Ukraynada azərbaycanlı gənc qətlə yetirildiŞəmkir sakini Ukraynada odlu silahla qətlə yetirilib.

Avrasiya.net xəbər verir ki, hadisə Odessa şəhərində baş verib. İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Məmmədov öldürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ rəsmi məlumat yoxdur.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
"Kreml Jirinovski kimi sərsəmin iki dövlət arasında təxribat yaradacaq hərəkətlərinə yol verməməlidir"Vladimir Jirinovski erməni lobbisinin və Rusiya siyasi dairələrində kök salmış erməniapərəst siyasi qüvvələrin diktəsilə hərəkət edir...

Bunu siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov Rusiya Liberal Demokrat Partiyasının sədri‚ Vladimir Jirinovskinin Azərbaycanın ünvanına səsləndirdiyi qeyri-etik ifadələrdən danışarkən deyib.

M.Məmmədov bildirib ki‚ Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin psixoloji problemləri olduğu bütün dünyaya bəllidir. Dünya mətbuatı Jirinovskinin düşüncə tərzində və daxili təxayülündə ciddi problem olduğunu bilir. Yəni bu adam normal düşüncə tərzinə malik bir şəxs deyil və sadəcə kimlərinsə oyuncağı olan‚ daim robot kimi diktə və göstərişlə əməl edən‚ buna uyğun şəkildə mütamadi olaraq rəngini dəyişən bir Buqələmumdur. Şübhəsiz ki‚ Jirinovskinin bir neçə gün öncə Azərbaycan rəhbərliyi və ölkəmiz haqqında dilə gətirdiyi qərəzli və düşmənçilik toxumu səpən fikirləri də o Buqələmumu idarə edən məkrli və mənfur əllərin sifarişidir.

Bəlkə hansı reaksiya ilə qarşılaşacaqlarını görmək və bilmək istədilər‚ amma və lakin Azərbaycan xalqının mövqeyini əks etdirən geniş icmaiyyət kütləsi‚ ziyalı kəsim‚ nüfuzlu insanlar Jirinovskinin və onun ardında olan sifarişçilərin cavabını layiqincə verdilər. Vladimir Jirinovskini ölkəmizin əleyhinə danışdıran mənfurlar‚ bir daha Azərbaycan xalqının sərt reaksiyası və kəskin etirazı ilə qarşılaşdılar. Gördülər ki‚ Azərbaycanda güclü xalq və dövlət birliyi mövcuddur. Kimlərsə Jirinovskinin timsalında hansısa mesajlar verməyə çalışdısa və siyasi təxribat törətməyə çalışdısa da‚ məhz hərəkətləri özlərinin əksinə çevrildi. Azərbaycan ictimaiyyəti lazım olan reaksiyanı göstərdi və Vladimir Jirinovskiyə və ona diktə edənlərə sərt cavab verdi.

Jirinovskinin Azərbaycan rəhbərliyi və ölkəmiz haqqında səsləndirdiyi fikirlər Rusiya və Azərbaycan münasibətlərinə zərbə vuran haldır. Rusiya siyasi elitasındadakı ağıllı siyasətçilər və Rusiya dövlətinin strateqləri‚ ideoloqları Jirinovski kimilərinin hər iki ölkənin dostluq münasibətlərinə zərər vuran hərəkətlərinə və danışıqlarına yol verməməlidir. Rusiya hökuməti Jirinovskilərin yaratmaq istədiyi təxribata getməməli və bu cür halları Rusiyanın milli və dövlət maraqlarına qarşı təhdid halı kimi qiymətləndirərək qarşısını almalıdır. Açıq aydın görnünür ki‚ kimlərsə Jirinivskinin timsalında Rusiya və Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır və ümidvarıq ki‚ Rusiya rəhbərliyi bu kimi halların qarşısını alacaqdır.
Xaçmaz şəhər bələdiyyə sədrinin naşılığı və ya “hökmlü” sədr kimə oxşamaq istəyir?Dünən Milli Məclisin üzvü Eldəniz Səlimovun toxunulmazlıq hüququ ləğv edilərək barəsində məhkəmənin qərarıyla üç aylıq həbs qəti imkan tədbiri seçildi. E.Səlimovun Xaçmaz rayonunu təmsil etməsi diqqətimi yenidən bu rayona çəkməyimə səbəb oldu. Yəni polisə qarşı zorakılıq etməsi, üstəlik təmsil olunduğu ərazidə külli sayda ağac kəsilməsində iştirakının olması ilə gündəmə gəlməsi onun xarakterində ciddi dəyişikliyin olmasını üzə çıxardı. E.Səlimovun müəyyən mənada qanuna və vətəndaşa hörmət qoymaması ilə bağlı utancverici hərəkəti Xaçmazla bağlı üzləşdiyim bir məqamı ictimailəşdirməyə bir növ təkan verdi.

