Bu ölkədə 40 nəfər edam olundu“Amnesti İnternəşnl” Səudiyyə Ərəbistanının G-20-yə sədrliyini təhvil verdikdən sonra ölkədə 2021-ci ilin ilk yarısında edam cəzalarının artmasına diqqət çəkib.

Axar.az xəbər verir ki, Britaniyada yerləşən təşkilat krallığın 2021-ci ilin yanvar-iyul ayları arasında 40 nəfəri edam etdiyini, bunun isə ötən ilə nisbətən çox olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanının 2019-cu ildə 185 nəfəri edam etməsinə baxmayaraq, krallığın 2020-ci ildə edam sayını əvvəlki ilə nisbətən 85 faiz azaldaraq, bu rəqəmi 27-yə endirdiyi vurğulanıb.
Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirildiBöyük qalmaqalla kariyerasını bitirən deputat Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

Avrasiya.net xəbər verir ki, bunu Modern.az-a deputatın hüquqlarını müdafiə edən vəkillərdən biri deyib.

Məlumata görə, hazırda E.Səlimovun səhhətində hər hansı problem yoxdur, özünü normal hiss edir.

Qeyd edək ki, Eldəniz Səlimov Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşını döyməkdə təqsirli bilinərək saxlanılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov üzvlükdən xaric edilib. 3 avqustda Milli Məclisin növbədənkənar sessiyasında deputatın toxunulmazlığına xitam verilib.

Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə deputat barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
İsrail Livanın raket zərbəsinə artilleriya ilə cavab verdiİsrail Silahlı Qüvvələri Livan ərazisindən raketlərin atılmasına cavab olaraq atəş açıb.

Avrasiya.net xəbər verir ki, hərbçilər Livandan İsrailə üç raket buraxıldığını aşkar ediblər, onlardan ikisi İsrail ərazisinə düşüb.

İsrail mediasının məlumatına görə, zərərçəkənlər haqqında heç bir məlumat yoxdur.

Qeyd edək ki, bu, İsrail ərazisinin Livandan son iki həftə ərzində ikinci dəfə atəşə tutulmasıdır. Əvvəlki hadisə iyulun 20-də baş vermişdi. Livan ərazisindən İsrailə iki raket atılıb. Raketlərdən birinin qarşısı Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən alınıb, digəri isə açıq bir əraziyə düşüb.
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net-in məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb.

Rəqibinə 1:9 hesabı ilə uduzan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.
“Azərsu”yun stansiya rəisi cərimələnibİyulun 31-i saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş veribvə yanğınla əlaqədar yerində araşdırma aparılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumat yayıb.

Qeyd olunub ki, araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3 500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub.

Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub. Aparılan ölçmələr zamanı müəyyən olub ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib.

Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3 000 manat cərimə olunub.

Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.
Ayaz Mütəllibov: “Şuşaya getmək istəyirəm”Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etmək arzusundadır.

Avrasiya.net xəbər verir ki, bu barədə Modern.az-a Ayaz Mütəllibov özü bildirib.

Keçmiş prezident Azərbaycan Ordusunun qələbəsini möhtəşəm qəhrəmanlıq salnaməsi adlandırıb:

“Şuşanın, ümumiyyətlə, Qarabağın işğaldan azad olunması Azərbaycan xalqının tarixində çox möhtəşəm qələbədir. Tarixçilər hələ uzun müddət bu zəfər barədə öz araşdırmalarını aparacaq və yazacaqlar. Azərbaycanın igid oğulları, hərbçiləri döyüş şücaəti göstərdilər. Bu, nəinki Azərbaycana, mən deyərdim ki, beynəlxalq aləmin döyüş tarixinə də qızıl hərflərlə yazılmalıdır. Bir daha fürsətdən istifadə edib, şəhid balalarımıza Allahdan rəhmət, əzizlərinə səbr diləyirəm. Yaralı qazilərimizə də tezliklə sağalıb, həyatda öz yerlərini tutmalarını arzu edirəm”.

Ayaz Mütəllibovun fikrincə, Şuşaya gediş-gəlişin təmin edilməsi dövlətimiz və Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir.

Sabiq prezidentin fikrincə, Azərbaycanın azad olunmuş ərazilərinə məhdud səfərlərin təşkili gələcəyə hesablanmış müdrik addımdır:

“Diplomatik nümayəndələrin, mədəniyyət xadimlərinin Qarabağa səfərləri beynəlxalq aləmdə bizim mövqeyimizin möhkəmlənməsinə xidmət edəcək. Dünya ictimaiyyəti bir daha bilməlidir ki, Şuşa Azərbaycanındır, onun əzəli və ayrılmaz bir hissəsidir. Şuşanı biz tikmişik və onu uzun müddətli işğaldan sonra geri qaytardıq. İlham Əliyevin Şuşa barəsində, ümumiyyətlə, müharibədən sonra Qarabağa münasibətdə apardığı siyasəti təqdir edirəm. Biz bunun bəhrəsini bir müddət sonra görəcəyik”.

