Vaqif Axundovun bacısı oğlu həbs olundu - RəsmiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - SİYAHIAzərbaycanın bir neçə ölkədəki səfiri dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında, Vilayət Muxtar oğlu Quliyev isə Azərbaycanın Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin digər sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Qaley Əliyeviç Allahverdiyev Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, Kamil Tacid oğlu Xasiyev isə Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Qalib Malik oğlu İsrafilovu Rövşən Nüsrət oğlu Sadıqbəyli əvəzləyib.
Bilgəhdə bir nəfər batdıFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə FHN-dən məlumat verilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxsin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Prezidentdən mühüm sərəncam: MN-də kadr təyinatlarıPrezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin edilsinlər:

1.1. general-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi;

1.2. general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı;

1.3. general-mayor Əliyev Azər Əli oğlu – Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi;

1.4. general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ermənilər atəşkəsi pozdu: Hərbçimiz şəhid olduİyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Bu barədə Avrasiya.net Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir!

Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
"Azərbaycan regionda xarici siyasət kursunu uğurla həyata keçirir'Azərbaycan xarici siyasəti daim sülh və qarşılıqlı etimad prinsiplərinə söykənib.

Bunu Avrasiya.net-ə açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

S.Adğözəlli bildirib ki, Cənubi Qafqaz ən mürəkkəb proseslərin cərəyan etdiyi regiondur. Burada geosiyasi rallıqlarla tarazlaşdırılmış xarici siyasət kursunu Azərbaycan Respublikası uğurla həyata keçirir: "Prezident İlham Əliyevin həm bölgə, həm də dünyanın liderləri ilə qarşılıqlı hörmətə söykənən səmimi münasibəti xarici siyasətimizin əsas faktorlarından biridir. Prezident tərəfindən sabit davamlı strateji münasibətlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyəti ölkəmizin xarici siyasətdə söz sahibliyini bir daha sübut etməkdə. Postmüharibə dövründən sonra başlayan proseslərdə prezident İlham Əliyevin qətiyyətli çıxışları dünya liderlərinin mövqeyinə ciddi təsir göstərməkdədir.

Şarl Mişeyin Dağlıq Qarabağ sözünü işlətməməsi ciddi nəticədir. Dövlət başçımız Mişelin bu addımını müdrik hərəkət olduğunu qeyd edib. Artıq beynəlxalq aləmdə Dağlıq Qarabağ ifadəsinin işlədilməməsi Azərbayacanın bu istiqamətdə mövqeyinin ciddi qəbul edildiyinə xəbər verir".

QHT sədri deyib ki, Azərbaycan həyata keçirməkdə olduğu beynəlxalq layihələr xarici tərəfdaşlarını artırmaqdadır. Həm Avropa İttifaqı ilə münasibətlər, həm Rusiya ilə regiondakı məsələlər haqqında fikir birliyi bu nəticəyə gəlməyə əsas verir: "Prezidentin Moskva səfəri zamanı keçirilən görüşdə hər hansısa mübahisəli məsələnin iki ölkə arasında olmadığını, əksinə regionda iqtisadi ticarət istiqamətində əməkdaşlığın davam etdirilməsi qərarlaşdırılmışdır.
II Qarabağ müharibəsindən əvvəl və müharibədən sonrakı dövrdə yürüdülən xarici siyasət onu göstərdi ki, Azərbaycan Respublikasının balanslaşdırılmış siyasət strategiyası doğru və uğurlu bir xəttdir.

Azərbaycanın regional layihələr mərkəzinə çevrilməsi dünyanın diqqətini ölkəmizin üzərinə çəkdi. 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərakatında Azərbaycanın sədrliyinin daha bir il uzadılması üzv dövlətlərin ölkəmizə qarşı etimadının təzahürüdür.
Azərbaycanın bu qurumda sədrliyi dövründə göstərdiyi effektiv fəaliyyət və prezident İlham Əliyevin beynəlxalq aləm üçün önəm daşıyan təşəbbüsləri digər ölkə liderlərinin qarşısında öz etibarını bir daha yüksəltdi.
Bu qərar diplomatiyada nadir hallardan biri kimi hesab olunur.