Bizim iyirmi illik fəaliyyətimizdə əsas məqsədimiz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakıyla təsis edilən bələdiyyə sisteminin inkişafına dəstək vermək, fəaliyyətlərini təbliğ etmək, qarşılaşdıqları problemləri ictimailəşdrimək olub. Bunun üçün təsis etdiyimiz QHT-nin və Belediyye.info saytının imkanlarından da yetərincə istifadə etməyə çalışırıq.

Bununla yanaşı biz daim digər bələdiyyələr kimi Xaçmaz bələdiyyəsinin də fəaliyyətini izləyir, hətta vergi sistemində tətbiq edilən yeniliklərin ictimailəşdiriməsinə çalışmışıq. Bununla bağlı 2014-cü ildə sənədsiz mənzillərlə bağlı sədri olduğum QHT-nin layihəsi çərçivəsində təşkil edilən seminarın birini məhz Xaçmaz bələdiyyəsinin inzibati binasında keçirmişik. Və həqiqətən də maraqlı bir görüş alınmışdı.

Lakin 2019-cu il seçkilərindən sonra formalaşan yeni tərkib bələdiyyə üzvləriylə əlaqələrin qurulmasına çalışsaqda təəssüf ki, qarşı tərəfin etinasızlığı və bəlkə də məsuliyyətsizlyi ucbatından alınmamışdı. Təəssüf edirik ki, 14 aylıq fəaliyyətdən sonra Tural İbrahimov vəzifəsini tərk edib və hazırda barəsində pandomiya dövründə saxta sənəd verdiyinə görə cinayət işinin açıldığı deyilir. Bu məlumatın nə qədər həqiqətə uyğun olub olmadığı deyə bilmərik, amma onu bilirik ki, T.İbrahimovun heç də könüllü istefa vermədiyi göz qabağındadır. Birmənalı olaraq.

Bir müddət öncə isə yeni seçilən bələdiyyə sədri Tural Məlikov olduğunu öyrəndik, çətinliklə də olsa nömrəsini tapıb, zəng etdik. Təbrik etdik və ilk gündən fəaliyyətinin təbliğ olunmasını, altıaylıq hesabatını ictimailəşdirilməsini və sonda saytdakı rubrika üçün kabinet şəklinin və tərcümeyi-halını göndərməyi xahiş etdik. Razılaşdıq. Söhbətdən razı qaldım və ümid etdim ki əvvəlki sədrdən fərqli olaraq yeni sədr ictimaiyyəti üçün daha açıq olacaq. Sonra isə Xaçmaz bələdiyyəsində sədr dəyişikliyi ilə bağlı məlumatı sayta yerləşdirdik. Əldə etdiyimiz məlumatları isə olduğu kimi təqdim etdik. Dərhal ard-arda zənglər gəldi. Və sədrin təhsili ilə bağlı məqamların heç də həqiqətə uyğun olmadığı deyildi. Hətta bununla bağlı diqqətli olmağımızı və düzəliş etməyimiz xahiş olundu. Əslində isə sədrin ali təhsil alıb-almaması və fəaliyyəti növbəti yazının mövzusu olacaq. Çünki bu istiqamətdə ilkin araşdırmalarımız ortada bəzi qaranlıq məqamların olduğunu üzə çıxarıb. Nə isə...

Üstündən, 10 gün keçər-keçməz Votsap vasitəsiylə sədrə müraciət edərək salamdan sonra xatırlatma yazaraq danışığımıza uygun cavab göndərməyi xahiş etdik.

Yazışmanı olduğu kimi oxucuların müzakirəsinə təqdim edirəm. Lakin bəzi detala bir qədər geniş toxunmaq istərdim. Hər kəsin oxumasını xahiş edirəm:

- Salam, dediklərimizdən bir xəbər çıxmadı: hesabat, cv, kabinet şəkli və birdə əməkdaşlıq. Sonda sizdə familiyanız İbrahimovdur ya Məlikov.- mənim bu sözümə sədrin cavabı:

- “Gələcəkdə nəzərə alarıq, hal-hazırda vəsait olmadığı üçün mümkün deyil. Özümüz əlaqə saxlayarıq”

- Mənə hesabatınızı göndərməyiniz daha vacibdir. Bu haqda söz yazmamışam axı. Yazdığımıza cavab gəlmədi. Narazı qalıram. Son olaraq əleykə salam yazıb sonra mətləbə keçmək lazım idi.

- Sədrin cavabı: - Mənə nə isə öyrətməyə ehtiyac yoxdur. Biz vacib orqanlara hesabatımızı göndəririk. Özünüzü müstəntiq kimi, məni də cinayətkar kimi görmüyün.