Bundan əlavə, sabiq prezident Şuşa şəhərinin onun üçün də böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb:

“Yəqin çoxlarına məlum deyil ki, uşaqlığım Şuşada keçib. Hələ çox kiçik ikən, təxminən 4-5 yaşlarında rəhmətlik anam üçüm Cıdır düzündə güllər toplayıb gətirirdim. Buna görə, bu dilbər guşə ilə bağlı çox kövrək xatirələrim var. Təbii, imkan olsa, böyük məmnuniyyətlə gedərdim. Belə bir fürsət yaransa, mütləq Şuşaya gedəcəyəm. Nəinki Şuşaya, həmçinin Ağdama, Laçına və digər bölgələrə də getmək istəyərdim”.
Azərbaycanda yeni yemiş sortları yaradıldıTərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən yemiş bitkisinin yeni yaradılmış, daha məhsuldar və yüksək dad keyfiyyətinə malik sort və hibridlərinin dequstasiyası prosesi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bostan bitkiləri üzrə həyata keçirilən seleksiya işlərinin nəticələri nümayiş olunub. Yeni perspektiv yemiş sortlarının dequstasiya prosesində qonaq qismində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və bir sıra institutların nümayəndələri də iştirak ediblər.

Təqdim olunan sort nümunələri iştirakçılar tərəfindən bir neçə parametr üzrə qiymətləndirilib və müvafiq qeydlər aparılıb. İştirakçılar tərəfindən bəyənilmiş sort nümunələrinin qeydiyyata alınması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinə təqdim olunması məqsədəuyğun hesab edilib.
Səlimova o maddə ilə cinayət işi açmaq qanunsuzdur?Hər hansı bir şəxsə qarşı zorkılıq edilməsinə, onun döyülməsinə, şəxsiyyətinə xələl gətirən hərəkətlər edilməsinə qarşı müxtəlif maddələrlə cinayət məsuliyyəti tədbirləri nəzərdə tutulub.

Bu sözləri Axar.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov həmkarı Elçin Sadıqovun deputat Eldəniz Səlimova qarşı Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanmasının qanunsuz olması barədə mövqeyinə cavab olaraq deyib.

R.Qaraşov bildirib ki, əməlin törədilmə üsulundan və şəraitindən asılı olaraq hüquqi qiymət verilir:

“Qeyd edilən məqamda törədilən əməl ona görə vəzifə səlahiyyətlərini aşmaq hesab olunur ki, burada deputat mandatına malik şəxs öz nüfuz və vəzifəsindən sui-istifadə edib. Qanuni səlahiyyətlərini icra edən polisə təzyiq göstərib. Bu hal artıq səlahiyyətləri aşmaq hesab olunur. Çünki bu cür zorakılıq birbaşa onun vəzifəsi ilə bağlı olub. Əgər bu hərəkətlər kənarda, iki siravi vətəndaş arasında baş versəydi, təbii ki, vəzifəli şəxsin hər hansı zorakılığı hesab olunmayacaqdı. Məlumdur ki, deputat sözügedən restoranı himayə edən şəxs olub. Səlahiyyətindən istifadə edərək polisin qanuni fəaliyyətinə mane olub. Bu səbəbdən həmin maddə ilə deputata cinayət işi açılması tamamilə qanunidir”.

Qeyd edək ki, E.Sadıqov deputatın gecə vaxtı vəzifə başında olmadığını bildirərək, E.Səlimova qarşı bu maddə ilə cinayət işi açılmasının doğru saymayıb.

Rauf Zeyni "Azərsu" yanında İctimai Şuraya sədr seçilib"Azərsu" ASC yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

Avrasiya.net xəbər verir ki, “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynovun sədrlik etdiyi iclasda ilk öncə İctimai Şura iclasının gündəliyi təsdiqlənib. “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq İctimai Şuranın reqlamenti müəyyən olunub və təşkilati məsələlərə baxılıb.

İctimai Şuranın sədrliyinə Milli QHT Forumunun prezidenti Rauf Zeyninin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində R.Zeyni "Azərsu" ASC yanında İctimai Şuranın sədri seçilib.

Daha sonra İctimai Şura sədrinin müavinliyinə “Əsgər Ailələrinə Dəstək” İB-nin sədri Mətanət Cəfərova, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB-nin sədri Tələt Qəribov, Əlil Sahibkarlar Təşkilatı İB-nin sədri Mirzə Məmməd Vəliyev və “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubovanın namizədliyi irəli sürülüb.

Səsvermə nəticəsində Tələt Qəribov, Mirzə Məmməd Vəliyev və Qəmzə Yusubova İctimai Şura sədrinin müavinləri seçilib.

İctimai Şura katibliyinə isə “Beynəlxalq Hidroloji Proqram” İB-nin üzvü Aytən İmanovanın namizədliyi irəli sürülüb. Aytən İmanova səsvermə nəticəsində İctimai Şuranın katibi seçilib.

Daha sonra iclasda cari məsələlərə baxılıb.
İctimai Şuranın toplantısından sonra "Azərsu" ASC sədrinin vəzifəsini icra edən, sədrin müavini Köçərli Həsənov İctimai Şura üzvləri ilə görüşüb.

K. Həsənov sədr, müavin və katib seçilənləri təbrik edib, Şuranın işinə uğurlar arzulayıb. Şuranın “Azərsu” ASC ilə ictimaiyyət və vətəndaşlar arasında körpü rolunu oynayacağını deyən Köçərli Həsənov bildirib ki, su mənbələrinə, su təchizatı müəssisələrinə, laboratoriyalara səfərlər təşkil olunacaq, müştəri məmnunluğunun təmin olunması, şikayət və müraciətlərin həlli üçün birlikdə fəaliyyət göstəriləcək. Eyni zamanda İctimai Şuradan daxil olacaq təkliflər araşdırılaraq aidiyyatı üzrə qərarlar qəbul olunacaq.

Daha sonra İctimai Şura üzvləri fikir və təkliflərini bölüşüblər.