"Azəriqaz" "Açıq mikrofon” aksiyası keçirəcəkAvqustun 4-dən etibarən, “Azəriqaz” İB “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev məlumat verib. O bildirib ki, eyni zamanda buna “Açıq mikrofon” aksiyası da deyə bilərik:

“Səyyar qəbul otaqları”nın təşkilində əsas məqsəd, vətəndaşların şikayət və problemlərini rahat şəkildə çatdırmasına şərait yaratmaq və onların mövcud problemlərinə operativ reaksiya verməkdən ibarətdir. Vətəndaşların əsas avantajı ondan ibarət olacaq ki, onların “Açıq mikrofon” vasitəsi ilə dilə gətirdiyi problemlər birbaşa “Azəriqaz” İB-nin baş direktoru və müavinləri səviyyəsində dinləniləcək və həlli üçün müvafiq göstərişlər veriləcək, icrasına birbaşa nəzarət olunacaq. “Səyyar qəbul otağı” ilk olaraq Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeni yaşayış massivində (Ucuzluq marketin yanı) reallaşacaq. Bu ərazidə yaşayan sakinlər avqust ayının 4-də saat 10:00-dan 13:00-a qədər “Açıq mikrofon”umuzun imkanlarından istifadə edə bilərlər. Məlumat üçün deyək ki, “Səyyar qəbul otaqları”mız ölkəmizin bütün regionlarını əhatə edəcək. “Açıq mikrofon”larımızın quraşdırılacağı məkanların ünvanı əvvəlcədən elan olunacaq".
Baş nazir göstəriş verdi: İşğaldan azad edilmiş ərazilərdə…Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi zəfər nəticəsində müqəddəs Vətən torpaqlarının azad edilməsi bütün sahələr üzrə yeni situasiya yaradıb.

Azərbaycan Respublikası Prezidentinın tapşırığı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlara, o cümlədən şahid ifadələrinə əsasən, birinci Qarabağ Müharibəsi zamanı yaşayış məntəqələri işğal edilərkən Ermənistan ordusu və terrorçu-quldur dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları həmin ərazilərdə dəfn edilib.

Dövlət Komissiyasından “İki sahil”ə verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkar edilmiş naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış onların müxtəlif zədələr almasına, qarışmasına, məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yarada bilər.

Göstərilənlər və birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar ediləcəyi halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Dövlət Komissiyanın dərhal məlumatlandırılması barədə Azərbaycan Respublikasının Baş naziri tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.
Rus turistlər Antalyada qəzaya uğradı: 3 ölü, 16 yaralıRus turistləri daşıyan avtobus Antalyada qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə Side rayonunda baş verib. Rus turistləri Manavqatdan Antalya aeroportuna aparan avtobus naməlum səbəbdən bordürə çırpılaraq aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
"Jirinovskiyə Azərbaycana səfərini təşkil edənlər cavab versinlər""Mən 2014-cü ildən sonra onun fikirlərinə münasibət bildirmirdim. Qoy onun fikirlərinə 2014-cü ildə Jirinovskinin Azərbaycana səfərini təşkil edənlər cavab versinlər".

Bunu Avrasiya.net-ə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev RLDP sədri Jirinovskinin Azərbaycana qarşı son fikirlərinə münasibətində açıqlayıb.

F.Əliyev deyib: "Mən sizə ALDP və RLDP əməkdaşlıq tarixçəsindən danışım. 2004-cü ildən başlanan bu əməkdaşlığa 2008-ci ildə son qoyulub. Bu əməkdaşlıq illərində onun Azərbaycana qarşı mənfi bir fikir olmayıb. 90-ı illərdə Staravoytava soyadında bir siyasətçi var idi. O gəlmişdi Azərbaycana ki, buradan deputat seçilsin. O vaxt Azərbaycan rəhbərliyində olanların gələcəyi görməməsi nəticəsində, ona yox deyildi. Ermənilər isə onu Ermənistandan deputat seçdirdilər. Bununla da Staravoytava oldu ermənipərəst və bizə qarşı qatı "düşmən". Eynilə bu Jirinovski. Partiyalarımız əməkdaşlıq dövründə, mən Prezident Administrasiyasına onun təkliflərini vermişdim. Onlar isə bu təkliflərə soyuq yanaşdılar. Nəticədə 2014-cü ilə qədər onun ermənipərəst çıxışları hamıya məlumdur. 2014-cü ildə isə onu Azərbaycana dəvət olundu və yüksək səviyyədə qəbul etdilər. Onun səfər vaxtı və səfərdən sonra az bir müddət Azərbaycana və Azərbaycanın dövlət başçısına xoş sözlər hamının yadındadır. Yəqin ki, ona nesə söz verdikləri həyata keçmiyəndən sonra, o yenə də "valı" dəyişdi".
Eldəniz Səlimov YAP-dan qovulduDeputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə YAP Xaçmaz rayon təşkilatı məlumat yayıb.