Bəli, bu qısa yazışmadan qənaətim ondan ibarətdir ki, sədrin təcrübəsi sıfıra bərabərdir. Yəni müəmmalı təhsil alan, cəmi üç illik iş təcrübəsi olan sədr yerli orqanda çalışdığı müddətdə bələdiyyə qanunvericiliyini yaxından öyrənməliydi. Bilməliydi ki, hesabatın təqdim edildiyi əsas istiqamət ilk olaraq ona səs vermiş 3268 nəfər şəhər sakinləridir. Məhz bu təqdimatdan sonra hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməli, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılmalıdır. Bununla yanaşı sədr Tural Məlikov bələdiyyə üzvünün etik-davranış qaydalarını oxumuş olsaydı, onda istənilən şəxslə, vətəndaşla və xüsusən də media orqanın təmsilçisiylə hansı məzmunda danışmalı olduğunu bilməliydi.

Bu davranışdan gənc sədrin oxuyub öyrənməsi bir yana, təcrübə qazamağı bir yana özünü həmyerlisi Eldəniz Səlimov kimi aparması və hökmlü sədr kimi göstərmək istəyində olması hiss olunur. Amma sədrə demək istəyirəm ki, bu xarakterlə çox da uzağa getmək olmaz.

Hər halda millət vəkilinin hərəkəti Xaçmaz sakinlərinə heç bir hörmət-izzət gətirmədiyi kimi, sədrin bu davranışı da bələdiyyə üzvlərinə hörmət gətirmir...

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

P.S.S. Qarşı tərəfin fikrini və məsələ ilə bağlı arqumentlərini verməyə hazırıq.

Vüqar Tofiqli
Generalın daha bir cinayəti: Oğluna görə əsgər yanaraq ölüb - FOTOHəbsdə olan general Rövşən Əkbərovun əməlləri barədə yeni faktlar ortaya çıxıb.

Onun haqqında başqa bir cinayət işi də açılıbmış.

Belə ki, 2007-2009-cu illərdə hərbi hissə komandiri olduğu dövrdə tabeliyində olan əsgərlər onun evində və obyektlərində işlədilib. Rəsmi sənədlərdə obyektin mülkiyyətçisi Telman Əkbərov olsa da, rəsmi qaydada N saylı hərbi hissənin giziri İbrahim Həsənov onu icarəyə götürüb.

Məlumata görə Rövşən Əkbərovun atasının adını daşıyan Telman adlı oğlu var.

Telmanın adına olan obyektin bir hissəsi mebel sexi, bir hissəsi şirniyyat, bir hissəsi isə mağazadır.

İşin ilginc tərəfi budur ki, general əlində olan imkanlardan sui-istifadə edərək həmin obyektdə əsgərləri işlədib. Həmin zaman da yanğın baş verib. Nəticədə bir əsgər ölüb, qalanları isə xəsarət alıb.

Hadisəyə görə cinayət işi gizir Həsənova qarşı açılıb. Ona yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsilə ittiham irəli sürülüb və cinayət məsuliyyətinə cəlb olunub.

2009-cu ildə hərbi hissənin başqa vəzifəli şəxsləri, o cümlədən general Rövşən Əkbərov haqqında da Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsilə cinayət işi ayrılıb, amma o işə xitam verilməyib.

İndi Rövşən Əkbərovun həbsindən sonra həmin cinayət işi yenidən araşdırılıb.

Və bu iş də generala qarşı irəli sürülən ölüm işinə işinə birləşdirilib.

Nəticə isə belə olub ki, araşdırma aparılıb və Rövşən Əkbərovun əməlində Cinayət Məcəlləsinin 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddəsinin tərkibi olsa da, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Ona görə də ərizəsiylə, eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) maddəsinə əsaslanaraq, cinayət təqibinə xitam verilib.

Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, R.Əkbərov ittihamları qəbul etmir. (Musavat.com)


Paşinyan İrana səfərə gedirErmənistan Baş naziri Nikol Paşinyan İrana səfər edəcək.

Axar.az bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Səfər avqustun 5-də başlayacaq. Səfər zamanı Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Nikol Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə dəvət olunub.
Azərbaycanda yoluxma 1000-ə yaxınlaşır - 5 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 346878 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.

Ölkədə son sutka ərzində 10465 hazırkı dövrədək isə 4070700 test aparılıb.
“Hərbi mövzuda yazarkən ölçüb-biçməlidirlər”“Dünəndən etibarən Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları barədə çoxsaylı informasiyalar yayılır. Çox təəssüf ki, bu məlumatlar kontekstdən çıxarılır, təhrif edilir, ehtimallar üzərində qurulur. Bu, çox təəssüfedicidir. Bu baxımdan Müdafiə Nazirliyinin narahatlıq keçirməsi də başadüşüləndir”.

