə şikayət olunub.

Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır.

Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apelleyasiya Məhkəməsinə şikayət verib.
Millət vəkili BNA-nı yıxıb-sürüdüÖtən gün Bakı Nəqliyyat Agentliyi (BNA) millət vəkili Fazil Mustafanın müsahibəsində qurum barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. BNA deputata şəhərdə piyada gəzməyi və ictimai nəqliyyatdan istifadəni tövsiyə edib.

Bunun ardınca isə Fazil Mustafa BNA-ya daha sərt cavab ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, millət vəkili quruma həbsxanaya aparan yolları xatırladıb:

“Ötən gün bir müsahibəmdə BNA tərəfindən həyata keçirilən soyğunçuluq mexanizmi haqqında fikirlər səsləndirmişdim. Bildirmişdim ki: "BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?" Üstəlik də hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə boynunda cəriməsi olmayan vətəndaş tapmaq çətindir. Hamımız bilirik ki, pandemiya dövründə vətəndaşların gəlirləri xeyli azalmış, insanlarımız yoxsullaşmış, məşğulluq səviyyəsi də aşağı düşmüşdür. Digər tərəfdən ölkə Prezidentinin rəhbərliyi altında 44 günlük savaşda qazanılan qələbə üçün də imkanı çatan hər bir vətəndaşımız canı ilə, qanı ilə, malı ilə böyük fədakarlıq göstərmişdir. İndi bu vətəndaş hər gün şəhərdə əksər yerlərdə iki dəqiqə avtomobilini saxlamaqla böyük bir cərimə yükünü öz boynuna götürməli olur. Üstəlik də avtobus yollarının digər nəqliyyat vasitələrinin yolunu daraltmaq hesabına zolaqla ayrılması da şəhərdə lüzumsuz tıxacların yaranmasına səbəb olur. Bütün bunların ağrısını, acısını onsuz da yoxsul vəziyyətdə olan vətəndaşımız çəkməkdədir. Bu həm də 44 günlük savaşda qələbəmizin memarı olan ölkə Prezidentinin apardığı siyasətə qarşı narazılıq elementlərinin armasına səbəb olan ciddi amillərdən biridir.