Bildirilib ki, YAP Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Bu gün Milli Məclisin İntizam Komissiyası Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına rəy verib və məsələ Milli Məclisin sabah keçiriləcək plenar iclasın tövsiyə edilib.
DİN-dən Bərdədə 15 yaşlı qızın zorlanmasına REAKSİYADaxili İşlər Nazirliyi Bərdədə azyaşlı qızın zorlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, sosial şəbəkələrdə azyaşlı qızın zorlanması və bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "İyunun 12-də Bərdə şəhər Cumalar kənd sakini C. B. saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmadığını və itkin düşdüyü barədə məlumat verib. Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşərək paytaxt istiqamətinə gedib".

DİN-in məlumatına görə, həmin şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq iyunun 15-də ailəsinə təhvil verilib. Daha sonra 16 iyun tarixində C.B. yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib. Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan həmin şəxs Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın qonşusu tərəfindən zorlanması barədə məlumatlar yayılıb. İddia olunub ki, qızın atası bununla bağlı polisə dəfələrlə müraciət edib, amma məsələ ilə bağlı araşdırma aparılmayıb.
Yoluxma azaldı - Daha 3 nəfər vəfat etdiAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 344951 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333267 nəfər müalicə olunaraq sağalıb, 5030 nəfər vəfat edib, aktiv xəstə sayı 6654 nəfərdir.

Ölkədə son sutka ərzində 6238, hazırkı dövrədək isə 4049978 test aparılıb.
Türkiyə meşələrinə od vuranlar ermənilərdir – VideoTürkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daim erməniləri müdafiə edib. 2019 və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerika və Fransadakı erməni fondları var.

Avrasiya.net xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, bu terror təşkilatının yaranmasının təşəbbüskarı ASALA-dır:

“Atəşin uşaqları”na təlimlər ASALA kamplarında keçirilib. Bunu ASALA haqqında olan sənədlərdə görmək olar. PKK-nın bu qanadının üzvləri 2016-2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak ediblər. Təşkilatın maliyyə məsələrindən məsul şəxsi də məhz ermənidr...

Türkiyənin Hatay şəhərində bir müddət öncə 400 hektarlıq ərazini yandıran “Atəşin uşaqları” terror təşkilatı rəsmi bəyanatında da demişdir: “Hatayı biz ermənilərə dəstək üçün yandırdıq”.

Türkiyədə iş adamı olan ermənilər bu terror təşkilatına mütamadi maliyyə yardımı edirlər. İkinci Qarabağ müharibəsi zamanı öz saytlarında ermənilərə dəstək verən bu terror təşkilatı PKK-nı erməniləri müdafiə etməyə səsləyib”.
Eldəniz Səlimov Milli Məclisdə ÜZR İSTƏDİXəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.

Avrasiya.net-in məlumatına görə, polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib. O, səhvini etiraf edərək, deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib.

Qeyd edək ki, müzakirələrdən sonra İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı təqdimatı qəbul edib. Məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub.

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Paşinyan yenidən Ermənistanın Baş naziri təyin olunduBaş nazir əvəzi Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olunub.

Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb.

Qeyd edək ki, Paşinyanın Baş nazir vəzifəsinə namizədliyi parlament çoxluğu - “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi Baş nazir vəzifəsinə təsdiqləyir.

Yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.