Avrasiya.net xəbər verir ki, bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib. O vurğulayıb ki, jurnalistlər, sosial şəbəkə istifadəçiləri nazirliyin müraciətini nəzərə almalıdırlar: "Bu yöndə informasiya paylaşımında dəqiqlik amilini gözləməli, rəsmi dairələrlə dəqiqləşdirmə aparmalıdırlar. Əlavə olaraq qeyd etmək istərdim ki, iki ölkə arasında mübahisələrin davam etdiyi şəraitdə “Hərbi informasiya mərkəzi”nin fəaliyyətinin davam etdirilməsini zəruri sayıram.

44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan “Hərbi informasiya mərkəzi”nin dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlər keçirməsi, jurnalistlərin suallarının operativ cavablandırılması çox faydalı idi. Jurnalistlərə imkan verirdi ki, istədikləri sualları operativ şəkildə dəqiqləşdirsinlər, Azərbaycan cəmiyyətini doğru, düzgün məlumatlarla təmin etsinlər”.

M. Ələsgərli qeyd edib ki, Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olsa da, iki ölkə arasında sülh sazişi hələ ki, imzalanmayıb, sərhədlərin delimitasiya və demarkasiyası başa çatmayıb: “Ermənistanın revanşist qüvvələri hələ də toparlanmaq, qisas almaq haqqında düşünürlər. Bu proseslər başa çatmayınca, iki ölkə arasında sülh sazişi imzalanmayınca, ayıq-sayıqlığı itirməməliyik, düşmənə şans verməməliyik. Bilməliyik ki, düşmən pusqudadır, hər addımımızı izləyir. Xüsusi olaraq, Azərbaycan mediasını, sosial şəbəkə platformalarının Azərbaycan seqmentini çox diqqətlə izləyirlər, burada yayımlanan bütün informasiyaları təhlil edirlər, həmin informasiyalar əsasında ölkədəki durumu dəyərləndiririlər, bəzən kontekstdən çıxarıb ölkəmiz haqqında yanlış rəy də formalaşdırırlar.

Ötən həftə Ermənistanın analitik mərkəzləri tərəfindən yayımlanan hesabatı gördük. Azərbaycan mediasının son 3 aylıq monitorinqininin nəticələrinə həsr edilmişdi. Bu faktın özü göstərir ki, Azərbaycan mediası, sosial şəbəkə seqmenti düşmən tərəfindən necə diqqətlə izlənilir, müşahidə olunur. Xüsusən, hərbi mövzuda yazı yazarkən, informasiya paylaşarkən, hər bir cümləni diqqətlə ölçüb-biçməlidirlər. Bu, həm də qanunlarımızın tələbidir. Mövcud qanunlar hərbi mövzuda informasiya paylaşarkən həssas yanaşmanı tələb edir.

2014-cü ildən başlayaraq, informasiya təhlükəsizliyini ehtiva edən qanunlara əlavə və dəyişikliklər edilib, bütün nüanslara aydınlıq gətirilib. Həmçinin, Prezident İlham Əliyevin mövzu üzrə bir neçə sərəncamı olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Prezidentin 2014-cü il 24 sentyabr tarixli sərəncamını bu baxımdan dönüş nöqtəsi hesab etmək olar.

Bütün bu qanunlarda, sərəncamlarda çox aydın şəkildə göstərilir ki, xəbər istehsalçıları hərbi mövzuda informasiya hazırlayarkən, necə davranmalıdırlar. Çox təəssüf ki, əksər xəbər istehsalçıları, hətta bəzən jurnalistlərimiz də bu qanunları görməzdən gəlirlər, hərbi mövzuda informasiya yayarkən, dəqiqləşdirilməmiş, ehtimallar üzərində qurulan xəbərlərə üstünlük verirlər”.
“Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları üzərində qurulub”Musavar Hamid Tanoli: “İrəvan təzminat ödəmək gücündə deyil, amma diğər ödəniş vasitəsi kimi seçim qədim Zəngəzurun Azərbaycana qaytarılması ola bilər”

Pakistan - Azərbaycan arasındakı dostluq və qardaşlıq bu günün mövzusu deyil. Pakistan İndoneziyadan sonra ən böyük əhalisi olan ikinci müsəlman dövlətidir, nüvə silahına malikdir, əhalisi 250 milyondur. Onu da xatırladaq ki, 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr Pakistanın dəstəyi ilə qəbul olunub.

Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub.
Pakistan həmçinin Azərbaycanın bəzi ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. Azərbaycan da beynəlxalq tədbirlərdə Kəşmir məsələsində Pakistanın yanında olduğunu nümayiş etdirir.