Ölkəmizin milli maraqlarına tam cavab verən məntiq və qətiyyətə söykənən prinsipal mövqeli siyasi kursun davamiyyəti irəlidəki mərhələdə mühüm nəaliyyətlərə yol göstərməkdədir".

Azərbaycanda belçikalı türklər tərəfindən 127 ədəd qurban kəsilibAzərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının fəxri sədri Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə bu il yenidən Azərbaycanda Belçikalı Türklər tərəfindən 127 ədəd qurban kəsilib.

Avrasiya.net xəbər verir ki, Bakının Sabunçu, Qaradağ, Binəqədi, eləcə də Yardımlı, İsmayıllı rayonlarında kəsilən qurbanlar ümumilikdə 712 aztəminatlı ailəyə, məcburi köçkünlərə, şəhid və qazi ailələrinə paylanıb.

Xatırladaq ki, ötən il də Qurban Bayramında Belçikalı Türklər tərəfindən 119 ədəd qurban kəsilib, 600-dən artıq aztəminatlı ailəyə paylanılıb.

Qeyd edək ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları Azərbaycan həqiqətlərinin təbliğində hər zaman fəal rol oynamaqla yanaşı, vaxtaşırı bu cür sosial aksiyaların keçirilməsinə təşəbbüs göstəriblər. Belə ki, Bakının Pirşağı qəsəbəsində məskunlaşmış Xocalı şəhər 2 saylı tam orta məktəbinin şagirdləri və digər aztəminatlı ailələrin uşaqları üçün müxtəlif vaxtlarda sosial aksiyalar təşkil olunub, aztəminatlı ailələrin uşaqları üçün ayaqqabı, qış geyimləri, məktəbli çantaları və dəftərxana ləvazimatları təqdim olunub. Bu il ərzində Azərbaycanda bir neçə sosial aksiya keçirən Belçikalı Türklər Ramazan Bayramında da aztəminatlı ailələri unutmayıb, 450-dən çox ailəyə Ramazan payı təqdim ediblər.

Sentyabrın 27-dən başlayıb 44 gün sonra Azərbaycanın parlaq qələbəsi ilə bitən günlərdə də belçikalı tələbələr Azərbaycanda 55 ədəd Zəfər qurbanları kəsib, müharibədən zərər çəkən ailələrə və ehtiyac sahiblərinə paylayıblar.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, Azərbaycan diasporu təkcə ictimai-siyasi yox, eyni zamanda da sosial aksiyalar təşkil etməklə aztəminatlı ailələri, eyni zamanda qazilərimizi, şəhid ailələrini sevindirməlidir: “Bu işin maddi tərəfindən daha çox mənəvi tərəfi var. Onlara diqqət göstərməyi biz də özümüzə borc bilirik. Hesab edirəm ki, bu cür aksiyaların genişləndirilməsi vacibdir...”.
Gent Türk Ocağının fəxri sədri Rəcəb Tuncər Sarı bildirib ki, bu cür sosial aksiyaları keçirməklə və Azərbaycanlı qardaşlarımızın yanlarında olduğumuzu bildirməklə, onlara az da olsa dəstək olmağa çalışırıq. “Gələcəkdə bu cür layihələri davam etdirməyi düşünürük. İnanırıq ki, bu cür aksiyalar birlik və bərabərliyimizin qorunması, daha sıx şəkildə bir-birimizə bağlanmamız üçün bir vasitə olacaqdır”.
Həmsədr ölkələrin səfirlərinin Şuşaya getməməsinin SƏBƏBİAzərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iyulun 9-10-u tarixlərində işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdilər.

100-ə qədər xarici diplomat arasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransanın səfirlərinin olmaması narazılıq doğurmuşdu.

Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosuna müsahibəsində səfirlərin Şuşaya getməkdən imtina etməsinin səbəbini açıqlayıb.

“Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”.
Yeni Baş Qərargah rəisi təyin olundu - TəciliMüdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevin Azərbaycan Silahlı Qüvələrinin Baş Qərargah rəisi təyin edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan məlumatla bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib.

Xəbər yenilənəcək...

Qeyd edək ki, ölkəmizin nüfuzlu generallarından olan Kərim Tofiq oğlu Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.

1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

20.02.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.