Diqqət: Azərbaycanda yeni fırıldaqçılıq yayılıbAzərbaycanda yeni fırıldaqçılıq üsulu aşkarlanıb.

Axar.az xəbər verir ki, xarici fırıldaqçılar yerli onlayn satış platformaları vasitəsilə azərbaycanlı vətəndaşların kart məlumatlarını ələ keçirib müxtəlif bank əməlliyyatlarını reallaşdırırlar.

Belə ki, “Tap.az”, “Turbo.az”, “Lalafo.az” tipli sayt istifadəçiləri həmin fırıldaqçıların qurbanına çevrilib. Fırıldaqçılar özlərini alıcı kimi təqdim edərək, başqa ölkələrin nömrələri ilə vətəndaşlarla əlaqə saxlayıb, bank kartlarının məlumatlarını öyrənir, daha sonra isə kartları ələ keçirirlər.
Spikerlər “Bakı bəyannaməsi”ni imzaladılarAzərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.

Avrasiya.net xəbər verir ki, Bəyannaməni Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir.
Ölkəmizdə koronaya yoluxanların sayı 500-ə çatırAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5 011 nəfər vəfat edib, aktiv xəstə sayı 3 913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 992 592, ötən müddət ərzində isə ümumilikdə 11 895 test aparılıb.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi və əməkdaşı həbs edilibDövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Avrasiya.net DTX-nin saytına istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilən maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunan məlumatlar əsasında Xidmət tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib.

Faktla bağlı başlanılan cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar.

Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
BDU rektorunun müşaviri universitetdə bıçaqlandıBakı Dövlət Universitetinin rektorunun (BDU) Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axar.az-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən, həmin universitetin əməkdaşı, paytaxt sakini, 1963-cü il təvəllüdlü İsimxan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

“Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - E.Hacıyev bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

"Bakı Bəyannaməsi" regionun siyasi palitrasını dəyişəcəkNail Cəlil: “Azərbaycan, Türkiyə, Pakistan parlament rəhbərlərinin ilk birgə görüşü üçtərəfli tərəfdaşlığın dərinləşməsinin təzahürüdür”

“Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament rəhbərlərinin ilk üçtərəfli görüşü qardaş ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşməsinin, yeni keyfiyyət müstəvisinə keçməsinin təzahürüdür. Türkiyə ilə Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan, 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın haqq işini fəal şəkildə dəstəkləyən, milli, mədəni, tarixi əlaqələr baxımından, ölkəmizlə sıx bağlı olan dövlətlərdir. Hər üç dövlətin regional maraqları və qlobal hədəfləri əhəmiyyətli dərəcədə kəsişir, üst-üstə düşür. Bu mənada, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin üçtərəfli parlament tərəfdaşlığı çərçivəsində möhkəmləndirilməsi təqdirəlayiqdir, regionda sivil, çoxvektorlu əməkdaşlığın göstəricisidir”.

“Xalq cəbhəsi”nə eksklüziv açıqlamasında bu fikirləri politoloq Nail Cəlil səsləndirib. Siyasi ekspert qeyd edib ki, parlament rəhbərlərinin imzalayacağı Bakı Bəyannaməsi regional problemlərin həllinə münasibətdə siyasi-hüquqi müstəvidə yeni palitra yaradır, bu istiqamətdə mütərəqqi qanunvericilik təşəbbüslərinin möhkəmlənməsinə xidmət edir.
Nail Cəlilin fikrincə, iyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin imza atacağı bu sənəd müəyyən mənada, Şuşa Bəyannaməsinin məntiqi davamıdır: “Hər iki qardaş ölkənin parlament rəhbərlərinin geniş mümayəndə heyəti ilə ölkəmizə səfər etməsi, planlaşdırılan Şuşa səfəri bu qənaətə gəlməyə əsas verir”.
Qafqaz Müsəlmanları İdarəsindən əhaliyə TÖVSİYƏQafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tövsiyə yayıb.

Avrasiya.net QMİ-nin tövsiyəsini təqdim edir:

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm mömin qardaş və bacılarımız! Son zamanlar dindarlarımız tərəfindən edilən müraciətləri nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası aşağıdakıları bildirməyi vacib sayır:

İslam dini insanın öz sağlamlığı qayğısına qalmasını imanın bir parçası kimi qəbul edir. Müsəlman aləmində təbabətin “tibbi-nəbəvi” (Peyğəmbər tibbi) adlanan xüsusi bir bölməsi mövcuddur ki, orada Peyğəmbərimizin tibbi baxışları, Sünnədə tibbin məqamı və əhəmiyyəti geniş şəkildə işıqlandırılır. Həzrət Muhəmməd (s) səhiyyə sahəsi ilə yaxından maraqlanmış, onun bu mövzu ilə əlaqəli hədisləri insanlar üçün yol göstəricisi olmuşdur. Eyni zamanda Allahın qüdrət və əzəmətini, əbədi və əzəli hikmətini insanlara çatdıran Qurani-Kərimdə bir sıra tibbə dair məlumatlar əks olunur. Bir sıra alımlərin və müasir islamşünasların rəyinə görə, Qurani-Kərimin sağlamlıq barəsində əsas prinsipi müalicə ilə yanaşı, insanı mühafizə etmək, onun sağlamlığını qorumaq - hifzü-sihhədir. Hifzü-sihhəyə bir sıra gigiyenik təlimatlar, o cümlədən, normal qidalanma, zərərli ərzaqlardan və yoluxucu xəstəliklərdən qorunma məsləhətləri də daxildir. İnsanın sağlamlığına qarşı bu qədər həssas və ciddi olan bir dini sistem kimi, İslam tibbi məsələlərin həm əxlaqi, həm də hüquqi baxımdan düzgün uzlaşdırılmasını daima diqqətdə saxlamışdır.