44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılmasıdır. O bayraq Pakistanın idi.
İyun ayında Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti, bir neçə günsonra Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanın Bakıya sədəri iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi və möhkəmlənməsindən xəbər verib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Bacva deyib: "Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir".

Prezident Əliyev də öz növbəsində Pakistanın və Azərbaycanın iki qardaş ölkə olduğunu və İslamabadın Bakıya verdiyi dəstəyi qeyd edib: "Biz, xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq".

Ötən ayın sonlarında isə Milli Məclisdə qardaşlığımızın, dostluğumuzun əyani təcəssümü olan "Bakı Bəyənnaməsi" imzalanıb. Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən imzalanan bəyannamə həmçinin ölkələrimiz arasında olan münasibətlərin daha da dərinləşdirməsinə, habelə parlament səviyyəsində də əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Xalq Cəbhəsi”nin növbəti müsahibi Pakistanın tanınmış gənc politoloqlarından biri, eynəlxalq məsələlər üzrə ekspert, Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanolidir.

- Azərbaycan-Pakistan-Türkiyə birliyi nə deməkdir? Bu ittifaq gələcəkdə hərbi bloka çevrilə bilərmi və bu zaman nə baş verə bilər?

- Pakistan, Azərbaycan və Türkiyə mədəni, tarixi və dini yaxınlıqlara əsaslanan ümumi dəyərləri bölüşür. Pakistan-Azərbaycan-Türkiyə birliyi bu ölkələr arasında sosial, siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlıq deməkdir. Pakistan Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir. Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva Bakıda iki günlük rəsmi səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. O, qarşılıqlı maraq doğuran məsələləri, Əfqanıstanın sülh prosesində son inkişafları da daxil olmaqla regional təhlükəsizlik vəziyyəti, ikitərəfli müdafiə və təhlükəsizlik əməkdaşlığı müzakirə edib. 23 iyun 2021 -ci ildə Ordu qərargah rəisi general Bacva Türkiyəyə də rəsmi səfər edib və Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşüb. Cənab Bacva Türkiyədə də qarşılıqlı maraqları, regional təhlükəsizlik vəziyyəti və ikitərəfli təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. General Bacva Türkiyənin bölgədəki əsas müsəlman ölkələrindən biri olduğunu söyləyib. O, rəsmi olaraq Türkiyə və Azərbaycana səfər edərək ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib, amma gələcəkdə bu əməkdaşlıq üçtərəfli hərbi əməkdaşlığa gətirib çıxaracaq. Ola bilər ki, bu ilin sonunda Pakistan, Azərbaycan və Türkiyə hərbçiləri tərəfindən Qarabağda birgə hərbi təlim keçirilsin. Hərbi blok Ermənistana birbaşa təsir edəcək, çünki Pakistan Ermənistanı ölkə kimi tanımır, digər tərəfdən Türkiyənin Ermənistanla yaxşı münasibətləri yoxdur. Pakistan, Azərbaycan və Türkiyə arasındakı hərbi ittifaq güclü bir təsir yaradacaq, ancaq bölgəyə və ya Avropa Birliyi, ABŞ, Çin və ya Rusiya kimi böyük güclərə təsir etməyəcək.

- Türkiyə NATO üzvüdür, Azərbaycan yeni müstəqil respublikadır, Pakistan isə Cənubi Asiyada yerləşir. Bu ölkələrin bir yerdə olması geostrateji baxımdan nə vəd edir?

- Xoşbəxtlikdən Pakistan, Azərbaycan və Türkiyə öz bölgələrində ən yaxşı geostrateji mövqelərdə yerləşir. Ticarət və əsas neft və qaz boru kəmərləri Azərbaycandan Rusiya və Avropaya keçir. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars regionda, xüsusilə Azərbaycanın enerji siyasətində mühüm rol oynayır. Türkiyə Avropa, Yaxın Şərq və Avrasiya bölgəsini də birləşdirir. Pakistana gəldikdə, bölgədə strateji əhəmiyyətə sahibik. Pakistanın cənubunda ölkəni Orta Asiya, Avrasiya, Yaxın Şərq və dünyanın qalan hissəsi ilə birləşdirməkdə əhəmiyyətli rol oynayacaq isti su limanları mövcuddur. Bu, Pakistan, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək. Əfqanıstan və İrandakı vəziyyətin qeyri-sabitliyi üzündən Tehran Pakistan, Azərbaycan və Türkiyəni birləşdirən birgə layihələrin hazırlanmasında əngəl yaradır. Yəni, İran Azərbaycan və Türkiyə ilə də əlaqə qurur, lakin rəsmi Tehrana qarşı iqtisadi sanksiyaların qeyri-sabitliyi, Əfqanıstandakı terrorizmlə bağlı qeyri -sabitlik birgə layihələrə mane olur.

