Nə status var, nə Dağlıq Qarabağ – İlham ƏliyevŞarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı:

“Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib”.

Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib:

“Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.
Əziyyəti Azərbaycan çəkib, amma pulu Ermənistana verirlərPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib:

“Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. “Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik, - deyə Azərbaycan Prezidenti əlavə edib.
ABŞ ordusu terrorçulara təlim keçir - ermənilər də varABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki Hasakah vilayətində 400 YPG/PKK terrorçusuna silahlı təlim keçir.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, 3 aylıq təlim zamanı yüngül, orta və ağır silahların istifadəsi, kəndlərə basqın kəşfiyyat üsulları terrorçulara izah edilib.

Məlumata görə, koalisiya qüvvələrinin təlimi Hasakidəki Əbdüləziz dağında olub.

Silahlı təlimlərini bitirən terrorçuların YPG/PKK sıralarına qatılacağı bildirilib.

Görüntülərdə Ermənistanın bayrağının da olması diqqət çəkib. Bildirilir ki, həmin qruplar Ermənistana aid çoxsaylı terror təşkilatlarından biridir.

Hazırda Suriyada ABŞ-ın himayəsi altında fəaliyyət göstərən Fransız əsgərlər də tez-tez terrorçulara topçu təlimləri verirlər.
Xalq artistinin oğlu xərçəngə tutulduMərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov böyrək çatışmazlığından və ağciyər xərçəngindən əziyyət çəkir.

Kult.az xəbər verir ki, M.Zeynalov 6 ildir dializə getdiyini açıqlayıb.

“İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Yeni müayinələrdə isə ağciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur. Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə 1000 manatdır", - M.Zeynalov bildirib.

O, maddi sıxıntı yaşadığını, yardıma ehtiyacı olduğunu vurğulayıb.

Prezident Naftalana getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu jurnalistləri təbrik edibZəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı 146 il əvvəl əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçib. Dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini – əvvəlcə çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir zaman, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq həmişə sözünü deməyə çalışıb, mütərəqqi ideyaların və həqiqətin carçısı olub, sağlam, işıqlı fikirlərin təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində, xalqın maariflənməsində, düzgün, obyektiv informasiya ilə müntəzəm təmin edilməsində əvvəzsiz rol oynayıb. Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına daim xüsusi diqqət yetirib. Ulu öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğı bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılaraq uğurla davam etdirilir Müstəqil mətbuatımızın təşəkkül tapdığı bu 30 il ərzində mətbuat çox böyük nailiyyətlər qazandı. Milli azadliq hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycan dövlətinin müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi. Azərbaycanın mətbuat işçiləri, respublikamızda dövlət siyasətinin həyata keçirilməsində, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, müstəqil ölkəmizin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində və eləcdə Azərbaycan Silahlı Qüvələrini ilə Vətən Müharibəsində bilavastə yaxından iştirak edərək öz vəzifə borclarını vicdanla yerinə yetirirlər.

Əziz mətbuat işçiləri, dəyərli dostlar! Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdan Sizləri 22 iyul – Milli mətbuatımızın yaranmasının 146-ci ildönümü, Milli Mətbuat və Jurnalistika günü münasibətilə kütləvi informasiya vasitələrinin bütün jurnalistlərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə yaradıcılığınzda abyektiv, ədalətli və vicdanla yazaraq yeni-yeni uğurlar arzulayıram. Hörmətlə, SƏRRAF ORUC, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Azərbaycan Respublikasi Veteranlar Təşkilatın Rusiya Federasiyası üzrə təmsilçisi.

Moskva şəhəri 22 iyul 2021-ci il.
“Bütün dövlətlər Azərbaycanı diqqət mərkəzində saxlayırlar”Prezident İlham Əliyevin Moskvaya səfəri regionun yeni reallıqlarında Azərbaycanın önəmindən xəbər verir

Bu gün regionda baş verən proseslər yeni bir dövrə qədəm qoyduğumuzdan xəbər verir. Xüsusi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı qələbə ilə ayağını yerə daha möhkəm basması bu prosesləri sürətləndirən amillərdəndir.

Bunu Avrasiya.net-ə açıqlamasında türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr. Derya Akdemir deyib

Onun sözlərinə görə, Rusiya fərqindədir ki, Azərbaycan razılığı olmasa onun Cənubi Qafqazda varlığı mümkün deyil. Azərbaycan da fərqindədir ki, bundan sonra kimsə onunla diktə ilə danışa bilməz: “Bundan başqa hazırda ciddi mənada xaos və anarxiyanın cəngində olan, yaşadığı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyən rəsmi İrəvan da fərqindədir ki, indiyə kimi onu dəstəkləyən qüvvələrin və ölkədəki revanşistlərin iddia etdikləri sadəcə xülyadan ibarətdir və Ermənistan daxili xaosdan xilas olmaq istəyirsə, Azərbaycan və ümumiyyətlə regiondakı digər dövlətlərə qarşı ərazi iddialarından və işğalçılıq siyasətindən vaz keçməlidir. Bəlkə o zaman regionda davamlı sülhə və sabitliyə nail olmaq olar. Dünən Rusiya və Azərbaycan prezidentlərinin Moskva görüşündə regionda münaqişədən sonrakı vəziyyətin müzakirə olunmasının özü belə artıq tərəflərin Cənab Prezidentin dediyi kimi Qarabağ münaqişəsinin başa çatdığını və hər hansı bir statusun mövcud ola bilməyəcəyini qəbul etdiklərinin sübutudur”.