Bütün bu tənqid və iradlarıma cavab verən BNA təmsilçisi bunların ağ yalan olduğunu və Bakı Nəqliyyat Agentliyinin müqəddəs bir fəaliyyətlə məşğul olduğunu iddia etməyə çalışmışdır. Üstəlik bizim məqsədli şəkildə bu ittihamları səsləndirdiyimizi xüsusi olaraq vurğulamışdır. Burada əslində haqlılıq payı mövcuddur, çünki həqiqətən də bu irad və ittihamları səsləndirməkdə məqsədimiz var və əsas məqsədimiz də Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə oyunbazlığı vasitəsi ilə sürücülərin kütləvi şəkildə soyulmasının qarşısını almaqdır. Maraqlıdır ki, görülən işlərin miqyasını görmək üçün bu qurumun mətbuat xidmətinin rəhbəri şəxsimə alternativ iki hərəkət formasından birini seçməyi tövsiyə edib. Həm də bunun qurumun rəhbərliyi və bütün kollektivi adından edilən tövsiyə olduğunu vurğulayıb. Bunlardan birincisi, bəndənizə şəhərdə piyada gəzmək, ikincisi isə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur. Burada əlbəttə, tövsiyənin hər iki variantından aydın olur ki, qurumun rəhbəri kimi onun mətbuat xitmətinin rəhbəri də sadəcə savadsızdır. Əlbəttə, biz millət vəkili kimi öz seçki dairəmizdə seçicilərin yaşadığı yerlərə baş çəkərkən piyada gəzirik və bunu həmişə zövqlə edirik. Ancaq yuxarıda da vurğuladığım kimi, bəndəniz piyadaların soyulmasından deyil, bilavasitə avtomobilini idarə edən sürücülərin soyulmasından bəhs edib. Yəni piyada gəzməklə mənim müşahidə obyektimin nə olacağına hansısa aydınlıq gətirilməyib. Demək ki, tövsiyənin bu hissəsində piyada hərəkət deyil, özümün şəhərdə müşahidə aparmaq üçün şəxsən avtomobili idarə etməyim təklif oluna bilərdi. O isə hər kəs bilir ki, mənim, ümumiyyətlə sürücüm yoxdur və şəhərdə avtomobilimi özüm idarə etdiyimdən sürücülərin BNA soyğunçularının əlindən nələr çəkdiyini çox yaxşı bilirəm. İkinci tövsiyəyə gəldikdə isə, burada da hökmən dəqiqləşdirilmə aparılmalıydı. Ümumi şəkildə ictimai nəqliyyatla hərəkətdən söhbət gedib, ancaq bilmək istərdim ki, metro ilə getməliyəm, yoxsa avtobusla? Fərq ondadır ki, metrodakı tunellərdə soyğunçuluğu həyata geçirmək üçün praktik imkan olmadığına görə burada BNA ilə hansısa anlaşılmazlığımız ola bilməz. İşdir, əgər avtobusla hərəkətimiz nəzərdə tutulursa, avtobusa kəsilən cərimənin sərnişin statusundə mənə nə aidiyyatı olacaqdır, doğrusu bunu aydınlaşdırmaq xeyli çətindir. Bax budur, sadə bir cümləni qura bilməyənlər bir yerə yığışıb Bakı nəqliyyatını da beləcə iflic vəziyyətə salıblar. Mətbuat xidməti rəhbərinin bu tövsiyəsinin etik tərəfinə gəlincə, açığı anlaşılan budur ki, vətəndaşların kütləvi soyulması hesabına yığılan cərimələrin əhəmiyyətli hissəsi bu qurumun hesabına keçirilir. Demək ki, nə qədər vətəndaşın boğazından kəsilən pul çox olarsa, bu qurum və onun rəhbəri daha çox varlanacaq. İndi bir az yoxsuldurlar deyə, səsləndirilən iradlara doğru-dürüst izah vermək yerinə hələ ki, bir millət vəkilinə piyada gəzməyi tövsiyə edirlər, ardınca digər millət vəkillərinə bu tövsiyə ediləcək, daha da varlanandan sonra nazirlərə və daha yuxarılara piyada gəzməyi tövsiyə edəcəklər. Bu qurumun belə bir iddialı rəhbəri bu minvalla 2025-ci ildə özünün prezidentliyə namizədliyini versə qətiyyən təəccüblənmərəm. Burada da özlərini dolaşdırdıqlarının fərqində deyillər. Hamı piyada gəzməyə başlasa, əcəba indiyə qədər etdikləri görməmişliyi indi də piyadalardan cərimə pulu yığmaqlamı davam etdirəcəklər?

Bakı Nəqliyyat Agentliyi adından verilən uğursuz açıqlamada diqqət çəkən əsas məqam isə başqadır. Bu açıqlamada hər şeydən danışılmış, "ağıllı" tövsiyələr verilmiş, ancaq vətəndaşları zinhara gətirmiş cərimələrdən, onların əsassızlığından, onların vətəndaşı ölkə rəhbərliyindən narazı salmağından bircə kəlimə də olsun danışılmamış. Açığı burada hiyləgər gedişi etiraf etmək lazımdır. Ancaq hiyləgər olmaq hələ ağıllı olmaq mənasına gəlmir. Ölkə Prezidentinin vətəndaşa layiqli xidmət etmək niyyəti ilə yaratdığı Bakı Nəqliyyat Agentliyini Bakı Nəqliyyat Soyğunçuluğu Agentliyinə çevirdiyiniz üçün vətəndaşların məhkəmələrə kütləvi şikayətləri başlasa və sizlərə qarşı vurulmuş mənəvi və maddi ziyana görə kompensasiya tələbləri çoxalsa, əmin olun ki, Kürdəxanıda korrupsioner dostlarınızın yanına hansı formada getməyi millət vəkilləri hamınıza dəqiqliklə tövsiyə edəcəklər”.
Eldar Həsənovun qızı Mehriban xanıma müraciət etdiBarəsində həbs qətimkan tədbiri seçilən sabiq baş prokuror və səfir Eldar Həsənovun qızı, fəlsəfə elmləri doktoru Səbinə Hüseynova atasının kritik olan səhhəti ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Avrasiya.net müraciətin mətnini qısa ixtisarla təqdim edir:

Bu müraciəti məhz Sizə ünvanlamağım səbəbsiz deyil. Siz xalqımızın mənəvi dəyərlərinin hamisi adını ənənələrimizə sadiqliyiniz, hədsiz humanistliyiniz, böyük qəlbiniz sayəsində qazanmısınız və bizim Sizə olan sevgimizin səbəblərindən biri də budur. Ailə dəyərlərinə sayğınızla, milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətlərinizlə Siz hər birimiz üçün böyük nümunəsiniz. Sizin bu dəyərlər üzərindən ayrı-ayrı şəxslərə deyil, bütövlükdə xalqımıza göstərdiyiniz münasibət əslində xalqımızı böyük bir ailə kimi qiymətləndirməyinizin sübutu, müraciətlərinizi “Sizin Mehriban” olaraq imzalamağınız isə sözün bütöv mənasında Bizim Mehriban, Xalqın Mehribanı olduğunuzun təsdiqidir.

Ona görə də Sizə Bizim Mehriban Xanım kimi müraciət edirəm!

Atam – keçmiş səfir Eldar Həsənovun hazırda istintaqı yekunlaşmaq üzrədir. Atam özünü qətiyyən təqsirkar saymır. O, daim dövlətimizə, xalqımıza və əlbəttə ki, cənab Prezident İlham Əliyevə sədaqətlə bağlı olub. Atam xarakter etibarilə sadiq, əqidəli şəxsdir və bizi də vətənə sevgi ilə tərbiyə edib.

Hörmətli Mehriban Xanım!

Məni ən çox narahat edən atamın səhhətidir. Onun sağlıq durumu getdikcə ağırlaşır. Mən atamı itirməkdən cox qorxuram. Atam səfir olduğu vaxt bir neçə dəfə ağır əməliyyat keçirib və ciddi həkim nəzarəti altında idi. Təəssüf ki, istintaq müddətində barəsində həbs qətimkan tədbirinin seçilməsi onun həkim nəzarətindən və qayğıdan kənarda qalmasına səbəb oldu, hazırda atam çox ağır vəziyyətdədir. Ayaqları tutulub, sərbəst gəzə bilmir, ağrıları dözülməzdir və həyatı üçün ciddi təhlükə yaranıb. DTX təcridxanasında və hospitalında indiyədək 170 dəfədən artıq yıxılıb. Atam iyul ayinda çox ciddi əməliyyat keçirtdi. Onun müayinə və analizlərinin nəticələri qorxuncdur. Ona bədxassəli paroksizmal pozisyon vertiqo diaqnozu qoyulub. Bu barədə həkimlərin təsdiqlədiyi sənədlər, sübutlar var. Hər başgicəllənməsi onun sonuncu yıxılması ola bilər. Hər an onu itirə bilərik. Vəkillərin bu yöndəki məlumatlarını hər dəfə böyük sarsıntı ilə qarşılayıram.

Atamın vəkillərinin bildirdiyinə görə, 8 avqustda o, növbəti dəfə huşunu itirərək yıxılıb və xəsarətlər alıb. Ötən gün vəkilinin iştirakı ilə müstəntiqlə görüşə əlil arabasında gətirilib və DTX Hərbi Hospitalının həkimləri artıq onun çəliklə belə hərəkət etməsinin təhlükəli olduğunu bildirirlər.

Bu xəbərlərin içərisində mənim və ailə üzvlərimin nələr çəkdiyini əminəm ki, anlayırsınız. Çünki Siz də bir övladsınız və atanıza olan sevginizlə də hamımıza örnəksiniz! Razı olmayın ki, biz atamızı vaxtsız itirək və bu dəhşətli ağrı ilə ömrümüzün sonuna qədər yaşamalı olaq! Axı mənim atam qorxulu cinayətkar deyil. Bir alim, ziyalı, diplomat və hüquqşünasdır. Onun evində, övladlarının əhatəsində olması heç bir təhdid yaratmır. Sizdən dönə-dönə xahiş edirəm ki, atamın barəsində həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəzlənməsi, ev dustaqlığına buraxılması və müalicəsinin ailə üzvlərinin qayğısı və nəzarəti altında davam etdirilməsi üçün bizə yardım edəsiniz.

Əziz Mehriban xanım!

Siz bu ölkədə çox ailələri sevindirmisiniz, çox insanların müalicəsini üstünüzə götürərək, onları həyata qaytarmısınız. Sizdən xahiş edirəm, mənim atamı da mənə qaytarın, onun istintaq müddətində ev dustaqlığına buraxılması və müalicə almasına yardım edin, atamı və bizim ailəmizi xilas edin!