- Pakistan-Azərbaycan dostluğu hansı ölkələri qıcıqlandıra bilər və səbəbləri.

- Xüsusilə 44 günlük İkinci Qarabağ savaşından sonra Pakistan və Azərbaycan arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi Ermənistan və Hindistanı qıcıqlandırır. Azərbaycanın zəfəri və işğal olunmuş ərazilərin azad edilməsi, eləcə də Bakı küçələrində bu ölkələrin bayraqlarının dalğalanması Ermənistan və Hindistan başdqa olmaqla əksər dövlətləri qıcıqlandırır. Səbəb Pakistanın Ermənistanı tanımaması və Azərbaycanı dəstəkləməsidir. Kəşmir məsələsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və beynəlxalq hüquqa əsasən Pakistanı dəstəkləyir. Bunlar Pakistan və Azərbaycanın düşmənləri üçün problem yaradan bir neçə səbəbdir.

- Azərbaycan Pakistan üçün nə deməkdir?

- Azərbaycan Pakistanın, Pakistan xalqının, xüsusən də pakistanlı gənclərin qardaşı və dostu hesab olunur. Pakistan, Azərbaycan və Türkiyə bayraqlarını küçələrdə, binaların üzərlərində və avtomobillərdə görən pakistanlıların 44 günlük müharibədən sonra qalib Azərbaycan xalqına olan sevgisi artıb. İndi pakistanlılar Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərə getmək istəyirlər. Pakistanla Azərbaycan arasında gəncliyi və mədəni əməkdaşlığı gücləndirməliyik.

- Pakistan Ermənistanı müstəqil ölkə kimi tanımadı. Ancaq hansı vəziyyətdə tanıya və onunla münasibət qura bilər?

- Düzdür, Pakistan Ermənistanı müstəqil bir ölkə kimi tanımadı, amma Qarabağın həllindən sonra, mənim fikrimcə, Ermənistanı bir dövlət olaraq tanımaq və diplomatik əlaqələri inkişaf etdirmək barədə fikirləşmək olar. Daha aydın desəm, əgər Ermənistan sülah sazişinə əməl edərsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, bir daha işğalçılıq siyasəti barədə düşünməzsə, o zaman Pakistan Ermənistanla ələqlər qura bilər.

- İran Pakistan kimi güclü bir ölkənin Azərbaycana dəstəyini qəbul edə bilərmi?

- İkinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycanı dəstəkləyən hər hansı bir bəyanatını görmədik və hətta İran üzərindən Ermənistana hərbi texnikanın göndərildiyi ilə bağlı bəzi video görüntüləri gördük. İranın bu dostluğu qəbul edib, etməyəcəyinə gəldikdə, Pakistanın Azərbaycana qarşı qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan dostluq siyasəti olduğu üçün bunun əhəmiyyəti yoxdur.

- Pakistanın Qarabağda aparılan bərpa işlərində iştirak etmək və ora sərmayə qoymaq istəyini necə görürsünüz?

- Pakistan da Qarabağı yenidən qurmaqda maraqlıdır, lakin bölgələrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən torpaqlara əkildiyi mina xəritələri məsələsi var. ANAMA -nın məlumatına görə, Ağdam və Füzuli rayonunda 90 mindən çox mina yerləşdirilib. Mina xəritələri Azərbaycana erməni hərbçilərinin əvəzinə verilir. Məncə, xüsusilə Pakistan şirkətləri tərəfindən Qarabağa sərmayə qoymaq yaxşı bir fürsətdir. Mən də Azərbaycan şirkətlərini Pakistana sərmayə qoymağa çağırıram.

- Siz tarixdən bilirsiz ki, bu gün Ermənistan adlı dövlət Azərbaycanın tarixi və qədim torpaqları üzərində qurulub.

- Bəli, Ermənistan Azərbaycanın qədim torpaqları üzərində qurulub. Amma təəssüflər olsun ki, dünyanın bir çox ölkələri və böyük beynəlxalq təşkilatlar Ermənistanı bir dövlət kimi tanıyıb. Qrabağı işğal etməklə Ermənistan bir daha təcavüzkar olduğunu isbatladı. Qarabağ azad edildi, amma Azərbaycanın digər tarixi əraziləri Ermənistandan azad etmək çətindir. Baxmayaraq ki, Azərbaycan bunu edə biləcək gücə və imkanlara malikdir, lakin bu, beynəlxalq hüququn pozulması demək ola bilər. Bütün Ermənistanın Azərbaycan torpaqları olmasına baxmayaraq.

- Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi dağıtdı, yeraltı və yerüstü sərvətlərimizi taladı...