Araşdırmaçı yazar bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin bədən dili belə ölkə başçısının bu görüşdən gözləntilərinin nələr olduğunu çox gözəl bildiyini göstərirdi. Rusiya prezidenti də qarşısında müzəffər Ali Baş Komandan dayandığını, regionda yaxın dostluq münasibətləri üzərində əməkdaşlıq quran iki ölkənin bundan sonra regionda birgə addımlamalı olduğunu çox gözəl bilirdi: "Biz baş tutan bu görüşü regionun mövcud geosiyasi vəziyyətini göz önündə bulunduraraq analiz etsək görəcəyik ki, regionda maraqları olan bütün dövlətlər bu dəqiqədən sonra Azərbaycanı diqqət mərkəzində saxlayırlar. Bilirlər ki, artıq qarşılarında hədəfləri olan Azərbaycan var və bu nəhai hədəfləri Cənab Prezident də dilə gətirməkdən artıq çəkinmir. Mən əminəm ki, Cənab Prezidentin səsləndirdikləri dövlətin qarşısına qoyduğu nəhai hədəflərin sadəcə bir hissəsidir. Təbii ki, Rusiya prezidenti Vladimir Putin kimi təcrübəli bir siyasətçi və dövlət xadimi də bunu çox əla bilir. Rusiya Prezidenti ona görə də Ermənistanın bundan sonrakı taleyi ilə bağlı olduqda narahatdır və regionda sabitliyin bərqərar olunmasından başqa, həm də Cənubi Qafqazda mövcudluğunun Azərbaycanın əlində olmasını dünən baş tutan görüşdə bir daha sübut etdi. İpək yolu, Zəngəzur dəhlizi kimi son dövrlərdə aktual olan mövzularda da Rusiyanın baxışı bəllidir və Rusiya yeni böyük iqtisadi rıçaqı öz əlində saxlamaq istəyir. Amma bunu edərkən də maraqlarını regiondakı digər rəqiblərinə uduzmaq istəmir. Məhz bu üzdən dünən baş tutan görüş kimi daha bir neçə görüşün bundan sonra da davam etdiriləcəyi ehtimalı olduqca labüd görünür. Bu görüşü ciddi mənada Azərbaycan prezidentinin siyasi uğuru hesab etməliyik."
Küçədən tapılan körpə xəstəxanaya yerləşdirildi - Dövlət KomitəsiAğcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.

Bunu Avrasiya.net-ə açıqlamasında Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, körpə Dövlət Komitəsinin nəzarəti altındadır:

“Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımı tədbirlər də görülür”.
"Ölkəmizdə mətbuatın inkişafında dövlətimiz xüsusi rol oynayır"Sadiq Qurbanov
Millət vəkili


146 il əvvəl 1875-ci il iyulun 22-də ilk nömrəsi ilə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Əkinçinin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm və mərifət sahibi olmasını arzulayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir. Bu amal ilə Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyaraq, cəmi 56 nömrəsi ilə millətin aynasına, eyni zamanda Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

“Əkinçi” ilə əsası qoyulan mətbuat sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”,“Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbuat orqanları ilə davam etdirildi.

Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. Bu dövrdə, yəni mətbuatımızın SSRİ dövründəki fəaliyyəti tam nəzarət altında, yalnız dövlət - imperiya marağına məcburi xidmət edirdi desək yanılmarıq. Lakin bu dövrdə ,azad sözün olmadığı bir şəraitdə xalqını, millətini sevən mətbuat işçilərı sətiraltı olsada öz fəaliyyətində milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına xidmət etmişdir.

Burada xüsusi ilə qeyd etməyi vacib sayıram ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur və bu dövrü həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrü adlandırsaq daha ədalətli olarıq. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Unutmamalıyıq ki, müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Bu gün müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də gedir. Bu gün mətbuat işçisi olmaq cox ağır işdir, belə ki, hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək və istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hər tərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməkdə davam etdir. (bu özünü mətbuat işçisi sayan, dövlətimizin güclü olmasını istəməyən, başqa dövlətlərə xidmət edən xəyanətkar “ yazar-pozarlar”a aid deyil)

Mətbuat işçilərinin 2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində fəaliyyətlərini də xalqımız yüksək qiymətləndirir. Onlar informasiya savaşında olduğu kimi döyüş meydanında da savaşdılar. Mətbuatımızın iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak oldu, dörd nəfər yaralandı. Bu gün bütün şəhidlərimizi dərin hüznlə anırıq.

Danılmaz faktır ki, ölkəmizdə mətbuatın inkişafında dövlətimiz də xüsusi rol oynayır. Prezidentimiz İlham Əliyevin azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə əyani subutdur. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsi kimi qəbul edilməlidir.
Əziz mətbuat işciləri! Sizin hər birinizi Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və zamanın hər anında bu cətin və şərəfli peşənizdə uğurlar arzulayıram! Sizin qələminizin gücünə ehtiyacımız çoxdur.

Dövlətimiz,millətimiz və xalqımızın firvanlığı üçün apardığınız mübarizədə yorulmayasınız!