Sentyabrın 1-dən harada COVID-19 pasportu tələb olunacaq? - SİYAHISentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələrində çalışan işçilərdən COVID-19 paspotu tələb olunacaq.

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində;

-ali və orta-ixtisas təhsili müəssisələrində.

Qeyd edək ki, qərarda marketlərdə, gözəllik salonlarında, biznes mərkəzlərində COVID-19 pasportunun tələb olunması öz əksini tapmayıb.
Azərbaycanda kriminal avtoritet öldüAzərbaycanda bir həftə əvvəl həbs edilən "Diska Nəriman" ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, saxlanıldığı müəssisədə "Diska Nəriman"ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Taliban satqını helikopterdən asıb nümayiş etdirdi - VideoTalibanın hakimiyyəti əlinə aldığı Əfqanıstandan yayılan daha bir görüntü sosial mediada geniş müzakirə olunur.

Avrasiya.net-in məlumatına görə, səmada var-gəl edən “Bləkhak” helikopterindən uzanan kəndirdən asılmış insan nümayiş olunur.

Jurnalistlərin iddiasına görə, edam edilən şəxs əfqanlara xəyanət etmiş, amerikalılara tərcüməçilik edən yerli sakinlərdən biridir.

Taliban bu görüntülərlə bağlı hələ ki, hər hansı bir açıqlama verməyib.
İrəvanın sülh danışıqları ilə bağlı həyasız “şərti”Hazırda Azərbaycanla sülh sazişi haqda müzakirələr aparılmır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Mirzoyan qeyd edib ki, Azərbaycan hazırda mövcud olan iki müqaviləni – 10 noyabr və 11 yanvar üçtərəfli bəyannamələrini icra etməyə diqqətini ayırmalıdır.

“Əgər sözügedən danışıqlar (sülh müqaviləsi bağlamaq üçün müzakirələr – red.) başlayarsa, orda mütləq Dağlıq Qarabağın statusu ilə bağlı məsələ ATƏT-in MQ-nun prinsipləri əsasında qeyd edilməlidir”, - deyə Mirzoyan bildirib.

Qeyd edək ki, 2019-cu ildə də Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar üçün “7 şərt” irəli sürmüşdü və nəticə hər kəsə bəllidir. Təəssüf ki, 2019-cu ildə “7 şərt” irəli sürənlər 10 noyabr 2020-ci ildə kapitulyasiyaya necə imza atdıqlarını çox tez unudublar və “yeni şərt” irəli sürməyə cəsarət edirlər. Əlbəttə ki, onların bu “cəsarəti” Rusiya paytaxtında “əldə etməsi” də təsadüf deyil.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və problemin həll edildiyini rəsmən elan edib, hazırda sərhədin delimitasiya və demarkasiya məsələsinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının vacibliyini önə çəkir. Eyni zamanda, nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənistanın sülh danışıqlarına başlaması və Azərbaycanın bütün dünya tərəfindən tanınan sərhədlərini tanımasını tələb edir.
"Rusiya istəmirsə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmayacaq"Məhəmməd Əsədullazadə

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında Azərbaycanla sülh müqaviləsinin imzalanmasını "Qarabagın statusu" ilə əlaqələndirib. Hətta Rusiya XİN rəhbəri S. Lavrovda Qarabağ nizamlanmasının vacibliyini vurğulayıb.

Moskvadan verilən bu mesaj birbaşa ona yönləndirilir ki, Rusiya istəmirsə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmayacaq. Halbuki 10 noyabr Birgə Bəyannaməsi atəşkəs, əməkdaşlıq və sülhə aparan bir yol xəritəsidir və öhdəliklər yerinə yetirilməklə sülh müqaviləsi bağlanması nəzərdə tutulur. 10 Noyabr Bəyannaməsində status məsələsi təsbit edilməyib və Ermənistanın bunun üzərində dayanması sülh imkanlarını fiaskoya uğradır.

Azərbaycan qəti şəkildə status məsələsini gündəmə gətirmir və bu məsələnin bitdiyini vurğulayıb. Qeyd edim ki, Ermənistan və Rusiya status dedikdə Azərbaycanın xaricində nəzərdə tutulur. Moskvadan verilən bu mesaj Ermənistanın əleyhinədir və perspektivdə sadəcə Moskvanın siyasi mövqeyidir. Ermənistan Rusiyanın bu mövqeyi ilə barışır və sülh imkanlarını sabotaj edir.

Ermənistana təzyiqlər artırılmalı və dövlət sərhədində bu ölkəyə ciddi problemlər yaratmalıyıq. Həmçinin Qarabağda silahlı erməni birləşmələrini sıxışdırmalı, postları dağıtmalı bu qanunsuz silahli terrorçuları silib təmizləyəndən sonra Ermənistan və Rusiya " status" deyə bilməyəcək.
“Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqalə ərəb mediasındaPrezident İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan görkəmli siyasətçi kimi düşüb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Misirin “Aldiplomasy, “Əl Dövlə”, Əlcəzairin “Əl Hərir”, həmçinin İraq, İordaniya, Küveyt KİV-lərində dərc olunmuş şərqşünas Həşim Məmmədovun “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqaləsində yer alıb.
Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibəni Qələbə ilə başa çatdıran Azərbaycan işğaldan azad etdiyi ərazilərində quruculuq işlərinə start verib. Bu şanlı Zəfərin əsas amili isə xalqın və hakimiyyətin birliyidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırıb, torpaqların düşmən tapdağından qurtulması missiyasının uğurla başa çatdığını, ermənilərin viran qoyduqları şəhər, kənd və qəsəbələrin tezliklə cənnətə çevriləcəyini bəyan edib.

Məqalədə bildirilir ki, müharibə zamanı minlərlə gənc könüllü olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşə getməyə can atıb. Onlar inanırdılar ki, hər zaman xalqa arxalandığını söyləyən Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün dünyada, o cümlədən İslam aləmində də böyük əks-səda doğurdu.
Yazının sonunda vurğulanıb: “İlham Əliyev Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirdi və torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini missiyasını müvəffəqiyyətlə başa çatdırdı”
Son sutkada 44 nəfər virusun qurbanı olubAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib. 53 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, bu günə qədər isə ümumilikdə 4 461 937 test icra olunub.
Azərbaycanda 3 rayona yeni polis rəisi təyin edildiDaxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Sabahdan şənlik mərasimləri yeni qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMASentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən olunub.

Bununla bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 1-dən etibarən təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər.

O qeyd edib ki, şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır:

“Şənlik mərasimlərinə gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur, "icaze.e-gov.az" portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir”. (report)
Azərbaycanda 12 jurnalist koronavirusdan vəfat edibJurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə əsasən, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19 virusuna yoluxub, 12 nəfər KİV nümayəndəsi həyatını itirib.

Bu barədə Modern.az-a JuHİ sədri Müşfiq Ələsgərli məlumat verib.

Onun sözlərinə görə, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir.

"Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər".

M.Ələsgərli qeyd edib ki, KİV işçilərinin daima ictimaiyyət arasında fəaliyyət göstərdiyini, bununla da yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib.

"Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.

Proqram çərçivəsində vaksinasiyadan keçmiş KİV işçilərinin durumu da müşahidə edilir. İndiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb".

M.Ələsgərli əlavə edib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.