- Bilirəm. Ermənistan məscidlər və digər yerlər də daxil olmaqla Azərbaycanın mədəni irsini məhv edərək hərbi cinayətlər törətdi. Buna görə Azərbaycana təzminat ödəməlidir. Amma Ermənistan iqtisadi vəziyyətinə görə təzminat ödəyə bilməyəcək. Fikrimcə, Ermənistan dost ölkələrindən kredit götürü, pul təzminatı ödəməyə çalışacaq. Amma ödəyə bilməzsə, ərazinin bir hissəsini Azərbaycana təzminat əvəzi qaytarmalıdır. Seçim Zəngəzuru Azərbaycana vermək ola bilər.

- Pakistanın Cənubi Qafqaza gəlişi, yəni Azərbaycanla dostluğu hansı hallarda bölgəni öz təsirində saxlayan Rusiyanı narahat edə bilər?

- Pakistan heç bir ölkə ilə müharibə etmək niyyətində deyil, Cənubi Qafqaza yalnız ticarət məqsədi ilə gələ bilər. Bundan başqa bu üş ölkənin bir yerdə olması Pakistan, Azərbaycan və Türkiyə hərbçiləri arasında əməkdaşlığı gücləndirəcək. Silahlı sistemlər və pilotsuz təyyarələr almaqla yanaşı, birgə təlimlər keçirərək ölkələrimiz arasında hərbi sahədəki əməkdaşlığı gücləndirə bilərik. Bu, Rusiyaya heç bir təsir yaratmayacaq, Pakistanın Rusiya ilə yaxşı münasibətləri var. Ümid edirəm ki, Rusiya Pakistan, Azərbaycan və Türkiyənin ticarət -iqtisadi əməkdaşlıq təşəbbüsünü alqışlayacaq.

- Azərbaycan-Türkiyə-Pakistan ittifaqında daha hansı ölkələri görmək istərdiz?

- Yaxın Şərq ölkələri, başda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt olmaqla digər ölkələr bu birliyə daxil olmaqla Pakistan, Azərbaycan və Türkiyə əməkdaşlığı daha da gücləndirə bilər. Fikrimcə, bütün İƏT ölkələri iqtisadi, həm də hərbi cəhətdən Pakistan, Azərbaycan və Türkiyəyə qoşula bilərsə, bu, Rusiya, ABŞ və Avropa Birliyinə böyük təsir göstərəcək.

- Bu birlikdən narahat ola biləcək bir çox ölkə var. Məsələn, Hindistan...

- Hindistan 44 günlük müharibə zamanı heç bir açıqlama vermədi, lakin hindlilərə gəldikdə Ermənistana çox dəstək verirdilər. Arxa qapı diplomatiyasında Hindistan Ermənistanı dəstəkləyib, çünki Pakistan Azərbaycanın yanında olduğunu bildirib. Hindistanın Azərbaycanla birbaşa konflikti yoxdur, ancaq Pakistanın dəstəyi sayəsində Hindistan Ermənistanı dəstəkləyə bilər. Hindistanın diplomatik xəbərlərinə görə, rəsmi Dehlinin Ermənistana ixracı son iki ildə üç dəfə artıb. 2017 -ci ildə təxminən 19 milyon dollar, 2019 -cu ildə isə 61 milyon dollar olub. Təəssüf ki, Hindistan və Ermənistanla müqayisədə ticarət həcmimiz çox aşağıdır. BMT-nin beynəlxalq ticarət haqqında məlumat bazasına görə, Pakistanın Azərbaycana ixracı 2020 -ci ildə 3,78 milyon dollar təşkil edib. Biz Pakistanla Azərbaycan arasında ticarət əməkdaşlığını yaxşılaşdırmalıyıq.

- Rus sülhməramlıları Qarabağdadır. Müqaviləyə görə, beş ildən sonra ərazini tərk etməlidir. Rusiya və sülh anlayışını necə qəbul edirsiniz?

- Sülhməramlı qüvvələrin məqsədi müəyyən bir ölkənin tərəfində durmamaq üçün bölgədə sülhü qorumaqdır. Müqaviləyə əsasən, Azərbaycanla Ermənistan arasında sülh saxlanılacağı təqdirdə Rusiya beş ildən sonra Qarabağı tərk edəcək. Bu, bölgənin sabitliyindən asılıdır. Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs razılaşmasının pozulduğu barədə məlumatım var, bu addım gərginliyi daha da artıracaq. Bu cür pozuntular rus qoşunlarına Qarabağda qalmaları üçün daha çox vaxt verəcək.

- Azərbaycan-Pakistan-Türkiyə gənclər forumunun rəhbərisiniz. Azərbaycanı Pakistanlı gənclərə necə tanıdırsınız?