QMİ Qazılar Şurası bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir insanın borcudur. Zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz.Məhəmməd belə buyurmuşdur: “Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın”. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir, çünki müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195). Bu ilahi hökmü və müasir şəriət alimlərinin müvafiq fətvalarını nəzərə alaraq, dindarlarımıza tövsiyə edirik ki, pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında aktiv mövqe tutsunlar, özlərini və yaxınlarını vaksin vasitəsi ilə bu ağır bəladan mühafizə etsinlər. Nəzərinizə çatdırırıq ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər. Qafqaz Müsəlmanları İdarəsi dövlətimizin pandemiyaya qarşı qəbul etdiyi qərar və göstərişləri dəstəkləyir, cəmiyyətimizi bu vacib məsələyə ciddi və diqqətli yanaşmağa dəvət edir. Allah hamımızın yardımçısı olsun, dövlətimizi və xalqımızı bəlalardan hifz etsin!
Şəmkirdə narkotik yetişdirən qadın saxlanıldıŞəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramlı kənd sakini Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Rus sülhməramlıları Sırxavənddə təlim keçdiAzərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Ağdərə rayonunun Sırxavənd müşahidə məntəqəsində təlim keçiriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Təlim məntəqələrində dərs keçən rus zabitləri hərbi qulluqçulara ərazini tərk etmə, avadanlıqları yükləmə, müxtəlif manevr, taktiki hərəkətləri açıq şəkildə nümayiş etdiriblər.

Təlim məntəqələrindən birində bölük komandirlərinə təqlid vasitələrindən istifadə edərək pozuntuların və posta mümkün hücumun qarşısını almaq kimi praktik hərəkətlər də göstərilib.
“Azərbaycan Haqq - ədalət günəşidir, daim parlayacaqdır!”Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri


Ədalətin, haqqın gücü özündədir və sonsuzdur. O gücün, o qüvvənin az da olsa işartısını özündə qoruyub saxlamağı bacaranlar əvvəlcədən hər kəsə qalibliyin himnini təqdim edir. Dövlətlər də belədir. Çətin oldu Azərbaycanımız üçün mənfur düşmən üzərində Qələbə çalmaq, illərimizi aldı... Vətən müharibəsində haqq yolunda canlarından keçməyə hazır olan oğullarımızı apardı... uğrunda bədənini şan-şan edən, qəlpələrin, güllələrin üzərinə yeriməyən, yürüyən igidlərimizi əlimizdən aldı... sinəmizə çalın-çarpaz dağlar çəkildi... amma dünyaya göstərdik haqqın, ədalətin yerini. Mənfur, pis xislətli düşmənin vicdansızcasına əl uzatdığı, namərdcəsinə sahib çıxmaq, özününküləşdirmək istəyinə... müqəddəs olan torpaqlarımız munisliyi ilə, xarı bülbülümüz paklığı, dözümlülüyü və susqunluğu ilə cavab verdi və qalib gəldi. Çünki HAQQ, ƏDALƏTİN gözəgörünməz nəhəngliyi və böyüklüyü ilə BİRLİKDƏ idi. Bütün dünyaya qətiyyətlə: “Bu haqq yeri Qarabağdır!!! Bu ədalət məkanı Odlar yurdu - Azərbaycandır!” – dedi. Ədalət məkanının od ürəkli oğullarının Qələbəsi belə möhtəşəm olur, Günəş kimi işıq saçır, uğrunda tökülən qanlardan həyatın və yaşamın yeni mənbəyinə çevrilir! Ancaq düşmənin pisliyi özünə qalır və unudulmur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən rayonunda Azərbaycan televiziyasına verdiyi müsahibəsində ədalətsizliyini hələ də sürdürən mənfurlara üzünü tutub: “Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır, bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur”, -dedi.

Bildirdi ki, birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Və ardınca ölkə Prezidenti tarixi həqiqətləri dilə gətirdi: “Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür.

Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Dəqiq bilirik orada maksimum 25 min adam yaşayır. 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır.” Rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur.

Amma biz məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır.

Və həmin müsahibəsində möhtərəm cənab Prezident daha bir ədalətsizliyə kəskin münasibətini bildirdi. Bu, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasına Azərbaycanla birlikdə sədrlik edən Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması ilə, növbəti beynəlxalq ədalətsizliklə bağlı idi. Hər zaman sözünü açıq və kəskin bildirən cənab Prezident: “Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir, həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib. Əlbəttə bu, ədalətsizdir. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin”- dedi.

Ədalətsizliyin kökündə əsassızlıq durur və buna görə də heç yerdə güc tapa bilmir. Əsaslı və həqiqi tarixi haqqına qovuşan bütün Azərbaycan xalqının və ədalətsevərlərin gücü isə tükənməzdir. Biz yorulmaz liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Qələbə tarixi yazan dövlətimizin ətrafında sıx birləşərək qürurla deyirik: Sən Haqq və Ədalət Günəşinin özüsən, Azərbaycan! Məhz buna görə də ədalətsizcəsinə birləşib səni görmək istəməyənlərin gözünü qapadaraq daim daha gur parlayacaqsan və Zəfər daim səninlə olacaqdır!