- Məqsədim bu ölkələrin həqiqət mənzərəsini göstərmək, Qarabağ kimi problemlər və gərginliklə bağlı fakt və rəqəmləri bölüşməkdir. 44 günlük müharibə zamanı mən öz komandamla birlikdə Ermənistanın törətdiyi hərbi cinayətləri və vəhşilikləri, xüsusən də Gəncə şəhərinin bombalanması hadisəsini paylaşırdım. Hətta müharibə zamanı Ermənistan qanunsuz və müharibə qaydalarına zidd olan şəhərləri bombaladı. Məqsədim Pakistan, Azərbaycan və Türkiyənin önəmli günlərini qeyd etmək, üzvlərimizə o günlərin əhəmiyyətini izah etməkdir. Bundan əlavə, Pakistan-Azərbaycan-Türkiyə xalqları arasında mədəni və sosial anlayışı inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Sonda deyərdim ki, gələcəkdə Pakistan, Azərbaycan və Türkiyə arasında gənclik və mədəni əməkdaşlığı gücləndirmək ümidindəyəm. Yaşasın Pakistan, Azərbaycan, Türkiyə qardaşlığı və dostluğu.
Pir Nur-ul Həqq: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Pakistanda milli Qələbə kimi qarşılanıbPakistan və Azərbaycan xalqları qardaşdır və pakistanlılar 44 günlük müharibəni özlərinin ədalətli mübarizəsi kimi qiymətləndiriblər. Qardaş ölkənin bu müharibədə böyük Zəfəri və öz torpaqlarını işğaldan azad etməsi də Pakistanda milli Qələbə kimi qarşılanıb. Bundan sonra Pakistan qardaş Azərbaycanla birlikdə həmin torpaqlarda quruculuq işlərinin aparılmasını, ermənilərin dağıtdıqları dini, tarixi abidələrin, məscidlərin bərpasını həyata keçirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qahirədə Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin təşkilatçılığı ilə keçirilən “Fətva evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri və əməkdaşlıq mexanizmləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Pakistanın dini işlər və vəqflər naziri Pir Nur-ul Həqq Misirdəki Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovla görüşündə söyləyib.

Pakistanlı nazir bildirib ki, 15 il əvvəl Azərbaycana səfər edib və qardaş ölkədə pakistanlılara münasibətdə böyük ehtiram və sevginin şahidi olub. O əlavə edib ki, Misirdə geniş fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzində pakistanlı tələbələrə göstərilən diqqət və qayğı da təqdirəlayiqdir. Nazir deyib: “Mən və rəhbərlik etdiyim nazirlik Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verməyə hazırıq, qardaş ölkənin müvafiq qurumları və ilahiyyatçı alimləri, din xadimləri ilə sıx əməkdaşlıq edəcəyik. Bu məqsədlə yaxın vaxtlarda Azərbaycana səfər etməyi də nəzərdə tuturam. Pakistan və Azərbaycan liderlərinin dostluq və qardaşlıq münasibətləri, xalqlarımızın bir-birinə yüksək ehtiramı ikitərəfli əlaqələrin daha da inkişafına zəmin yaradır”.
“Azəriqaz” “Açıq mikrofon” aksiyasına start verdiBu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Suraxanı rayonu, Hövsan qəsəbəsində “Açıq mikrofon” aksiyasına start verib.

Avrasiya.net xəvər verir ki, bir neçə gün əvvəldən verilən anonsun nəticəsi olaraq, səyyar qəbul otağına xeyli sayda sakin toplaşmışdı. Vətəndaşlara tam rahat şəkildə imkan yaradıldı ki, problemlərini səsləndirsinlər, görüləcək işlərlə bağlı təkliflərini versinlər. Kifayət qədər səmimi atmosferdə keçən aksiyada bəzi problemlərin icrası üçün yerindəcə göstərişlər verilib.

“Vətəndaş məmnunluğu bizim üçün hər zaman prioritet olub, bundan sonra da bu, bizim prinsipimiz olacaq”- deyən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, qaz xətləri çəkildikdən sonra vətəndaşlar fərdi qaydada “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək, müvafiq sənədləşmə işlərini həll etməlidirlər. Lakin bu işdə şəhid ailələri və qazilərimiz istisna hal olaraq Birliyin imkanlarından yararlana biləcəklər.

“Azəriqaz” İB rəhbərliyinin qəsəbəyə gəlişindən xəbərdar olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da aksiyaya qoşulub. Eyni zamanda “Azəriqaz” İB yanında İctimai Şuranın sədri Xəyal Bəşirov da prosesi yaxından izləyib.

Qeyd edək ki, bu, Birliyin bu istiqamətdə ilk addımı idi. “Səyyar qəbul otağı”nın növbəti ünvanı dəqiqləşdirilir. Vətəndaşlara əvvəlcədən məlumat veriləcək.